“Missiyamız
türk birliyi qurulana qədər dayanmadan
çalışmaqdır”
Onur Güngör: “Anadolu türkləri
və azərbaycanlı gənclər olmasa, fəaliyyətlərimizi
həyata keçirə bilmərik”
Fransa
senatında qondarma erməni soyqırımını inkar edənlərin
cəzalandırılması qanununun qəbulu türkdilli
diasporların bir araya gəlməsinin vacibliyini bir daha göstərdi.
Artıq dünyada aparılan yanlış beynəlxalq siyasətə
cavab olaraq türk xalqları fərdi deyil, ümumi türk
dünyasının mövqeyindən çıxış edərək
öz problemlərini gündəmə gətirməlidirlər.
Elə Hollandiyada yeni yaradılan Turan Gənclər Təşkilatı
da məhz bu amal uğrunda yola çıxıb. Təşkilatın
sədri Onur Güngör bu yolda qarşılarına
çıxacaq hər bir maneəni aşmaq üçün əllərindən
gələni edəcəklərini bildirdi. Xatırladaq ki,
O.Güngör 1981-ci ildə Hollandiyada doğulub. İlk təhsilini
Türkiyədə bitirib. Sonradan təhsilini Hollandiyada davam
etdirib. 2 övladı var və aktiv siyasi fəaliyyətə
2003-cü ildən başlayıb. Müxtəlif qeyri-hökumət
təşkilatlarında türklük məsələləri
və yardımlaşmalarla bağlı fəaliyyət
göstərib.
-Turan
böyük bir idealdır. “Turan” adını
daşıyan bir çox təşkilat vardır. Bizlər yola çıxarkən sözdə deyil, əməldə
Turan şüarı ilə işə başladıq.
Noqay Tatarları Dərnəyi, Qərbi Trakya Türk Dərnəyi,
Azərbaycan Dərnəyində çeşidli fəaliyyətlər
göstərmək hər zaman məni məmnun edib. Türk birliklərinin həmrəyliklərindəki
məmnuniyyətləri və azərbaycanlının kərküklüyə
olan həsrəti, uyğur türkünün Anadolu
türkünə olan həsrəti bu vəzifəyə
başlamağımızı qaçılmaz edib. Bu gün türk dünyasının birliyi istiqamətində
güclü inteqrasiya gedir. Hazırda xaricdə
milyonlarla türk yaşayır və onların əsas
passionar gücü olan gənclərin təşkilatlanmasına
böyük ehtiyac var. Turan təşkilatı bu məqsədlə
quruldu. Əsas da türk
dünyasının bir çox həll olunmamış problemləri
var. Onlardan ən birincisi də, Ermənistanın işğal
etdiyi Qarabağ problemidir.
- Təşkilatın hazırkı fəaliyyəti
və hədəfləri haqda nə deyə bilərsiniz?
Çalışmalarımızda qısamüddətli
və uzunmüddətli planlarımız mövcuddur. Qısamüddətli
planlarımızdan biri də Hollandiyada türklərə
stereotiplərlə yaxınlaşılan səbəblərin
aradan qaldırılması və türklərin çox daha
yaxşı anlaşılmasını təmin etməkdir.
Önəm verdiyimiz odur ki, Hollandiyada olan
türkdilli təşkilatlarla ortaq əlaqələr quraraq
mitinq, aksiya və digər ictimai fəaliyyətlərdə
bir olaraq çalışılmasıdır. Türkün unudulmuş, ya da unutdurulmuş olan
bayramı Novruzun Hollandiyada, atalarımızın yüz illərcə
qeyd etdiyi kimi keçirilməsi qısamüddətli
planlarımızdan biridir.
Uzunmüddətli
planlarımıza isə, Turan ellərində yaşayan
xalqlarımızın səsinə səs vermək və
Haaqa kimi İnsan Haqları Məhkəməsinin olduğu yerdə
lazımlı rəsmi müraciətlərdə bütün
dünya türklərinə yardımçı ola bilməkdir. Hollandiyada olan gənc
türk cəmiyyətinin Hollandiyada haqq etdiyi yerə gəlmələrində
ən fundamental ehtiyac təhsildir.
Yaşadığımız ölkədə gənclərimizin
ən ali səviyyədə ölkəmizi
təmsil etmələri hər türkü sevindirəcək.
Təşkilatlanmamızın gənclik üzərində
olması, bu baxımdan çox önəmlidir. Gələcəyin
həkimləri, mühəndisləri, müəllimləri
olacaq və Turan
iddiasını daşıyan biz və bizdən öncəki
nəsillərdən çox daha faydalı
olacağını düşünürük. Gənclərimizin
milli iddia üçün oxumaları və milli iddia
üçün yaşamalarını təmin etmək
başlıca vəzifələrimizdəndir. Qısacası, məqsədimiz cəmiyyətimizə
faydalı milliyyətçi türk gəncliyi yetişdirmək
və bu gənclərdən Hollandiyada demokratik sosial bazalı
bir türk lobbisi kimi faydalanmaqdır. Missiyamız
türk birliyi qurulana qədər dayanmadan
çalışmaqdır.
- Hollandiyada türkdilli ölkələrin
diasporlarının həmrəyliyi hansı formadadır və
qardaş ölkələrin münasibətlərinin daha da
yaxınlaşması yolunda hansı işlər
görürsünüz?
-
Hollandiyada türkdilli icma və dərnəklər dini və
mədəni fəaliyyətlərdə bir araya gəlirlər.
Fəqət bu sadəcə öz mədəniyyətlərini
tanıtmaq üçün edilir. İstədiyimiz
türkdilli dərnək və təşkilatların Turan
idealizmi üçün fəaliyyət qurmaları və
bununla Turana xidmət etmələridir. Bu səbəbdən
hər il Novruz şənlikləri
keçiriləcək. Son 2 ildir, Şərqi Türkistandan Cənubi
Azərbaycana qədər olan xalqlar Novruzu qeyd edir və
türkün bayramı olan Novruza maraq hər il
artır. Bu baxımdan Turan Gənclik Təşkilatı
Azərbaycan-Türk Mədəniyyət Mərkəzi ilə
birgə bu şənlikləri təşkil edəcək.
- Niderland hökuməti bu gün
Dağlıq Qarabağ və qondarma erməni soyqırımı
məsələsində hansı mövqedən
çıxış edir?
- Niderland
hökuməti və millətinin Dağlıq Qarabağ məsələsində
çox da aktiv bir rol oynadığını söyləyə
bilmərik. Dağlıq Qarabağ məsələsi
bir Turan məsələsidir və bu səbəbdən də
Turan Gənclik Təşkilatı olaraq bu mövzuya
böyük önəm göstəririk. Türk
dünyasının ən yaralı problemi olan Qarabağ məsələsi
bizim təşkilatın əsas fəaliyyət istiqamətindəndir.
Qarabağ problemi sülh yolu ilə həllini
tapmasa, Ermənistan qarşısında türk
dünyasını görəcək və bu, Ermənistan
üçün pis nəticələnə bilər. Bölgədə türk əhalisi artır və
Ermənistan bunu nəzərə almaya bilməz. Üstəlik, bölgədə və dünyada
baş verən geosiyasi proseslər Ermənistanın əleyhinə
işləyir. Bölgədə
sülhün yaranması üçün qardaş Azərbaycanımızın
ərazi bütövlüyü bərpa olunmalıdır.
- Fransa
senatında qondarma erməni soyqırımı ilə
bağlı qəbul olunan qanuna qarşı Hollandiyada
hansı addımlar atdınız?
- Çox təəssüf ki,
türk icması bir problem başına gəlməsə, tədbir
görmür. Bu səbəbdən türk
icmasına bu mövzuda necə tədbir görmələri
üçün maarifləndirmə ilə məşğuluq.
Ehtimal edilən problemlərə qarşı
qabaqlayıcı tədbirlər görməyə öyrəşmiş
bir toplum deyilik. Birlik
çağırışını bütün təşkilatlara
çatdırmaqdayıq. Sabah çox gec ola
bilər.
- Azərbaycan diasporu bu qərara
qarşı sizinlə hansı həmrəylik göstərdi?
- Bu mövzu haqqında hələ ki, Azərbaycan
diasporu ilə müzakirə aparmamışıq. Lakin bütün türkdilli təşkilatlarla bərabər
çalışmağa hazırıq.
- Diaspor fəaliyyətində
yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən
nə kimi yararlanırsınız?
-
Yaşlı nəsil deyə bilmərəm, amma örnək
aldığım şəxsiyyət Azərbaycan-Türk Mədəniyyət
Mərkəzinin sədri cənab İlhan Aşkındır. Təbii ki, İlhan Aşkın kimi bir çox
böyük şəxsiyyətlər lobbiçilik işi
aparırlar. Biz İlhan bəylə daha
sıx əməkdaşlıq edirik. Bu
vaxta kimi onunla bir sıra birgə işlər
görmüşük. Məsələn, ötən il Meksika Senatı tərəfindən Xocalı
soyqırımını tanıdığına görə,
onun təşkilatı ilə birgə Meksikanın
Hollandiyadakı səfirliyinə təşəkkür məktubu
göndərdik. Meksika Senatının qərarı
ədalətlidir və bunun başqa dövlətlər tərəfindən
davamlı olmasını istəyirik. Düşünürük
ki, eyni zamanda Meksika Senatının qərarı Fransa kimi
dövlətlərə dərs və nümunə
olmalıdır.
Yuxarıda qeyd etdiyim
kimi, qarşıda İlhan Aşkın başda olmaqla, təşkilatla
bir çox layihələr həyata keçirəcəyik.
-
Birinci nəsil diasporumuzun etmədiyi və ya edə bilmədiyi
hansı işlər var ki, bu gün onlar Sizin
prioritetlərinizdir?
- Qəbul
edərsiniz ki, bu günün siyasəti və təbliğatı
dünəndən fərqlidir. Dünən meydanlarda
aparılan siyasəti bu günümüzdə yetərli
deyil. Məsələləri Avropaya anlatmaq ancaq diplomatik cəhdlərlə
ola bilər. Təbliğat üçün internet çox
önəmli bir vasitədir. Bu baxımdan Avropanı məlumatlandırmaq
üçün çox çalışılmağa ehtiyac
var. Türklərin yaşadıqları soyqırımlar,
haqsızlıqlar və ədalətsizlikləri avropalıya
Avropa dillərində anlatmamız vacibdir. Bu yöndə
hazırlanacaq sənədlər, kitablar və fəaliyyətlərin
təsirli olacağını düşünürük.
- Azərbaycanlı və türkiyəli gənclər diaspor quruculuğu
işində fəaldırlarmı?
-
Anadolu türkləri və azərbaycanlı gənclər
olmasa, fəaliyyətlərimizi həyata keçirə bilmərik.
Turan davasına olan sevgiləri çalışmalarına
güc verir. Bizlər sadəcə Turana gedən bir gəminin
kapitanıyıq, gənclər də gövdəsidir. Gəmisiz
kapitan, kapitansız da gəmi olmaz.
-
Hollandiyanın hansısa gənclər təşkilatları
ilə əməkdaşlıq edirsinizmi? Onlarla birgə layihələriniz
olubmu?
-
Turan davasına xidmət etmək istəyən hər bir gənclik
təşkilatı ilə birgə
çalışmalarımız mövcuddur.
- Qarşıda hansı tədbirləri
keçirməyi nəzərdə tutubsunuz?
-
Güney Azərbaycandan Şərqi Türkistana qədər
olan Turan ellərinin bütün anım günləri
haqqında fəaliyyətlərimiz olacaq. Sürgünlər,
qətliamlar, önəmli şəxsiyyətlər, milli və
dini bayramların hər birinin qeyd edilməsi illik fəaliyyətlərimizə
daxildir. Bununla yanaşı, futbol və türk
döyüş idmanı TURAN-DO ilə bağlı fəaliyyətlərimiz
var. Fərdi və ümumi mədəniyyət səviyyəsini
inkişaf etdirmək üçün proqramlar da təşkil
edirik. Turançıya yuxu yoxdur.
Fuad HÜSEYNZADƏ
Paritet.-2012.-31 yanvar.-S.10.