Böyük azərbaycanlı

 

“O, yeni Şərq tarixində insanları azadlığa çağıran birinci şəxs idibu yolda ilk şəhid də o oldu

 

(əvvəli 24-25 yanvar (¹07 (1728)  sayımızda)

 

Q.Mürşüdlü yazır ki, Hindistanda ingilislərin tətbiq etdiyi qanuna görə, qəzetin bir sayı tapılan şəxsə iki il həbs və 100 sterlinq cərimə kəsilirdi: “O cümlədən, ingilislərin Misir Şurasına da göstərdiyi təzyiqlərin nəticəsində, qəzetin ölkəyə gətirilməsini yasaqlayan və üstündə qəzetin bir sayının tapıldığı insanlara beş Misir lirəsindən iyirmi beş lirəyə qədər cərimə olunmasını nəzərdə tutan qərar qəbul olundu. Bununla da qəzetin müsəlman ölkələrdə yayılmasının qarşısını aldılar. Beləliklə. “Əl-Ürvətül-vüksa”nın nəşri müxtəlif maneələr və maddi sıxıntılar üzündən 1884-cü ilin oktyabrında dayandı. Həftəlik qəzet kimi nəzərdə tutulsa da, səkkiz ay müddətində cəmi 18 sayı işıq üzü gördü”. Dosent qeyd edir ki, bütün təzyiqlərə rəğmən “Əl-Ürvətül-vüksa” müsəlmanların şüurunun oyanmasına təsir göstərdi.

Livanlı alim Hüseyn əl-Cisr “Əl-Ürvətül-vüksa”nın  əhəmiyyəti haqqında deyirdi: “Qəzetin islam dünyasında bir inqilab meydana gətirəcəyi xüsusunda kimsənin şübhəsi yoxdur”.

Onun ingilislərə qarşı mübarizəsinin qarşısını almaq üçün İngiltərə hökuməti C.Əfqanini V.S.Blant vasitəsilə İngiltərəyə gətirərək ondan Sudandakı Mehdi hərəkatının yatırılmasında kömək etməyi istədi, əvəzində isə Sudan krallığını vəd etdi. O isə, bu təklifi rədd edərək deyir: “Sudan ingilislərin malı deyil ki, taxtını istədiklərinə verə bilsinlər”.

Qəzetin antiingilis istiqaməti və C.Əfqaninin ingilis müstəmləkələrinə qarşı yazdığı məqalələri oxuyan İran şahı Nəsrəddin şah C.Əfqanini İrana dəvət edir. Parisdən Ərəbistana getməyi planlaşdıran Şeyx, bu təklifi qəbul edir. Q.Mürşüdlü məqaləsində Şahın C.Əfqanini özünə müşavir təyin etdiyini yazır. Onun qeydlərinə görə, C.Əfqani şahın müşaviri olduğu zaman şahın diqqətini ölkədə islahatların keçirilməsinə yönəldir: “Hakimiyyətdə xalqın da iştirakını təmin etməyə çağırır. Şah isə bu təklifi rədd edərək, onu gizli olaraq izlətməyə başlayır. Əfqani isə öz fəaliyyətindən geri dönmür. Digər tərəfdən ona düşmən münasibət bəsləyən vəzir Əminüssultan və bir sıra saray adamları da ona qarşı kampaniya aparırlar. Nəyahət, onu İrandan uzaqlaşdırmağa nail olurlar”.

C.Əfqani hələ Parisdə tanış olduğu “Russkiy vestnik” qəzetinin baş redaktoru M.Katkovun dəvəti üzrə 1887-ci ildə Rusiyaya yola düşür. Moskvaya gələn Şeyxin gəlişi haqqında məqalələr dərc olunur və iyul ayında Əfqaninin antiingilis müsahibəsi dərc olunur. Həmin il iyul ayında isə,  M.Katkov vəfat etdikdən sonra Peterburqa yola düşür. Rusiyada olduğu zaman dövlət adamları ilə görüşən Şeyx onları şərqdə qərblilərin meydan oxumasına qarşı mübarizə aparmağa çağırır. Bu fikirlərinə görə onu rəğbətlə qarşılayırlar.

Peterburqda rus dilini öyrənən C.Əfqani 1888-ci ilin sentyabr ayında İmperator Rus Arxeoloji Cəmiyyətinə üzv seçilir. Sonradan İran şahına verdiyi təklifləri, yəni ölkənin idarə olunmasında xalqın da iradəsinin nəzərə alınması təklifini çar III Aleksandra da edir.

Q.Mürşüdlü yazır ki, təəssüf ki, çar da İran şahının mövqeyindən çıxış edərək onu Rusiyadan uzaqlaşdırır. 1889-cu ilin yayında Paris yarmarkasını görmək üçün Rusiyadan ayrılan C.Əfqani yolüstü Münhendə olarkən Nəsrəddin şahla rastlaşır. Şah ona baş nazir vəzifəsini vəd edərək yenidən İrana qayıtmasını təklif edir.

 

Edam cəzası sürgünlə əvəz edilir...

 

Q.Mürşüdlü qeyd edir ki, bəzi mənbələrə görə, şah bunu ingilislərin xahişi ilə edir: “Digər mənbələrdə isə deyilir ki, şah ingilislərə etdiyi güzəştlərə görə ondan narazı qalan ruslarla münasibətlərini C.Əfqani vasitəsilə düzəltməyi planlaşdırdığı üçün, həm də Şeyxin Rusiyada antiiran əhval-ruhiyyəsi yaratmasının qarşısını almaq məqsədilə belə bir təklif verir. Əfqani İran şahının təklifini qəbul edərək, Avropadan Rusiya yolu ilə, Tiflisdən və Bakıdan keçərək İrana dönür. Lakin Şeyxi İrana gətirən şah öz vədinə əməl etmir. Əvəzində onu nəzarətdə saxlayır. Şeyx isə öz ideyalarından dönmür. Nəsrəddin şah isə onu Tehrandan uzaqlaşdıraraq Quma göndərilməsinə göstəriş verir. Vəziyyətin çətinləşdiyini və həyatı üçün təhlükələrin olduğunu görən Şeyx, Tehran yaxınlığında toxunulmaz sayılan Şah Əbdüləziz türbəsinə sığınır. Türbədə yaşadığı yarım il ərzində tərəfdarları yenə onun ziyarətinə gəlirlər. Onlar arasında yüksək dövlət qulluqçusundan tutmuş, adi sənətkara qədər var idi. Şaha qarşı olan gizli vərəqlərin yayılmasından sonra isə, 500 nəfərlik süvari ilə türbəyə hücum edən şah Şeyxi həbs edir. 1891-ci ildə onu Osmanlı İraqına sürgün edirlər”.

Məmməd Əmin Rəsulzadə isə “İran inqilabi tarixçəsi” məqaləsində C.Əfqaniyə əvvəlcə edam cəzası verildiyini yazıb. Məqalədə göstərilir ki, Şeyxi qatıra mindirərək Tehranın küçələrində nümayiş etdirirlər. Amma Fransa səfirinin müdaxiləsindən sonra bu cəza dəyişdirilərək onu sürgün edirlər.

İraqa sürgün edilən C.Əfqani Bəsrədə yerləşir. Burada yenidən Nəsrəddin şaha qarşı mübarizəyə başladı. Onun mübarizəsinin nəticəsi olaraq İranda “tütün inqilabı” kimi tarixə düşən etirazlar başladı və ingilislərin İranla tütün ticarətinə son qoyuldu. 1891-ci ilin payızında Londona gedən Şeyx, burada da şaha qarşı mübarizəsini davam etdirir. İngilis qəzetlərində İrandakı rejim haqqında məqalələr çap etdirir. “C.Əfqaninin həyat fəaliyyəti” adlı məqalədə deyilir ki, Londonda iranlı maarifçi ilə Mirzə Mülküm xanla görüşən C.Əfqani ona “Qanun” adlı qəzetin nəşrində yardım edir: “1892-ci ilin mart ayında isə Həbib Antun Salmanla birlikdə ərəb və ingilis dilində “Ziya ül-Hafiqeyn” adlı həftəlik dərgi nəşr etdirir. Lakin dərginin bir neçə sayı çapdan çıxdıqdan sonra ingilis hökuməti onun nəşrini dayandırır. Şeyx bu dərgidə məqalələrini “Seyid əl-hüseyni” imzası ilə yazırdı. Həmin ilin ikinci yarısında isə, Sultan II Əbdülhəmidin israrlı dəvəti ilə İstanbula gedir”.

 

O, İslam ölkələrinə, birliyə çağıran 600-ə qədər məktub yazır...

 

Məqalədə göstərilir ki, C.Əfqani xilafətin mərkəzində “islam birliyi” yaratmaq üçün sultandan dəstək almaq məqsədilə getmişdi: “Sultanın da məqsədi gücdən düşmüş Osmanlı imperiyasını xilas etmək üçün C.Əfqaninin islam birliyi ideyasından bəhrələnərək şeyxin nüfuzundan istifadə edərək sünni-şiə yaxınlaşmasını təmin etmək idi. Əfqani şahın zülmündən baş götürüb İrandan qaçan ziyalılarla görüşərək “İttihadi-islam” adlı siyasi cəmiyyət yaradır. Cəmiyyətin əsas məqsədi müsəlmanlar arasında dini ixtilafları, xüsusən də sünni-şiə ixtilaflarını aradan qadırmaq və bütün müsəlmanları Qərb müstəmləkələrinə qarşı mübarizəyə qaldırmaq idi. Sultan da onun bu fəaliyyətini təqdir edir. Ona islami birlik yaratmaq üçün islam ölkələrinə məktublar yazaraq əlaqələr qurmağı tapşırır. Əfqani də 20 nəfərlik bir qrup yaradaraq islam ölkələrinə islami birliyə səsləyən 600-ə qədər məktub yazır. 200-ə qədər məktuba cavab gəlir”. Lakin onun bu fəaliyyəti də yarımçıq qalır. Belə ki, saray əyanları Şeyxə qarşı birləşərək onun gözdən salınması üçün fəaliyyətə başlayırlar. Sultana C.Əfqaninin gizli olaraq xilafəti qurmaq, ölkədəki ziyalıları, gəncləri sultan hakimiyyətinə qarşı qaldırmaq istədiyini inandıra bilirlər. Nəticədə, hər şeydən tez şübhələnən sultan C.Əfqaniyə nəzarəti gücləndirir. O isə, bu cür yaşaya bilməyəcəyini görüb, sultandan İstanbulu tərk etməsi ilə bağlı icazə istəyir. Sultan əvvəlcə icazə vermək istəsə də, sonunda fikrindən daşınır və Şeyx ömrünün son günlərini nəzarət altında keçirir. 1896-cı ilin mayında Nəsrəddin şahın Əfqaniyə yaxın olan Mirzə Məhəmməd Rza Kirnami tərəfindən öldürülməsi isə ona qarşı ittihamların çoxalmasına səbəb olur.

Nəhayət, mübarizələrdə keçən böyük ömür sona çatır. Şeyx 1897-ci ildə İstanbulda üzünün bir hissəsini bürüyən xərçəng xəstəliyindən vəfat edir. Bəzi mənbələrdə isə, onun ölümündə Sultanın da əli olduğu, Şeyxin xərçəng xəstəliyinə tutulmasına səbəb isə Sultanın onun fəaliyyətindən qorxaraq ona zəhər verməsi ehtimalları da göstərilir.

Ölümündən sonra C.Əfqanini İstanbulda-Maçkada “Şeyxlər” məzarlığında dəfn edirlər. 1944-cü ildə isə böyük mütəfəkkirin sümükləri çıxarılıb Əfqanıstana aparılır və Kabildə torpağa basdırılır.                                                                                                                                             

Tarixə İslamın islahatçısı kimi düşən, ömrü boyu müstəmləkəçilərə qarşı mübarizə apararaq, sadə xalqın hüquqlarını müdafiə edən bu böyük azərbaycanlını xarakterizə edən  Şeyx Mustafa Əbdülrəzzaq yazır: “Seyid Cəmaləddinin əzəmətindən və böyüklüyündən danışarkən təkcə bunu demək kifayətdir ki, o, yeni Şərq tarixində insanları azadlığa çağıran birinci şəxs idi və bu yolda şəhid də o olmuşdur”.

 

 

Asif NƏRİMANLI

 

Paritet.-2012.-28-30 yanvar.- S.11.