XXI ƏSRİN BÖYÜK QADINI
Həyatda hər
bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə
də kiçik rollar olmur. Öz həyat kitabını
yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin
imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi
həyatının və dünyanın
qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi
təcəssüm etdirir. Kimsənsə, elə də
olmalısan - bax, budur bizim həyatımız. Ona görə
də özgələrin rollarını və
obrazlarını gərək öz üzərinə
götürməyəsən. Çünki sən də,
dünyada yerin də yeganə və bənzərsizdir.
Mehriban Əliyeva
Bəli elə onun
özünün də dünyadakı yeri də, rolu da yeganə
və bənzərsizdir.
Mehriban Əliyeva - Azərbaycanın
Birinci xanımı, millət vəkili, Azərbaycan-Amerika
parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev
Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika
Federasiyasının prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, fəlsəfə elmləri doktoru və 3 gözəl
övladın anası!
Onun təkcə Azərbaycan
üçün deyil, türk dünyası, müsəlman
dünyası və ümumiyyətlə, dünyamız və
insanlıq üçün xidmətlərini göz
önündə canlandıran zaman görürük ki, o, bu
gün türk və müsəlman dünyasının şəriksiz
qadın lideridir.
Bu günlərdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyeva Fransa Respublikası Prezidentinin Sərəncamı
ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi
ilə təltif edilmişdir.
Fransa dövlətinin
başçısı Nikola Sarkozi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi
təbrik məktubunda bu barədə məlumat verərək
bildirmişdir ki, Mehriban xanım Əliyeva bu ali mükafata
Fransaya münasibətdə göstərdiyi xidmətlərinə
və nümayiş etdirdiyi sadiqliyinə görə layiq
görülmüşdür.
Bu xoş xəbəri
dövlətimizin başçısına çatdırmaqdan
məmnun olduğunu bildirən Nikola Sarkozi Prezident İlham Əliyevə
xüsusi hörmət və ehtiramı olduğunu
vurğulamışdır.
Dünyanın məşhur
ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə,
sərkərdələrə verilən “Şərəf
Legionu” ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən
təsis edilmişdir. Fransanın ən yüksək dövlət
mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi
vardır. On bir nəfərdən ibarət çox nüfuzlu
Mükafat Komissiyası ordenə təqdim olunmuş şəxslər
barədə məlumatları araşdırdıqdan sonra onun
təqdim edilməsinə icazə verilir.
Fransa Respublikası və
onun xalqı qarşısında xüsusi xidmətləri olan
şəxslərə verilən “Şərəf Legionu”
ordeninin zabit dərəcəsinə indiyədək
dünyanın bir çox görkəmli insanları layiq
görülmüşlər.
Bu Mehriban Əliyevanın fəaliyyətinə
beynəlxalq aləmdə verilən növbəti yüksək
qiymətin göstəricisidir.
Əslində Mehriban Əliyevanın
həyatı, fəaliyyəti, dünyaya baxışı gənc
qızlar və qadınlar üçün gözəl bir
örnəkdir. O, türk və müsəlman
qadınının bütün dünyada yüksək səviyyədə
tanınması və qəbul edilməsi üçün
yorulmaz bir fədakardır.
2004-cü ildə Azərbaycan
şifahi xalq ədəbiyyatının və musiqi irsinin
qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki
yorulmaz səylərinə görə Mehriban Əliyeva
YUNESKO-nun xoşməramlı səfiri adına layiq
görülüb. Ümumiyyətlə, o, gördüyü
işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı
səfirləri sırasında dayanır. Onun fəaliyyəti
nəticəsində YUNESKO-nun qərargahında böyük
Azərbaycan ziyalılarının yubileyləri qeyd olunur, Azərbaycan
mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər
keçirilir.
O, YUNESKO ilə
yanaşı, həm də müsəlman dünyasını
özündə birləşdirən İslam Konfransı Təşkilatının
ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı
səfiridir və bu vəzifədə də müsəlman
dünyasını layiqincə təmsil edir.
Sivilizasiyalararası dialoq
daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşdırılmasına, təhsilə, həmçinin
islam aləmində görülən işlərə
böyük dəstəyinə görə 2006-cı il
noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri
adına layiq görülmüş Mehriban Əliyevanın 3
il ərzində gördüyü işlər təşkilat
tərəfindən ən yüksək səviyyədə
qiymətləndirilir.
Amerika Birləşmiş
Ştatlarının nüfuzlu “Vaşinqton tayms” qəzetinin
onun haqqında dərc etdirdiyi məqalədə deyilir: “Azərbaycanın
Birinci xanımı Mehriban Əliyeva müsəlman
dünyasındakı qadınlar üçün ən
yaxşı nümunədir”.
O, həm də fəaliyyəti
ilə mədəniyyətlər və sivilizasiyalararası
dialoqa necə nail olmağın yolunu, qadınların bu sahədə
nə qədər böyük rol oynaya biləcəyini də
göstərir. O, Azərbaycan nümunəsində göstərdi
ki, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqa yalnız qarşılıqlı
hörmət və dözümlülüklə nail olmaq olar.
Mehriban Əliyevanın
keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində
gördüyü böyük işlər insanı valeh edir.
Bu sadəcə SEÇİLMİŞLƏRƏ verilən
bir istedad, ağıl və güc sayəsində
mümkündür.
O, həmişə işin
asanından deyil, ən çətinindən
yapışır. O, bütün dünyaya göstərdi ki,
Azərbaycan qızı, yəni türk-müsəlman qızları
öz gözəllikləri və təravətləri ilə
idmanın gimnastika növündə də böyük
uğurlar əldə edə bilərlər.
2002-ci ildə Azərbaycan
Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban Əliyevanın
fəaliyyəti nəticəsində Azərbaycan
qızları qısa zaman ərzində Avropa və dünya
çempionatlarının medallarını qazanmağa və
hər kəsi Azərbaycan bayrağı qarşısında
ayağa qaldırmağa nail oldular.
O, Azərbaycan
qızlarının idmanın bu növündə də ən
böyük uğurlara imza atmağa qadir olduğunu
nümayiş etdirdi. Bu gün gimnastika sahəsində Azərbaycan
qızları əldə etdikləri uğurlarla nəinki
türk və müsəlman dünyasında liderdir, eləcə
də bir çox Avropa və Qərb ölkələrini
arxada qoyurlar. Bu, onun zəhmətinin bəhrəsidir. Bu
böyük uğurların cəmi 7 il ərzində əldə
edildiyini nəzərə alsaq, onun Azərbaycanda
gimnastikanın inkişafında tarixi rol
oynadığını görə bilərik.Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu bu gün dünya miqyasında qəbul
olunan bir təşkilata çevrilib. Fondun bir çox ölkələrdə
(ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Gürcüstan və
s.) nümayəndəlikləri fəaliyyət göstərir
və qurum çoxsaylı layihələri ilə artıq təkcə
Azərbaycanda deyil, onun hüdudlarından kənarda da
böyük işlər görür. O deyir: “Mən insanlara
kömək göstərmək istəyirəm. Konkret problemləri
həll etmək, yardım edə bildikdə sevinc hissi
keçirmək və səndən asılı olmayan səbəblər
üzündən nəsə edə bilmədikdə təəssüflənmək,
qəzavü-qədər, sağalmaz xəstəlik
qarşısında bütün gücsüzlüyünü
dərk edərkən əziyyət çəkmək, xilas
edilmiş bir uşağın təbəssümünü
gördükdə isə bir daha sevinmək istəyirəm.
Bu, mənim seçimimdir”.
Xeyirxahlıq və humanizm,
onun bütün fəaliyyətinin ana xəttini təşkil
edir. Onun rəhbərlik etdiyi fond maddi vəziyyəti
ağır olan minlərlə xəstəni əməliyyat və
müalicə etdirərək yenidən həyata
qayıtmalarına dəstək olmuşdur. O, bu kasıb
insanların müalicə olunaraq sağlamlıqlarına
qovuşmasına dəstək göstərməsindən mənəvi
rahatlıq tapır və öz timsalında bu önəmli ənənələrin
cəmiyyətdə daha da möhkəmlənməsində
böyük rol oynayır.
Yoxsul insanlar daim onun rəhbərlik
etdiyi fondun diqqət və qayğısındadır. Əslində
bu gün Azərbaycan Prezidentindən sonra vətəndaşların
ən çox müraciət etdiyi şəxsin Mehriban Əliyeva
olması insanların ona olan böyük inam, etimad və
sevgisinin göstəricisidir. Bu gün sadə insanlar ona mərhəmət,
xeyirxahlıq və humanizm simvolu kimi baxırlar.
O, müasir Azərbaycanda
ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik
institutunun yenidən formalaşıb inkişaf etməsində
böyük rol oynayır. O, müasir dünyada və
müasir anlamda xeyriyyəçiliyin daha geniş anlam
daşıdığını bəyan etdi və yeni bir məktəbin
əsasını qoydu. Mehriban Əliyeva öz qəlbinin və
vicdanının səsi ilə vəsaitini, qüvvəsini,
vaxtını və enerjisini xeyirxah əməllərə, cəmiyyət
və dünya üçün vacib məsələlərə
təmənnasız sərf edir.
“İnsan öz xeyirxah niyyətlərini,
istəklərini, imkanlarını və qabiliyyətlərini
tətbiq etmək sahəsini həmişə tapa bilər” -
deyən Mehriban Əliyeva cəmiyyətdə bu
düşüncənin əməllərlə daha da möhkəmlənməsi
üçün öz fəaliyyəti ilə nümunə
göstərir.
O, hesab edir ki, hər bir vətəndaş
dövlətinin və cəmiyyətinin inkişafı
üçün təmənnasız kömək etməyi nəinki
bacarmalıdır, bunu özü üçün bir vətəndaşlıq
borcu kimi qəbul etməlidir. “Həmişə öz ləyaqətini
saxlamaq, özünə və prinsiplərinə sadiq olmaq!” O,
bu həyat devizi ilə yaşayır və uğurlar bir-birini
əvəz edir.
Azərbaycanın hansı
bölgəsinə getsəniz, hər kəs Mehriban Əliyevanın
oradan millət vəkili olmasını arzulayır. Millət vəkili
kimi təmsil etdiyi Əzizbəyov rayonu hər gün qurulur,
inkişaf edir. Sadə insanlar bu qədər geniş fəaliyyət
dairəsi olan bir insanın tez-tez onlara baş çəkərək
problemləri, istəkləri ilə maraqlanmasını
yüksək qiymətləndirir və qürur duyurlar.
Çünki onları təmsil edən millət vəkili təkcə
bölgəsi üçün deyil, dövləti və milləti
üçün böyük işlər görən bir
insandır. İnsanlar ona humanizmin simvolu kimi baxırlar.
Qadınlar onu gözəllik
və üslubun etalonu hesab edirlər. O, isə hesab edir ki, əsil
gözəllik insanın xarici gözəlliyi ilə daxili
gözəlliyinin vəhdətindən yaranır.
Onun ən gözəl
xüsusiyyətlərindən biri təvazökarlığıdır.
Bu qədər böyük fəaliyyətə baxmayaraq,
heç bir zaman özü haqqında danışmağı
sevmir. O, öz işi ilə insanların sevgisini qazanır.
O, təkcə Birinci
xanım deyil, həm də Möhtərəm Prezidentimiz
İlham Əliyevin ən yaxın silahdaşıdır. Azərbaycanın
inkişafı, gələcəyi ilə bağlı
mübarizə aparan ən yaxın silahdaşı...
O, Azərbaycanın
köklü bir ailəsinin qızı, birinin isə gəlini
olaraq Vətənə, millətə xidmət
düşüncələrinin hökm sürdüyü bir
mühitdə həyata addımlarını atdı. Babası
məşhur Azərbaycan yazıçısı və alimi
Mir Cəlal Paşayev SSRİ-nin ən ağır dönəmlərində
belə milli düşüncə, milli sevda ruhunu gənclərə
aşılamaq üçün ədəbiyyatdan bir silah kimi
istifadə etmişdir. Ana tərəfdən babası isə məşhur
jurnalist, gözəl ziyalı Nəsir İmanquliyev idi. O, Azərbaycan
Aviasiyasının inkişafında böyük xidmətləri
olan, məşhur alim, Aviasiya Akademiyasının rəhbəri
Arif Paşayevlə, təkcə Azərbaycanda deyil,
keçmiş SSRİ məkanında və dünyada hörmətlə
xatırlanan məşhur ərəbşünas alim Aida
İmanquliyevanın tərbiyəsi ilə böyüyüb.
İkinci böyük və çox önəmli məktəbi
isə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin
ailəsində keçib. Amma o, hər zaman ailəsinin
adını daha da yüksəklərə qaldırdı.
Mükəmməl övlad, mükəmməl gəlin,
mükəmməl həyat yoldaşı, mükəmməl
ana və mükəmməl nənə oldu. Ən əsası
isə o, millətinə və Vətəninə mükəmməl
bir övlad oldu.
Rabitə dünyası.- 2010.- 19 fevral.- S.2.