Cəlilabad yüksəliş yolundadır

 

Son illər aparılan genişmiqyaslı quruculq işləri Cəlilabad şəhərinin də simasını dəyişib

 

 Hələ sovet dövründə ətraf rayonların içərisində öz abadlığı gözəlliyi ilə Cəlilabad rayonu seçilirdi. O zamanlar olduğu kimi bu gün müsafirləri tikildiyi gündən rayonun simvoluna çevrilən məşhur çay evi- “Armudu stəkan” qarşılayır. Rayona gələn hər kəs çayının ləzzəti və ətri ilə məşhur olan bu çay evinə qədəm basmalı və oradan rayonun ovuc içi kimi görünən panoramasına tamaşa etməlidir. Buradan bir qədər sağa dönür alaqapıdan keçib Heydər Əliyev prospekti ilə şəhərə daxil olursan. Burada bir faktı qeyd edim ki, Cəlilabadın axritektor quruluşu Sankt-Peterburq şəhərinin üslubunda qurulub. Bunu da XX əsrin əvvəllərində Şamaxıdan gəlmiş tacir Məşhədi Məhəmməd Zeynalov edib. Bildiyimə görə, Məşhədi Məhəmməd bunun üçün Sankt-Peterburqdan xüsusi arxitektor gətizdirib.

Rayon bir baş küçə- Heydər Əliyev prospektindən ibarətdir. Prospekt boyu isə hər 100 metrdən bir sağ və sol tərəfə yollar çəkilib.  Əhalinin ən sıx olan yerində isə prospekt ikiyə ayrılır və bu iki küçə aralığında park salınıb. Təxminən bir km məsafədən sonra yenidən küçə bir mərkəzdə birləşir. Rayonun  dövlət idarə və təşkilatları, ictimai-siyasi iaşə obyektləri də bu prospektə yerləşir.

 Son illər aparılan genişmiqyaslı quruculuq işləri Cəlilabad şəhərinin də simasını dəyişib. Şəhərə daxil olarkən Heydər Əliyev prospektindən bunu duymamaq mümkün deyil. Belə ki, şəhərin mərkəzinə gedən yolun hər iki tərəfi genişləndirilib, prospekt boyu tökmə metaldan hazırlanmış fanarlar quraşdırılıb. Çoxlu sayda gül kolları, bəzək ağacları əkilib. Mərkəzdə isə tamam başqa bir aləm yaşanır. Rayon İcra Hakimiyyətinin, onun yaxınlığındakı obyektlərin fasadları da xüsusi zövqlə yenilənib. Rayon mərkəzindəki Heydər Əliyev seyrəngahı isə, sözün həqiqi mənasında, özgə bir aləmdir. 5 hektar ərazini əhatə edən seyrəngahda insanların istirahəti üçün hər cür şərait yaradılıb. Hətta seyrəngahda süni göl də yaradılıb. Bir sözlə, söz açdığımız bu seyrəngahın ölkəmizin heç bir bölgəsində analoqu yoxdur.

Bura cəlilabadlılar üçün artıq bir görüş, rahatlıq, istirahət yeridir. Hətta bir çox yeni evlənənlər üçün bura bir əhdi-peyman, xatirə yerinə çevrilib. Biz rayona ezamiyyətimiz müddətində bir neçə dəfə burada bəylə gəlinin gəlib xatirə şəkli çəkdirməsinin şahidi olduq.

Cəlilabada gələn qonaqları həm xarici görünüşü, həm də ziyarətçilərinin sayı ilə heyrətə gətirən daha bir tikili ulu öndər Heydər Əliyevin xatirə muzeyidir. Özünün qeyri-adi görkəmi ilə seçilən nəhəng bina açıq kitab şəklində inşa edilib. Qədim yapon məbədlərinin arxitekturasından qaynaqlanan layihə əsasında inşa edilmiş muzey az zaman içərisində rayon sakinlərinin və gələn qonaqların ən çox ziyarət etdikləri müqəddəs məkana çevrilib. Əksəriyyəti orta məktəb şagirdləri, tələbə və gənclər olan bu ziyarətçilərə ulu öndər Heydər Əliyev irsi haqqında geniş məlumat verilir, müxtəlif əlamətdar günlərdə ideoloji dərslər təşkil edilir.

Ümumiyyətlə rayonun mərkəzinə yaxınlaşanda daha böyük abadlıq-quruculuq işləri göz önündə sərgilənir. Ötən ilin sentyabrında Cəlilabada gələn prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafından razılığını bildirib: “...Burada işlər böyük zövqlə, səliqə ilə aparılır. Biz görürük ki, bu parklar, burada əkilən ağaclar necə gözəldir. Bu, xüsusi diqqət tələb edir və mən çox şadam ki, burada yerli rəhbərlik də çox fəal işləyir. Əslində, bizim uğurlarımızın səbəbi bundadır”. Dövlətimizin başçısı bildirib ki, Cəlilabadın simasında Azərbaycanda son illərdə gedən işlərin nəticələri görünür. .

 Bildirdiyimiz kimi “Regionlarının sosial-iqtisadi inkişafına dair  dövlət proqramı”nın yerinə yetirilməsinin nəticəsi olaraq Cəlilabadın kəndlərinə elektrik enerjisinin məhdudiyyətsiz verilməsi, yararsız transformatorların, naqillərin və dirəklərin dəyişdirilməsi, kənddaxili yolların təmir edilməsi, bəzi təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün yeni binaların tikilməsi, kəndlərin qazlaşdırılması işləri uğurla həyata keçirilib.

Proqramın ikinci mərhələsinin də uğurla icra olunması məqsədilə rayonda yaradılan işçi qrupu yerli resursları bir daha diqqətlə nəzərdən keçirərək yeni sosial-iqtisadi inkişaf proqramını tərtib edib. Proqram çərçivəsində 2010-cu ildən başlayaraq Göytəpə şəhərində yeni yarımstansiyanın inşa edilməsi və Cəlayir kəndində yerləşən yarımstansiyanın yenidən qurulması, yararsız elektrik xətlərinin və dirəklərinin dəyişdirilməsi nəzərdə tutulub.

Cəlilabad şəhərində qazpaylayıcı stansiyanın tikilməsi, yeraltı qaz xətlərinin dəyişdirilməsi, yeni yaşayış massivlərinə qaz xəttinin çəkilməsi, Cəlilabad və Göytəpə şəhərlərində qazanxanaların inşa olunması, küçələrin və yolların təmir edilməsi, yaşayış məntəqələrində artezian quyularının qazılması, 15 kilometr suvarma kanalının çəkilməsi və mövcud meliorasiya qurğularının təmir olunması da həmin proqram çərçivəsində həyata keçiriləcək. Buraya 27 məktəbin və 13 məktəbdə əlavə sinif otaqlarının, təcili tibbi yardım stansiyasının, 6 xəstəxananın, 8 həkim ambulatoriyasının, 7 tibb məntəqəsinin, 8 poçt şöbəsinin, 2 şərab zavodunun, ət və süd emalı müəssisələrinin, kənd təsərrüfatı məhsulları saxlanılması üçün soyuducunun, rayonda turizmin inkişafına tövfə olaraq meşə zonasında istirahət obyektlərinin inşası və dəmir-beton məmulatları zavodunun bərpa olunması da daxildir.

Bu ilə dövlət proqramına uyğun olaraq rayonda  heyvandarlığın inkişafı təmin edilib, şəxsi və fermer təsərrü-fatlarında mal-qaranın sayı  98627  başa, qoyun-keçilərin sayı 121876 başa çatdırılıb. 2009-cu ildə rayonda 7754 ton ət, 24685 ton süd, 9858 min ədəd yumurta, 202 ton yun istehsal edilib. Rayonda taxıl əkini sahələri hazırlıq işlərinə başlanılmış, 59245 hektara payızlıq şum vurulub.

 Rayonda kartofçuluğun inkişaf  etdirilməsi  üçün  fiziki    hüquqi  şəxslərə  lazımi  şərait  yaradılıb, yaz mövsümündə  88569 ton kartof istehsal olunub.  2350 hektar payızlıq kartov üçün əkin aparılıb. Üzüm sahələri rayon üzrə 1500 hektara çatdırılıb 3250 ton üzüm istehsal edilib.  

Bundan başqa rayonda məktəblərin əsaslı təmiri ilə bağlı 82919 manatlıq iş görülüb,  Şiləvəngə və Zopun kəndlərində yeni məktəb binalarının tikintisində son tamamlama işləri görülür. Qarazəncir kənd və Privolnoye 2 saylı orta məktəblərin əsaslı təmirinə  başlanılıb.

Hazırda rayonda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2007-ci ildə başlanmış bu idman qurğusu 4 hektarlıq ərazidə yerləşəcəkdir. Kompleksə əsas idman salonu, üzgüçülük hovuzu, müxtəlif idman meydançaları, salonlar, müasir üslubda ikimərtəbəli mehmanxana kotteclər daxildir. Burada respublika beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Yeni qurğu həm bədən tərbiyəsi idmanın inkişafına təkan verəcəkdir.

Xatırladaq ki, ötən il prezident İlham Əliyev Cəlilabada səfər edərkən bu obyektin tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı ölkəmizdə bu sahənin tərəqqisinə xüsusi diqqət yetirildiyini bildirmişdir, tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması barədə tapşırıqlarını vermişdir. O cümlədən bu gün rayonda Diaqnostika Mərkəzi tikilir ki, burada da şəhid ailələrinə xidmət pulsuz olacaq.

 

 

Fuad Hüseynzadə

 

 Paritet.- 2009.- 26 noyabr-2 dekabr.- S. 8.