“50 ildir ki, misgərliklə məşğulam, bu
gün də həvəsdən düşməmişəm”
Lahıcda qədim sənət nümunələrini
yaşadan ustalar var
Xəbər verildiyi
kimi, bir müddət əvvəl İmam Xomeyni İmdad Komitəsinin təşkilatçılığı
ilə sözügedən komitəyə üzv olan, paytaxt və
regionlarımızda fəaliyyət göstərən tətbiqi
sənət ustalarının Dəniz Vağzalında
böyük sərgisi təşkil edilib. Biz də bu sərgi
çərçivəsində qədim sənət məskənimiz
olan Lahıcdan gəlmiş və hər kəs tərəfindən
maraqla qarşılanan, biri-birindən bənzərsiz misdən
hazırlanmış qabların müəllifi olan usta Hacı
Yusif Kamilovla misgərlik sənəti ilə bağlı
söhbət etdik. O, dəfələrlə
xarici və yerli sərgilərin iştirakçısı
olub, amma bu sərgi onların həyatında özünəməxsus
yer tutur:” Ona görə ki, çox yüksək səviyyədə
təşkil olunmuşdu. Bu sərginin digər sərgilərdən
əsas fərqi odur ki, burda biz geniş bir stenddə öz
istehsal etdiyimiz sənət əsərlərini nümayiş
etdiririk”.
İyirmi adda qabın sərgidə
nümayiş olunduğunu deyən usta qeyd etdi ki, bu qabların
hazırlanması çox böyük zəhmətə və qiymətə başa gəlir:”Amma
çox rahatlıqla satılır. Əsasən xaricilər tərəfindən
çox alınır. Qiymətə gəldikdə isə hər
bir qabın qiyməti onun naxışlanmasından
asılıdır. Nə qədər qab üzərində
naxışlanma yəni, əl işləri çox olursa,
qabların da qiyməti bir o qədər
baha olur”.
Hazırda səyyar fəaliyyət göstərdiklərini
deyən usta qeyd etdi ki, həm Lahıcda, həm də paytaxta
fəaliyyətlərini davam etdirirlər: ”Amma fəaliyyətimizi
əsasən Lahıcda davam
etdiririk. Sovet dövründə bizim fəaliyyətimiz
yalnız Lahıcla məhdudlaşardı. Hazırda isə
biz ustalar pərakəndə yəni, hər kəs öz
emalatxanasında çalışır. Ancaq lazım olanda yəni,
belə sərgilərdə birgə toplaşırıq”.
Lahıcda indi də misgərlik
və dəmirçilik sənətinə marağın
çox olduğunu deyən
qocaman ustanın sözlərinə görə, orda gənclər arasında 40-50 nəfər
hazırda bu sənətlə məşğul olur: ”Bunlar
bizim yetirmələrimizdir. Bir maraqlı faktı da qeyd edim ki,
vaxtilə mən Lahıcda bu sahədə istehsalatda
çalışan 350 nəfərə həm rəhbərlik
etmişəm və həm də bu sənətlə məşğul
olmuşam. Burdan irəli gələrək peşəkar bir
usta kimi yetişmişəm”.
Xalçaçılıq
və corabçılığın da Lahıcın qədim
sənət növlərindən biri olduğunu deyən
Hacı Yusif xatırlatdı
ki, on beş il bundan əvvələ qədər corab orda
kütləvi halda istehsal olunub:
”Bu sahədə həm istehsal, həm boyama və həm də
emal bizdə aparılırdı. Hazırda yaşlı nəslin
nümayəndələri
Lahıcda bu işlə məşğul olurlar və
corabları boyamaq üçün təbii rəngləri
hazırlayır, eyni zamanda yun əyirir və ip alaraq özləri toxuyurlar”.
Əslən
Qarabağdan olan qocaman usta Qurban
İsmayılov isə bildirdi ki, uzun illərdir ki,
Lahıcda yaşayır. Onun dediyinə görə, 16
yaşından misgərlik sənətinə maraq göstərib:”
Əmim Ağa İmayıl Lahıcda bu sahədə tanınan məşhur peşəkar bir usta olub. Həmişə
əmim emalatxanada işləyəndə çox böyük
bir maraqla və saatlarla oturub onu müşayiət edərdim. O
zaman ilk dəfə qazan düzəltdim, amma əmimin köməkliyi
ilə. Həmin işimi ilk hazırladığım dəyərli
sənət nümunəsi kimi bu günlərə qədər
evdə saxlayırdım. İllər keçdikcə, bir qədər
peşəkarlıq əldə etdikdən sonra teşt,
düyüm, qazan və başqa
qablar düzəltdim. Mis üzrə nə düzəlmək
mümkündürsə hazırlamağı bacarıram”.
Bu sənət nümunələrini
hazırlamaq üçün materialın əvvəllər
daha çox olduğunu deyən usta qeyd etdi ki, Gədəbəydə
olan mis qalıqlarından istifadə edirlər:” Bu sənəti
tam öyrənmək çox çətindir. Ən
azı on il işləməlisən ki, əlin bu sənətə
öyrənsin. Bu misgərlik sənəti ustadan böyük
səliqə və incə iş tələb edir. Çox zərif
və incə bir sənətdir. Ancaq maraqlı sənətdir,
gərək səbrin olsun. Artıq 50 ilə yaxındır
ki, bu işlə məşğulam bu gün də həvəsdən
düşməmişəm”.
Ümumiyyətlə,
Qurban usta hesab edir ki, bu sənəti öyrənmək örətməkdən
çətindir:”Özü də bu peşə ilə gərək
uşaq yaşlarından məşğul olasan. Çünki,
onda insanın potensial qüvvəsi yaxış və
çox olur. Kiçik yaşlarından bu işlə bir- iki
il mütəmadi məşğul olarsansa əl öyrəşir,
vərdiş yaranır və
sonradan isə preşəkarlıq əldə edirsən”.
Hazırda Qurban
ustanın dediyinə görə, yüzdən artıq
yaşı olan, babasından ona yadigar qalan emalatxanada fəaliyyətini
davam etdirir:” Əvvəla onu deyim ki, Lahıc özü tarixi
baxımdan çox qədim və gözəl bir məkandır.
Orda çay daşından tikilən çoxsaylı evlər var. Onların hər biri
ayrılıqda gözəl və bənzərsiz incəsənət
nümunələridir. Yayda buraya çoxlu sayda yerli və
xarici turistlər gəlir. Bizim hazırladığımz sənət
nümunələri əvvəllər xaricilər tərəfindən
çox alınardı, amma indi dövlətin qanununa əsasən qədim sənət nümunələrini
ölkədən xaricə
aparmağa icazə verilmir. Ona görə də onlar çox
həsrətlə bu qablara baxırlar və müəyyən
suallarla bizə müraciət edirlər. Əcnəbilər
bu sənət əsərlərinin
fotoşəkillərini çəkib aparırlar. Yerli əhalimiz
isə daha çox düyüm və samovar alırlar. Ölkəmizdə
yeni ofis açanlar bu qədim sənət
nümunələrindən alıb, iş otaqlarını
Şərq mədəniyyət nümunələri ilə zənginləşdirirlər”.
Bu qablar arasında daha
çox düyüm düzətdiyini deyən usta bildirdi ki,
bunlar arasında ən çətin hazırlananı durna
çırağıdır.
Dəmirçilik sənəti
ilə uzun illərdir ki, məşğul
olduğunu deyən Xosrov Abbasov
isə bildirdi ki, bu sənət onların ata-baba sənətidir:”Mən
hazırda böyük bir həvəslə bu sənəti
davam etdirirəm. Yaddan çıxmağa və unudulmağa
qoymuram. Əvvəl bu sənətlə məşğul olan
insanların sayı Lahıcda daha çox idi. Son illər isə
demək olar ki, bu işlə məşğul olanlar yox səviyyəsindədir.
Hazırda mən demək olar ki, tək halda bu işlə məşğulam”.
Gənclərin bu sənətə
meyl göstərmədiyini deyən Xosrov ustanın sözlərinə
görə, dödr oğlundan heç biri atasının
yolunu davam etdirmir:”Çox ağır sənətdir, daim
işləyirsən. Yəni, bu böyük güc tələb
edən bir peşədir. Məişət əşyaları,
nal, eyni zamanda xalçaçılıqda istifadə olunan alətlər
və sair kimi müxtəlif alətlər hazırlayıram. Hazırda atamın və babamın vaxtilə
çalışdığı iki yüz yaşı olan,
çox qədim sənət ocağıda fəaliyyətimi
davam etdirirəm”.
İnsanların daha
çox teş, saç və odun
qızdırıcısına
tələbatlarının çox olduğunu deyən
usta söylədi ki, ilk dəfə dəmirçilik sənəti
üzrə bıçaq düzəldib. Onun dediyinə
görə, o zaman uşaq əməyi
ilə daha asan başa gələn bıçaq idi.
Sonda isə sənətkarlar xüsusi
olaraq vurğuladılar ki, neçə ki, ömürləri
və gücləri var, bu sənəti məşğul
olacaqlar və yaddan çıxmağa qoymayacaqlar. Belə sərgilər
vasitəsilə hazırladıqları sənət nümunələrini nümayiş etdirərək
dünyaya tanıtdıracaqlar.
GÜNAY
Paritet.- 2009.- 19-20 noyabr.- S. 12.