Orta məktəblərdə İKT-nin rolu

 

Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Hamı razılaşar ki, İKT savadı olmayan şəxsin bu gün dövlət və ya özəl sektorlarda perspektivli iş tapması yalnız təsadüf nəticəsində mümkündür. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin kompyuterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynaya bilər.

Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub.

Artıq təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar əsas hədəflər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilmişdir. Əlamətdar hadisələrdən biri odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə “Təhsildə İKT ili” elan edib və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu işlərdə müxtəlif fondlar, şirkətlər, firmalar da yaxından iştirak edirlər. Məktəblərin İKT avadanlığı, o cümlədən kompyuter, noutbuk, interaktiv lövhələr ilə təchizatı isə hazırda uğurla davam etdirilir.

Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Bu gün pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.

Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. “Müəllim - şagird - dərslik” tədris modelinə kompyuterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompyuterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompyuter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.

Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompyuterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. “Ağıllı” lövhə, həmçinin kompyuterə qoşulan mikroskop, skaner, pəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini “möcüzəli” ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

“Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompyuterdə izləyə bilərlər.

İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Bəzən olur ki, adi dərslərdə suala səhv cavab verən şagird digər uşaqların yanında müəllimin ona etdiyi məzəmmətə ağrılı reaksiya verir və sıxıntı hissləri keçirir. İnteraktiv rejimdə isə müəllim şagirdin etdiyi səhvləri bütün sinifə deyil, onun özünə fərdi qaydada göstərməklə səhvlərin nədən ibarət olduğunu və onları necə düzəltməyi çox aydın başa sala bilər. Belə tədris uşağın özünə inamını artırmaqla bərabər, həm də onda olan psixoloji maneələri və fənn qarşısındakı qorxunu yox edir. Məlumdur ki, birdən-birə ev şəraitindən məktəb mühitinə düşən uşaqların ilk vaxtlar yüksək emosiya dərəcələri ciddi təhsil prosesləri çərçivəsində boğulur. İnteraktiv dərslər belə emosiyaların boşalmasına xidmət etməklə təhsilin motivasiyasını daha da yüksəldir. 1-4-cü sinif şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik olduğunu nəzərə alsaq, onlar üçün keçilən dərslərdə uşaqların görmə, eşitmə duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodların istifadə edilməsi olduqca əhəmiyyətə malikdir. Dərslərin məhz interaktiv rejimdə deyilməsi bu işdə çox faydalı olur. İnformatikanın əsaslarının ibtidai siniflərdə təlimi artıq 3 və 4-cü siniflərdə şagirdlərə mətn redaktorlarında elementar işləri görmək, İnternet şəbəkəsində axtarışlar aparmaq, Power Point proqramında sadə prezentasiyalar yaratmaq imkanı verir.

Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompyuterdə optimal iş rejimi də qurmaq olar. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompyuter qarşısında təhsil alan şagird materialın verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilər. Öz sürət rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompyuter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.

Təhsildə İKT-nin bir faydalı cəhəti də var ki, istedadlı pedaqoqlar kompyuter vasitəsilə öz tədris işlərini və yaradıcılıq fəaliyyətlərinin nəticələrini individuallaşdıra bilirlər. Müəllim standart dərsliklərdə olmayan, özü tərəfindən düşünülmüş maraqlı məsələ və tapşırıqları kompyuterdə prezentasiya şəklində hazırlaya bilər. Pedaqoji praktikada toplanmış təcrübələr əsasında hazırlanmış belə materiallar digər müəllimlər üçün də çox faydalıdır. Yeri gəlmişkən, bu yaxınlarda Təhsil Nazirliyinin həyata keçirdiyi “Elektron təhsil” respublika müsabiqəsi də göstərdi ki, istedadlı müəllimlərin hazırladıqları elektron layihələr, dərsliklər, internet resursları olduqca maraqlı və dəyərlidirlər. http://musabiqe.edu.az/ saytında yerləşdirilmiş bu layihələrin çoxundan tədris zamanı əlavə elektron dərslik kimi istifadə etmək olar.

Təhsil sisteminin informasiyalaşdırılmasında əsas vəzifələrdən biri də ölkə miqyasında müəllimlərin, şagirdlərin, valideynlərin və təhsillə maraqlanan hər bir kəsin mənafeyinə xidmət edən, özündə təhsil-tərbiyə proseslərinin müxtəlif aspektləri barədə məlumatları cəmləşdirən vahid təhsil şəbəkəsinin yaradılması və təhsil müəssisələri arasında operativ informasiya mübadiləsinin təmin edilməsidir.

Bu istiqamətdə hər məktəbin internet saytının yaradılması, həmin saytda məktəb, pedaqoji heyət, oxuyanlar haqqında ətraflı məlumatların yerləşdirilməsi, müəllim, uşaq və valideynlər üçün xüsusi forumların təşkil edilməsi, forumlarda təhsilin aktual problemləri, yeniliklər, təzə kitablar və s. haqqında müzakirələrin aparılması mühüm əhəmiyyətə malikdir. Məktəbin internet saytında dərs planlarının, cədvəllərinin, məktəbdə keçiriləcək tədbirlər barədə məlumatların və soraq xarakterli informasiyaların yerləşdirilməsi də məqsədəuyğundur. Vahid təhsil şəbəkəsinin ümumdünya informasiya məkanına inteqrasiya etdirilməsi isə müəllim və şagirdlərin təhsil üçün faydalı olan dünya internet resurslarına daxil olmasına, virtual kitabxanalardan, fayl arxivlərindən, verilənlər bazasından istifadə etməsinə və xarici təhsil müəssisələri ilə yaxından əlaqə saxlamasına əlverişli şərait yaradacaqdır. Valideynlər təhsil şəbəkəsindən öz uşaqlarının davamiyyəti və müvəffəqiyyəti barədə də operativ informasiya ala biləcəklər.

Bütün bunlardan əlavə, İKT istifadə etməklə təhsildə idarəetməni də xeyli təkmilləşdirmək mümkündür. Administrasiya sistemində tez-tez təkrar olunan əməliyyatları müəyyənləşdirməklə onları avtomatlaşdırmaq olar. Məktəbin informasiya bazasında toplanmış məlumatları analiz etməklə, rəhbərlik tədrisin hansı səviyyədə getdiyini, dərs proseslərinin necə keçdiyini izləyə bilər və çatışmazlıq aşkar etdikdə operativ tədbirlər görməklə onları aradan qaldıra bilər.

Göründüyü kimi İKT-nin təhsil sisteminə səmərəli tətbiq etməklə tədris prosesinə tamamilə yeni ruh, yeni nəfəs vermək, uşaqlar üçün çox cəlbedici, onların maraqlarına hesablanmış sadə və keyfiyyətli yeni təhsil modelini qurmaq olar. Lakin, bütün bunlara nail olmaq göründüyü qədər də asan məsələ deyildir. Bir faktı nəzərə almaq lazımdır ki, bu gün texnoloji avadanlığın sürətlə köhnəlməsi prosesi gedir. Əgər, əvvəllər məktəblərin yalnız kompyuterlə və internetlə təchiz olunması nəzərdə tutulurdusa, bu gün isə artıq söhbət noutbukların, interaktiv lövhələrin alınmasından, simsiz rabitə sistemlərinin qurulmasından gedir. Dünya standartlarına uyğun müasir növ İKT vasitələrinin alınması isə, təbii ki, böyük maliyyə vəsaiti tələb edir.

Bir məsələni də qeyd etmək lazımdır ki, təhsil müəssisələrində mövcud olan texnologiyadan, o cümlədən kompyuter və internetdən səmərəli istifadə olunmaması elektron təhsil quruculuğuna ləngidici təsir göstərir. İKT-nin sağlamlığa zərər vurması, uşaqlarda kompyuter asılılığının əmələ gələ bilməsi barədə cəmiyyətdə mənfi fikirlərin olması, elektron təhsildə bir sıra müəllimlərin öz avtoritetlərinin aşağı düşəcəyindən qorxması, yaşlı müəllim heyətinin kompyuterdə işləməyə az meyilli olması da neqativ amillərdəndir.

Bunlardan əlavə, bəzən məktəblilərin, xüsusən yuxarı sinif şagirdlərinin kompyuterdən istifadə qaydalarını müəllimlərdən daha yaxşı bilməsi dərs zamanı uşaqların əylənməsinə yol aça bilər. Artıq belə problem MDB məktəblərində ortaya çıxır. Məlum olub ki, bəzi məktəblərdə interaktiv rejimdə aparılan tədrislərdə şagirdlər dərslə deyil, bir-birlərinə mesaj göndərməklə, çatlaşmaqla və ya oyun oynamaqla məşğul olurlar. İnformatik savadı aşağı olan müəllimlərin isə şagirdlərin belə “hiylələrindən” xəbəri olmayır. Ona görə də bu gün pedaqoqların Microsoft Windows XP əməliyyat sistemi, MS Office paketi, multimedia, qrafika, dizayn proqramları ilə yaxından tanış olması, interaktiv lövhədə işləmək və internetdən səmərəli istifadə etmək qaydalarını yaxşı bilməsi artıq zamanın tələbidir. Kompyuterin bütün incəliklərinə dərindən bələd olmaq üçün pedaqoqlar dərsdənkənar əlavə vaxt və xeyli enerji sərf etməlidir. Ona görə də onların əməyini hər hansı bir formada stimullaşdıran sistemin olması da məqsədəuyğun olardı.

Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Digər sahələrdə olduğu kimi, İKT sahəsində də regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması balalarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər.

 

 

Vüqar Haqverdiyev

 

Azərbaycan Milli Elmlər Akademiyası

 

Rabitə dünyası.- 2010.- 30 dekabr.- S.8.