2011-ci ildə diplomatiyamız yüksələn xəttlə inkişaf edib

 

2011-ci il bütün sahələrdə olduğu kimi xarici siyasətdə də Azərbaycan üçün uğurlu olub. Geridə buraxdığımız ilin beynəlxalq aləm üçün çətin keçdiyini nəzərə alsaq diplomatiyamızın qazandığı uğurların əhəmiyyətini anlaya bilərik. Xarici İşlər Nazirliyi 2011-ci ilin yekunları ilə bağlı hesabat yayıb.

 Qeyd olunur ki, beynəlxalq sülh, əməkdaşlıq, şəffaflıq və çoxşaxəlilik prinsiplərinə sadiq olan dövlətimiz sülhə, təhlükəsizliyə və sabitliyə qarşı təhdid və risklərlə mübarizədə beynəlxalq səylərə fəal şəkildə cəlb olunmuş, məqsədyönlü və davamlı olaraq ən müxtəlif sahələrdə beynəlxalq əlaqələrin dəstəklənməsi və genişlənməsi siyasəti aparmış, qlobal və regional qarşılıqlı fəaliyyət proseslərində effektiv iştirak etmiş, dünya arenasında özünü əhəmiyyətli və çox faydalı oyunçu kimi göstərib. Sözsüz ki, ölkənin beynəlxalq fəaliyyəti və xarici siyasəti Azərbaycan diplomatiyasının əsas səylərini və resurslarını cəmləşdirərək, hər şeydən əvvəl milli prioritetlərə, o cümlədən ərazi bütövlüyünün bərpasına, dövlətçiliyin möhkəmlənməsi maraqlarına, müdafiə qabiliyyətinə, sosial həmrəylik və demokratiyaya və davamlı inkişafa yönəldilib.

2011-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə danışıqlar davam etdirilib və danışıqlarda ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edib.

Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşdırma, məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi istiqamətində də məqsədyönlü fəaliyyət göstərib. Bakının təşəbüssü ilə 2010-cu ilin 6-13 oktyabr tarixlərində işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında təşkil edilmiş beynəlxalq dəyərləndirmə missiyasının hesabatı cari ilin mart ayında açıqlanıb. Hesabatda Azərbaycan tərəfinin narahatlığının əsaslı olduğu, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma faktlarının aşkarlandığı, yaşayış məntəqələrinin talan edildiyi öz əksini tapıb.

Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.

Azərbaycan diplomatiyasının qazandığı əsas uğurlardan biri də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə BMT üzv dövlətlərinin 155-nin dəstəyini qazanaraq qalib gəlməsi olub. SSRİ-nin dağılmasından bu yana Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan 2-ci (Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk) post-sovet ölkəsidir.

Aparılan məqsədyönlü və səmərəli işin nəticəsi olaraq, ölkəmiz 2011-ci il mayın 26-da İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilib. Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan, Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan edib.

Bundan başqa, Azərbaycan ötən ildə YUNESKO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə vəzifə və alt-qurumlarına üzv seçilməyə nail olub. Belə ki, sessiya çərçivəsində ölkəmiz yekdilliklə Baş Konfransın vitse-prezidentlərindən biri seçilib.

2011-ci ildə ölkəmiz  digər mötəbər beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də ənənəvi yüksək əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verib. İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması  üzrə Azərbaycanın tutduğu ədalətli mövqeyi bir daha bütün üzv ölkələr tərəfindən dəstəklənmiş və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi”, həmçinin “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması” haqqında qətnamələr yekdilliklə qəbul edilib.

2011-ci ildə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri xüsusilə intensiv qarşılıqlı yüksək səviyyəli səfərlərin baş tutması ilə əlamətdar olmuş, həmçinin tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində sənədlərin imzalanması ilə müşahidə olunub.

Aİ Şurası tərəfindən 9 dekabr 2011-ci il tarixində readmissiya və viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların aparılması üzrə Avropa Komissiyasına mandat verilib. Aİ ilə münasibətlər müstəvisində ölkəmiz 2011-ci il ərzində Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında fəal iştirakını davam etdirib.

Azərbaycanın NATO ilə də tərəfdaşlıq münasibətləri də yüksələn xətlə inkişaf edib. Siyasi dialoq zamanı müdafiə sahəsində islahatlar, praktiki əməkdaşlıq, regionda təhlükəsizlik məsələləri, Azərbaycan-NATO münasibətlərinin gələcək inkişafı, o cümlədən Fərdi Tərəfdaşlıq Planının 3-cü mərhələsinin başlanması, əməliyyatlar, enerji təhlükəsizliyinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, NATO-nun Mənzil Qərargahında enerji təhlükəsizliyi üzrə “28+1” (NATO üzv ölkələri və Azərbaycan) formatında iclas keçirilib.

2011-ci ildə Azərbaycan Əfqanıstan üzrə beynəlxalq siyasi proseslərdə fəal iştirak edərək, ölkə rəsmiləri Almaniyanın Berlin şəhərində keçirilən NATO-nun İSAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) əməliyyatına töhvə verən dövlətlərin xarici işlər nazirləri səviyyəsində qeyri-formal iclasda və Bonn şəhərində keçirilən Əfqanıstan üzrə Beynəlxalq Konfransda, eləcə də NATO Mənzil Qərargahında Şimali Atlantika Şurasının İSAF-a töhvə verən qeyri-NATO dövlətləri ilə xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında fəal iştirak edib.

Ötən il ərzində, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasında da oynadığı rol artıb. 2011-ci ilin aprel ayında Bakıda BMT, Avropa Şurası, YUNESKO, İSESKO və “Avronyus”-un dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, təcrübə mübadiləsi aparılıb. Tədbirdə dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dünyanın müxtəlif ölkələrindən gələn siyasi, ictimai, elm və təhsil xadimləri, jurnalistlər və QHT-lərin nümayəndələri iştirak ediblər.

2011-ci ilin oktyabr ayında Prezident İlham Əliyev və RF Prezidenti Dmitri Medvedevin himayəsi altında Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Forumda 30-dan çox ölkədən 300-ə yaxın nümayəndə, o cümlədən sabiq dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, Milli Elmlər Akademiyalarının prezidentləri, Nobel mükafatı laureatları, tanınmış ictimai xadimlər, sənətçilər, media nümayəndələri və digər yüksək səviyyəli qonaqlar, o cümlədən YUNESKO-nun keçmiş Baş direktoru Koiçiro Matsuura və təşkilatın Baş direktor müavini Yanis Karklinş, YUNESKO Moskva Ofisinin direktoru Dendev Badarç və YUNESKO üzrə bir sıra ölkələrin Milli Komissiyalarının məsul katibləri iştirak ediblər.

Enerji siyasətinin xidmət etdiyi iqtisadi diplomatiyamızın əsas vəzifəsi ötən illərdə olduğu kimi, bu ildə də Azərbaycan Respublikasının dinamik və davamlı inkişafı istiqamətində ölkəmizin regional və beynəlxalq aləmdə artan nüfuzunun və milli maraqlarımıza cavab verən əlverişli mühitin təmin edilməsi olub. Azərbaycan 2011-ci ildə regionun aparıcı ölkəsi olaraq, regional inkişafa öz töhvəsini verib.

Ölkəmiz tərəfindən Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın Tərəf  Dövlətlərinin Üçüncü Konfransı çərçivəsində “Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokol”-un imzalanması tədbirin yüksək əhəmiyyət və məhsuldarlığının göstəricisi olub.

İl ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətlərinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil edilib.  İl ərzində Azərbaycanda Serbiya Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb. Paralel olaraq, Cənubi Afrika Respublikasında səfirlik, Bosniya və Herseqovinada diplomatik ofis fəaliyyətə başlayıb. Eyni zamanda Solomon adaları, Trinidad və Tobaqo ilə diplomatik əlaqələr qurulub.

İlin yekunları Azərbaycan tərəfindən həyata keçirilən xarici siyasətin təsir qüvvəsini, optimallığını və tarazlılığını təsdiq edir.

 

 

Məhəmməd ŞINIXLI

 

Paritet.- 2012.- 24-25 yanvar.- S. 1;8.