Regionlarda İKT sürətlə inkişaf edir

 

Xaçmaz rabitəsi

 

Bölgələrdə rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında növbəti yazımız Xaçmazdandır. Xaçmaz Azərbaycanda coğrafi və təbii şəraiti ilə fərqlənir. Dünyanın çox az yerində tapmaq olar ki, bir tərəfdə gözəl dağlar, dağların başında qar, aşağıda bir neçə fəsildən nişanələr olan gözəl meşə və bu meşənin isə bir tərəfdən mavi dənizlə birləşməsi. Bu nadir hadisədir. Ölkə başçısı İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrinin, eyni zamanda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin köməkliyi ilə rayonda informasiya və kommunikasiya texnologiyaları, o cümlədən poçt rabitəsi sahəsi yüksək səviyyədə inkişaf etmişdir. Bunun nəticəsi olaraq çəkinmədən deyə bilərik ki, rayonlar sırasında telekommunikasiya və poçt sektorunun inkişafına görə Xaçmaz öndə durur.

 

İnformasiya və kommunikasiya texnologiyaları

 

Rayonda informasiya və telekommunikasiyanın inkişafı istiqamətində çox böyük işlər görülüb. Rayon telekommunikasiya qovşağının rəisi Səməd Səfərovun bildirdiyinə görə Xaçmazda bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. RİTN “Aztelekom” İB-nin dəstəyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Xudat şəhərində tutumu 1536 nömrə olan Alcatel şirkətinin S-12 tipli, Hacıəlibəy kəndində 320 nömrəlik, Niyazoba kəndində 128 nömrəlik Karel şirkətinə məxsus elektron ATS-lər tikilərək istifadəyə verilmişdir. Kənd Xudad ərazisində bütün kəndlərə 17,3 km. olan yeni kabel rabitə xətləri çəkilərək istifadəyə verilmişdir. Sovet dövründə belə telefonlaşdırılması mümkün olmayan Suxtakələ və Bəyoba kəndlərinə ümumi uzunluğu 11 km olan rabitə xətləri çəkilmiş və adıçəkilən kəndlər telefonlaşdırılmışdır. Görülmüş işlər nəticəsində il ərzində 628 nəfər abunəçiyə telefon xətti çəkilmişdir.Ötən il rayonun Dədəli və Bostançı kəndlərinin hər birində 1000 nömrəlik avtomatik nömrə təyinedici avadanlıqlar quraşdırılmış və həmin kəndlərin abunəçilərinə avtomatik beynəlxalq və şəhərlərarası rabitə yaratmaq imkanı verilmişdir. Beləliklə, rayonun bütün abunəçiləri avtomatik şəhərlərarası və beynəlxalq yığımla təmin olunmuşdur.

Həyata keçirilmiş tədbirlər nəticəsində rayon rabitə şəbəkəsinin elektronlaşma faizi 83 faizə çatmışdır. CDMA tipli simsiz rabitə şəbəkəsinin əhatə dairəsi demək olar ki, bütün rayon ərazisini əhatə edir. Hal-hazırda bu xidmət üzrə abunəçilərin sayı 700-dən çoxdur.

 

E-Hökumətin qurulması istiqamətində atılan addımlar

 

Xaçmaz TKQ-nin rəisi S.Səfərov bildirdi ki, rayon rabitəçiləri rayonda qlobal informasiya mühitinin elektron hökumət və elektron poçtun yaradılması, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə il ərzində rayon İcra Hakimiyyəti, Polis İdarəsi, Gömrük İdarəsi, Maliyyə İdarəsi, Beynəlxalq Bank, Dövlət Dəmir Yolunun Xaçmaz rayon şöbəsi və s. idarələr ümumi uzunluğu 16,3 km olan FO kabel xətti çəkilərək istifadəyə verilmişdir. Vahid pəncərə sisteminin həyata keçirilməsi məqsədilə Samur və Xanoba sərhəd keçid məntəqələri arasında 26,4 km uzunluğunda optik kabel xətti çəkilmişdir.

 

İnternetin inkişafı

 

Rayonda internet istifadəçilərinin sayı günü-gündən artmaqdadır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının əsas infrastruktur göstəricisi sayılan bu sahənin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, ötən il Delta Telekom şirkəti ilə müqavilə bağlanaraq yüksəksürətli internet avadanlıqları alınaraq quraşdırılmışdır. Bunun nəticəsində il ərzində sürətli internet abunəçilərinin sayı təkcə Xaçmaz şəhərində 28-dən 195-ə qədər artmış və şəhərdə 30 internetklub açılaraq 60 əlavə iş yeri yaradılmışdır. Qeyd edək ki, qovşağın inzibati binasında birinci mərtəbədə də internet klub yerləşir. Dial-up rejimində internetdən istifadə edənlərin sayı isə daha çoxdur. Ümumiyyətlə bu sahədə görülən işlər nəticəsində rayonun daxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 25 faiz artmış, internet xidmətinə görə tariflər 5 dəfə aşağı düşmüşdür. Ötən il ərzində Təhsil Nazirliyi ilə birgə həyata keçirilmiş “Xalq kompyuteri” layihəsi uğurla davam etdirilir. Bu layihənin həyata keçirilməsi nəticəsində hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı təqribən 50 faiz artmışdır. Gələcəkdə kəndlərdə genişzolaqlı internet şəbəkəsinin yaradılması və genişləndirilməsi nəzərdə tutulub.

 

Poçt

 

Birinci poçtamt

 

Xaçmazda yüksək səviyyədə inkişaf edən poçt rabitəsi Azərbaycanın poçt rabitəsinin nümunəsidir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə poçt rabitəsi sahəsində, eləcə də Xaçmaz Regional Poçt Filialında bir çox nailiyyətlər əldə edilmişdir. Filialın rəisi Ənvər Məhyəddinov bizimlə söhbətində bildirdi ki, aparılmış gərgin və məqsədyönlü işlər nəticəsində illik plan və tapşırıqlara 135,1 faiz əməl edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 105.3 min manat əlavə gəlir əldə edilməsi deməkdir. Poçtamt ayrı-ayrı sahələr üzrə ötən ilin müvafiq dövrünə əsasən pul baratlarından 13.1 min manat, qiymətli məktub və bağlamalardan 6.3 min manat, şəhərlərarası danışıq haqlarının yığımından 5.1 min manat, abunə haqlarının yığımından 3.0 min manat, mavi yanacaq haqlarının yığımından 48.0 min manat, enerji haqlarının yığımından 27.0 min manat və s. gəlir əldə edilmişdir. Bu gün Xaçmaz RPF kommunal haqların yığımında çox fəal iştirak edir. Belə ki, hal-hazırda poçtamt tərəfindən ay ərzində 350.0 min manata yaxın təbii qaz haqqı, 340.0 min manata yaxın enerji haqqı, 15.0 min manata yaxın isə içməli su haqqı toplanılır.

Xaçmaz RPF Xaçmaz TKQ ilə əzəli və əbədi işgüzar dostluq şəraitində milli rabitəmizin inkişafı istiqamətində birgə tədbirlər həyata keçirir. Bu isti münasibətlərin nəticəsidir ki, poçtamt tərəfindən ay ərzində şəhərlərarası və beynəlxalq danışıq haqları 85-90 faiz yığılır.

 

Yeni poçt şöbələri

 

Ənvər Məhyəddinov “Azərpoçt” MMC-nin dəstəyi ilə ötən il Yergüc kəndində və şəhər 2 saylı poçt şöbələrinin yeni binaları tikilərək istifadəyə verildiyini bildirmişdir. Hal-hazırda isə Çarxı kəndində tikilən poçt şöbəsində son tamamlanma işləri aparılır. Bu ilin 1-ci rübündə isə Həsənqala kəndində də yeni poçt şöbəsi binasının tikilməsi nəzərdə tutulmuşdur. Bununla da Xaçmazda köhnə tikilmiş poçt şöbəsi binası qalmayacaq. Hazırda Xaçmaz RPF-da və poçt şöbələrində 18 kompyuter, bütün şöbələrdə elektron tərəzi, faks, surətçıxarma aparatı vardır.

Regional Poçt Filialının rəisi daha sonra bildirdi ki, poçtun təhlükəsiz və vaxtında ünvanlara çatdırılması onlar qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, filial tərəfindən balansda olan avtomaşınlar tərəfindən həftədə 5 dəfə, şəhərdə isə 6 dəfə mübadilə həyata keçirilir. Bu sahədə əlavə xərçlərə yol verməmək üçün Xaçmaz və Xudat avtovağzalları ilə poçt şöbələri arasında mübadilənin həyata keçirilməsi üçün müvafiq müqavilə bağlanmışdır. Xaçmaz RPF tərəfindən poçtun vətəndaşlara daha da yaxınlaşdırılması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Yerlərdə poçtun xidmətləri təbliğ edilir, bu xidmətlərdən vətəndaşların faydalanması üçün işlər aparılır. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq poçt rabitəsində mövcud şəbəkə xidmətlərinin poçt, poçt-maliyyə və kommersiya xidmətlərinin yeni formada inkişaf etdirilməsi istiqamətində mərhələli işlər aparılır.

Ötən il ərzində aidiyyatı təşkilatlardan və vətəndaşlardan heç bir şikayət ərizəsi daxil olmamışdır.İl ərzində bütün poçt şöbələrinin hamısının reklam dəsti yeniləri ilə əvəz edilmiş, şöbələrin əksəriyyəti yeni mebel dəstləri ilə təchiz edilmişdir.

 

İl mənfəətlə başa vurulub

 

Bütün göstəricilərinə görə poçtamtlar sırasında həmişə öndə duran Xaçmaz Regional Poçtamtı ötən ili mənfəətlə başa vurmaqla qazandığı titulların heç də təsadüf olmadığını bir daha sübut etdi. Ə.Məhyəddinov bu uğurların əldə olunmasında əməksevər kollektivin göstərdiyi şücaəti xüsusi qeyd etdi. Qazanılan hər uğurda hər bir işçinin əməyi olduğunu bildirən rəis, hər zaman bu kollektivlə fəxr etdiyini qeyd etdi.

Bütün bu uğurlara görə, RİTN-nin “Azərpoçt”MMC-nin Xaçmaz poçt işçilərinə verdiyi qiymətin nəticəsində inzibati şöbənin rəisi Hacı Lətif Nurəhmədov və filalın rəisi Ə.Məhyəddinov nazir Əli Abbasovun müvafiq əmri ilə “Rabitə ustası” fəxri adına layiq görülmüşdür. Rəis bu uğurlarda daha çox fərqlənən işçilərdən Xudat rabitə şöbəsinin rəisi S.Ələkbərovanın, Qımılqışlaq kənd poçt şöbəsinin rəisi M.Mehdiyevin, MPŞ-nin poçtalyonu R.Piriyevanın, kompyuter əməliyyatçısı F.Zeynalovanın, iqtisadçı N.Qurbanovun adlarını xüsusilə qeyd etdi.

Regional poçt filialının rəisi Ə.Məhyəddinov bütün bu diqqət və qayğıya görə, hörmətli nazirimiz Əli Abbasova, “Azərpoçt”MMC-nin baş direktoru Q.Bəybalayevə kollektiv adından öz təşəkkürünü bildirərək bundan sonra da bütün kollektivlə verilən plan və tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün səfərbər olacaqlarını qeyd etdi.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 19 fevral.- S.8.