İTİ-nin İnternet
Şurasının növbəti iclası keçirilib
AMEA İnformasiya
Texnologiyaları İnstitutunun İnternet Şurasının
növbəti iclası keçirilib. İclasda AMEA-nın əsas
binasında yerləşən institutların internetlə təmini,
İTİ-nin yeni İnternet Mərkəzinin istifadəyə
verilməsi istiqamətində görülən işlər,
həmçinin institutda internet xidmətlərinin keyfiyyətinin
artırılması, informasiya təhlükəsizliyinin təmini
üzrə müvafiq tədbirlərin görülməsi,
vahid antivirus sisteminin yaradılması və tətbiqi məsələləri
müzakirə edilib.
İTİ-nin şöbə
müdiri, tex.e.n. Əmiraslan Əliyev AMEA-nın əsas
binasındakı lokal kompyuter şəbəkəsinin yeni
strukturunun, o cümlədən İTİ-nin yeni İnternet Mərkəzinin
istifadəyə verilməsi ilə əlaqədar görülən
işlər haqqında məlumat verdi. İnternet Mərkəzinin
lazımi texniki və digər avadanlıqlarla təchiz
olunduğunu və yaxın günlərdə istifadəyə
veriləcəyini bildirib.
İTİ-nin şöbə
müdiri, tex.e.n. Yadigar İmamverdiyev institutda şəbəkə
monitorinqinin və informasiya təhlükəsizliyinin təmini
istiqamətində görülən işlər haqqında məlumat
verib. DDoS-hücumlar, kompyuter virusları və digər zərərli
proqramlardan mühafizə, konfidensial məlumatların
oğurlanması və onlardan qeyri-qanuni məqsədlər
üçün istifadə, spamlarla mübarizə vasitələrindən
söhbət açaraq, bu kimi problemlərin aradan
qaldırılması üçün tətbiq edilən
qabaqcıl texnologiyaların, müxtəlif proqram təminatlarının
üstünlüklərindən danışıb. Şöbə
müdiri müasir dövrdə informasiya təhlükəsizliyinin
təmini üçün çoxsaylı vasitələrin
mövcud olduğunu bildirərək, xüsusən də
Active Directory sistemindən istifadənin daha məqsədəuyğun
olduğunu qeyd edib. Bu sistemin üstünlükləri
haqqında məlumat verərək, institutun kompyuter şəbəkəsində
Microsoft Active Directory sisteminə keçidin zəruriliyini
vurğulayıb, sistemin əsas funksiyaları, texniki tələbləri
haqqında danışdı. İnformasiya təhlükəsizliyinin
təmini məsələlərinin sistemli şəkildə həll
edilməli olduğunu bildirən Y.İmamverdiyev qeyd edib ki,
müxtəlif mühafizə vasitələri (aparat, proqram,
fiziki, təşkilati və s.) mərkəzləşdirilmiş
şəkildə idarə edilməlidir. O, həmçinin
müxtəlif təşkilatlarda bu kimi proqram təminatlarından
geniş istifadə edildiyini bildirib.
Y.İmamverdiyev müasir
antivirus texnologiyalarının tətbiqi məsələlərinə
də toxunaraq, bu texnologiyaların informasiya təhlükəsizliyinin
təminində mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıb. O, hazırda antivirus proqramlarının
istehsalı ilə 50-yə yaxın şirkətin məşğul
olduğunu bildirərək İT bazarında yüzlərlə
antivirus məhsullarının təklif edildiyini də qeyd edib.
İclasda şəbəkə
administratorunun vəzifələri, zəruri əməliyyat
sistemlərinin tətbiqi, şəbəkə monitorinqinin
keyfiyyət göstəricilərinin artırılması,
korporativ antivirus sisteminin yaradılması ilə bağlı
müvafiq qərarlar qəbul olundu, lazımi
tapşırıqlar verilib.
Rabitə dünyası.- 2010.- 19 fevral.- S.14.