Mircavad Mircavadov- Ölümlə söhbət

 

«…Yuxum ərşə çəkilib. Beynimə min cür fikir dolur. Yanıma gələn yoxdur. Hamı məni unudub, heç kimə lazım deyiləm. Yalnız arvadım – Allahın fağır və ən yazıq bəndəsi gecə-gündüz başımın üstünü kəsdirib məni ölümün cəngindən qoruyur.

Bir gün palatada Şeytan peyda olur və elə astanadaca onun dediyi ilk sözlər belə səslənir:

- Maşallah! Heç ölən adama oxşamırsan!

Tablolarımda min dəfə ölmüşəm, bircə dəfə ölməyə nə var?..»

 

Yuxarıda deyilənlər, rəssam Mircavadın yaşadığı anın sözlə təsviridir. «Ömrümdə birinci və yəqin ki, axırıncı dəfə, necə deyərlər «ədəbiyyata» əl atıram – bu, doğrudan da mənim işim deyil» – özünün etiraf etdiyi kimi ədəbiyyat onun işi olmasa da, lakin qələmə aldığı fikirləri yaratdığı əsərləri kimi dəyərli və əbədidir. Çünki o, kənardan cəhənnəm əzabı kimi görünən həyatından aldığı zövqü, dərin düşüncəsini, bir sözlə Mircavad ruhunu mükəmməl şəkildə sözlə çəkə bilib. Heyif ki, rəssamın fikirləri yalnız bircə dəfə söz halında özünü tanıtdı. Əlbəttə, söz və rəngə çevrilən ifadənin eyni beyindən paralel şəkildə dünyaya gəlməsi o qədər də yüksək nəticə vermir. Sadəcə, ona təəssüflənirsən ki, bu cür düşüncə tərzində olan insanlar yer üzünə nadir hallarda göndərilir.

Qəribədir, Mircavadın ilk və sonuncu dəfə yazdığı fikirləri nə qədər rəvan dildə ifadə olunsa da, onun rəng vasitəsilə gələn fikirlərini hər tamaşaçı olduğu kimi qavraya bilmir. Baxmayaraq ki, gördüyü dünyanı kompozisiya və rəng baxımından yüksək peşəkarlıqla təsvir edib. Odur ki, rəssam öz sağlığında yaratdıqlarının cəfasını, demək olar, ömrünün son illərinə kimi çəkməli oldu. İstedad, qeyri-adi yanaşma tərzi olan yerdə qısqanclığın yaranması təbii proses kimi qəbul edilsə də, rəssamın sağlığında sevilməməsinin əsas səbəblərindən biri yaşadığı rejim idi. O, sovet ideologiyasını qəbul etmədiyindən əsərlərinin böyük qismi Kommunist Partiyasının yaratdığı ölkənin güzgüsü rolunu oynayırdı və rejimə qarşı heç bir kompromisə getməyən rəssam həmin dövrdə acınacaqlı həyat tərzini sürməli oldu. «Mən xoşbəxt adam olmuşam. Bu gərdişə də bir gün gəlib çıxmalı idim. Taleyin işidir. Başlıcası odur ki, heç zaman vicdanıma xəyanət etməmişəm. Etmərəm də! Necə istəmişəmsə, elə də yaşamışam. Allahın yaratdığı nə varsa hamısını sevə-sevə demək olar ki, bütün ömrümü təbiətin qoynunda keçirmişəm. Günəşin alovunu içə-içə rənglərin alovunu kətana köçürmüşəm. Ürəyimin, ruhumun enerjisini rənglərə qatıb neçə-neçə tablolar yaratmışam; o enerji indi də tamaşaçı əzmini üstələyə bilir. Ancaq kimə lazımdır onlar?..» Rəssamın gördüyü «dünya»nı Sovet dönəmində yalnız onu sevənlər dəyərləndirə bilərdilər. Bu auditoriyanın sayı nə yazıq ki, o qədər də çox deyildi.

Ən təəssüf doğuran hal insanı anlaya-anlaya onu inkar edilməsidir. Bu isə bütün dövrlərdə mövcud olduğundan təəccüblənməyə dəyməz. «Qədim əcdadlarımız bizə iki, bəzən yeddi, doqquzdan da çox dünyadan xəbər verib gediblər. Bu haqda bütün xalqların dastanlarında deyilir; bunu Şərqin şairləri də söyləyirdi. Bunu Rable də, Svift də deyirdi, müasir rəssamların əsərləri də bunu etiraf edir; fiziki və metafiziki dünya. Ancaq rəsmlərimi başa düşmək istəmirlər. Ən dəhşətlisi də budur ki, istəmirlər! İnsanlar xəstədir, onlara pəhriz yeməyi, incəsənət horrası lazımdır ki, boğazdan rahat keçsin. Onlar özləri-özlərini başa düşmürlər, dünyanı necə anlasınlar?..» Həqiqətən də, insan çox mürəkkəb bir varlıqdı. Bəzən eyni ailədə dünyaya gələn, eyni tərbiyə və savadı alan övladların həyata baxışı müxtəlif olur. Görünür, Allah da yaradıcı insanlar kimi həmişə axtarışdadır. Bu baxımdan, Mircavadın, qardaşı Tofiq Cavadovla nəinki fikir ayrılığı, hətta yaradıcılıqlarında üslub baxımından bir-birilərindən fərqlənməsi söylədiyimiz fikri təstiqləyir. Ümumiyyətlə, Mircavadın öz dövründə həmfikirlərinin olmasına baxmayaraq, o, öz dünyasında tək idi. Hətta yaxın qohumu Rasim Babayevin rəngkarlıq nümunələrində Mircavadın yaradıcılığına xas olan müəəyən məqamlar olsa da, əsərlərə diqqətlə baxanda həm mövzu, həm də texnika baxımından fərqlilik açıq-aydın sezilir. Məsələn, Rasim Babayev əsərlərində yumşaq yaxmadan istifadə edirdisə, Mircavad əksinə, sərt yaxmaya üstünlük verirdi. Bu da Mircavadın mövzuya daha sərt yanaşmasından irəli gəlirdi. O, sanki əsərləri ilə mübarizəyə qalxırdı. Rejimin bütün eybəcərliyini çılpaqlığı ilə təsvir edib tamaşaçısının deyil, məhz Zamanın ixtiyarına buraxırdı. Əlbəttə, indi söylənilən fikirlərlə razılaşmayanlar tapıla bilər. Amma unutmayaq ki, fikirlər insanlar kimi müxtəlif olur.

Mircavadın əsərlərilə, onun həyat tərzi ilə daha yaxından tanış olanda məni həmişə bir sual maraqlandırır. Rənglər vasitəsilə miflərə, qədim mədəniyyətə, bir sözlə, kökə bu qədər bağlılığa səbəb nədir? Özünü hansısa dünyada görmək, yoxsa…? Məkan etibarilə götürəndə Abşeronda o qədər rəssamlar var ki, amma onların heç biri Mircavad qədər «qədim», «ulu» deyillər. O, sanki hansısa dünyaların gen yaddaşını öz beynində gəzdirirdi. «Bu həyatdan kənarda həyat varmı? Ağılla idarə olunan, yaxud hər hansı bir başqa formada təzahür tapmış dünya da varmı? Ümumiyyətlə, başqa dünyalar da mövcuddurmu? Həyatda hər şey nisbidir. Görə bildiyimiz və görə bilmədiyimiz dünya. Bəlkə də biz ölümümüzdən sonra bu dünyaya qayıdırıq və hərdən bizə elə gəlir ki, öz iradəmizin əksinə hərəkət edirik, amma yaddaşımız bizi idarə edir, istiqamətləndirir…» – bunu rəssam yazırdı.

Qeyd edək ki, Mircavad mükəmməl təhsilini rəssamlıq məktəbində deyil, oxuduğu kitablardan, tanış olduğu, maraqlandığı mədəniyyət nümunələrindən, bir sözlə, istədiyi tərzdə alıb. O, sözün həqiqi və məcazi mənasında azad idi və Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini doqquz ilə bitirməsi, sonradan dostları ilə Leninqrada gedib təhsilini davam etdirməməsi də onun sərbəstliyindən irəli gəlirdi. «Sezann əlimdən tutub məni böyük sənətə doğru aparırdı. Onun sistemində yaxşı təşkil olunmuş rəng, forma və məkan münasibətləri tapmışdım. Analitik üslubda o, dünyanın rəsm mühitini reallaşdırırdı; yox, o, materiyanı əşyalaşdırmırdı. O, materiyaya nəfəs verirdi,  canlandırırdı, onun quruluşunu açaraq bayağı əşyaçılıq anlayışından yuxarıda saxlaya bilirdi…» Təbii ki, rəssama olan rəğbət Mircavadı Ermitaja gətirib çıxardı və o dövrdə impressionistlərin əsərlərinin nümayişinə qadağa qoyulduğundan bakılı gənc şantaja əl atdı. O, muzeyin direktorunu ölümlə hədələyib, nəhayətdə Sezannın əsərlərinin orijinalı ilə daha yaxından tanış oldu. Bu inadkarlıq nəticəsində gənc rəssam Sezann varlığını tamamilə mənimsəsə də, onu özününküləşdirmədi. Çünki Mircavadın dünyası rəngarəng  olduğundan təbii ki, yalnız Sezannla kifayətlənməyəcəkdi. O, Afrika heykəltəraşlığını, Sibir maskalarını, şaman ayinlərini, Birmanın üç metr hündürlüyündə rəngli, müxtəlif Allahların rəmzi olan müqəvvalarını, İran, Hindistan, İndoneziya rəssamlıq məktəbinin nümunələri ilə, bir sözlə, dünya incəsənəti ilə yaxından bələd olandan sonra Bakıya dönüb on il Buzovnanın istisində, küləyində, yağışında, qarında dayanmadan işlədi. Özünün qeyd etdiyi kimi Avropa mədəniyyətinin quru cılızlığı onu təmin etmədiyindən yaratdıqlarını yavaş-yavaş məhv etməyə başladı. «Həmin vaxtlar artıq xeyli babat əsərim var idi ki, onlar da alovdan can qurtara bilmədi. Səbəbi özümə aydın idi: fəth olunmuş zirvə ilə kifayətlənməmək. Tam mükəmməllik qətiyyəti, bir sözlə, maksimalizm. Hər halda onları məhv etdiyimə görə təəssüflənmirəm. Məni təəssüfləndirən onlar yox, bir az başqa üslubda yaratdığım əsərlərin məhvidir ki, o haqda söhbət irəlidədir…». Buzovnadakı bağın sahibi sovet siyasi ideologiyasının təbliğatçısı olduğundan Mircavadı evdən uzaqlaşdırmaya bilməzdi. Bu isə rəssamın böyük taxtalar üzərində müxtəlif vasitələrlə hazırladığı mücərrəd sənət nümunələrinin böyük qisminin köç zamanı tələf olması, müəəyyən hissəsinin imkansızlıq üzündən torpağa gömülməsi ilə nəticələndi. Torpağın altında qorunan əsərlərin xəritəsi rəssam tərəfindən tərtib olunsa da, bir müddət keçəndən sonra kağız parçası da itir və beləliklə, bir neçə qiymətsiz monumental əsərlər torpağın altında «əsirə» çevrilirlər. O əsərlər indi də Buzovna torpağında hansısa imarətlərin yaxud da daxmaların, bəlkə də ağacların altında «yaşamaqdadır».

Neçə yüz illiklər, bəlkə də min illiklər keçəndən sonra Buzovnada arxeoloji qazıntılar zamanı Mircavadın yaratdıqları üzə çıxanda, görəsən, insanlar onu hansı əsrin nümunəsi kimi qəbul edəcəklər?

Çünki Mircavad bütün zamanları özündə birləşdirə bilən sənətkarlardan idi. Bayaq da qeyd etdiyimiz kimi onun rəngkarlıq əsərlərinə baxanda düşünürsən ki, o, hansısa Zamandan, dünyadan ayrılıb gəlmiş bir varlıqdır. Dünyanın insanlara məlum olmayan məqamları sanki Mircavadın ruhunda, yaddaşında üzə çıxırdı. Bu yaddaş sahibinin yaşadığı real dünya isə rəssamın üzünə yalnız ömrünün son illərində xoş baxdı. Böyük qırğız yazıçısı Çingiz Aytmatovla Bakıda görüşü onun yaradıcılığının tanınması və dəyərləndirilməsində böyük rol oynadı. Bu məqamda rəssamın əsərlərini vaxtında qiymətləndirən və onu geniş ictimaiyyətə tanıtmasında bəlli işlər görən Xalq Yazıçısı Anarın əvəzsiz xidmətini qeyd etməmək günah olardı.

Sovet sisteminin buzu yavaş-yavaş əridikcə rəssamın əsərləri də dünya işığına çıxırdı. Təşkil olunan fərdi sərgilər təbii ki, onun həyatının rifahına və ən əsası sənətinin nümayişinə gətirib çıxarırdı. Lakin bu da çox uzun sürmədi, sanki beynində dolaşdığı hansısa dünya və ya zaman ondan intiqam alırdı. Bu isə rəssamın beyninin getdikcə çürüməsinə səbəb olurdu. Əlbəttə, bütün bu ağrılarla rəssamla bərabər onun ömür-gün, sənət yoldaşı Lyubov Mircavadova da mübarizə aparırdı. Ümumiyyətlə, Mircavadın həyatının ən çətin günlərində həyat yoldaşı ona böyük dayaq olub. Həyatın çətin sınaqlarından çıxan hər iki rəssam Avropaya üz tutub ölümlə «dil tapmağa» çalışsalar da, alın yazısını dəyişmək mümkün deyildi. Kopenhagen – Moskva qatarında dünyasını dəyişən Mircavad çətinliklərlə Bakıya gətirilib səssiz-səmirsiz torpağa tapşırıldı. Qəribədir ki, həyatdan nakam getmiş rəssam qardaşı Tofiq Cavadov da Moskva qatarında relysin altına düşüb həlak olmuşdu. Həyatda, yaradıcılıqda fərqlənən qardaşların son məqamlarının oxşarlığının görəsən, bir izahı varmı?

«…Rəssama uzun ömür lazımdır – bu isə absurddur. Çünki rəssam hər əsəri ilə öz ömrünü xırıd edir. Rəssam öz ömrünü xərcləyə-xərcləyə öz rəsmlərində yaşamağa başlayır. Özü yana-yana ətrafa işıq saçır…» – Mircavad bu cür düşünürdü və Azərbaycan da daxil olmaqla dünyanın bir çox məkanlarında onun əsərləri tamaşçısını həmişəki kimi düşündürməkdədir.

 

 

Ülviyyə Heydərova

 

Pəncərə mədəniyyətə baxış: jurnal.- 2010.- ¹23.- S. 25-31