Sonsuzluqda ər
və arvadın hər birinin
payı təqribən
40-45% təşkil edir
Sonsuzluğun həm sayı artıb, həm də
yaranma səbəblərinin sayı müxtəlifləşib
Ailədə
varisin olmaması həmişə böyük
bədbəxtlik kimi qəbul edilib. Qəribədir ki, min illər
boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri
həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb.
Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız
qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər
və arvadın hər birinin payı təqribən 40-45%-dir. Qalan
10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi
nəticəsində olur.
Statistikaya
görə, hazırda bütün nikahların 15%-ni sonsuzlar təşkil edir. Evləndikdən
sonra hamiləliyə qarşı vasitə tətbiq etmədən iki
illik birgə ailə həyatı müddətində hamiləlik baş
vermirsə, bu, nəticəsiz nikah hesab olunur. Belə hallarda ər
və arvada sahə qadın məsləhətxanasına müraciət
etmək məsləhət görülür. Orada qadın lazımi müayinədən
keçir və onun ərinə də müvafiq müayinədən keçmək
üçün məsləhət verilir. Onların hər ikisinin müayinə
olunmasının çox böyük əhəmiyyəti olsa da ancaq bir çox hallarda
sonsuzluğu müəyyənləşdirən və müalicəsi ilə
məşğul olan həkimlər özlərini tamamilə sağlam sayıb,
müayinədən ciddi surətdə boyun qaçıran ərlərin
müqaviməti ilə qarşılaşırlar. Bəzən onlar bəhanə
kimi ilk evliliklərində olan qadınların hamiləliklərini bir
dəlil kimi göstərirlər. Əlbəttə, bu dəlillər
onların bu məsələdə sadəlövlüklərini göstərir.
Əslində ər və arvadın ikisinin müayinəsi, onlardan
hansının həqiqətən sonsuzluqda günahkar olduğunu aşkar edir. Sonsuz
ailə cütlərinin müayinəsi bəzi hallarda daha tez də
aparıla bilər, ər və arvad münasibətinin və ailə
mikroiqliminin nikahda ümumi, sonsuzluqda xüsusi mühüm əhəmiyyəti
var. Sonsuzluğun əmələ gəlməsində sinir-psixi
amilin bir səbəb kimi rol oynadığını mütəxəssislərin əksəriyyəti
qeyd edirlər. Bununla əlaqədar, uşaqsız ailələrdə
münasibətlərin xarakteri üzərində psixoloqların müşahidə
aparmasının böyük əhəmiyyəti var. Əgər müayinədə
hamiləliyin baş verməməsində onların hər ikisinin
cavabdehliyi aydın olursa, bu məlumat ər və arvad arasında
münasibətlərin möhkəmlənməsinə səbəb
olur. Onlar bir-birlərinə qayğı və diqqət göstərirlər,
bu da onların müalicə olma ehtimalını artırır. Adətən qadınlar
bu məsələdə kişilərə nisbətən daha mərhəmətli,
daha hövsələli olub, ərlərindəki çatışmamazlığa qarşı
mənfi münasibət bəsləmir, onları müalicəyə sövq
etməyə çalışırlar. Qadınların sonsuzluğuna qarşı kişilərdə
münasibət isə tamamilə əksinə olur və çox vaxt
ailənin dağılması, qohumların qadına qarşı neqativ münasibətləri
ilə nəticələnir
Məlumdur
ki, xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat
asandır. Bu, tam mənası ilə sonsuzluğa aiddir. Sonsuzluğun
profilaktikası isə hələ uşaq doğulmamışdan başlanmalıdır. Hamilə
qadının iş və istirahət rejimi qaydalarına əməl etməsi,
keyfiyyətli və düzgün qidalanma, gigiyena tədbirlərinin
yerinə yetirilməsi ,ailədə sağlam psixo-emosional iqlim ana
bətnində dölün cinsiyyət sisteminin normal inkişafını təmin
edir. Uşaq orqanizminin formalaşmasına pis təsir göstərən amillərin
(alkoqolun və nikotinin) zərərli təsirində hamilə
qadının qorunması bəsit şərtlərdəndir. Unutmaq olmaz ki, hətta
papiros çəkilən otaqda hamilə qadının müəyyən müddətdə
qalması həm onun özünə və həm də dölə zəhərləyici
təsir göstərir.
İndi
dəbdə olan süni mayalanma haqqında da bir neçə məlumatı
diqqətə çatdırmaq yerinə düşər. Bu üsul sonsuz (nəticəsiz)
nikahda son vasitədir. Müxtəlif
səbəblərdən qadında sonsuzluq baş verdikdə, ər və
arvadın hər ikisinin razılığı və istəyi ilə süni
mayalandırma üsulundan istifadə oluna bilər. Deməli, sonsuzluq böyük bir bədbəxtlik,
çarəsiz bir bəla hesab olunmamalıdır. Təbabət insanlarda
baş verən bu çətinliyin əlacını tapıb.
Sonsuzluqların
səbəblərini aydınlaşdırsaq qadınlarda kişilərdə bu səbəblər
müxtəlif ola bilər. Qadın sonsuzluğu
isə belə iza
olunur:ovulyasiya problemləri, fallop boruları ilə əlaqədar
olan problemlər, endometrioz və endometrioma, polikistoz
yumurtalıqlar sindromu, uşaqlıq boynu problemləri, yaş amili və səbəbi
aşkar olunmayan sonsuzluqlar. Kişilərdə isə hormonal səbəblər,
genetik səbəblər, toxumdaşıyıcı yolların patologiyaları, müxtəlif
infeksion xəstəliklər, bəzi dərman maddələrinin
və radiasiyanın təsiri ola bilər. Baxmayaraq ki, bu gün elmin səhiyyənin
inkişaf etdiyi çağdaş bir dövrdə yaşayırıq çox ailələrdə əgər
övlad dünyaya gəlməzsə hələdə bu sonsuzluğun səbəbi yalnız
qadınlarda görülür və ilk olaraq qadın həkimə müraciət etməli
olur. Lakin həkimlər hesab edir ki, belə halda həm qadın, həm
də kişi həkimə eyni vaxtda müraciət etməli və
lazımi müalicəni almalıdırlar. Mama-ginekoloq Təranə Həsənova
deyir ki, müalicə üçün əvvəlcə sonsuzluğun səbəbi
müəyyənləşdirilməlidir. Müayinədən tək qadın
yox, kişi də keçməlidir, düzgün diaqnozdan sonra düzgün müalicə
aparılmalıdır. Birtərəfli müayinənin heç bir effekti yoxdur.
Səhiyyə
Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
direktoru Faizə Əliyeva mətbuta bildirib ki, 2005-2007-ci illərdə
Azərbaycanda kişilərdə sonsuzluq halları 3 dəfə,
qadınlarda isə 18 faiz artıb.Bütövlükdə isə ölkədə
sonsuzluğun səviyyəsi 13 faizə çatıb. Səhiyyə
Nazirliyinin məlumatına əsasən, bunun 50 faizi qadın, 30 faizi
kişi, 20 faizi isə hər iki tərəfin xəstəliyi
ucbatından baş verib: “Sonsuzluğun həm sayı artıb, həm də
yaranma səbəblərinin sayı müxtəlifləşib. Burda kişilər
arasında yeniyetməlik dövründə keçirilən infeksiyalar böyük rol
oynayır. Kiçik çanaq nahiyəsindən alınan travmalar, müxtəlif
xroniki xəstəliklər, cinsi yolla keçən xəstəliklər
ata olmaq qabiliyyətini sıradan çıxarır. Qadınlarda travmalar azlıq təşkil
edir, iltihabi xəstəliklər, cinsi yolla keçən xəstəliklər
əsas rol oynayır. Bəzən bunların heç birini müəyyənləşdirmək
olmur, sadəcə, sonsuzluq var. Buna “səbəbi müəyyənləşdirilməyən
sonsuzluq”deyirik”.
Qadın
Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə
deyir ki, mərkəzə müraciət edənlərin əksəriyyəti
sonsuzluqdan əziyyət çəkənlərdir. O bildirir ki, əvvəllər
sonsuzluğun bir səbəbinin qadının yaşının çox olması göstərilirdisə,
indi əksinə, azyaşlılar sonsuzların sayının artmasında böyük rol
oynayır:”Erkən nikahlar bu gün çox ciddi problemdir. Çox vaxt başa düşmürlər
ki, 14-15 yaşında ailə quran qız sonsuzluqla daha tez qarşılaşır. Sonsuzluq
problemiylə qarşılaşan qadınlar adətən psixoloji problemi
olanlar olur. Psixoloji problemi olanın intim həyatında da problemi olur. Əsas
odur ki, Azərbaycanda kişilər elementar müayinədən keçmirlər.
Cinsi xəstəlikləri kişilər gətirir. Uşaq olmursa,
qadın günahkardır, həkimə də qadın getməlidir”
Dövlət
rəsmiləri isə hesab edir ki, sonsuzluğun aradan qaldırmasına
dövlət də yardım etməlidir. Qeyd edək ki, Milli Məclisin Sosial Siyasət
Komissiyası “Reproduktiv sağlamlığın qorunması və ailə
planlaşdırılması haqqında” qanun layihəsi hazırlayır. Komissiyanın sədr
müavini Musa Quliyevin fikrincə, yeni qanun problemin qarşısının
alınmasına xidmət edəcək:”Sonsuzluqdan əziyyət çəkənlərin
təbii yolla dünyaya uşaq gətirmə imkanlarının artırılması
istiqamətində böyük tədbirlər həyata keçiriləcək.
Onların müayinə və müalicəsini, dövlət tibb müəssisələrində
reproduktiv sağlamlıq şəbəkəsinin yaradılmasını dövlət
maliyyələşdirəcək.Yeni qanuna əsasən, mübahisələrə
səbəb olan “surroqat ana” və “donor hüceyrə” vasitəsilə
süni mayalandırma qadağan olunacaq. Qanun layihəsi parlamentin payız
sessiyasında müzakirə olunacaq.”
Qeyd
olunduğu kimi ailə quranların ailə qurmamışdan qabaq müayinədən
keçməsi bu kimi problemlərin əvvəlcədən aradan
qaldırılmasına və gələcək
cütlüklərin yarana biləcək
vəziyyətə hazır olmasına zəmin yarada bilər bu səbəbdən də Azərbaycan
parlamenti payız sessiyasında Ailə Məcəlləsinə əlavə
və dəyişiklikləri müzakirə edəcək. Əlavələrdən
biri də ailə quranların nikah bağlamazdan əvvəl tibbi
müayinədən keçməsiylə bağlı olan müddəadır. Musa Quliyev “Azadlıq” radiosuna müsahibəsində bu mövzuya da toxunub. O bildirib ki, bəzi
hüquqşünaslar, hüquq müdafiəçiləri, millət vəkilləri
bu məsələni insan haqlarının pozulması kimi qiymətləndiriblər:
“İlkin variant belə idi ki, tərəflər nikaha girən anda
həmin məlumatlar VVAQ orqanlarına təqdim olunsun. Ailə
quranların nikahını bağlayıb-bağlamamağa da VVAQ qərar verəcəkdi,
çox müzakirələr getdi. Bu variant insan haqlarına uyğun gəlmədiyinə
görə biz belə bir mövqe seçdik ki, bu haqda VVAQ orqanlarına heç bir
məlumat verilməyəcək. Ailə quranlar Səhiyyə
Nazirliyinin müəyyən etdiyi siyahıda olan müayinələrdən
keçəcəklər, müayinənin nəticələrini isə
bir-birinə verəcəklər.” Həmin müyinələr isə
irsi genetik yolla ötürülən xəstəliklər, qan xəstəlikləri,
sinir, psixi xəstəliklər və cinsi yolla keçən xəstəliklərə
qarşı olan müayinələr olacaq. O cümlədən hepatitlər,
insanın immunçatışmazlığı virusunu (HİV) törədən xəstəlik,
zöhrəvi xəstəliklər yer alacaq: “Bir çox xəstəliklər
var ki, bunlar irsi genetik yolla, bir çoxu isə cinsi əlaqə
yoluyla keçir. Biz indi onun üstündə dayanmışıq ki, hansı xəstəliklərin
olub-olmamasını ailə quran iki şəxs biləcək. Nikah bağlayan
VVAQ orqanı isə onlardan ancaq bunu soruşacaq ki, bir-birinizin sağlamlığı
haqqında məlumat almısınızmı? Onlar da cavab verəcəklər.
Kim narkomanla, ya da AIDS-li xəstəylə evlənmək istəyirsə,
evlənsin. Bu, onun öz işidir. Kim uşağının gələcəkdə nə
cür doğulmasını, ya da heç doğulmamasını istəyirsə, bu da onun öz
işidir. İnsan hüquqları baxımından biz bu variantı seçdik”
G.Bünyadzadə
Paritet.- 2009.- 26 noyabr-2 dekabr.- S. 10.