Ən vacib sığorta

 

İcbari tibbi sığortanın tətbiqi üçün praktiki struktur formalaşıb, lakin problem həm cəmiyyət, həm xəstəxanalar, həm də sığorta şirkətlərinin bu prosesə hazır olmamasındadır

 

 Noyabrın 24-də  “Regionlarda tibbi sığorta sisteminin yaradılması” mövzusunda dəyirmi masa keçirilib. “Paritet” qəzetinin redaksiyasında təşkil olunmuş tədbirdə həkimlər, ekspertlər, QHT, müxtəlif media mənsubları və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.  Qeyd edək ki, dəyirmi masa  “Paritet”qəzetin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “Regionların sosial-iqtisadi inkişafı sahəsində uğur və problemlərin mətbuatda işıqlandırılması” layihəsi çərçivəsində təşkil olunub.

İlk olaraq “Paritet” qəzetinin baş redaktoru Camaləddin Quliyev çıxış edərək tədbir iştirakçılarını salamladı və dəyirmi masanın mövzusu haqda məlumat verdi. O bildirdi ki, ölkəmizdə demokratik islahatların aparılması yeni düşüncə və mədəniyyətlərin də formalaşmasına ehtiyacın olduğunu ortaya çıxarır. “Bunlardan biri kimi sığorta sistemini göstərmək olar. Sirr deyil ki, Azərbaycanda sığortalanma düşüncəsi çox aşağıdır. İnsanlar malı, mülkü -nəyi desən, heç canlarını da sığortalamaq istəmirlər. Əlbəttə ki, ən vacib sığorta insan həyatının sığortalanmasıdır. Bildiyimiz kimi Azərbaycanda  məcburi tibbi sığortanın tətbiqi ilə bağlı 1999-cu ildə qanun qəbul olunub. O zaman 2000-ci ildən  məcburi tibbi sığortanın tətbiq edilməsi nəzərdə tutlmuşdu. Lakin həmin il ölkə başçısı icbari tibbi sığortanın tətbiqinin  5 il müddətinə təxirə salınması üçün sərəncam verdi. Nəhayət, prezident İlham Əliyev 2008-ci ildə məcburi tibbi sığortanın tətbiqi ilə bağlı digər bir fərman imzaladı. Eyni zamanda həmin fərmanla Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Agentliyin yaradılması nəzərdə tutulurdu. Həmin ilin yanvarın 1-dən icbari tibbi sığortanı tətbiq etmək mümkün olmadı. Bəlli oldu ki, tərəflərin; həm cəmiyyətin, həm xəstəxanaları, həm də sığorta şirkətlərinin münasibətləri sivil formada qurulmayıb və bu sahədə məlumatlılıq səviyyəsi aşağıdır. Artıq praktiki olaraq struktur formalaşıb. İndi problem üç tərəfin bu prosesə hazır olmasındadır. Bunun üçün də maariflənmə lazımdır. Artıq Səhiyyə Nazirliyi bu istiqamətdə maarifləndirmə aparır, eyni zamanda vətəndaş institutları da bu işə cəlb olunur”.

Dəyirmi masada iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə heyətinin sədri Vüqar Bayramov dedi ki, səhiyyə islahatlarının daha effektli aparılması üçün təbii ki, icbari tibbi sığortanın tətbiqi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: “İcbari tibbi sığortanın tətbiq edilməsi üçün yalnız vətəndaşların deyil, eləcə də səhiyyə işçilərinin maarifləndirilməsinə ehtiyac var. Çünki bu gün çox təəssüf ki, bəzi səhiyyə işçiləri heç də icbari tibbi sığortaya müsbət yanaşmırlar. Onlar düşünürlər ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə işçilərinin ən azı sosial  vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Belə yalnış  yanaşmaların yaranmasının əsas səbəblərindən biri də məhz maarifləndirmənin zəif olmasıdır. Halbuki icbari tibbi sığorta səhiyyə işçiləri üçün də kifayət qədər əhəmiyyətlidir. Çünki  icbari tibbi sığortanın tətbiq edilməsi xəstəxanaların gəlirlərinin artmasına gətirib çıxara bilər. Bütün xəstəxanalara sığorta şirkətlərindən də ödəmələr olacaq”.

V.Bayramov dedi ki, rəhbərlik etdiyi təşkilat Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “İcbarı tibbi sığortanın tətbiqi səhiyyə sisteminin inkişafının əsas elementi kimi: İctimai maarifləndirmə kampaniyası” adı altında həyata keçirib: “Nəzərə alsaq ki,  2008-ci ilin avqustun 11-də Nazirlər Kabineti tərəfindən 2008-2012-ci illərdə səhiyyənin maliyyələşdirmə sisteminin islahatı, eyni zamanda icbari tibbi sığortanın tətbiq edilməsi haqqında konsepsiya imzalandı. Həmin konsepsiyaya görə, islahatlar dövlət proqramına uyğun olaraq aparılır. Həmin proqramda göstərilir ki, tibbi sığortanın nəzərdə tutulan fəaliyyət sahələrindən biri də icbari tibbi sığortanın tətbiqinin qiymətləndirilməsi və eləcə də əhali arasında maarifləndirmə kampaniyasının aparılmasıdır. Bu baxımdan QHT olaraq biz düşündük ki, icbari tibbi sığortanın səhiyyə islahatlarında rolunun böyük olmasını nəzərə alaraq bölgələrdə layihə çərçivəsində tibbi sığorta ilə bağlı maarifləndirməni davam etdirək. Bunun üçün biz müxtəlif metodlardan istifadə edirik.  Lahiyə çərçivəsində artıq bir neçə rayonda səhiyyə, yerli hakimiyyət orqanları və QHT nümayəndələrinin iştirakı ilə bizim təlim seminarları keçirilib. Biz eyni zamanda tibbi sığortanın Azərbaycanda daha uğurla tətbiqi ilə bağlı tədqiqat aparırıq. Həmin tədqiqatın nəticələri hesabat formasında çap olnaraq müxtəlif dövlət  və qeyri-hökumət qrumlarına təqdim olunub. Bundan başqa biz layihə çərçivəsində Azərbaycanda tibbi sığortanın tətbiqi ilə bağlı təkliflər paketi hazırlamışıq. Həmin təkliflər paketini hökumətə təqdim etmişik”.

“Paritet” qəzetinin tibb sahəsi üzrə müxbiri Günay Bünyadzadə tibbi sığortanın tətbiqinin cəmiyyətə hansı qazanc verəcəyinə toxundu. Qeyd etdi ki, icbari tibbi sığorta insanlara istənilən vaxt səhiyyə sistemindən istifadəyə imkan verir: “Əslində indi hər bir evdə, müəyyən vəsait dar gün üçün saxlanılır. Tibbi sığortanın tətbiqi ailələrdə vəsaitlərin həmin o dar gün üçün saxlanması zərurətini aradan qaldırır. Hər bir ailə və ya vətəndaş sığorta şirkətinə vəsait ödəyəcək. Bu da güman olunur ki, əmək haqqı fondunun 4 faizi miqdarında olsun ki, bu da həmin vətəndaşın gəlirinə təsir göstərməyəcək. Amma onun müqabilində vətəndaş istənilən vaxt səhiyyə xidmətindən pulsuz istifadə etmək imkanı əldə edəcək. Bu baxımdan tibbi sığortadan vətəndaşlar udur. Tibbi sığortasız vətəndaş  yalnız çarəsiz qaldıqda həkimə gedir,özünü pis hiss edəndə, xəstəlik ciddi olmayanda həkimə müraciət etmir.  ABŞ-da və Avropa ölkələrində isə insan xəstələnən kimi, ən kiçik xəstəlik olsa belə, həkimə müraciət edir. Çünki onun xərclərini tibbi sığorta örtür. Ona görə də tibbi sığortanın tətbiq edilməsi vətəndaşlara yalnız asan və ucuz səhiyyə xidmətindən istifadə imkanı vermir; bu,  həm də vətəndaşların uzunömürlülüyünə gətirib çıxarır, digər tərəfdən də sağlam yaşamasına şərait yaradır”.

 

 

F.Hüseynzadə

 

Paritet.- 2009.- 26 noyabr-2 dekabr.- S. 11.