Elmi tədqiqat işlərində İKT-nin
tətbiqi
Elmi sahələrdə informasiyalaşdırma, kompyuter, telekommunikasiya texnologiyalarının eləcə də, müasir informasiya sistemlərinin tətbiqi yeni keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını, eyni zamanda istifadəsini təmin edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkişaf tempinin düşməsinə apara bilər. Bunun qarşısını isə yalnız ən yeni İKT-dən istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar. Hazırda Azərbaycanda elmi tədqiqat işlərinin (ETİ) informasiyalaşdırılması, elektron nəşrlər, bir çox elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri kompyuterləşdirilmiş və internetə qoşulmuşdur.
Bununla belə, mütəxəssislər hesab edirlər ki, informasiya resursları elektronlaşdırılmalı, müasir informasiya resurslarından alim və mütəxəssislərə sərbəst istifadə imkanı yaradılmalı, rəqəmli kitabxanalar şəbəkəsi formalaşdırılmalı, elmi informasiyalar ümumiləşdirilməlidir. Eyni zamanda, informasiya mərkəzləri və fondları arasında səmərəli əlaqənin qurulması təmin edilməlidir. Ekspertlərin qənaətincə, elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi də əsas predmet kimi götürülməlidir.
İKT-nin iqtisadiyyatda tətbiqi son dövrlərdə geniş vüsət alıb. Zaman keçdikcə, İKT ilə iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır. Əvvəla İKT iqtisadiyyatda tətbiq olunaraq onun inkişafına təkan verir və iqtisadi informatika yaranır.
Bundan başqa, müasir informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır. Bunlarla yanaşı, iqtisadiyyat özü informasiya texnologiyalarına təsir edir, onu öyrənir, ona iqtisadi obyekt kimi baxır.
Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.
Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci - kitab çapının, üçüncu - elektrikin, teleqrafın, telefonun, radio-televiziyanın, dördüncü - mikroprosessorların, fərdi kompyuterlərin, internetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı kənd təsərrüfatı, sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayır. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur.
Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri kompyuter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa, bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.
Azərbaycanda informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.
Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun yaradılması respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksəkixtisaslı kadrlara olan böyük tələbatdan irəli gəlmişdir. İnstitutda informasiya texnologiyalarının ən aktual problemləri tədqiq edilir, onların Azərbaycan şəraitində istifadəsi imkanları öyrənilir, həmçinin yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.
Hazırda respublikada internet mühitində virtual iş, təhsil, elektron-kommersiya, elektron biznes və s. kimi şəbəkə texnologiyalarının müasir imkanları daim araşdırılır. Respublikada İKT bazarının inkişaf perspektivləri, İC-nin və biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir, mətnlərin avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür. İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və səmərəliliyinin artırılması, veb texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində məqsədyönlü işlər aparılır.
Son illər kompyuter texnikası istehsalı sahəsində məqsədyönlü işlərin həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, internetin inkişafı və s. kimi sahələrdə bir çox iri İKT layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli İKT sərgilərin, forumların, konfransların keçirilməsi, İKT-nin tətbiqi sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı, ümumilikdə informatika və informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini göstərir.
Z.İlqar
Təzadlar .- 2010.- 9 aprel.- S.7.