Sərgi-müsabiqədə 249 əlilin 1100-dək yaradıcı işi təqdim olunub

 

Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən bütün sosial müdafiə yönümlü tədbirlərlə yanaşı əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, ənənəvi olaraq onların istedadlarının aşkara çıxarılması məqsədilə əlillər arasında tətbiqi sənət, musiqi-bədii yaradıcılıq və idman üzrə ümumrespublika tədbirləri keçirilir. Ötən həftə sonu artıq ənənə halını alan bu sərgi bu il Tofiq İsmayılov adına Uşaq-Gənclər Sarayının rəsm qalereyasında keçirilib. Əlillərin VII Ümumrespublika yaradıcılıq sərgi- müsabiqədə yaradıcı əlillərin rəsm işləri, xalça, toxuma, hörmə, bədii tikmələri, ağac üzərində işləri, suvenir, model və maketlər, musiqi alətləri, keramika və dulusçuluq məmulatları, məişətdə işlədilən əşya və alətlər nümayiş etdirilib. Sərgi-müsabiqədə əlilik səbəbi müxtəlif olan 249 nəfərin 1100-dək yaradıcılıq işi təqdim olunub. Sərgi iştirakçılarının 154 nəfəri qadın, 38 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 11 nəfəri Qarabağ müharibəsi əlilləridir.

Sərgi iştirakçılarından  Memarlıq və İnşaat Uriversitetinin məzunu  Camal Abdullayev    bildirdi ki, 1991-ci ildən Qobustan Tarixi Memarlıq abidəsinin tədqiqinə başlayıb:” Qobustanda apardığım tədqiqat işləri mənə təsviri sənətlə məşğul olmağa stimul verdi. Bundan sonra bu işlə məşğul olmağa başladım. 1997-ci ildə   tədqiqatlarım əsasında AzTV-də film çəkilib. Uzun illər Qobustanda apardığım tədqiqatların nəticəsi olaraq məndə “İN-SAN” rəsmini işləmək ideyası yarandı”.

Sözügedən əsərin bir neçə  variantını işlədiyini deyən C.Abdullayev qeyd etdi ki, bu rəsmin forması 11 ilə tapılıb.1995-ci ildən 2006-cı il  mayın 28-nə  qədər bu rəsmin 10 variantını işləyib: “Bu, 10-cu variantdır. Sərgilərdə heç vaxt nümayiş olunmayıb. “Tariximizi dünyaya birlikdə tanıdaq” adlı saytda isə  bu əsərin şəkli və haqqında məlumat yerləşdirilib.2007-ci ildə ölkəmizdə keçirilmiş Bədii Gimnastika Çempionatında  Qobustana həsr olunmuş tədqiqatlarımdan və bu əsərdən istifadə olunub. Bu iş mənim professional qrafika işimdir”.

O, müəllifi olduğu mürəkkəb və möcüzə dolu əsərini  belə şərh etdi:” Əsərdə Yaradanın insan bədəninə  gizlətdiyi kainatın quruluşu, olmuşlar və olacaqların sirri açılır. Rəsmdə Adəm və Həvvanın ilk günahı işlədənə qədərki məqamı göstərilib. Rəsm bütünlüklə qədim Çin təfəkkürü olan “İN-YAN”-ın rəmzi obrazı üzərində qurulub”.

Rəsmin  mərkəzində Yer kürəsinin göstərildiyini deyən tədqiqatçı-rəssam qeyd etdi ki, rəsmdə bir tərəfdə gündüz-xeyirlə, digər tərəfdə gecə-şərlə ifadə olunub:” Yer kürəsinin ətrafında əbədi həyat rəmzi olan dairəvi hərəkətlə fırlanan paltarsız Adəm və Həvva göstərilib. Adamın başı günəş rəmzini bildirməklə yer kürəsinin gündüz hissəsini  işıqlandırır. Həvvanın alnı ay olmaqla gecəyə nur saçır. Həvvanını qara, uzun saçları Yer kürəsinin gecə hissəsini örtük təki örtür. Onlar bir-birinin dabanından yuxarı, ayağın topuğundan arxa hissədəki çörək yerindən öpməklə  İlahi Feyz aləmində, Tanrının insana başlanğıcda verdiyi əbədi həyatı dövr etməklə yaşayırlar. Çünki  hələ ilk günah baş verməyib. Buna görə də ölümdən əsər-əlamət yoxdur”.Onun sözlərinə görə, bu fəlsəfi əsərdə təsvir edilmiş  Adəm və Həvvanın ətrafında İblis və Mələk dövr edir:”İri ölçülü ilan bədənli, qadın sifətli varlıq, qadın xislətli iblisi, keçəl başlı, kişi sifətli böyük varlıq kişi xislətli mələyi ifadə edir. Onların hər ikisinin qurşaqdan yuxarısı göstərilib.Çünki nə  mələyin, nə də ki İblisin cinsi yoxdur. Ağ və qara qaranquşlar canlı aləmi ifadə   edir. İblis və məlkdən sonra görünən göy rəngli səma kainatın ənginliyini ifadə edir”.

Ümumilikdə isə  çərçivə  bütün aləmləri dövrəyə alaraq himayəsində saxlayan “ o bir olan”ı ifadə edir və  Həm başlanğıc, həm də son qaz fiqurlu,”İN-YAN” formalı dairədə tamlanır”.

“Bu işin davamı olacaqmı sualını?”-  C. Abdullayev belə cavablandırdı:” Yox bu işin davamı olmayacaq. Artıq bu iş haqqında danışılan rəsm əsərinin onuncu və sonuncu variantıdır. Amma hazırda Qaxda tətbiqi sənətlə məşğulam. Ağac üzərində oyma işi görürəm. Bu sənətlə özümün gündəlik həyatımı təmin etmək  üçün məşğul oluram. Materiallar hazır verilir və üzərində oyma işlərini edirəm. Əsasən sifarişlər əsasında işləyirəm”.

Hazırda Bakının Sabunçu rayonunda  toxuculuq sənəti ilə məşğul olduğunu deyən Raya Mirzəyevə söylədi ki, çərçivədə qres üsulu ilə şəkillər işləyir:” Mən uzun illərdir ki, bu işlə məşğul olmağa başlamışam. İşlərim həmişə sərgilərdə nümayiş olunub. Qres üsulu ilə portret işləmək və  toxumaq çox  çətindir”.

Musiqi beşiyi olan Şuşa şəhərində dünyaya göz açmış  Şakir Səmədov hazırda  Göyçayda yaşayır və sənətini davam etdirir. Onun dediyinə görə, musiqi alətləri hazırlamağa həvəsi çox kiçik yaşlarından başlayıb:” Təxminən 1980-ci illərdən bu işlə məşğul olmağa başlamışam. İlk hazırladığım musiqi aləti tar olub.  O zaman Şuşa şəhərində Musiqi Alətləri fabriki vardı, orda işləməyə mən də çox böyük həvəs göstərdim. Həmin fabrikdə  işləmək üçün isə  gərək bir il şəyird kimi çalışaydın, sonra isə usta işləyə bilərdir. Mənim isə bu sənətə həvəsim o qədər çox idi ki, 15 gün şəyird olduqdan sonra  bütöv bir tar alətini düzəltdim.  Həmin o  ilk işimin təəssüratı ilə bu gün də yaşayıram”.

İlk hazırladığı tarı hazırda Bakı şəhərində yaşayan dostuna hədiyyə verdiyini deyən Ş.Səmədov bildirdi ki, özüdə Şuşada musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb:” Tarın çanaq hissəsi tut ağacından, qol, kəllə hissəsi isə  qoz armud ağacından düzəldilir. Tar yeganə alətdir ki, onun üz pərdəsi heyvanın ürəyinin pərdəsindən hazırlanır. Bir tar alətini hazırlamaq üçün 4-5 ay vaxt sərf edilir”.

O sənətiylə bağlı maraqlı bir xatirədə danışdı və bildirdi ki, görkəmli musiqiçi maestro Niyazinin 70 illik yubileyində, hazırladığı tar  alətini ona  hədiyyə edib. Uzun illərdir ki, bu sənətdə çalışan usta bildirdi ki, Həyatda insana hər şeydə  xəyanət ola bilər, ancaq  sənətdən yox. Sənət insanla daimidir və  həmişə onun yanındadır. Bu səbəbdən də mən öz işimdən zövq alıram.

Azərbaycanın sənətkarlıq məkanı olan Şəki şəhərində qədim tarixə malik olan xalq sənəti təkalduzla məşğul olan, Dövlət Rəssamlar İttifaqfının üzvü Güləndam Alxasova bildirdi ki, ilk dəfə 16 yaşında milli kuklalar hazırlayıb, 18 yaşında sənət  istiqamətini dəyişib, əsasən təkalduz sənəti ilə məşğul olmağa başlayıb: ”Bu sənəti marağı olan insan üçün öyrənmək asandır.  Mənim hazırda tələbəm olmuş, 50-ə yaxın davamçım var”.

Təkalduz sənəti üzrə  kompozisiyalar işləməyin daha asan olduğunu deyən G.Alxasova bildirdi ki, portret işləmək çətindir:” Bir portret beş-altı aya hazır olur. Hazır əsərin satış qiyməti, əsərin məzmunundan və naxışlardan asılıdır.

Bir də bu işlərin hazırlanmasında ipək saplardan istifadə olunur. Əvvəlcə adi karandaşla çertiyoju kətan üzərində çəkirik sonra isə üzərində işləyirik”.

Orda hazırda bu sahə ilə məşğul olan insanların toplaşdığı  İctimai Təşkilata rəhbərlik etdiyini deyən Alxasova bildirdi ki, təşkilatı yaratmaqda məqsədləri əlil, ancaq istedadı olan insanları öz ətrafında toplamaqdır:” Onlarla daha çox  əl işləri ilə məşğul oluruq. Bu əl işləri də müxtəlif sahələr üzrə tətbiqi və təsviri sənət nümunələri və  tikmələr və sair. Bu işləri görməkdə məqsədimiz  bu sənədi  həm yaşatmaq və həm də  gənclər arasında yaymaqdır. Ümumiyyətlə, təkalduz Şəkinin özünün qədim sənətidir. Təkalduz yəni, tək əllə işlənilir”.

Şəkiyə turistlərin çox axışdığı yer olduğunu deyən Gülandam xanım qeyd etdi ki, Şəkiyə əcnəbi qonaqlar tez-tez gəlir:” Şəki şəhər İcra Hakimiyyətinin başçısına minnətdarıq ki, sənət əsərlərimizi sərgiləmək üçün bizə  Sənətkarlar qalereyası adlanan məkan ayırıb. Bu qalereyada daim işlərimizi ildə bir neçə dəfə nümayiş etdiririk. Şəkidə də hər üç evdən biri sənətkar ailəsidir. Onun üçün belə bir sənət məkanının olması çox vacibdir.  Şəkiyə gələn əcnəbi  turistlər bütün sənət növləri ilə, o cümlədən təkalduzla da çox maraqlanırlar, bizim qalereyaya üz tuturlar və daha çox  abstrakt kompozisiyalar alırlar”.

 Nəzərə çatdıraq ki, ümumilikdə sərgi-müsabiqədə  30 müəllifə mükafat təqdim olunub.

 

 

Günay

 

Paritet.- 2009.- 26 noyabr-2 dekabr.- S. 13.