12 noyabr - Azərbaycan
Respublikasının Konstitusiya günüdür
12 noyabr - Azərbaycan
Respublikasının Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də birinci
çağırış Milli Məclisə seçkilərlə
eyni gündə keçirilən ümumxalq referendumunda Azərbaycan
Respublikasının yeni Konstitusiyası qəbul olunub.
Konstitusiyanın
mətni 1995-ci il noyabrın 27-də Milli Məclis tərəfindən təsdiqlənərək qüvvəyə minib. Ümummilli liderimiz Heydər Əliyevin fərmanı
ilə 12 noyabr Konstitusiya günü və rəsmi dövlət
bayramı (qeyri iş günü) elan olunub. 2006-cı ildə
Əmək Məcəlləsinə edilən əlavə və
düzəlişlər nəticəsində Konstitusiya
gününün rəsmi bayram statusu saxlanılsa da, 12 noyabr
iş günü elan edilib.
15
il öncə Azərbaycan Respublikasının Əsas
Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda
müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə
yeni səhifənin açılması idi. Müstəqilliyin
ilk illərindən siyasi çəkişmələr, hakimiyyət
böhranı, qiyam və çevriliş cəhdləri ilə
silkələnən Azərbaycan üçün yeni
Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən
daxili sabitliyin bərqərar olması demək idi.
Yeni Konstitusiya Azərbaycanın
hüquq müstəvisinə də istiqrar və
aydınlıq gətirdi. Çünki
bu sahədə qarışıqlıq vardı.
Sovet dövründən qalan
qanunvericilik bazası, 1991-ci
il oktyabrın 18-də qəbul olunan və
keçid dövr səciyyəsi daşıyan “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”, daha sonra
qəbul edilən konstitusion qanunlar,
onlara edilmiş
çoxsaylı əlavə
və düzəlişlər - 1995-ci ilədək Azərbaycan dövləti belə
hüquqi qarışıqlıq atmosferində
yaşamalı olmuşdu.
Təsadüfi deyil ki,
bu müddətdə ölkədə baş verən dövlət çevrilişi cəhdləri də
nəticə etibarilə Azərbaycanda sabit
olmayan dövlət idarəçiliyini
konstitusion çərçivədən çıxarmağı
hədəfləyirdi. 1995-ci ilin
martında sonuncu qiyam cəhdinin yatırılması Azərbaycanda
qeyri-konstitusion yolla hakimiyyətə gəlmək cəhdlərinə
birdəfəlik son qoymaqla yanaşı, sabit dövlət
quruculuğu prosesini də dönməz etdi.
1995-ci il iyunun
5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə
Konstitusiya komissiyasının ilk iclası
keçirildi. Əsas
Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni
ictimai müzakirəyə çıxarıldı. Bir
neçə ay ərzində mətbuatda bu mövzuda
diskussiyalar getdi, ayrı-ayrı məsələlər, o cümlədən
Konstitusiyada dövlət dilinin adının (Azərbaycan dili)
necə təsbit olunması ilə bağlı geniş
mütəxəssis auditoriyasının iştirakı ilə
toplantılar keçirildi. Son olaraq referendum öncəsi bir
daha toplanan Konstitusiya komissiyası layihənin yekun
variantını razılaşdırıraq onu referenduma
çıxardı.
1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyasının mətnində demokratik inkişaf, hüquqi dövlətçilik, hakimiyyət
bölgüsü, insan haqlarına təminat və s. məsələlərə dair mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətləri əks tapmışdı. Eyni zamanda, bu, Azərbaycanın
müstəqil dövlətçilik tarixinin ilk Əsas Qanunu
oldu.
Məlum olduğu kimi,
1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Konstitusiya qəbul etmək mümkün olmamışdı. Sonrakı
sovetlər dönəmində qəbul edilmiş konstitusiyalar
isə mahiyyət etibarilə müstəqil dövlətçilik
və suveren xalq anlayışlarına uyğun gəlməyən
formal sənədlər idi.
Yeri gəlmişkən, sovet dönəmində Azərbaycanda üst-üstə dörd dəfə Əsas Qanun
qəbul olunub. 1921-ci ildə sovet Azərbaycanının
ilk Konstitusiyası 1-ci Ümum-azərbaycan sovetlər
qurultayında qəbul olunmuşdu. Həmin sənəddə
sosialist Azərbaycanının suveren respublika olması,
deklarativ şəkildə də olsa, qeyd edilmişdi.
1925-ci ildə
Azərbaycan SSR-in yeni Konstitusiyası
qəbul olunanda respublika
“Zaqfederasiya” deyilən qurama
birliyin subyekti idi. 1936-cı ildə SSRİ-də Stalin Konstitusiyasının qəbulu ilə Zaqfederasiya ləğv
olundu, müttəfiq respublikaların
konstitusiyaları isə
daha mürtəce şəkil aldı.
1937-ci ildə
qəbul edilən Azərbaycan SSR-in sayca üçüncü
konsitusiyasında
hər şey Moskvaya tabe olunmuşdu. Hətta Azərbaycan
SSR-də dövlət dilinin də rus dili olduğu təsbitlənmişdi.
1978-ci ildə
Azərbaycanda sovet dönəminin sonuncu Əsas
Qanunu qəbul edildi.
O vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin səyləri
ilə həmin Konstitusiyada “Azərbaycan SSR-in dövlət
dili Azərbaycan dilidir” müddəası əksini tapdı.
1991-ci ildə SSRİ-nin süqutu ilə
qırmızı konstitusiya tarixi də
qapandı. 1991-ci il oktyabrın 18-də Ali
Sovetdə qəbul edilən “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı
keçid dövrü üçün müvəqqəti Əsas
Qanun olaraq nəzərdə tutulmuşdu. Nəticədə
bu keçid dövrü, qeyd etdiyimiz kimi, dörd il çəkdi.
Nəhayət, 1995-ci ilin
12 noyabrında Azərbaycanda ümumxalq referendumu ilə müstəqil dövlətçiliyin bütün parametrlərini
özündə ehtiva edən Konstitusiya qəbul olundu. Beş bölmə, 12 fəsil, 158 maddə və
keçid müddəalarından ibarət olan
Konstitusiyanın mühüm özəlliklərindən biri də
vətəndaş hüquq və azadlıqlarına geniş
yer ayırılması idi. Əsas Qanunun təxminən
üçdə biri (3-cü fəsil, 48 maddə) məhz bu
sahəni əhatə edir.
Lakin bu
müddəaların Konstitusiyada təsbitlənməsi ilə iş bitmirdi, onları
reallıqda təmin etmək lazım idi. 1995-ci ilin 12 noyabrından sonrakı
dövrə nəzər salsaq,
görərik ki,
bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilib.
1996-1997-ci illərdə Azərbaycan insan
hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda
ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında
və müsəlman dünyasında bu tarixi qərarı qəbul
edən ilk dövlət idi. O vaxt hətta Avropa
Şurasının üzvü olan bir çox ölkələr
analoji addım atmamışdılar.
14 iyul 1998-ci il
tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib
institutlarından
biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 8-də prezident Heydər
Əliyev konstitusion hüququn təməl prinsiplərindən
olan söz azadlığının təminatı ilə
bağlı mühüm bir qərara imza atdı
- mətbuat üzərində senzura tamamilə ləğv
edildi.
1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha
birinə əməl olundu
- ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa
Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə
ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin
hüquqi sisteminin demokratik dünya standartlara
uyğunlaşdırılması davam etdi. 2002-ci ildə
İnsan hüquqları üzrə müvəkkil - Ombudsman təsisatı
fəaliyyətə başladı.
Bütün bu proseslər, habelə zaman və
şəraitin diqtə
etdiyi digər dəyişikliklər Konstitusiyanın da
yeniləşməsi zərurətini yaratmışdı. 2002-ci il
avqustun 24-də keçirilən ümumxalq referendumunda
Konstitusiyaya 24 maddə üzrə 39 dəyişiklik edildi. Bu yeniliklər Konstitusiyada hakimiyyətin
bölüşdürülməsi, insan hüquqlarının
təminatı və siyasi proseslərdə demokratikliyin
artırılması üçün daha geniş hüquqi
baza yaratdı. Konstitusiyanın 130-cu maddəsinə edilən
düzəlişə əsasən, hər bir vətəndaşa
ölkənin ali məhkəmə instansiyasına -
Konstitusiya Məhkəməsinə şikayət etmək
hüququ təmin edildi.
2009-cu il
martın 18-də Konstitusiya yenidən ümumxalq səsverməsi ilə islahata məruz qaldı. Əsas Qanunun ümumilikdə 29
maddəsinə əlavə və dəyişikliklər edildi.
O cümlədən Konstitusiyanın 101-ci maddəsində bir
şəxsin ard-arda iki dəfədən artıq prezident
seçilməsini qadağan edən müddəa aradan
qaldırıldı.
Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub
saxlanması, möhkəmləndirilməsi
və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün
hərtərəfli zəmin və şərait
yaradır. Azərbaycanın
tarixi keçmişini, bugünkü reallıqlarını və
gələcək inkişaf perspektivlərini əks etdirməsi,
ümumbəşəri və milli dəyərlərə
söykənməsi konstitusiyamızı səciyyələndirən
əsas cəhətlərdir.
Bu gün hər bir vətəndaşın ən
mühüm vəzifəsi konstitusiyanı daha
dərindən mənimsəmək və
onun verdiyi
təminatlardan bəhrələnməkdən ibarətdir. Hesab edirik
ki, hər bir
şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə
yerinə yetirməli, ölkəmizdə gedən demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu
prosesində yaxından iştirak etməlidir.
Rabitə dünyası.- 2010.- 12
noyabr.- S. 9.