Ölkəmizin turizm potensialı “London WTM 2008” sərgisində nümayiş olunub

 

“Azərbaycanın adı olan lövhəyə çoxlu sayda yerli sakinlər yaxınlaşırdı”

 

Ölkəmizin turizm potensialının tanıdılması və təbliği istiqamətində müxtəlif ölkələrdə keçirilən beynəlxalq  sərgilərdə təmsil olunması çox zəruridir. Bu il ərzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  sözügedən sahə üzrə ölkəmizin dünyada tanıdılması üçün yerli nümayəndə heyətimiz  çoxsaylı beynəlxalq sərgilərdə iştirak edib.

Belə sərgilərdən biri də bu il  noyabrın 9-dan 12-dək Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş “London WTM 2008” sərgisidir.  Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimovadan  aldığımız məlumata görə,  sərgidə Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək üçün 60 kvadrat metrlik lövhə icarəyə götürülüb:””London WTM 2008” Beynəlxalq Turizm Sərgisində 200 ölkədən 5000 rəsmi turizm qurumu iştirak edirdi. Azərbaycanın bu sərgidə iştirakı bir çox ölkələrin rəsmi qurumları və turoperatorları tərəfindən böyük maraqla qarşılandı”.

Sərginin davam etdiyi üç gün ərzində Azərbaycanın adı olan lövhəyə çoxlu sayda yerli sakinlərin yaxınlaşdığını deyən sektor müdirinin sözlərinə görə, Azərbaycana səfər etmək marağında olan hər bir insana ölkəmizlə bağlı ətraflı məlumatlar verilib: “Bizimlə birlikdə sərgidə iştirak edən nümayəndələr tərəfindən ölkəmizin turizm potensialını təbliğ edən müxtəlif reklam-çap məhsulları Azərbaycan lövhəsini ziyarət edənlərə təqdim olundu. Bundan əlavə, ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında maraqlananlara geniş məlumat verdik. Eyni zamanda sərgi müddətində Azərbaycanın turizm potensialını əks etdirən film və  reklam çarxları ziyarətçilərə nümayiş etdirildi”. 

S.Kərimova onu da  xatırlatdı ki, iştirakçıları və ziyarətçiləri ölkəmizin mədəniyyəti ilə tanış etmək məqsədilə Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri də Londona ezam edilən nümayəndə heyətinin tərkibinə daxil edilib: “Sərgi günlərində ansamblın üzvləri onlar üçün xüsusi ayrılmış ümumi səhnədə, həmçinin ölkəmizə aid stenddə tərtib olunmuş proqram üzrə çıxış etdilər. Zəngin  və dərin kökləri olan  milli musiqimiz, rəqslərimiz sərgi iştirakçıları və ziyarətçilərinin böyük marağına səbəb oldu. Onlar bizim nümayəndə heyətinə yaxınlaşıb  mədəniyyətimizə və  musiqimizə aid  çoxlu sayda suallar verirdilər”.

S.Kərimovanın dediyinə görə, onlarla birlikdə sərgidə iştirak etmiş  turist şirkətlərimizin nümayəndələri yerli turist şirkətləri ilə əməkdaşlıq əlaqələri yaradıblar. Öz növbəsində həmin şirkətlərin rəsmiləri ölkəmizə turist qruplarının gətirilməsində maraqlı olduqlarını bildiriblər.

Lövhəmizə   Böyük Britaniyadakı səfirimiz F. Qurbanovun baxdığını deyən S.Kərimova bildirdi ki, sərgi zamanı bir sıra xarici mətbuat nümayəndələri tərəfindən (“Absolute publishinq Ltd”, “Metro İnternational”, “Turbiznes”, “Mecdunarodnıy turizm”, “Bloomberg”, “France 24”, “Silk Road Media”, “Discovery Travel Magazine”, “Travel Jhanel”, “FTP İnternational”, “EuroSport”, “Buzz TV”, “CHH”, “EuroHews” və sair) respublikamızın turizm potensialını əks etdirən məqalələrin, reklam filmlərinin hazırlanması və mətbuat orqanlarında yerləşdirilməsi məqsədilə təkliflər verilib: “Bundan əlavə, “France 24” və “Travel Shanel” televiziya şirkətlərinə Azərbaycanın turizm potensialı haqqında müsahibələr verildi. Həmçinin Omanda (OİTE), Rusiyada (MİTT), Hindistanın Mumbai (Bombey) şəhərində (OTM), Mərakeşdə (MTM) və BƏƏ-nin Dubay əmirliyində (ATM) keçiriləcək sərgilərin təşkilat komitələrinin nümayəndələri ilə görüşlərimiz oldu və 2010-cu ildə adıçəkilən sərgilərdə iştirakımızla bağlı dəvətlər aldıq”.

Həmsöhbətim sonda bildirdi ki, həmişə olduğu kimi, bu sərgidə də Ermənistan tərəfindən icarəyə götürülmüş sahədə Qarabağ Turizm İnkişafı Agentliyi tərəfindən ayrıca olaraq Qarabağın turizm potensialını əks etdirən reklam-çap məhsulları (Stepanakert, Gandzasar, Şuşa broşürləri, “Qarabağ bələdçisi”) təqdim edilib. Məsələ ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən sərginin təşkilatçılarına etiraz məktub göndərilib.

Əminik ki, gələcəkdə bu cür beynəlxalq sərgilərdə ölkəmizin  iştirakı təmin ediləcək,turizm potensialımız dünyada tanınacaq və  Azərbaycana gələn turistlərin sayı artacaq.

 

 

G.ƏSƏDOVA

 

Paritet.- 2009.- 26 noyabr-2 dekabr.- S. 13.