Müsahibimiz “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmədovdur

 

M.Məmmədov: ”Aztelekom yeniliklərə hazırlaşır”

 

- “Aztelekom”İB ötən ili hansı maliyyə-iqtisadi göstəricilərlə başa vurdu. Ümumiyyətlə, birliyin göstərdiyi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə hansı səviyyədədir?

- Ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatların iqtisadiyyatın bütün sahələrində real nəticələr verməsi danılmaz faktdır. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan dünyada ən yüksək iqtisadi artım tempinə malik olan ölkəyə çevrilmişdir. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən siyasi kurs nəticəsində mümkün olmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə bu sahədə həyata keçirilən məqsədyönlü fəaliyyətin ölkənin inkişaf prioritetlərinə aid edilməsi İKT-nin inkişafı üçün xüsusilə əlverişli zəmin yaratmış, dinamik inkişafa təkan vermişdir. Rabitə və informasiya texnologiyaları nazirliyinin rəhbərliyi ilə fəaliyyətinin əsas istiqamətlərini rabitə sahəsində normativ sənədlərə, dövlət proqramlarına və tədbirlər planlarına uyğun qurmuş «Aztelekom» İstehsalat Birliyi ənənəsinə sadiq qalmış, 2009-cu ildə rabitənin və informasiya texnologiyalarının inkişafına dəyərli töhfələrini vermişdir.

2009-cu ildə birliyin göstərdiyi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Xidmət həcminin artması bu xidmətlərdən əldə olunan gəlirlərin də artımına öz müsbət təsirini göstərmişdir. Nəticədə dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna cari ildə ödənilmiş vəsaitin məbləği də əvvəlki illərlə müqayisədə xeyli artmışdır.

-Regionlarda rabitə şəbəkəsinin elektronlaşması hansı səviyyədədir? Ümumiyyətlə, informasiya texnologiyalarının inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilir?

-Telekommunikasiya infra-strukturunun təkmilləşdirilməsi, göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə ötən il investisiya layihələrinin maliyyələşdirilməsinə 22 milyon manatdan artıq vəsait yönəldilmişdir. İnvestisiya layihələri 100 minə yaxın nömrə və kanal tutumunu əhatə etmiş, 300 km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 20 minə yaxın abunəçi xətti istismara verilmişdir. Son beş il ərzində isə fiber-optik xətlərin uzunluğu 2 dəfə artaraq 4037 kilometrə çatdırılmış, beynəlxalq TAE fiber-optik kabel sisteminin Azərbaycan seqmentinə birbaşa qoşulan TKQ-lərin sayı təqribən 2 dəfə artırılaraq 54-ə çatdırılmışdır. Bu isə rayon mərkəzi ATS-lərinin 94,7 %-nin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentinə birbaşa qoşulması ilə yüksək keyfiyyətli rəqəmsal giriş-çıxış rabitəsi ilə təmin edilməsi deməkdir.

2009-cu ildə Abşeron rayon telefon şəbəkəsi NGN texnologiyası əsasında yenidən qurulmuş, şəbəkənin tutumu 14508 nömrə və ya 45,5% artırılaraq 46412 nömrəyə çatdırılmış, rayonun Masazır, Novxanı, Fatmayı, Saray ATS-lərinin birləşdirici xətləri fiber-optik kabellər vasitəsilə təşkil olunmuşdur. Xırdalan şəhərində və rayonun kənd yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuş, bununla da rayonda ənənəvi rabitə xidmətləri ilə yanaşı İP TV, İP telefon, «Triply play» və s. multimedia xidmətlərinin və informasiya texnologiyalarının dəstəklədiyi digər yeni xidmətlərin göstərilməsi imkanlığı yaradılmışdır.

Saatlı və Gədəbəy rayonlarının telefon şəbəkələrinin elek-tronlaşması başa çatdırılmışdır. Mərkəzi və kənd ATS-lərinin rekonstruksiyası ilə yanaşı kəndlərdə yeni EATS-lər quraşdırılmış, hər iki rayonda telefon şəbəkəsinin tutumu artırılmışdır. Gədəbəyin Gər-gər, Qaramurad, Qaraməmmədli, Saatlının Əlisoltanlı, Varxankənd, Mustafabəyli, Qaracalar, Qıraqlı kənd ATS-lərinin birləşdirici xətləri fiber-optik kabellər üzərindən təşkil olunmuşdur. Bununla da rayon mərkəzi ATS-ləri tam elektron olan rayon və şəhərlərin sayı 50-yə, telefon şəbəkələri tam elektron olan rayon və şəhərlərin sayı 26-ya çatmışdır.

Nazirliyin ümumi koordina-siyası ilə son 5 ildə “Aztelekom” İstehsalat Birliyi tərəfindən ayrı-ayrı kənd və qəsəbələrdə 226 yeni ATS tikilmiş, 428 ATS rekonstruksiya olunaraq elektron ATS-lərlə əvəz olunmuş, 192 ATS-in tutumu genişləndirilmişdir. ATS-lərin montaj olunmuş tutumları 514 min nömrədən 700 min nömrəni keçmiş (+186 min nömrə və ya 36,2%), telefon abunəçilərinin sayı 468 mindən 632 minə qədər artmışdır (+187 min nəfər və ya 42,0%). ATS-lərin elektronlaşma səviyyəsi 43,0%-dən 82,2%-ə çatdırılmışdır. Ağdam, Füzuli və Cəbrayıl rabitə qovşaqlarının telekommunikasiya şəbəkələrinin bazasında olmaqla birliyin tərkibində eyniadlı telekommunikasiya qovşaqları yaradılmış, bu strukturların normal fəaliyyət göstərməsi təmin edilmişdir.

Təkcə 2009-cu ildə ayrı-ayrı kənd və qəsəbələrdə ümumilikdə 10 min nömrə tutumlu 27 mini ATS və 78 EATS tikilərək istifadəyə verilmiş, istismar olunan analoq tipli 17 ATS rekonstruksiya olunaraq elektron tipli ATS-lərlə əvəz olunmuş, tutumları xeyli artırılmışdır.

Ötən il bir sıra kənd ATS-inin birləşdirici xətləri rəqəmli radio-rele avadanlıqları və HDSL avadanlıqları vasitəsilə təşkil olunmuş, fiber-optik xətlərlə təşkil olunan bağlantılar da nəzərə alınmaqla 70 ATS-in rəqəmli rabitəsi yaradılmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş sıxlaşdırma avadanlıqları istismardan çıxarılmışdır.

Sumqayıt və Gəncə şəhərlərinin, Göyçay rayonunun telefon şəbəkələrinin NGN texnologiyası əsasında yenidən qurulması, Ağsu və Şəmkir rayonlarının telefon şəbəkələrinin, Ağdaş və Biləsuvar rayonlarının mərkəzi ATS-lərinin elektronlaşdırılması layihələrinin icrasına başlanmış, bu məqsədlə müvafiq TKQ-lərlə avadanlıqları istehsal edən şirkətlər arasında müqavilələr bağlanmışdır. Şəmkir və Ağdaşda bu layihələrin reallaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Qəsəbə və kənd ATS-indən 90%-ə qədərində avtonom enerji təchizatı yaradılmışdır.

Bölgələrdə informasiya texnologiyalarının dinamik inkişafına şərait yaradılması məqsədilə bu sahədə tələb olunan infrastruktur resruslarının tariflərində növbəti dəfə endirim aparılmış, 01 yanvar 2009-cu il tarixdən respublika daxilində təşkil olunan kanallardan istifadə tarifləri 16%, şəhərdaxili rəqəmsal kanalların birdəfəlik qoşulma tarifləri 2 dəfə, aylıq istifadə tarifləri isə 6% azaldılmışdır.

-Telefonlaşması çətin olan ərazilərin, o cümlədən yaşayış məntəqələrinin telefonlaşması üçün hansı tədbirlər həyata keçirilir?

-Həyata keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonunda CDMA simsiz telefon şəbəkəsinin yeni baza stansiyası quraşdırılmış, Ağsu, Ağdaş və Ağdam rayonlarının baza stansiyaları vasitəsilə Göyçay və Bərdə rayonlarında, Mingəçevir və Gəncə şəhərlərinin baza stansiyaları vasitəsilə isə Goranboy rayonunda şəbəkənin xidmətləri göstərilməyə başlanmışdır. Hesabat dövrünün sonuna CDMA şəbəkəsinin əhatə dairəsinə daxil olan rayon və şəhərlərin sayı 27-yə çatmış, abunəçilərin sayı 18 mini keçmiş, şəbəkənin xidmətləri respublika əhalisinin 63%-ə qədərinin yaşadığı ərazilərdə təşkil olunmuşdur.

Birlik üzrə 650-dən artıq yaşayış məntəqəsində peyk avadanlıqları istismar olunur. 2009-cu ildə əlavə olaraq 64 ədəd müxtəlif tutumlu mini EATS-lər alınmış, bunlardan birləşdirici xətti FO və KSPP kabelləri olan 5 yaşayış məntəqəsində, 50 ədədi isə peyk avadanlıqları üzərindən verilməklə 50 yaşayış məntəqəsində quraşdırılmaqla istifadəyə verilmişdir. Beləliklə, cari ilin sonuna 103 mini EATS-dən 7 ədədi birləşdirici xətti FO və KSPP kabelləri olan yaşayış məntəqələrində, 87 ədədi mini EATS (ümumi tutumu 3280 N) peyk avadanlığı üzərindən verilməklə işləyir.

Göyçay-Ucar-Zərdab fiber-optik kabel magistralının, Qəbələ TKQ-nin Hacallı kənd ATS-i ilə Ağdaş mərkəzi ATS-i arasında, İsmayıllı mərkəzi EATS-i ilə Qaraməryəm EATS-i arasında, Füzuli rayonunun Horadiz EATS-i ilə Daşburun EATS-i arasında fiber-optik kabel xəttinin tikintisi başa çatdırılmış, bununla da Ucar, Zərdab, Qəbələ İsmayıllı, Füzuli TKQ-lərin mərkəzi ATS-lərinin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa bağlantısı yaradılmışdır. İl ərzində 30-a yaxın kənd ATS-inin şəbəkəyə bağlantısı fiber-optik birləşdirici xətlərlə təşkil olunmuşdur.

Salyan Neftçala arasında 16 portluq rəqəmli radio-rele avadanlığı istismara verilmiş, Gəncə-Daşkəsən arasında istismar olunan radio-rele avadanlığının tutumu 16 porta çatdırılmışdır.

Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən birliyin S-12 beynəlxalq stansiyası üzərindən beynəlxalq istiqamətlərdən respublikaya ötürülən giriş trafikinin müddəti 23,4%, respublikadan beynəlxalq istiqamətlərə ötürülən çıxış trafikinin həcmi isə 3 % artmışdır.

Əvvəlcədən ödənişli beynəlxalq və şəhərlərarası danışıq sisteminin («Tac kart») respublika ərazisində tətbiqinin genişləndirilməsi məqsədilə müvafiq işlər həyata keçirilmişdir. Bakı Tool-a birbaşa və Şirvan ŞATS-a qoşulmuş rayonlarda, Mingəçevir şəhərində istifadəyə verilmiş «Tac kart» sistemi tam təkmilləşdirilmişdir. Beləliklə, «Tac kart» sistemi Bakı şəhərindən başqa respublikanın bütün ərazisində tətbiq edilmişdir.

Peyk avadanlığı üzərindən qoşulmuş mini EATS-lərdə beynəlxalq və şəhərlərarası danışıqların həyata keçirilməsi üçün «İntellektual kommutasiya avadanlığı» və «Danışıqların qeydiyyat sistemi» tətbiq edildikdən sonra şəbəkənin genişləndirilməsi həyata keçirilmişdir.

«Tac kart» sisteminin bazasında yeni «181» xidməti yaradılaraq iyun ayında istismara verilmişdir. «Tac kart» , «181» və internet xidmətlərini özündə birləşdirən «Universal kart sistemi» yaradılmış və 2010-cu ildə tətbiqi planlaşdırılır.

-İnternetin inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilir?

-2009-cu ildə regionlarda informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi artırılmış, cari ildə təqribən 4 minə yaxın yeni istifadəçinin genişzolaqlı internetə qoşulması imkanlığı yaradılmış, Abşeron və Şamaxı rayonlarının NGN şəbəkələri nəzərə alınmaqla genişzolaqlı şəbəkənin ümumi tutumu 5 minə, bu xidmətin təşkil olunduğu şəhərlərin sayı isə 51-yə çatdırılmışdır.

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, xüsusilə respublikanın bölgələrində internetdən istifadə imkanlarının artırılması məqsədilə birinci mərhələdə 01 fevral 2009-cu il tarixdən, ikinci mərhələdə 01 oktyabr 2009-cu il tarixdən genişzolaqlı şəbəkə xidmətlərinin tariflərində endirim aparılmış, iki mərhələnin nəticələrinə görə tariflər orta hesabla 9 dəfə aşağı salınmışdır. Tariflərdə aparılmış endirim bu sahənin daha dinamik inkişafına dəstək vermiş, hesabat dövründə genişzolaqlı şəbəkə xidmətləri istifadəçilərinin sayı 2 dəfə artmışdır.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə 512 kbit/s tutumlu internet kanalı istifadəyə verilmiş, kollecin internet saytı hazırlanmış və saytda müvafiq məlumatların yerləşdirilməsi başa çatdırılmışdır.

Göründüyü kimi birlik tərəfindən çox böyük işlər həyata keçirilmişdir. Ancaq bütün bunlar bizi arxayınlaşdırmır. “Aztelekom”İB daha böyük yeniliklərə hazırlaşır.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 5 fevral.- S.3.