2011-ci
il Azərbaycanın turizm
tarixində qızıl hərflərlə yazılan il olub
2011-ci ili yola saldıq. Ötən il ölkədə
iqtisadi, sosial və bir sıra sahələrdə iş
uğurla yekunlaşdı. Ötən ilin ən mühüm
sahəsi isə turizm sektoru idi.
Belə ki, qeyri-neft sektorunun inkişafını
qarşıya məqsəd qoyan Azərbaycan dövləti bu
sektorun ayrılmaz hissəsi olan turizmin inkişafına
xüsusi diqqət yetirir. Bu diqqəti 2011-ci ili “Turizm ili” elan
edilməsində də gördük. Turizm Azərbaycan
üçün yeni bir sahə olsa da, ötən ildə
dövlət tərəfindən görülən işlər
bu sektorun inkişaf etdiyini göstərdi. Bu sektorun əhəmiyyətini
önə çəkən dövlət
başçısı ötən ilin iyul ayının 20-də
imzaladığı sərəncamla turizm ili ilə
bağlı “Tədbirlər Plan”ı qəbul etdi. 46 müddəadan
ibarət olan plan turizm sektorunun bütün sahələrini əhatə
edirdi. Ötən ilin turizm ili elan edilməsi ilə
bağlı bu il yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci
ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2012-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasdakı nitqində Prezident İlham Əliyev
“Turizm ili” ərzində bu sahəyə daha da böyük diqqət
göstərildiyini bildirib: “Biz Azərbaycanı müasir,
yüksək səviyyəli və elitar turizm mərkəzinə
çevirməliyik. Mən dünya turizm xəritəsində
Azərbaycanın yerini belə görürəm. Beynəlxalq
qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər
keçirilmişdir. Bizim gözəl, təbii şəraitimizlə
tanış olmaq üçün gələnlərin sayı
da artmaqdadır”. Dövlət başçısı bildirib
ki, 2011-ci ili “Turizm ili” elan etməyimiz də hesab edirəm ki,
düzgün addım idi.
Dövlət başçısının dediyi kimi,
ötən ildə görülən işlər ilin “Turizm
ili” elan edilməsi qərarının doğru bir addım
olduğunu göstərdi.
Azərbaycanın turizm potensialı
bütün dünyada təbliğ edilir
Turizm sektorunun inkişafı üçün ilk
növbədə ölkənin malik olduğu potensialın təbliği
önəmlidir. Azərbaycanın turizm potensialına diqqət
yetirdikdə bunun kifayət qədər və dünya ölkələrindən
fərqlənən bir sıra cəhətlərə malik
olduğunu görmək olur. Əsas olan bunun təbliğidir
ki, ötən ildə dövlət tərəfindən bu
istiqamətdə xeyli işlər görülüb. Belə
ki, ölkəmizin turizm potensialının dünya
miqyasında təbliği məqsədilə hər il
dünyanın aparıcı ölkələrində 20-yə
yaxın beynəlxalq turizm sərgisində təmsil olunuruq.
Bundan başqa, təkcə ötən il ölkənin turizm
potensialının zənginliyindən, imkanlarının
genişliyindən bəhs edən 9 dildə 50-dək
reklam-çap məhsulları hazırlanaraq dünyanın bir
sıra böyük şəhərlərində -
İstanbul, Berlin, Moskva, Pekin, Tokio, Milan, London, Əl-Küveyt,
Kiyev, Tbilisi, Daşkənddə keçirilən ənənəvi
beynəlxalq turizm sərgilərində ziyarətçilərə
paylanıb. Azərbaycanın turizm potensialına dair reklam
çarxları 2011-ci ildən etibarən “EuroNews”, “Travel
Channel”, “CNN”, “National Geographic”, “BBC” və “CNBC” kimi
dünyanın ən məşhur telekanallarında mütəmadi
olaraq yayımlanır. Həmçinin, hər ilin aprel
ayında Bakı şəhərində “AİTF” Beynəlxalq
Turizm Sərgisi və Ümumrespublika Daxili Turizm Sərgisi
keçirilir. Ölkəmizin turizm potensialının beynəlxalq
aləmdə tanıdılması məqsədilə Almaniya,
Avstriya, Türkiyə, Yaponiya, Misir, Mərakeş, Küveyt,
Yunanıstan və digər ölkələrin bir sıra
turizm şirkətləri və kütləvi informasiya vasitələrinin
nümayəndələri üçün mütəmadi
olaraq info-turlar təşkil olunur. Milli-mənəvi dəyərlərin
qorunması, həmçinin yeni turizm marşrutlarının
yaradılması məqsədilə, Avropa Şurasının
Kiyev təşəbbüsü çərçivəsində
həyata keçirilən “Şərab Yolları” və
“Aleksandr Düma Qafqazda” marşrutlarının layihələri,
“Azərbaycanda alman yaşayış məskənləri”
layihəsi, TÜRKSOY çərçivəsində “Dədə
Qorqud İrsi” beynəlxalq mədəni turizm layihəsi,
BMÜTT çərçivəsində həyata keçirilən
“Böyük İpək Yolu” layihəsi, “Babaların Tarixi Zəfər
və Şəhadət Yolu” layihəsi hazırlanıb. “Azərbaycanda
şərab yolları” layihəsi çərçivəsində
“Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi
Assosiasiyası” yaradılıb. Xəzər dənizi üzrə
kruiz marşrutlarının təşkilində əməkdaşlığa
dair Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan
hökumətləri arasında saziş layihələri də
işlənib hazırlanıb.
Bu istiqamətdə görülən işlərin nəticəsidir
ki, Azərbaycana gələn turistlərin sayı
günü-gündən artmaqdadır. Həmçinin, əvvəlki
illərə nisbətən ölkədən istirahət məqsədilə
xaricə üz tutan yerli turistlər də öz istirahətlərini
ölkə daxilində həyata keçirirlər.
“Turizm ili”ndə görülən işlər barədə
danışan Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar
Aslanov “Paritet”ə açıqlamasında bildirib ki, ötən
il ölkənin turizm potensialının təbliği sahəsində
mühüm işlər görülüb: “Azərbaycan 20-dən
çox turizm sərgisində iştirak etdi. Bu Azərbaycanın
mütəşəkkilliyi, ora qatılan şirkətlərin
sayı, həm də turizm potensialının sərgilənməsi
üçün icarəyə götürülən
pavilyonun həcmi baxımından diqqətəlayiq oldu. 2011-ci
ildə beynəlxalq mediada, xüsusilə Azərbaycan
haqqında CNN-də gedən fimlərdə milyonlarla insan Azərbaycan
haqqında məlumatlarla tanış oldu. Fransanın
tanınmış 6 qəzetində
təkcə ötən il ölkəmizin turizm potensialı ilə
bağlı məqalələr çap olundu”. Onun sözlərinə
görə, bütün bunlar təbliğat işlərinin
düzgün aparıldığını göstərir.
Ötən il ərzində inşa
edilmiş 46 turizm obyektindən 22-i təhvil verilib
Turizm sektorunda ən vacib amillərdən olan
infrastruktur ötən il ərzində turistlərə keyfiyyətli
xidmət edəcək səviyyədə qurulub. Ölkədə
yeni istifadəyə verilən hotellər də buna nümunədir.
Dövlət başçısı nitqində bununla
bağlı bildirib ki, ötən il təkcə Bakıda
beşulduzlu 3 mehmanxana açılmışdır: “Bu il ən
azı yenə də Bakıda beşulduzlu 3 yeni mehmanxana
açılacaqdır. Bölgələrdə də bu proses
gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar
tikilir, ən azı 4-ü tikilir. Ən vacib turizm mərkəzlərinə
özüm baş çəkirəm, vəziyyətlə
tanış oluram. Şahdağ Turizm Kompleksi bu il istifadəyə
veriləcəkdir. Bu da dünya miqyasında nadir xizək
kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən
gözəl xizək mərkəzlərindən biri
olacaqdır. Çünki dünyanın ən gözəl
yerlərində olan müsbət təcrübəni biz ora gətiririk,
tətbiq edirik”.
Qeyd edək ki, qış turizminin inkişafı məqsədilə
Qusar rayonunun Ləzə kəndi yaxınlığında,
Şahdağın ətəklərində salınan
“Şahdağ qış-yay turizm kompleksi” həm təyinatına,
həm də nadir layihə strukturuna görə xüsusi
önəm daşıyır. Belə ki, kompleksin tikintisində
əsas diqqəti idmanın qış növlərinə, əsasən
dağ xizək idmanının inkişafına yönəltmək
nəzərdə tutulub ki, bu da respublikada turizmin və
idmanın qış növlərinin inkişafı, respublika
vətəndaşları və xarici turistlərin mükəmməl
istirahəti üçün kompleksin ərazisində tennis,
qolf, futbol və basketbol meydançaları,
üstüörtülü idman qurğuları, hovuzlar, əyləncə
- oyun kompleksləri, istirahət edənlərə piyada və
at gəzintisi və digər xidmətlərin göstərilməsinə
hesablanıb. Gündəlik beş min turist qəbul etmək
iqtidarında olacaq kompleksdə müxtəlif həcmdə
üç, dörd, beş ulduzlu otellərin, kiçik yaylaq
evlərinin və kotteclərin eləcə də, ticarət mərkəzləri,
restoranlar, əyləncə xidməti və məişət
obyektlərinin tikintisi də nəzərdə tutulub. Dəniz
səviyyəsindən 1300 metrlə 2554 metr arasındakı
hündürlükdə yerləşən “Şahdağ
qış-yay turizm kompleksi”nin ərazisi 2045 hektardan artıq
sahəni əhatə edir ki, bu da turistlərin rahat istirahətinə
geniş imkanlar yaradır.
O cümlədən, yeni istifadəyə verilən və
inşası davam etdirilən 5 ulduzlu hotellər də turistlərin
istifadəsinə verilir. Bundan başqa, ötən il ərzində
inşa edilmiş 46 turizm obyektindən 22-i təhvil verilib. Məlumat
üçün bildirək ki, ölkədə 10 il bundan
öncə cəmi 6 min turistin yerləşdirmə yeri var
idisə, bu gün isə 31 mindən
artıq yataq yeri mövcuddur. Onların 11 mini isə
Bakı yerləşir. Ötən ilin hesabatlarına görə,
turizm sektorunun inkişafı nəticəsində yay
mövsümündə 55 min yerli turist istirahətini təşkil
etmək üçün xaricə üz tutmuşdursa, ilin
sonunda bu rəqəm minimuma enib.
E.Aslanov bildirib ki, ötən il turizm sektorunda son on ildə
görülən işlərin yeni mərhələsi
açıldı. Onun sözlərinə görə, bu həm
turizm infrastrukturunun güclənməsi baxımından, həm
turizm kadrlarının hazırlanması baxımından, həm
xarici turistlərin cəlb olunması, həm də Azərbaycanın
turizm potensialının dünyada təbliğ olunması
baxımından ötən il yada qaldı: “Ölkədə
çoxsaylı turizm obyektləri istifadəyə verildi. Bu
ildə yeni hotellər istifadəyə veriləcək. 40-dan
çox hotelin paytaxtda və regionlarda tikintisi davam edir”.
E.Aslanov turizm sektorunda kadr hazırlığı sahəsində
də yeniliklərə imza atıldığını
bildirib: “Avstryanın turizm universiteti ilə magistr sahəsində
müqavilə imzalanıb. O cümlədən, ötən
ilin dekabr ayının 6-da Turizm Peşə Məktəbi
yarandı. Bu il 5 regionda -Şəkidə, Qusarda, Şəmkirdə,
Göygöldə və Masallıda regional peşə məktəblərinin
yaradılması da nəzərdə tutulur”.
“2011-ci il Azərbaycanın turizm tarixində qızıl hərflərlə
yazılan il olub”
Ötən il, turizm sektorunda bu sahəyə
yatırılan investisiyalarla da diqqəti cəlb edir. Statistik
məlumatlara görə, ötən ilin ilk 4 ayı ərzində
bu sektora 50.4 milyard manat vəsait yatırılıb. Bu, əvvəlki
illərin göstəricilərindən 27 faiz çoxdur ki, nəticədə
turizm sektoruna yatırılan investisiyalar bu sənayenin ölkədəki
inkişaf dinamikasını 1.7 dəfə üstələyib.
Bununla yanaşı, turizm sektorunun investisiyaların ümumi həcmində
payı 1.9 faiz təşkil edib ki, bu da onun ölkənin
ÜDM-nin formalaşdırılmasındakı payını
artırıb.
E.Aslanov ötən ilin nəticələrinə rəğmən,
2011-ci ilin Azərbaycanın turizm tarixində qızıl hərflərlə
yazılan il olduğunu deyib.
“Bu, təkcə ilin
“Turizm ili” elan olunduğuna, 5-6 beşulduzlu hotel şəbəkələrinin
açıldığına görə deyil. Həm də bu
il Azərbaycanda nəinki turizmlə bağlı təşkilatlar,
o cümlədən bütün cəmiyyət bu işdə
yaxından iştirak etdi. Bütün qüvvələr səfərbər
olundu. Görülən işlər onu göstərdi ki, Azərbaycan
dövləti və cəmiyyəti bizim üçün yeni
olan, çətin görünən işin öhdəsindən
layiqincə gəlməyi bacardı. Bu isə, dövlətlə
cəmiyyətin müştərək işləməsi,
dövlətin öz cəmiyyətinə etimadı və
insanların dövlət başçısına olan
inamı sayəsində əldə edildi”-deyə prorektor
bildirib.
Onun sözlərinə görə, turizm sektorunun
inkişafı Azərbaycanın xarici siyasətindən, nəqliyyat
xidmətindən, ölkəyə
giriş-çıxışın, asudə vaxtın səmərəli
təşkilindən, ölkədə ictimai asayişdən,
bank sektorunun mütəşəkkil təşkil
olunmasından, standartlaşdırmadan, sanitar nəzarətin
edilməsi ilə bağlıdır ki, bütün bunlar da Azərbaycanda
mövcuddur: “Eyni zamanda, dövlət
başçısının digər sahələr kimi bu
sektora olan qayğısının nəticəsində
müsbət nəticələr əldə edilir. Prezident
İlham Əliyevin turizmə qayğısı, həyata
keçirdiyi tədbirlər hamı üçün bir mesaj
oldu”.
E.Aslanov qeyd edib ki, 2012-ci ildə də bu tədbirlər
davam edəcək: “Bu tədbirlər bu il də davam edəcək.
Bu il ölkədə musiqi yarışması, futbol üzrə
qadınlar arasında dünya çempionatı kimi beynəlxalq
tədbirlərin keçirilməsi bunu deməyə əsas
verir. Həm də dövlət başçısının
apardığı siyasət digər sahələr kimi turizm
sektorunun da diqqətdən kənarda qalmayacağını
göstərir”.
Asif NƏRİMANLI
Paritet.- 2012.- 19 yanvar.- S. 1;3.