Mordvadan Bakıya

 

Stepan Erzyanın Azərbaycan heykəltəraşlığında rolu

 

 Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk gündən ideoloji sahəyə xüsusi diqqət yetirilib. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən və bolşeviklər hakimiyyəti zəbt etdikdən sonra Azərbaycanda da “Monumental təbliğat” planı sovet incəsənətinin, o cümlədən heykəltəraşlığının təməl prinsipinə çevrildi. Siyasi və ideoloji məqsəd daşıması ilə bərabər, bu təbliğat planı heykəltəraşlığın sürətli inkişafına təkan verdi. Azərbaycan heykəltəraşlığının zəngin tarixi ənənələrə malik olmasına baxmayaraq, XX əsrin əvvəllərində respublikamızda heykəltəraşlığın səviyyəsi dünya, o cümlədən Rusiya hüdudları ilə müqayisədə xeyli aşağı idi.

Ölkəmizdə peşəkar heykəltəraş kadrlarının hazırlanmasına ehtiyac vardı. Bu mənada Azərbaycanda peşəkar heykəltəraşlığının təşəkkülü və inkişafında ölkəmizə dəvət edilmiş sənətkarların zəhməti danılmazdır. Təsviri sənətin bu sahəsində böyük təcrübəyə malik olan heykəltəraşlardan Y.Keylixis, E.R.Tripolskaya, S.D.Erzya sovet hakimiyyətinin ilk illərində respublikamızda çalışaraq milli kadrlar hazırlığına səy göstərmişlər.

1923-cü ilin axırlarında heykəltəraş mordvamənşəli(fin-uqor mənşəli xalq-red.) heykəltəraş Stepan Dmitrieviç  Erzyanın Bakıya dəvət olunması Azərbaycan heykəltəraşlığında müsbət hadisələrdən biri oldu. Xalq Maarifi Komissarlığı S.Erzyanı Bakı ali rəssamlıq məktəbinin nəzdində heykəltəraşlıq fakültəsinin təşkili məqsədilə dəvət etmişdi. Erzyanın emalatxanasında ilk milli heykəltəraş qadınımız Zivər Məmmədova, İbrahim Quliyev kimi milli kadrlar təcrübə keçirdilər. Leninqradlı heykəltəraş, sonralar SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olmuş Vladimir İnqalın da yaradıcılıq yolu bu emalatxanadan başlamışdır.

Bakı Ali Rəssamlıq Məktəbində pedoqoji fəaliyyətlə məşğul olan  Erzya eyni zamanda Bakının memarlığına bir gözəllik verən heykəl əsərləri üzərində də işləmişdir. Bakıda Erzyanın yaradıcılığı o zaman Həmkarlar İttifaqının yerləşdiyi binanın tərtibatı ilə bağlı olur. O, burada ilk dəfə olaraq fəhlə sinfinə həsr olunmuş çoxsaylı fiqurlar yaradır və bu heykəllər Bakı şəhərində böyük əks-səda doğurur. Azərbaycan həmkarlar ittifaqının tapşırığı ilə, 1925-ci ilin əvvəllərində Erzya Həmkarlar İttifaqının yerləşdiyi binanın (Sahil bağı ilə üzbəüz) xaricdən və daxildən bəzəmək üçün bir neçə heykəltəraşlıq işləri görmüşdür. Bu işlərə kömək etmək üçün Erzya tərəfindən heykəltəraşlar V.İnqal, D.Demyonov və eləcə də Bakı rəssamlıq məktəbinin tələbələri dəvət olunmuşdular. Azərbaycanın ilk heykəltəraş qadını Zivər Məmmədova və qrafik rəssam Ələkbər Rzaquliyev bu tələbələr cərgəsində olmuşlar.

1920-30-cu illərdə bu heykəlləri görmək üçün şəhərin müxtəlif yerlərindən, eləcə də Abşeron qəsəbələrindən Xaqani küçəsi 27-də yerləşən binanın qarşısına gəlirdilər. Bu cür böyük maraq onunla izah olunur ki, bu fiqurlar həm o dövrdə şəhərin simvoluna çevrilmiş neftçilərə həsr olunub.

Dartalçı-neftçi fəhlədir. Bu fiquru Həmkarlar İttifaqının binası qarşısında fəhlə sinfinin rəmzi kimi ucaltmaq nəzərdə tutulmuşdur. Heykəl hər hansı təntənəlikdən məhrumdur. O, ciddi həll olunub və daha çox rəmzi xarakter daşıyır. Onun mahiyyəti əsasən iş prosesindən ibarətdir. Fəhlə dartaylama ilə məşğuldur, xüsusi vedrə-jalonkanın köməyi ilə neft çıxarır. Jalonkanı vaxtında çıxarmaq lazımdır ki, o ilişməsin. Fəhlənin gərgin diqqəti buradan yaranır. Onun xarici görünüşü, geyimi, baş geyimi, çarığı, kəməri fəhlənin milli mənsubluğunu bildirir. Heykələ baxmaq üçün açıq ərazi, boşluq, məsafə tələb olunurdu. Bir müddət sonra onu binaya gətirib divarda oyuğa yerləşdirəndə, o özünün təsvir bütövlüyünü itirdi. Bədənin sərbəst hərəkəti yox oldu, baxış rakursu məhdudlaşdı və yeri onu sıxırdı. Bunu Erzyanın emalatxanasındakı “Dartalçı”nın şəkli ilə oyuqdakı “Dartalçı”nın şəklini müqayisə etməklə açıq şəkildə görmək olar. Bununla belə, bu işin uğuru Erzyanın monumental heykəltəraşlıq sahəsindəki sonrakı işini müəyyənləşdirdi.

Həmkarların rəhbərliyi dartalçının heykəli ilə tanış olduqdan sonra və onlar bu işin geniş ictimai əks-səda doğurduğunu gördükdə, heykəltəraşa binanın fasadında fəhlələrin yeni heykəllərinin layihəsini hazırlamağı təklif edirlər. Sifarişin icrası zamanı Erzya arxitektura və heykəlin sintezi problemi ilə qarşılaşır. Məlum olduğu kimi, hər bir tarixi dövr incəsənətin bu iki növünü necə uyğunlaşdırmaq məsələsini öz dövrünə uyğun həll etmişdir. Yeni ictimai quruluşda incəsənətin sintezi məsələsi yenicə yaranırdı və hələ tam həll olunmamışdı. Buradan da heykəltəraşın qarşılaşdığı maneələr və çətinliklər tam aydın olur. Fasadın bütün heykəl işləri üç horizonta bölünüb və hər biri özündə bir məna daşıyır. Alt sıra-ağılı və gücü, orta sıra-sənayeni, yuxarı sıra-xalqların dostluğunu və birliyini tərənnüm edir. Fiqurların işlənməsi və yerləşdirilməsi mərhələli həyata keçirilirdi. İlk növbədə alt sırada olan fiqurlar “Dəmirçi” və “Çəkicdöyən” tamamlanır. Növbəti mərhələdə “Qazmaçılar” üzərində iş başa çatdırılır. Nəhayət, 1925-ci ilin mayında Erzya ansamblın üst qrupunu-əlində bayraq tutan fəhlələri tamamlayır. Alt sıradakı iki fiqur “Dəmirçi” və “Çəkicdöyən” sanki özlərində fəhlə sinfinin fiziki və mənəvi gücünü, layaqətini tərənnüm edir. Əlindəki dəmirçi maşası və kronsirkulla zindanın qarşısında dayanıb materialı yoxlayır. Onun diqqətli baxışı və başının əyilməsi işçinin özünü tam şəkildə işə vurduğunu göstərir. Sərbəst və təbii duruşu isə onun daxili fərəhindən və məğrurluğundan xəbər verir. “Dəmirçi”nin yüksək ustalıqla həll olunmuş əlləri diqqəti cəlb edir. Bunlar işləməkdən kobudlaşmış güclü adamın əlləridir. “Çəkicdöyən” gücü tərənnüm edir. O, özündə xalqın gücünü məğlubedilməzliyini büruzə verir. Sol ayağı sərbəstdir. Eyni zamanda o, sanki qələbə hissi ilə təntənəli dayanıb. Qarşımızda Azərbaycan xalqının nümayəndəsidir. Bunu onun paltarı üz cizgilərindən görmək olar.

Fasadın orta xəttində yerləşdirilmiş heykəllər, frontonda qurulmuş fiqurlardan binanın kənarlarında-karnizlərin altında yerləşdirilmiş heykəllərdən ibarətdir. Frontondakı fiqurlar kifayət qədər canlı kompozisiya təşkil edirlər; iki fəhlə kəmərləri vintilləyir, onların hərəkətlərində həmrəylik, fiziki gərginlik hiss olunur. Karnizlərin altında yerləşdirilmiş fiqurlar tamamilə eynidir. Onlar eyni model əsasında hazırlanıblar. Heykəllərə baxanda hiss olunan fərq isə onların ikiplanlı yerləşdirilməsi sayəsində yaradılıb. Bu kompozisiyada kəmərlərin bərkidilməsi ilə məşğul olan qazmaçılar təsvir olunub. Binanın frontonundakı bütün kompozisiyanı əllərində bayraq tutmuş iki fəhlənin fiquru tamamlayır. Birinci sol əlinin dinamik hərəkəti ilə uzağı göstərir, ikinci isə yoldaşına tərəf əyilərək onun əlinin istiqamətində baxır.

Onu da qeyd etmək lazımdır ki, heykəltəraş işlərin hazırlanmasında özünəməxsus materialdan istifadə edib. Çətin dövr idi. Bürünc yox idi, mərməri Uraldan gətirmək lazım idi. İxtiraçı olmaq gəlirdi.  Erzya əvvəllər istifadə etdiyi varianta əl atır. Beləliklə, ilk olaraqDartalçı”, sonra isə qalan bütün fiqurlar güclü tərkibi olan kislatada isladılmış sement metal apilkadan tökülür. Fiqurların üzəri məsaməli alınır uzun müddət xoşagələn yaşıl rəngə çalır.

 Erzya 1923-ci ilə - Bakıya gələnə qədər şöhrətli bir sənətkar kimi Avropada ad qazanmışdı. Onun emalatxanasında çalışan tələbələr heykələ lazımdır, hamısını özləri düzəldirdilər. Sonralar ilk heykəltəraş qadın Zivər Məmmədova Erzyanın deyimini həmişə xatırlarmış. O deyərmişheykəltəraş olmaq üçün həm dülgər, həm çilingər, həm dəmirçi olmalısan heykəltəraş fəhlədən asılı olmamalıdır.”

Şəhərimizdə ucaldılmış bu kompleks əsəri deyildiyi kimi, tanınmış bir sənətkarın yadigarıdır. Əsərin heykəltəraşlıq sənəti tariximizdə öz danılmaz yeri var. Sənətkarın bədii irsinin qorunması, gələcək nəsillərə saxlanması, göründüyü kimi, gərəkli bir işdir keçmişimizə, mədəni irsimizə hörmətin ifadəsidir.

 

 

Samir Sadıqov,

sənətşünas

 

Paritet.- 2012.- 26-27 yanvar.- S.14.