İslam dəyərlərinin uşaqlara düzgün aşılanması vacib məsələdir

 

Səbail rayonu, 20-ci yaşayış sahəsindəki 51 saylı orta məktəbdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlərin yayılmasının qarşısının alınması və İslam dəyərlərinin uşaqlara düzgün aşılanması” mövzusunda tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin məsul işçilərinin,   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İçəri şəhər “Cümə məscidi” dini icmasının nümayəndələrinin və 20-ci sahədə yerləşən 51 və 162 saylı saylı orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 51 saylı orta məktəbin direktoru Lətafət Səmədova açaraq mövzu ilə bağlı məlumat verib, tədbirə dəvət olunmuş qonaqları təqdim edib.

Şagirdlər qarşısında çıxış edən İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri hacı Surxay Məmmədli islamın dəyərləri barədə məlumat verərək bu dini ən humanist din adlandırıb. O, qeyd edib ki, vətənə, valideynə sevgi imandandır, Vətəni sevmədən islam dinini sevmək olmaz. İslamda deyilib ki, hər bir şəxs ona bir hərf öyrədənə səcdə ilə yanaşmalıdır. Bizə tədris keçən  müəllimlərimizin fədakar əməyi hər cür sitayişə layiqdir. Hacı Surxay Məmmədli müqəddəs “Qurani-Kərimdə” əxlaqla bağlı məsələlərə daha çox yer ayrıldığını bildirdi: Əxlaqın başında duran ən böyük məziyətlərdən biri elə islamın özüdür. İslam dinində gözəl və düzgün əxlaqı tərənnüm edən  hadisələrdən nümunələr sadalayan natiq  islamın xurafat, mövhumat dini olmadığını  bildirdi, yeniyetmələrin təlim-tərbiyə işlərində İslam dəyərlərinin uşaqlara düzgün aşılanmasının vacibliyini vurğuladı.

İslam dininin elmə əsaslandığını vurğulayan Hacı Kamran Əkbərov hələ qədimdən hər bir məscidin yanında elm ocaqlarının, mədrəsələrin olmasının vacibliyindən danışaraq gənclərin qeyri-ənənəvi, mürtəce cərəyanla cəlb olunmasının qarşısının alınması kimi onlar arasında maarifləndirmə işlərinin  aparılmasının əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahandar Əlifzadə 90-cı ilin əvvəllərində ölkədəki  qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümayəndələrinin müxtəlif din və cərəyanları yaymağa başladıqlarını bildirib. Bunlar arasında vəhhabilik, xaricilik, nurçuluq, süleymanilik, nəqşibəndilik və s. İslam yönümlü, həmçinin xristyan-protestant yönümlü adventizm, “Yəhva şahidləri”, müstəqil dinlər kimi fəaliyyət göstərən krişnaizm, sankretist dinlər olan bəhailik, munçuluq, ibahimilik vardır. C.Əlifzadə bu dinlərin mahiyyəti və zərərli xüsusiyyətləri barədə ətraflı məlumat verib.   

Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova orta məktəb şagirdləri arasında islam dininin düzgün aşlanmasının mühüm olduğunu, yeniyetmə və gənclərimizin qeyri-ənənəvi, radikal-mürtəce cərəyanlara cəlb olunmasının qarşısının alınması üçün izahetmə və təbliğat məsələlərinin vacibliyini  qeyd edib.

 

 

ƏKBƏR

 

Paritet.- 2009.- 19-20 noyabr.- S. 10.