Rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasovun Consulting & Business jurnalına müsahibəsi
Əli Abbasov: “Regiondakı “rəqəmli fərqliliyin”
azaldılması həm milli, həm də beynəlxalq əhəmiyyət
kəsb edir”
-Cənab Nazir, ötən
ilin yekunlarına görə, Uğur Milli Mükafatına
layiq görüldünüz. Bu mükafat Sizin
üçün hansı əhəmiyyət kəsb edir?
- Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) olaraq fəaliyyətimizə
verilən qiymət bizim üçün böyük əhəmiyyət
kəsb edir. Bildiyiniz kimi, Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə son illərdə
ölkəmizdə bütün sahələrdə olduğu
kimi rabitə və informasiya texnologiyaları sektorunda da dinamik
inkişaf vardır. Bu inkişaf ilbəil görülən
işlərin sayəsindədir və bu baxımdan 2009-cu il də
maraqlı layihələr və fəaliyyət ilə fərqlənmişdir.
Fəaliyyətimizdə ölkədə informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsinin inkişaf etdirilməsi,
iqtisadiyyatın güclü sahələrindən birinə
çevrilməsi və ümumilikdə ölkə
iqtisadiyyatının və cəmiyyətin inkişafına
aparıcı təsir edə biləcək qüvvə kimi
çıxış etməsi əsasdır. Qeyd edim ki, sahə
üzrə gəlirlərdə özəl sektorun payı
80%-dən yuxarıdır və bu baxımdan Uğur Milli
Mükafatının Təşkilat Komitəsinin RİTN-i
İKT sektorunun inkişafına göstərilən dövlət
dəstəyinə görə mükafata layiq görməsi məhz
bu sahədə görülən işlərin səmərəliliyindən
xəbər verir. Fəaliyyətimizə verilən qiymətə
görə, Consulting & Business jurnalına təşəkkürümüzü
bildiririk.
- Mobil rabitə
bazarının digər iştirakçıları - Azercell və
Bakcell-ə 3G texnologiyalarının tətbiqi
üçün nə vaxt lisenziya veriləcəkdir?
- Qeyd edim ki, mobil rabitənin
telekommunikasiya sektorunda payı yüksəkdir. Bu sahədə
mütəmadi olaraq yeni texnologiyalar tətbiq edilir və xidmət
çeşidləri genişləndirilir. Hazırkı mərhələdə
ölkəmizdə 3-cü nəsil (3G) texnologiya tətbiq
edilməkdədir. Bu texnologiya yeni xidmətlər, mövcud
xidmətlərin keyfiyyətinin və sürətinin
artması ilə xarakterizə olunur.
Ölkəmizdə bu
texnologiyanın tətbiq edilməsi üçün keçən
il müvafiq qanunvericilik bazasının yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli Fərmanı
ilə “3-cü nəsil (3G) mobil rabitə xidmətləri”
xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin siyahısına daxil edilmişdir. Fərmanın
icrası məqsədilə Nazirlər Kabinetinin 10 sentyabr
2009-cu il tarixli Qərarı ilə 3G xidmətlərinə
xüsusi razılıq (lisenziya) verilməsi qaydaları təsdiq
olunmuş və tələblər müəyyənləşdirilmişdir.
Tələb olunan əlavə şərtlər
hazırlanmış və təsdiq edilmişdir. Bununla da
ölkəmizdə yeni texnologiyanın tətbiqi
üçün şərait yaradılmışdır. Qeyd
edim ki, bu şərait bütün operatorlar üçün
eynidir və qanunvericilikdən irəli gələn
bütün tələblərə riayət edən operatorlar
bu xidmətin göstərilməsi üçün xüsusi
razılıq əldə edə bilərlər.
Artıq bir operator belə
xüsusi razılıq almışdır və 2009-cu ilin
dekabrında xidmətlər göstərməyə
başlamışdır. Digər operatorlar da lisenziya almaq
imkanına malikdirlər və mövcud qaydalarda, şərtlərdə
tələb olunan sənədlər tam təqdim edildikdə,
onlar da mövcud qanunvericiliyə uyğun qaydada xüsusi
razılıq (lisenziya) əldə edə bilərlər.
- Telekommunikasiya sektorunda
baş verən inkişaf Sizi qane edirmi?
- Bildiyiniz kimi 2009-cu il
dünyada maliyyə böhranı ili olmuşdur. Son illər ərzində
respublikamızda yaradılmış dayanıqlı iqtisadi-maliyyə
mühiti İKT və poçt sektorunun dünyada hökm
sürən maliyyə böhranından
sığortalanmasını təmin etmiş və davamlı
inkişaf üçün əlverişli zəmin
yaratmışdır.
Son 5 ildə İKT sahəsi
üzrə orta hesabla 32-35% artım müşahidə olunur,
2009-cu ildə isə bu göstərici 13.6% təşkil
etmişdir. Telekommunikasiya sahəsini ayrıca
götürdükdə isə son illərdə orta artım
tempi ümumilikdə 15.4%, mobil sektorda isə 11% olmuşdur.
İldən-ilə İKT və poçt sektorunun ölkə
iqtisadiyyatındakı payı da artmaqdadır və 2009-cu ilin
göstəricilərinə əsasən ölkə ÜDM-də
sektorun payı 1.6%-dən 2%-ə, qeyri-neft ÜDM-dəki
payı isə 4.2%-dən 4.4%-ə yüksəlmişdir.
Təbii ki, əldə olunan
yüksək göstəricilər İKT infrastrukturunun
inkişaf etdirilməsi sayəsində baş vermişdir. Son
5 il ərzində sabit şəbəkənin tutumu 50%
artırılmış, şəbəkənin rəqəmli
texnologiyalar əsasında qurulma səviyyəsi 87,1%-ə,
habelə 100 nəfərə düşən sabit şəbəkə
abunəçilərinin sayı 13-dən 16-ya, 100 ailəyə
düşən abunəçilərin sayı isə 56-dan
66,4-ə çatdırılmışdır.
Mobil abunəçilərin
sayı 2009-cu ildə 7.7 mln. nəfərə yüksəlmişdir
ki, bu da hər 100 nəfərə 86,2 mobil abunəçinin
düşməsi deməkdir. Bu rəqəmlər
telekommunikasiya sektorunda görülən səmərəli
işlərdən xəbər verir.
- İnternet və mobil rabitə
sahəsində tariflərin mütəmadi azaldılmasının
şahidi oluruq. Ancaq bir çox xarici dövlətlərlə
müqayisədə ölkəmizdə mövcud olan tariflər
yenə də yüksəkdir. Bu sahədə “inqilabi dəyişikliklər”
gözləyə bilərik?
- Tarif məsələsi
nazirlik tərəfindən həyata keçirilən tənzimləmə
siyasətinin tərkib hissələrindəndir və bu
baxımdan daim diqqətdə saxlanılır. Onların dəyişdirilməsinə,
xüsusən də azaldılmasına müvafiq şərait
yarandıqda mütəmadi olaraq bu məsələyə
baxılır. 2009-cu ildə Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası ilin əvvəlindən respublika
daxilində təşkil olunan rəqəmsal rabitə
kanallarının qoşulma və aylıq istifadə
haqlarının aşağı endirilməsi barədə qərar
qəbul etmişdir. Beləliklə, 2009-cu ildə 2 dəfə
(fevral və oktyabr aylarında) internetin tariflərinə yenidən
baxılaraq, qiymətlərin əhəmiyyətli dərəcədə
aşağı endirilmişdir. Aparılmış qiymət dəyişikliyi
nəticəsində 2009-cu ildə genişzolaqlı internet
qoşulmalarının qiyməti orta hesabla 6-7 dəfə
azalmışdır. Bunun sayəsində indi ölkəmizdə
internetin qiyməti region ölkələri səviyyəsindədir.
Lakin nəzərə almaq lazımdır ki, bu qiymətlər
iqtisadi və obyektiv amillərdən formalaşır, yəni
onların süni surətdə azaldılması sahənin
inkişafına ciddi əks-təsir edə bilər.
İqtisadi amillər dedikdə, əsasən istifadəçi
sayı, istifadə həcmi, qlobal internetə
çıxış tutumu və onun qiyməti, internet xidmət
provayderlərinin sayı, rəqabətlilik şəraiti, xidmətlərin
göstərilməsinə ölkədaxili xərclər qeyd
edilə bilər. Obyektiv amillərə isə əsasən
ölkənin qlobal İnternet məkanına
çıxış imkanı və bu məsafənin
uzunluğu, informasiya resurslarının mövcudluğu,
istifadəçi tələbatı və
hazırlığını aid etmək olar.
Respublikamızda tətbiq
olunan mobil telefon danışığı tarifləri əsasən
mobil operatorlar tərəfindən bazara uyğun olaraq sərbəst
şəkildə müəyyənləşdirilir.
Lakin “Telekommunikasiya
haqqında” Qanun qüvvəyə mindikdən sonra, qanunun
icrası ilə əlaqədar bütün telekommunikasiya
operatorları, o cümlədən mobil operatorlar arasında
uzun müddət həll edilməmiş qalan məsələ
- arabağlantı müqavilələrinin bağlanması təmin
edilmiş və telefon trafikinin (zənglərin) şəbəkələrarası
mübadiləsi üzrə qarşılıqlı
hesablaşma qiymətləri RİTN tərəfindən
aşağı salınaraq təsdiq edilmişdir. Bunun nəticəsində
də operatorlar tərəfindən tariflərə müəyyən
qədər endirimlər edilmişdir. Bundan sonra da qiymətlərin
endirilməsi üzrə tarif siyasəti davam etdiriləcək.
- Dövlət dəstəyi
ilə bir neçə uğurlu layihə həyata
keçirilir. Bunların sırasına “Elektron Azərbaycan”,
“Xalq kompyuteri” və başqaları daxildir. Bu qəbildən
olan yeni layihələrin başlanması planlaşdırılır?
Məlumdur ki, Avrasiya regionu
İKT infrastrukturunun qeyri-bərabər paylanması, beynəlxalq
qoşulmalardakı zəif təchizat, genişzolaqlı xidmətlərin
yayılmasının aşağı səviyyəsi və
yüksək tranzit qiymətlərinin olması mövcud olan
qlobal “rəqəmli fərqliliyə” əyani nümunədir.
Bu baxımdan, regiondakı “rəqəmli fərqliliyin”
azaldılması həm milli, həm də beynəlxalq əhəmiyyət
kəsb edir.
Azərbaycanda İKT sahəsində
həyata keçirilən fəaliyyət daxili tələbatı
ödəmək, milli məqsədləri təmin etmək
xarakteri daşısa da, ölkəmizin regionda tutduğu
coğrafi məkan, qazandığı nüfuz və
iqtisadi-siyasi potensialı imkan verir ki, regional və beynəlxalq
mahiyyətli layihələri həyata keçirsin.
Bu layihələrdən biri,
özündə beynəlxalq İT Universitetini, Qabaqcıl
Texnoloji Təlimlər İnstitutunu, Regional Data Mərkəzinin
yaradılmasını ehtiva edən İKT bazarının
inkişafına xidmət edə biləcək Regional
İnnovasiya Zonasının yaradılması təşəbbüsüdür.
Digəri isə, Avrasiya
ölkələri arasında “Trans-Avrasiya Super İnformasiya
Magistralı”nın yaradılması təşəbbüsüdür.
Bu magistral İKT-nin çox yüksək inkişafına
malik olan iki nəhəng regionu - Qərbi Avropanı və
Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək
magistral üzərində yerləşən, qonşu olan və
qeyd olunan regionlarla müqayisədə zəif inkişaf
etmiş, təxminən 20 ölkəni əhatə edəcəkdir.
Sevindirici haldır ki, Azərbaycan hökumətinin təşəbbüsü
ilə reallaşması nəzərdə tutulan bu layihə
beynəlxalq səviyyədə dəstəklənir. BMT-nin
Baş Assambleyasının 64-cü sessiyasının
A/RES/64/186 nömrəli qətnaməsi ilə “TASİM” layihəsinin
dəstəklənməsi də layihənin gələcək
perspektivlərindən xəbər verir.
Üçüncü iri
layihə isə Azərbaycanın milli telekommunikasiya peykinin
orbitə çıxarılması ilə əlaqədardır.
Avrasiya regionunda telekommunikasiya xidmətlərinə olan tələbatın
artması regionun telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi,
trafik mübadiləsinin genişləndirilməsi və
ölkəmizin bu sahədəki maraqları Azərbaycanın
telekommunikasiya peykinin orbitə çıxarılmasını
şərtləndirir.
- Azərbaycanda ən müasir
texnologiyaların tətbiqi ilə bağlı hansı
planlarınız var?
- Son illər əksər
dünya ölkələrində olduğu kimi, Azərbaycanda
da İKT sektoru çox böyük sürətlə
inkişaf edir, istifadəçilərin daim artan tələbatlarına
uyğun olaraq ən yeni texnologiyalardan və müasir xidmət
növlərindən istifadə edilməsinə şərait
yaradılır.
İndiyədək telefon
rabitəsi vasitəsilə yalnız səsin
ötürülməsi ilə kifayətlənən istifadəçilər,
artıq bir telefon cihazı vasitəsilə genişzolaqlı
internet xidmətlərindən, videogörüntünün
ötürülməsindən, televiziya kanallarının izlənməsindən,
elektron poçt və s. xidmətlərdən istifadə etmək
istəyirlər. Texnologiyaların konvergensiyası, yəni
bir-biri ilə qarışması nəticəsində daha
yüksək keyfiyyətli xidmətlərin göstərilməsi
üçün yeni-yeni imkanlar meydana çıxır.
Bu istiqamətdə son illərdə
həm nazirlik, həm də ölkədə fəaliyyət
göstərən telekommunikasiya operatorları, internet
provayderlər tərəfindən müəyyən işlər
görülmüşdür. Mobil telefon xidmətləri də
respublikamızda daim təkmilləşir və bu xidmətlərdən
istifadə edənlərin sayı gündən-günə
çoxalır. Respublikada artıq mobil rabitə
texnologiyasının üçüncü nəslinin (3G) tətbiqinə
başlanmışdır. Genişzolaqlı internet xidmətlərin
göstərilməsi genişlənməkdədir və bunun
üçün həm adi, həm simsiz texnologiyalar tətbiq
edilir. Artıq Bakı şəhəri və Abşeron
yarımadasında WiMax şəbəkəsi qurularaq əhalinin
istifadəsinə verilmişdir. Rəqəmli televiziya
yayımının tətbiq edilməsi üçün
hazırlıq işləri aparılır və Bakı şəhərinin
ərazisində sınaq olaraq 10 televiziya kanalının rəqəmli
şəkildə ötürülməsi təmin edilir.
Ümumilikdə qeyd etmək
olar ki, ən qabaqcıl texnologiyalar ölkəmizdə tətbiq
edilməkdədir və bu gələcək inkişaf
üçün əsasdır.
Rabitə dünyası.- 2010.- 2
iyul.- S.3.