“ELEKTRON NAXÇIVAN-5: NƏTİCƏLƏR
VƏ VƏZİFƏLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ
SİMPOZİUM KEÇİRİLMİŞDİR
Naxçıvan Dövlət
Universitetində (NDU) “Elektron
Naxçıvan-5: Nəticələr və vəzifələr”
mövzusunda beynəlxalq
simpozium keçirilmişdir.
Simpoziumda iştirak etmək
üçün NDU-ya
gələn Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov qonaqlarla görüşmüşdür.
Əvvəlcə WI-FI simsiz kampus internet və video-telefon şəbəkələrinin açılışı
olmuşdur.
Qonaqlar memarlıq və
rəsm sərgilərinə baxmışlar.
Tədbirdə
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
İsa Həbibbəyli universitetin son illərdə
qazandığı uğurlarda informasiya
texnologiyalarının tətbiqinin mühüm rol
oynadığını vurğulamışdır. “Elektron
Naxçıvan” layihəsinin həyata keçirilməsi
NDU-nun beynəlxalq əlaqələrinin daha da inkişaf
etdirilməsində əsas amillərdən birinə
çevrilmişdir.
Sonra NDU
televiziyasının istehsalı olan “Elektron Naxçıvan-
dünyaya pəncərə” sənədli filmi nümayiş
etdirilmişdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov beynəlxalq
simpoziumun bütün iştirakçılarını və
qonaqları salamlayaraq demişdir ki, hər dövrün öz
inkişaf qanunauyğunluqları vardır. XXI əsrin
inkişaf göstəricisi bu və ya digər ölkədə,
regionda informasiya və kommunikasiya texnologiyalarının nə
dərəcədə tətbiq olunması və mənimsənilməsi
dinamikasından çox asılıdır.
Dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərindən sonra ilk xarici səfərinə Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cenevrədə keçirilən informasiya cəmiyyəti üzrə dünya sammitində iştirakla başlaması Azərbaycanda inkişafın üstün istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib faktordur. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin neft sektorundan sonra Azərbaycanda ən prioritet sahə olacağını bəyan edən ölkəmizin rəhbəri demişdir: “İndiki dövrdə Azərbaycanda həyata keçirilən nəhəng enerji layihələri Azərbaycanı bir neft-qaz ölkəsi kimi tanıtmışdır. Azərbaycan etibarlı tərəfdaş kimi, həm iqtisadi, həm texniki, həm də siyasi baxımdan ən çətin enerji layihələrini həyata keçirmək iqtidarında olan ölkə kimi tanınır. Beş-on ildən sonra Azərbaycan dünyada informasiya-kommunikasiya texnologiyaları üzrə qabaqcıl ölkə kimi tanınmalıdır. Bunu etmək üçün bütün imkanlar mövcuddur”.
Ali Məclisin sədri demişdir: “Hörmətli Prezidentimizin qarşıya qoyduğu vəzifələrin uğurlu icrasının nəticəsidir ki, bu gün Azərbaycan regionda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf göstəriciləri baxımından birinci yerdədir. Nəzərə almaq lazımdır ki, ölkəmiz bu göstəriciyə çox qısa zamanda - inkişaf etmiş ölkələrin 50 ilə keçdiyi yolu 10 ilə qət etməklə nail olmuşdur. Azərbaycanda informasiya texnologiyalarının inkişafını xarakterizə edən mühüm göstəricilərdən biri də bu inkişafın təkcə Bakı şəhərini yox, bütün ölkə ərazisini əhatə etməsidir.
Naxçıvan Muxtar Respublikası 20 ildir ki, blokada şəraitində yaşayır. Ancaq buna baxmayaraq, bu gün muxtar respublikada elə bir yaşayış məntəqəsi yoxdur ki, orada sabit rəqəmsal telefon və internet xidmətləri göstərilməsin.
Naxçıvan Muxtar Respublikasında qurulan optik şəbəkələr genişzolaqlı xidmətlərin həyata keçirilməsində mühüm rola malikdir. Naxçıvan şəhərində qurulan Yeni Nəsil Telekommunikasiya sistemi, Təhlükəsiz şəhər, bank-maliyyə, vergi və sosial təminat strukturlarını birləşdirən daxili şəbəkələr, gömrük orqanlarının vahid nəzarət sistemi optik xətlərdən istifadə nəticəsində mümkün olmuşdur.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq tədbirləri də yeni texnologiyalara, o cümlədən kompyuterləşməyə olan tələbatı xeyli artırmışdır. “Elektron Naxçıvan-1” simpoziumundan ötən 5 ildə muxtar respublikada mövcud kompyuterlərin sayı 3 dəfə artaraq 51 mindən çox olmuşdur. Bunun 45 minə yaxını ailələrdə, 6300-dən çoxu isə idarə, təşkilat və təhsil müəssisələrindədir.
Təhsil müəssisələrinin yeni nəsil informasiya texnologiyaları ilə təminatı bir nömrəli vəzifələr sırasındadır. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində 2674 kompyuter, 208 elektron lövhə vardır. Əgər 5 il bundan əvvəl hər 76 şagirdə 1 kompyuter düşürdüsə, bu gün 19 şagirdə 1 kompyuter düşür. Hazırda ümumtəhsil məktəblərində olan kompyuterlərin 74 faizi internetə qoşulmuşdur.
Naxçıvan Dövlət Universiteti informasiya texnologiyalarının tükənməz imkanlarının nümayiş etdirildiyi ali təhsil müəssisələrindəndir. Universitetdə ayrıca informasiya-kommunikasiya laboratoriyası, 3 internet mərkəzi yaradılmış, 400-dən çox kompyuter, 22 elektron lövhə qurulmuş, qlobal şəbəkəyə yeni nəsil simsiz qoşulma təmin olunmuşdur. Bütövlükdə bu gün Naxçıvan Muxtar Respublikasında internetdən istifadə edənlərin sayı 2005-ci illə müqayisədə 12 dəfə artaraq 150 minə çatmışdır. Muxtar respublikanın yaşayış məntəqələrinin 80 faizi isə simsiz internetlə təmin olunmuşdur.
Göründüyü kimi, “Elektron Naxçıvan” proqramının icrasına başlandığı dövrdən ötən müddətdə xeyli iş görülmüşdür. Lakin bunlar nəzərdə tutulan işlərin hamısı deyil. Qarşıda bizi daha mühüm vəzifələr gözləyir”.
Ali Məclisin sədri beynəlxalq simpoziumun bu sahədə konkret istiqamətlər müəyyənləşdirəcəyinə əminliyini ifadə etmiş, simpoziuma işində uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov çıxış edərək, “Elektron Naxçıvan” beynəlxalq simpoziumlarına marağın artmasını sevindirici hal kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, iştirakçıların təmsil olunduğu ölkələrin sayı və coğrafiyası ildən-ilə genişlənir, müzakirə olunan məsələlər isə təkcə respublikamız üçün deyil, həmçinin region ölkələrinin diqqət mərkəzində olan qlobal problemləri əhatə edir. Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının hər yerdə və hərtərəfli tətbiqi uğurla həyata keçirilir. Belə ki, muxtar respublikanın telekommunikasiya şəbəkəsi tamamilə elektronlaşdırılmış, əsas yaşayış ərazisinin 80 faizində CDMA texnologiyası vasitəsilə şəbəkə yaradılmış və bu şəbəkə üzərindən simsiz internet xidməti göstərilir. Muxtar respublikada kompyuterlərdən istifadə faizini ölkə üzrə ən yüksək olduğunu nəzərə alaraq, beynəlxalq aləmdə digər ölkələrə nümunə kimi göstərilən “Xalq kompyuteri” layihəsinin növbəti mərhələsinə məhz Naxçıvanda başlanmasını məqsədəuyğun hesab edirik.
Sonra Mərkəzi
və Şərqi Avropa Şəbəkələndirmə
Assosiasiyasının baş
katibi, professor Gaşek
Qajevski, Ankara Universitetinin
rektoru, professor Camal Taluq, AMEA İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, akademiyanın
müxbir üzvü Rasim Əliquliyev, Qars Qafqaz Universitetinin
rektoru, professor Abamüslüm
Güvən, “SİNAM” şirkətinin
prezidenti Elçin Əliyev, “Xalq kompyuteri” layihəsinin icraçı direktoru Rauf Həsənov çıxış etmişlər.
Simpoziumun gedişində
Koreya Respublikası Çimçan Universitetinin
prezidenti Kanq Sangi, Çin Xalq Respublikasının Sias Beynəlxalq Universitetinin prezidenti Şan Ken, Rusiya Federasiyasının Biznes,
Hüquq və İdarəetmə İnstitutunun
rektoru, iqtisad elmləri doktoru, professor İmran Əkbərov,
Ankara Universitetinin professoru,
doktor Yasəmin Oğuz və başqaları ilə videobağlantılar qurulmuşdur.
Tədbir NDU Konservatoriyasının müəllim
və tələbələrinin
hazırladığı konsert
proqramı ilə başa çatmışdır.
Rabitə dünyası.- 2010.- 2 iyul.- S.2.