Regionlarda dağ idman növlərinin inkişafına ciddi ehtiyac var

 

Tərlan Ramazanov: “Gəlirli sahə olmadığından idmançılar dağ idman növlərinə bir o qədər də maraq göstərmirlər”

 

Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərilməsi hər kəsə məludur. Lakin elə idman növləri də var ki, hazırda onların inkişaf səviyyəsi qaneedici sayıla bilməz. Belə idman növlərindən biri də dağçılıq idmanıdır. Halbuki ölkəmizdə bu idman növünün inkişafı üçün hər bir şərait var. Digər tərəfdən bu idman növü idman turizmi baxımından da böyük əhəmiyyət kəsb edir. Dağçılıq İdman Klubunun sədri Tərlan Ramazanov qəzetimizə müsahibəsində Dağçılıq İdman Klubunun fəaliyyəti, dağçılıq idmanının hazırkı vəziyyəti, bu idman növünün regionlarda inkişaf perspektivləri və digər məsələlər barədə məlumat verib.

-Bu gün Azərbaycanda ekstremal idman növlərinin inkişafı ilə bağlı birliyinizin məramı nədən ibarətdir?

- Təşkilatımız fəaliyyətini iki istiqamətdə aparır: dağ idman növlərinin inkişafı və bu idman növlərinə gənclərin marağının artırılması. Eyni zamanda təşkilatımız gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılmasına çalışır. Bildiyiniz kimi, Azərbaycanın ərazisinin 50 faizdən çoxunu dağlar təşkil edir. Dağların da yarısından azı yüksək dağlıq ərazilərdir. Onların da çox yaxşı təbiəti, eyni zamanda çox sərt hava şəraiti olur. Dağ idman növü ilə məşğul olduqca həm təbiəti öyrənir, həm də müşahidələr aparırsan. Bu nöqteyi nəzərdən Azərbaycanın böyük imkanları var.

Dağçılıq İdman Klubunun əsas fəaliyyət istiqamətləri gəncləri sağlam həyat tərzinə alışdırmaq, ölkəmizdə alpinizmi inkişaf etdirmək, kütləvi ekoturistik idman tədbirləri təşkil etməkdir. Bununla yanaşı bizim üzvlərimizin əsas məqsədi Azərbaycanın tarixi abidələrini və təbiətini öyrənmək, qorumaq, eləcə də ekoturizmi, idman turizmini, alpinizm növlərini inkişaf etdirməkdir.

Çox istərdik ki, Azərbaycanda maraqlı tədbirlər təşkil edək. Müxtəlif səviyyəli dağ yürüşçülərinin öz imkanlarını sınaması üçün möhtəşəm dağlarımız var. Şahdağ, Qızılqaya, Bazaryurdu, Bazardüzü və digərlərinə keçilmiş marşrutlardan başqa nə qədər yürüşlər bizi gözləyir.

- Gənclərin dağ idman növlərinə marağının azlığını nə ilə izah edərdiniz?

- Ekstremal idman növlərinin Azərbaycanda inkişaf etdirilməsi üçün yaxşı imkan var. Ancaq gəlirli sahə olmadığından idmançılar buna bir o qədər də maraq göstərmirlər. Bununla belə, nə qədər çətin sahə olsa da, Azərbaycanda ekstremal idman növləri mütləq inkişaf etdirilməlidir. Hazırda bu idman növü ilə məşğul olan 300-dək idmançı var. Lakin onların çoxu ağır və sərt şəraitdə, ekstremal vəziyyətdə necə davranmağı bilmir. Bu səbəbən də onların hazırlanmasına ehtiyac var. Bunun üçün xaricdən mütəxəssis dəvət etmək, yaxud da idmançıları təlim üçün xaricə göndərmək lazımdır. Bizim məqsədimiz heç də gəlir götürmək deyil. Sadəcə idmanın bu növünü inkişaf etdirmək üçün kimsə belə bir məsuliyyəti üzərinə götürməlidir. Təşkilatımıza dəstək vermək, bizimlə əməkdaşlığı bir qədər genişləndirmək lazımdır. Dövlət orqanları ilə də əlaqələrimiz pis deyil. Amma Gənclər və İdman Nazirliyinin diqqət mərkəzindən yayınırıq. Bizim müraciətlərimizə baxılması zamanı gələndə nə vaxtları, nə də vəsaitləri olur. Bu yaxınlarda Rusiyanın Krasnoyarsk şəhəri yaxınlığında ümumdünya qayaya dırmanma üzrə idman festivalı keçirilirdi. Vəziyyət belə alındı ki, üç-dörd nəfər idmançının orada iştirakına dəstək olmaq üçün nazirlikdə vəsait tapılmadı.

- Siz Azərbaycanın gəzməli-görməli məkanlarına çox ekspedisiyalarda olmusunuz. Ekstremal hallarla tez-tez qarşılaşdığınız zamanlar da az olmayıb. Maraqlı ekspedisiyalarınız barədə məlumat vermənizi istərdik.

- Azərbaycanın səfalı yerləri çoxdur. Qubada yerləşən Qaraçay çayı da belə gözəl məkanlardandır. İyul-avqust aylarında yarım metrə qədər piyada üzü çayın dərinliyinə enmək olar. Bu imkanı biz də fövtə vermədik. Qaraçay özünəməxsus xüsusiyyəti ilə seçilən çaylardandır. Başqa dağ çayları kimi bir neçə dəqiqə ərzində dəfələrlə genişlənə bilir və bütün ərazini əhatə edir. Amma mülayim hava şəraiti təhlükəli bir şey olmayacağına bizi əmin etmişdi.

Səhərisi gün çaya doğru hərəkəti davam etdirirdik. İlk əvvəl böyük olmayan təhlükəli bulud bizdə həyəcan əhvalı yaratmadı. Amma birdən suyun səviyyəsi qalxmağa başladı. Hərəkətimiz çətinləşdi. Bir tərəfimizdə meşə, digər tərəfimizdə çay qaldı. Hava qaraldı, göy guruldadı, güclü leysan başladı. Biz meşə boyunca ağaclardan tuta-tuta yuxarı dırmaşmağa başladıq. Nə sağa, nə də sola hərəkət etməyə yer yox idi. Hər tərəfimizi ağaclar əhatə etmişdi. Diqqətimizi toplayaraq zirvədən enməyə başladıq.

Az sonra dolu başladı. Bir neçə metr bizdən aralıda balaca xırda daşlar tökülərək yuxarıdakı yamacın divarına dirəndilər. Amma bəxtimiz bir az gətirdi. Sən demə bu bizim tıxacımız deyil, xilasımız idi. Divarın altında qayanın çıxıntı sallaq yeri var idi. Biz orada çadır qurub, ocaq qaladıq və havanın açılmasını gözlədik. Bir saatdan sonra yağış kəsdi, hava sakitləşdi. Rahatlanmaq olmazdı, çünki qabaqda bizi çadıra qədər uzun bir yol gözləyirdi.

Səhərisi gün çaya düşəndə gördük ki, çay sakitləşib. Amma çirkli qəhvəyi su bizə axşamkı hadisəni xatırladırdı. Hərəkəti dayandırıb buradan çıxmağa, meşəyə doğru qalxmağa başladıq. Çıxış nə qədər yaxın idisə, yol bir o qədər uzanırdı. Kollar və ağaclar yenə də bizə yuxarı qalxmağa imkan yaratdı. Səhəri gün isə Alik kəndinin dağlarına qalxdıq. Buradan Qubanın Xınalıq kəndinə yol uzanırdı. Alekçay çayında gecələdik, sonra isə Qudyalçaya getdik. Ekstremal şəraitlə üzləşməyimizə baxmayaraq bizim komanda Bakıya çox gözəl təəssürat, yeni təcrübə və faydalı əlaqələrlə qayıtdı.

-  Buzadırmanma, qayayadırmanma idman növlərinin Azərbaycanda inkişafının spesifik xüsusiyyəti nə ilə bağlıdır?

- Azərbaycanda buzadırmanma yarışı təbii relyefdə, daha doğrusu donmuş dağ şəlalələrində aparılır. Qışda dekabr ayının birinci ongünlüyündən başlayaraq faktiki marta qədər Yan və Baş Qafqaz silsiləsinin ətəyində Qusar rayonunda yerləşən dağ şəlalələri böyük buz sırsıralarına çevrilirlər. Bu böyük sırsıralarda biz buzadırmanma ilə məşğul oluruq və buz yarışlarının yeni traslarını qoyuruq. Buza dırmanma üçün ən əlverişli şəlalələr Qusar rayonunun yüksəkdağlı Laza kəndinin yaxınlığında yerləşir. Ora yüksək keçicilik qabiliyyəti olan avtomobillə çatmaq olar. Oradaca Suvar turistik yerinə yaxın ərazidə qışda dırmanmaq mümkün olan daha bir şəlalə var. Amma buzadırmanma üçün Şahdağ massivinin ətəyində yerləşən 3000 m hündürlükdə olan şəlalələr daha maraqlıdır. Azərbaycanlı buzadırmananlar üçün məşğələlər və yarışlar da əsasən həmin yerlərdə keçirilir.

- Siz dağ idman növü ilə məşğul olan şəxs kimi deyə bilərsinizmi ki, təbiətə münasibət baxımından yüksək dağlıq ərazilərdə ekoloji vəziyyət necədir?

- Dağlar insanların sosial-iqtisadi, eləcə də ekoloji həyatında böyük rol oynayır. Dağların ekoloji vəziyyəti həmişə tədqiqatçıların obyekti olub. Azərbaycanın yüksək dağlıq əraziləri də özünün fauna və flora müxtəlifliyi ilə seçilir. Burada adı “Qırmızı kitab”a düşən bir çox nadir heyvan və quş növləri yaşayır. Yüksək dağlıq ərazilərin təbiəti də çox müxtəlifdir. Bu çoxsaylı amillər də ekoloji cəhətdən özünü göstərir. Amma təəssüflə qeyd etmək lazımdır ki, mənfi antropogen təsirlər yüksək dağlığın da ekoloji təbiətinə öz mənfi təsirini göstərir. Klubumuzun üzvlərinin müşahidələrinə görə, son illər Qafqaz dağlarında yaşayan dağ keçilərinin yaşayış arealı gözəçarpacaq dərəcədə daralıb. Onun aşağı sərhədlərindəki yaşayış arealı isə bir neçə metr qalxıb. Bəzi quşları bir neçə il bundan əvvəl 2200-2500 metr yüksəklikdə müşahidə etmək mümkün olurdusa, indi onlara nadir hallarda 3000 metr yüksəklikdə rast gəlmək olur.

-  Regionlarda dağçılıq idman növünün inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanın 50 faizdən artıq ərazisi dağçılıq idman növünün inkişafı baxımından böyük perspektivə malikdir. Belə ki, ölkəmizin Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlıq region zonaları dağçılıq idmanının qayayadırmanma, buzadırmanma, alpinizm kimi növlərinin inkişafı baxımından olduqca əlverişli ərazilərdir. Ümumiyyətlə, dağçılıq idman növünün iki anlayışı mövcuddur. Regionlarda dağ idman növü ilkin olaraq istirahət, kiçik məskənləri gəzmək, ikincisi isə turizmin çətinlik dərəcəsi olan uzun müddətli yürüşlərin keçirilməsidir. Yürüşlər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə keçirilməlidir. Dağlara yürüşlər zamanı yürüşçülər bütün lazım olan geyim və azuqələri özləri ilə o dərədən bu dərəyə daşımalıdırlar.

Sovet dövründə yürüşlərə çıxmaq üçün 1000-ə yaxın marşrut mövcud idi. O zaman turist idmançılar üçün Azərbaycan Turizm Şurası, federasiyası, yerlərdə isə həmkarlar təşkilatları, eləcə də bütün idman cəmiyyətlərinin, iri müəssisə təşkilatlarının, ali məktəblərin turist idman klubları fəaliyyət göstərirdi. Hər il regionlarda dağ idman növünün müxtəlif sahələri üzrə dövlət səviyyəsində yarışlar təşkil edilirdi. Həmin yarışlarda da bu idman növləri sahəsində xidmətləri olan minlərlə kadr iştirak edirdi. Eyni zamanda Azərbaycanın nümunəvi mütəxəssisləri bu idman növü ilə bağlı rəhbər vəzifələrə dəvət olunurdu. İndi isə vəziyyət tamamilə dəyişib.

-  Hazırda regionlarda dağ idman turizminin inkişafı sahəsində vəziyyət necədir?

- 1980-ci illərə kimi dağ idman turizminin inkişafı ictimai hərəkata bənzər səviyyədə idi. Turizmin inkişafı sahəsində dağ idman növlərinin qayayadırmanma və buzadırmanma, alpinizm kimi sahələri xüsusən geniş miqyasda region zonalarda əhatə olunub. Hazırda regionlarda dağ idman növlərinin inkişafı yox səviyyəsindədir. Təkcə Quba-Qusar zonasında olan dağlıq ərazilərdə məşqlər keçir, yürüşlər təşkil edirik.

Əvvəllər bütün dağ idman növləri üzrə dağlıq ərazilərə yürüşlər təşkil edirdik. Böyük Qafqaz silsiləsində ən böyük dağlar sayılan Kazbek, Elbrus, Bazardüzü, Şahdağ, Tufandağ kimi əsrarəngiz dağlara yüzlərlə yürüşlərimiz olub. Bizim 4000 metrdən də yüksəklikdə yerləşən dağ zirvələrimiz var. Lakin vəsait çatışmazlığından həmin regionlarda yerləşən dağ zirvələrinə yürüşlər təşkil etməyə çətinlik çəkirik.

-  Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı üzrə dağ idman növlərində hansısa irəliləyiş hiss olunurmu?

- Hazırkı vəziyyətdə regionlarda dağ idman növlərinin inkişaf etdirilməsi sahəsində ciddi irəliləyiş olmasa da, müəyyən işlər görülür. Misal olaraq Quba-Qusar zonasında 1000 nəfərlik dağ xizək bazasının tikilməsini qeyd edə bilərik. Dağlıq zonada tikilən bu baza həm dağ idman növlərinin inkişafı, həm də turistlər üçün müşahidə və istirahət zonası formasında fəaliyyət göstərəcək. Bundan başqa son on il müddətində regionda ilk buzadırmanma üzrə yarışlar keçirildi. Dağ idman növünün bu istiqamətdə yarışının təşkil edilməsi hələ ki, qonşu ölkələrin heç birində mövcud deyil. Azərbaycan kimi cənubda yerləşən ölkədə bu idman növü üzrə keçirilən yarışlara avropalılar da böyük maraq göstərir.

-  Dağçılıq idmanı regionlarda ekoloji turizmin inkişaf etdirilməsinə nə kimi töhfə verə bilər?

- Xarici dövlətlərdə ekoloji turizm daha çox xüsusi qorunan ərazilərdə inkişaf etdirilir. Hazırda bu təcrübəyə əsasən Azərbaycanda da dağçılıq idman növü üzrə ekoloji turizmin inkişaf etdirilməsi üçün iş aparılır. Belə ki, “Milli parklarda turizmin inkişafı” proqramına uyğun olaraq regionlarda yaradılan milli parklarda və qoruqlarda xüsusi rejimli zonalar fəaliyyət göstərəcək. Burada flora və fauna növlərini müşahidə etmək mümkün olacaq. Bununla yanaşı, qoruqlarda xüsusi rejimli zonaların yaradılması sayəsində turistlərin region ərazilərdə yürüşlər təşkil etməsi mümkün olacaq. Turistlərlə yanaşı, yerli idmançılarımız da xüsusi rejimli zonalarda yürüşlər təşkil etməklə fauna və flora növlərini də müşahidə edə biləcəklər. Bütün bu işlərdən regionlarda yaşayan insanlar da faydalanacaqlar. Belə ki, qoruqlarda yaradılan xüsusi rejimli zonalar yerli müşahidəçilərə öz xidmət sahələrini genişləndirmək, iş yeri tapmaq, istirahət etmək üçün əlverişli şərait yaradacaq.

 

P.S. Bu yazı  “Paritet” qəzetinin Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçirdiyi “Regionların sosial-iqtisadi inkişafı sahəsində uğur və problemlərin mətbuatda işıqlandırılması” layihəsi çərçivəsində dərc edilir

 

 

Babək CAHANDAROV

 

Paritet.- 2009.- 19-20 noyabr.- S. 9.

 

 

 

.