Regionlarda İKT sürətlə inkişaf edir

 

Şəmkir rabitəsi

 

Azərbaycanın özünəməxsus xüsusiyyətləri ilə seçilən rayonlarından biri də Şəmkirdir. Bu gün Şəmkirdə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün istiqamətlərdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində dinamik inkişaf müşahidə olunur. Ölkə rəhbərinin siyasətinə uyğun olaraq icra hakimiyyətinin apardığı quruculuq, təmir və yenidənqurma işləri bu gün Şəmkirin yeni simasını ortaya qoymuşdur. Rayonda rabitə və informasiya texnologiyaları sektorunda aparılan işləri xüsusi vurğulamaq olar.

 

İnformasiya və kommunikasiya texnologiyaları

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom”İB-nin dəstəyi ilə Şəmkirdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Şəmkir TKQ-nin rəisi Cavanşir Yusifovun bildirdiyinə görə, rayon rabitə şəbəkəsinin tamamilə elektronlaşdırılması istiqamətində ən böyük uğurlara imza atılmışdır. Belə ki, hazırda rayon mərkəzində S-12 tipli Alkatel şirkətinə məxsus 7504 nömrə tutumlu yeni elektron stansiya qurulmuşdur. Qeyd edək ki, əvvəllər mərkəzdə 6000 nömrə tutumlu analoq stansiya mövcud idi. Bundan başqa, burada 636 nömrədən ibarət KAREL şirkətinə məxsus elektron ATS mövcud idi.

Rayonda internetə tələbat çox böyükdür. Hal hazırda dial-up rejimi ilə internetdən istifadə edənlər çoxluq təşkil edir. Bundan başqa qovşaq tərəfindən genişzolaqlı internet xidmətlərinin istifadəçilərinin sayı artmaqdadır. Hazırda qovşaq üzrə 64 ADSL istifadəçisi var. Tələbatı nəzərə alan qovşaq geniş zolaqlı internet xidmətini daha 48 port artırmışdır. Hal-hazırda rayon üzrə 100-ə yaxın internet klub mövcuddur ki, burada gənclər öz asudə vaxtlarından səmərəli istifadə edə bilirlər.

C.Yusifov daha sonra bildirdi ki, “Aztelekom” İB-nin böyük dəstəyi sayəsində rayonda kəndlərdə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində böyük işlər görülmüşdür. Hal-hazırda rayonda 28 kənd ATS-i mövcuddur. Aparılmış gərgin və məqsədyönlü işlər nəticəsində Çaparlı kəndində 128, Dəllər-cırdaxan 256, Çənlibel 408, Qasımallar 256, Zəyəm qəsəbəsində 512 nömrə tutumlu elektron ATS-lər quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Tatar, İrmaşlı, Dəllər-Cəyir, Əliyaqublu, Plankənd, Sabirkənd kəndlərində elektron ATS-lər quraşdırılacaq otaqlar tam təmir olunaraq avadanlıqların quraşdırılması işləri aparılır. Bu kəndlərdə əhaliyə yüksək səviyyədə rabitə xidmətləri göstərmək üçün xətt təsərrüfatında da böyük işlər görülmüşdür. Şiştəpə, Əliyaqublu, Muxtariyyə, Plankənd, Təzəkənd kəndlərinin birləşdirici xətləri FO-24 tipli optik kabellə təmin edilmişdir ki, bu da kəndlərin daha mükəmməl rabitə xidmətləri ilə təmin edilməsi deməkdir. Buna qədər isə rayon üzrə Düyərli, Seyidli və Çinarlı kəndlərinin birləşdirici xətləri optik kabellərlə olmuşdur. Hazırda Şəmkirdə 1000 nömrə tutumlu CDMA stansiyası da mövcuddur. Rayonun 85 faizini əhatə edən CDMA rabitəsinin 668 abunəçisi var.

Cavanşir müəllim sözünə davam edərək bildirdi ki, qovşaq debitor borcların yığılması istiqamətində çox ciddi işlər aparır. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq Şəmkir TKQ 01.01.2009-cu ildən 01.01.2010-cu il tarixə ilin əvvəli ilə müqayisədə debitor borcu 9.8 min manat azalmışdır.

Şəhərdə hava rabitə xətlərinin təmiri, onların günün tələbləri səviyyəsinə gətirilməsi istiqamətində işlər aparılır. Şəhərdə demək olar ki, bütün hava rabitə xətləri kabel kanalizasiya quyusu vasitəsilə aparılıb.

Əhalinin telefona olan tələbatının ödənilməsi, onları narahat edən problemlərin daha operativ şəkildə həlli üçün Şəmkir TKQ yeni kənd stansiyalarında abunə şöbələri yaratmağı qarşıya məqsəd qoyub. Bu barədə danışan C.Yusifov rabitəni əhaliyə bir qədər də yaxın etmək üçün onlar bu addımı ən optimal variant hesab etdiklərini bildirdi.

Məlumdur ki, illər öncə Şəmkir TKQ tamamilə geridə qalmış qovşaqlar sırasında idi. Rayonun kənd rabitəsindən isə danışmağa dəyməzdi. Artıq o günlər çox keçmişdə qalıb. İndi Şəmkir TKQ-da C.Yüsifovun rəhbərliyi altında inadkar bir kollektiv formalaşıb ki, bu kollektivlə istənilən bir layihəni həyata keçirmək olar. Qovşaq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ilin əvvəlindən 679 ədəd telefon xətti çəkilərək yeni abunəçilərin istifadəsinə verilmişdir. C.Yusifov kollektiv adından bu işləri həyata keçirməkdə onlara böyük dəstək olmuş RİTN “Aztelekom” İB-yə böyük minnətdarlığını bildirir.

Şəmkirdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə yanaşı “Azərpoçt” MMC-nin dəstəyi ilə poçt rabitəsi sahəsi sürətlə inkişaf edir. Şəmkir Poçtamtının qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər sıralanmaqdadır. Yuxarıda qeyd etdiyimiz kimi Şəmkir poçtamtı ili mənfəətlə başa vuran iki poçtamtdan biridir. “Azərpoçt” MMC-nin baş direktoru Q.Bəybalayevin müvafiq əmri ilə 2009-cu ilin yekunlarına görə Şəmkir PF-nin maliyyə və istismar sahəsindəki yaxşı işi qeyd edilmişdir.

Poçtamtın rəisi Vilayət Cabbarov bizimlə söhbətində bildirdi ki, poçtamt 38 poçt şöbəsi vasitəsilə əhaliyə, müəssisə və təşkilatlara, o cümlədə hərbi hissələrə bütün poçt rabitəsi xidmətləri göstərirlər. Rayonda kommunal xidmət haqları - işıq və qaz pulları tamamilə poçtamt tərəfindən yığılır. Bundan əlavə, ötən il ərzində proqnoz tapşırıq 184 900 manata qarşı 226 997 manat yerinə yetirilmişdir ki, bu, tapşırığın 123.7 faiz yerinə yetirilməsi deməkdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz çoxdur. Rəis 2009-cu ilin plan və tapşırıqlarının oktyabr ayında icra edildiyini dedi. 2009-cu ilin dekabr ayında Şəmkir PF-dan 296 bağlama göndərilmişdir ki, bu da 2008-ci ilin dekabr ayı ilə müqayisədə 117 ədəd çoxdur. Ölkəmizdə əhalinin poçt rabitəsinə inamı günü-gündən artmaqdadır. Rayonda maniqramların qəbulu sahəsində də böyük irəliləyişlər var. Göndəricidən qəbul edilən maniqramın dərhal kompyuterə işlənməsi ilə anındaca qarşı tərəfin bunu alması əhalinin böyük marağına səbəb olmuşdur. V.Cabbarov bununla bağlı telekanallarda reklam roliklərinin verilməsi sayəsində böyük irəliləyişlərin əldə olunduğunun xüsusi vurğuladı. Şəmkir PF-ya hər gün 20-yə yaxın bağlama gəlir. Poçtamtın işini günün tələbləri səviyyəsində qurmasının nəticəsidir ki, daxil olan poçt göndərişləri həmin gün ünvanlarına çatdırılır. Şəmkir PF-nin Şəmkir TKQ ilə münasibətləri yüksələn xətlə davam edir. Şəmkir PF cari şəhərlərarası və beynəlxalq danışıq haqlarını hər ay 98-100 faiz yığmağa nail olurlar. Bu göstəricisinə görə də Şəmkir PF poçtamtlar sırasında birinci üçlükdədir.

Ötən il Qaracəmilli, Yeni Göyçə, Aşağı Seyfəlli kəndlərində əhalinin tələbatına uyğun olaraq müasir poçt şöbələri tikilərək istifadəyə verilmişdir. Yaxın günlərdə Q.İsmayılov və Yuxarı Seyfəlli kəndlərində də yeni poçt şöbələri istifadəyə veriləcək. Poçt şöbələri müasir avadanlıqlarla təmin edilmişdir.

Şəmkir PF kənd poçt şöbələri ilə 5 gün, şəhər şöbələri ilə 6 gün, hərbi hissə olan kənd poçt şöbələri ilə isə hər gün poçt mübadiləsi həyata keçirir. Rayonun mübadiləsi Gəncə-Qazax magistralının kənarında yerləşən İpək yolu poçt şöbəsi vasitəsilə həyata keçirilir.

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış “Maliyyə xidmətlərinin inkişafı layihəsi”nə uyğun olaraq rayonda bu sahədə xeyli iş görülmüşdür. Artıq rayonun qəsəbə poçt şöbələrinin timsalında icmal poçt şöbələri yaradılmışdır. Muxtariyyə, Düyərli kənd poçt şöbələrinin də bu təyinatlı poçt şöbələri olacaq. Şəmkir TKQ tərəfindən kənd və qəsəbələrin elektron ATS-lərinin birləşdirici xətlərinin optik kabellə təmin olunması həmin kəndlərin poçt şöbələrinin də kompyuterləşdirilməsinə imkan yaradacaq ki, bu da layihənin Şəmkirdə uğurla tətbiqinə şərait yaradacaq. Artıq yeddi aydır ki, “Colvir” sistemi tətbiq olunub ki, pul köçürmələri də bu sistemlə həyata keçirilir.

Filial rəisi V.Cabbarov qazanılan uğurlar, əldə olunan nailiyyətlərdə kollektivin əməyini xüsusi vurğuladı. O, Kürqəsəbə, Mehirli, Könüllü, Şiştəpə poçt şöbələrinin adlarını xüsusi vurğuladı. Filial rəisi şöbə rəislərinin tək işləməlinə baxmayaraq bütün işləri yerində və yüksək səviyyədə icra etdiklərini bildirdi. Rayonun 27 kəndi qazlaşdırılıb. Həmin kəndlərdə də qaz haqlarının poçt şöbələri tərəfindən yığıldığını bildirdi. Rəis əməksevər kollektivin sayəsində ard-arda uğurlar estafetini davam etdirdiklərini qeyd edərək bu uğurların davamlı olacaqlarına inandıqlarını bildirdi. “2010-cu ilin yanvar ayını 2009-cu ilin müvafiq dövrü ilə müqayisə etdikdə gəlirlərimizin 15 faiz artıq olduğunu görə bilərik” - deyən rəis, onları qarşıda daha böyük uğurlar gözlədiyini əminliklə bildirdi.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 5 mart.- S.5.