Böyük azərbaycanlı
“O, yeni Şərq
tarixində insanları azadlığa çağıran
birinci şəxs idi və bu yolda ilk şəhid də o oldu”
Azərbaycan diasporunun ən böyük nümayəndələrindən
olan Şeyx Cəmaləddin Əfqani bir azərbaycanlı
olaraq bütün dünyada dövrünün azadlıq
mücahidi idi. Onu Şərq səmasına parlayıb
dünyaya işıq saçan Böyük azərbaycanlı
adlandırmaq olar. Keçdiyi yol, həyatı,
yaradıcılığı onun haqqında bu təəssüratı
yaradır. O, Azərbaycan diasporunun ən böyük nümayəndəsi
olmaqla yanaşı, XIX əsrdə ən qabaqcıl İslam
alimi kimi də tarixə düşüb. Əsl adı Seyid Məhəmməd
ibn Səftər olan C.Əfqani 1838-ci ilin noyabr ayında Həmədan
yaxınlığındakı Əsədabad kəndində
doğulub. Ərəb, fars və türk dillərini mükəmməl
öyrənən C.Əfqani hər üç dildə əsər
də yazıb. O, fransız və rus dillərinə də bələd
idi. Bəzi mənbələr C.Əfqanini ərəb millətinin
nümayəndəsi kimi qələmə versə də,
müasirləri, xüsusən şagirdləri onun
özündən milliyət etibarilə türk-azəri
olduğunu eşidiblər.
Bununla bağlı Əhmədbəy
Ağaoğlu öz gündəliyində yazır ki, C.Əfqaniyə
üç dəfə mülaki oldum: “İkinci dəfə
mülaqatımızda onun əsli haqqında məlumat istədim,
verdikləri cavabı hüzurlarında dəftərimə
köçürdüm”. Ə.Ağaoğlu onun sözlərini
olduğu kimi yazıb: “Mənim babam və anam əslən
Marağalıdır, fəqət sonra Həmədana
köçmüşlər. Mən Həmədanda
doğulmuşam. Həmədanda babamın işləri
pozulduğundan, Əfqanıstana hicrət etmək məcburiyyətində
qalıb”. Daha sonra Ə.Ağaoğlu yazır ki, Marağa Azərbaycanın
türk şəhərlərindən biridir. “Şeyx Cəmaləddin
Əfqani Azərbaycan türküdür. Marağalı bir ailənin
övladıdır. Həmədan yaxınlığında, Əsədabad
kəndində dünyaya gəlib. C.Əfqani isə Azərbaycan
dilini ana dili olaraq danışırdı”-deyə Ə.Ağaoğlu
yazır. Qeyd edək ki, Həmədan vilayəti tarixi Azərbaycan
torpağı olub, Cənubi Azərbaycan ərazisində yerləşir.
“Elmi bəşəriyyətin əlindən
alsan, dünyada insanlıqdan əsər qalmaz”
C.Əfqaninin atası nüfuzlu din xadimi idi.
Atasının sayəsində o, Kabildə mükəmməl
dini təhsil aldıqdan sonra o zaman Əfqanıstanın
suverenliyinə çalışan və bir müddət buna
nail olan Əmir Dost Məhəmmədin yanında xidmət
edir, Əfqanıstanın baş naziri vəzifəsinə qədər
yüksəlir. Lakin Əmir 1863-cü ildə öləndən
bir qədər sonra qəbilə və vərəsə
çəkişmələri zamanı o, oradan
uzaqlaşdırılır. Cəmaləddinin “Əfqani” təxəllüsü
də Əfqanıstanla bağlı idi. İran
istibdadından və onların təqibindən qurtarmaq
üçün o, özünü çox vaxt Əfqan təbəəsi
kimi göstərirdi. C.Əfqani dini təhsil
görməyinə baxmayaraq, dünyəvi elmləri-bəşəriyyətin
tərəqqisinə kömək edəcək elmləri təbliğ
edirdi. O yazırdı: “Bütün var-dövlət, sərvət
əsasən elmin məhsuludur. Dünya elm üstündə bərqərar
olur. Elmi bəşəriyyətin əlindən alsan, daha
dünyada insanlıqdan əsər qalmaz. Elm bir nəfərin
gücünü on nəfərə, min və on min nəfərə
bərabər edir”.
Ə.Ağaoğlunun fikrincə, Cəmaləddin Allah kəlamlarına
başqa yöndən yanaşır, dövrün tələblərindən
və Quranın təbiətindən çıxış edərək
ciddi islahatlar irəli sürür və ittihadi islama Şərq
xalqlarının nicatı kimi baxırdı. İslama
qarşı deyil, dini xürafata qarşı daim mübarizə
aparan C.Əfqani hələ 1872-ci ildə Kəlküttədəki
ingilis məktəbində oxuyan müsəlman gəncləri
qarşısında çıxışında deyirdi: “Qəribə
burasıdır ki, müsəlman üləmaları elmi iki
yerə bölmüşlər: müsəlman elmləri və
Avropa elmləri. Bununla da onlar müsəlman xalqını
faydalı elmləri mənimsəməkdən çəkindirirlər.
Onlar başa düşmürlər ki, insanı şərafətli
edən elm ayrıca heç bir xalqa mənsub deyil, kim ona yiyələnsə,
onundur”. O, həmin çıxışında bir maraqlı məsələyə
də toxunurdu: “Təəccüblü burasıdır ki,
müsəlmanlar Aristoteli o qədər rəğbətlə
oxuyurlar ki, elə bil o əsl müsəlmandır. Amma Nyutonu,
Qalileyi, Kepleri kafir hesab edirlər. Elmin atası-anası və
sübutu dəlildir. Burada əsas Aristotel, yaxud Qaliley deyil,
haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar
qadağan edirlər, elə bilirlər ki, bununla islamı
qoruyub saxlayırlar. Belə adamlar əslində islamın
düşmənləridir”.
“Millət xaricində səadət yoxdur”
İslam aləmində böyük mütəfəkkir
kimi tanınan C.Əfqani həm də böyük milliyyətçi
idi. O, “milliyyət xaricində səadət yoxdur” deyə
yazırdı. Türkçülük hərəkatının
böyük siyasətçilərindən olan Yusuf
Akçura yazırdı ki, C.Əfqani İslam aləminin hər
tərəfinə düşüncələri ilə,
sözləri ilə, işləri ilə çox bərəkətli
toxumlar saçmış və Qərb türklüyündə
olduğu kimi, şimal türklüyündə də millət
fikrinin inkişafına xidmət edir. Təsadüfi deyil ki,
türk millətçi şeirinin memarı, əlində
qavalıyla “Turi-Sina”dan enərək toplayıb-birləşdirən
Məhməd Əmin Yurdaqula “qaval çalmağı”n sirrini
də əslində C.Əfqani öyrətmişdi. Türk
tarixçisi Fuad
Körpülü yazırdı ki, M.Ə.Yurdaqulu mənəvi
Turi-Sina dağına qaldıran da Şeyx Cəmaləddin idi.
“Məni o yoğurmuşdur. Əgər ruhların əbədiliyi
və ölməzliyi varsa, o, ruhunu mənə yadigar
etmişdir. Cəmaləddinin ruhu məndə yaşayır” -
deyən Yurdaqul “ərəb və fars qaydalarından təmizlənmiş
ilk türkcə şeirlərini, o sıradan “Bən bir
türkəm, dinim, cinsim uludur” misrası ilə başlayan
şeirini C.Əfqaninin təlqini ilə yazmışdı.
Bununla yanaşı, Şeyx Parisdə olduğu müddətdə
Ə.Ağaoğlunu da türk milliyyətçiliyi hərəkatına
sövq edib. Ə.Ağaoğlu bununla bağlı yazır:
“İslam aləminin düşünürlərindən Cəmaləddin
Əfqani həzrətləri, Parisdə bulunduğu sırada
mənim mütəvazi məskənimi, başqalarından
üstün tutmaq lütfündə bulunmuşlardı və
həftələrcə bərabər qalmışdıq”.
Onların bərabərliyi zamanı isə, C.Əfqani
türkçülüyü ona təlqin edir və Ə.Ağaoğlunu
bir milliyyətçi olaraq təkmilləşdirir. Bəzi mənbələrdə
Mustafa Kamal Atatürkün də milliyyətçi kimi
formalaşmasında C.Əfqaninin təsirinin olduğu göstərilir.
C.Əfqaninin “səadətin altı guşəli qəsri”ni
qurmaq üçün irəli sürdüyü yeni təlimində də milliyyətçilik
önə çıxarılır. 6 bənddən ibarət
təlimə görə, “İnsan gərək
özünün ərzi bir mələk, yaxud xilqətin əşrəfi
olaraq yaradıldığına inana”, “Öz millətini
başqa millətlərdən daha üstün və əfzəl
bilə”, “Elmlərin mövcud qaranlıq mühitdən daha
yüksək, daha ali bir aləmə keçmək
üçün vücuda gəldiyinə etiqad edə”,
“İnsanı digər canlılardan fərqləndirən mənəvi
dəyərlərə-iffət və həya duyğusuna sədaqətli
ola”, “Əmanətə xəyanət etməyə” və
“Doğruluq və ədalət yolundan sapmaya” deyə göstərilir.
Millətin aliliyini irəli sürən C.Əfqani milli
varlığın davamlılığını dil birliyində
görürdü. O yazırdı: “İnsanlar arasında
daireyi-şümuli-vase olub bir çox əfradı yekdigərinə
mərbut qılan iki rabitə vardır: biri vəhdəti-lisan,
digər təbirlə cinsi və ya vəhdəti-cinsiyyə.
Digəri din. Vəhdəti-lisanın, yəni vəhdəti-cinsiyyənin
(irqin, millətin) heç şübhə yoxdur ki,
dünyadakı bəqa və səbatı dindən daha
davamlıdır, çünki az bir zamanda dəyişməz.
Halbuki, ikincisi böylə deyildir. Lisani-vahid üzrə
qonuşan irqi görürüz ki, bin sənəlik bir
müddət zərfində vəhdəti-lisandan ibarət olan
cinsiyyətə bir xələldari olmadan, iki-üç dəfə
təğyiri-din ediyor. Deyə biliyoruz ki, ümuri-dünyəviyyədə
vəhdəti-lisan mərbutiyyətinin təsiri din məcburiyyətindən
daha qüvvətlidir”
Parisdə “ Ürvətül-vüsqa” qəzeti,
Londonda “Ziya ül-Hafiqeyn” jurnalı
C.Əfqani ömrünün çox hissəsini
dünyanın müxtəlif ölkələrində
keçirib. O, demək olar ki, ömrü boyu islam ölkələrini
birləşdirmək, islami birlik yaradaraq müstəmləkələrə
qarşı mübarizə aparmaq uğrunda mübarizə
aparıb. Bir müddət İranda yaşadıqdan sonra siyasi
təqiblər üzündən 1883-cü ilin əvvəllərində
İngiltərəyə-Londona gəlir. Lakin burada çox qalmayan Şeyx Parisə
gedir. Fəlsəfə elmləri namizədi, dosent Qəmər
Mürşüdlü “C.Əfqaninin həyat fəaliyyəti”
adlı məqaləsində yazır ki, Əfqani Avropada
yaşadığı müddətdə burada baş verən
proseslərlə tanış olur və burada da öz
mübarizəsini davam etdirir: “C.Əfqani Parisdə
dövrün tanınmış jurnalisti Henri Roçifotla
tanış olduqdan sonra onun redaktoru olduğu “L,İntransgeant”
qəzetində məqalələr yazır. Mütəfəkkirin
fransız filosofu Ernest Renanla “Journal des Debats” qəzeti səhifələrində
elmi diskussiyaları olur”.
Qeyd edək ki, E.Renanın “İslam dini elmdə bəhrəsizdir”
hökmünə dair iddiasına C.Əfqaninin yazdığı
cavabın müzakirəsi yüz otuz ildir ki, səngimək
bilmir. Şeyx həmin yazısında Renana və Qərbə
belə cavab verir: “Avropalılar Aristoteli ərəb qiyafəsində
çox yaxşı qarşılamışlar, halbuki, onlar
yunanlarla qonşu olduqları zaman heç Aristotel yadlarına da
düşmürdü... Xristianlıq intişar
tapdığı ilk yüzilliklərdə elm və fəlsəfədən
ona görə imtina edib ki, “bu, izahı mümkün olmayan
üçləşmə - xristian dininin etiqadına görə
çörəklə şərabı İsa peyğəmbərin
əti ilə qanına dəyişmə və Allahın ilahi
mahiyyəti ilə insan mahiyyətinin birləşdirilərək
Tanrının insan olması imanını izah etmək
üçün gərəkli” idi... Əgər bütün
avropalılar eyni nəslə mənsubdurlarsa, onda sami olan
harranlar və suriyalılar da böyük ərəb ailəsinə
mənsub oduqlarını haqlı olaraq iddia edə bilərlər...
Elmin böyük qaynaqları halına gəlmiş İraq və
Əndəlüs kimi məmləkətlər ərəb
xilafətinin Şərqdə və Qərbdə süqutundan
sonra təkrar keçmiş cəhalətə
düşüb fanatizmin mərkəzi halına gəldilər”.
Q.Mürşüdlü məqaləsində göstərir
ki, C.Əfqaninin Parsidə gördüyü ən önəmli
işi “Əl Ürvətül-vüsqa” (Möhkəm
ip-Quranda Allahın köməyi mənasında-red.) adlı
gizli islami cəmiyətin fəaliyyətini yönləndirməsi
və eyniadlı qəzeti nəşr etməsi idi: “Cəmiyyətin
adı Quranın əl-Bəqərə sürəsinin
256-cı ayəsindən götürülüb: “Dində məcburiyyət
(zorakılıq) yoxdur. Artıq doğruluq (iman)
azğınlıqdan (küfrdən) aydın fərqlənir.
Hər kəs Şeytanı (və ya bütləri) inkar edib
Allaha iman gətirsə, o artıq
(qırılmaq bilməyən) ən möhkəm bir ipdən
(dəstəkdən) yapışmış olur. Allah (hər
şeyi olduğu kimi) eşidən və biləndir”.
(14,2,256). Cəmiyyətin və qəzetin əsas məqsədi
və vəzifələri Şərq xalqlarına geriləyib
çökmələrinin səbəblərini izah etmək,
itirilənlərin yerini doldurmaq, gəlməsi ehtimal olunan bəlalardan
qorunmasının yollarını göstərmək, Şərq
xalqlarını geri salan səbəblər haqqında
araşdırmalar apararaq onları üzə çıxarmaq,
xalqı müstəmləkələrə qarşı
mübarizəyə qaldırmaq, islam ölkələrində
dövrün tələb etdiyi islahatların keçirilməsinə
inamın itməsinə aparan mövhumat və fanatizmi işfa
etmək, ittihamlara qarşı çıxmaq və müsəlmanların
keçmiş nəsillərin qoyduğu prinsiplərilə
bağlı qaldıqca mədəniyyət səviyyəsinə
çata bilməyəcəklərini söyləyən kimsələrin
bu yersiz iddialarını təkzib etmək idi. Eyni zamanda, hədəfdə
müsəlman xalqları arasında əlaqələrin
möhkəmləndirilməsi var idi”.
Q.Mürşüdlü qeyd edir ki, “əl-Ürvətül-vüsqa”
cəmiyyəti haqqında məlumatlar az olsa da, onun qısa
zamanda bir çox müsəlman ölkələrində
şöbələrinin yaradıldığı məlumdur.
Onun araşdırmalarına görə, qəzetin ilk sayı
1884-cü il martın 13-də çapdan çıxdı.
“Qəzetin ideya-siyasi istiqamətini Əfqani müəyyənləşdirirdi.
M.Əbdu isə bu ideyaları məqalə şəklində
hazırlayırdı. Qəzet bütün islam ölkələrinə-Misir,
İran, Türkiyə, Hindistan, Suriya, Sudan və digər
ölkələrə pulsuz göndərilirdi. Qəzet əsasən
redaksiya heyətinin adlarını bildikləri şəxslərə
göndərilirdi”-deyə dosent məqaləsində yazır.
Belə ki, qəzetin ilk nömrəsində deyilir ki, dərgi
adlarını bildiyimiz şəxslərə, zənginin də,
fəqirin də ala bilməsi üçün pulsuz
paylanır: “Adları bizə məlum olmayanların rəhbərlik
ünvanımıza adlarını və ünvanlarını
əks etdirən bir məktub göndərməyi yetərlidir.
Cəmiyyət tərəfindən maliyyələşdirilən,
dövrün ərəbcə nəşr olunan və beynəlxalq
miqyasda yayılan ən böyük siyasi mətbu orqanı
olan “Əl-Ürvətül-vüsqa” qəzeti C.Əfqaninin
öz dini-siyasi platformasını İslam aləminə
yayması üçün güclü bir vasitəyə
çevrildi. Qəzetdə dərc olunan məqalələrdə
Şərq xalqlarının, özəlliklə də müsəlmanların
hüquqları müdafiə olunur, müstəmləkəçilərin,
xüsusilə də ingilislərin siyasi məqsədləri
ifşa olunur, islami birlik ideyası təbliğ edilirdi.
C.Əfqaninin şagirdi Məhəmməd Əbdüh
ustadın qəzet qarşısına qoyduğu məqsəddən
bəhs edərək yazırdı: “C.Əfqani heç olmasa,
bir müsəlman ölkəsini oyandırmağa
çalışırdı.
Belə ölkə qabaqcıl ölkələrə
çatmalı və islamı əvvəlki nüfuzuna
qaldırmalıdır. O deyirdi ki, Şərqdə İngiltərəyə
sarsıdıcı zərbə vurmaq, müsəlmanların
başı üzərində asılan kölgəni
götürmək lazımdır”.
Təbii ki, Avropada ingilis müstəmləkəsinin əleyhinə
dərc olunan qəzet İngiltərə hökumətini
narahat etməyə bilməzdi. Hələ qəzetin ilk
sayı nəşr olunanda bəzi ingilis qəzetləri
hökuməti bu barədə xəbərdar edir və qəzetin
Misir, Hindistan, hətta Osmanlı imperiyasında
yayılmasının qarşısını almaq
üçün tədbirlər görməyə
çağırırdı. İngilis hökuməti də qəzetin
müstəmləkə xalqlarına göstərdiyi təsirin
qarşısını almaq üçün tədbirlər
görməyə başladı.
Asif NƏRİMANLI
(ardı var)
Paritet.-2012.- 24-25 yanvar.-S. 13.