İsmayıl İbrahimov-95

 

Bu yaxınlarda Azərbaycanın görkəmli alimlərindən biri, Milli Elmlər Akademiyasının həqiqi üzvü,texnika elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı İsmayıl Əli oğlu İbrahimov 95 illik yubileyini qeyd edib. Yaşının bu müdrik çağında tanınmış alim Azərbaycan elminə dəyərli töhfələr verməkdə davam edir.

-İsmayıl müəllim, 95 yaşınızı qeyd etdiniz. Necəsiniz, özünüzü necə hiss edirsiniz?

-Sağ olun. Bilirsiz, əgər insan uşaqlıq və gənclik illərində xroniki xəstəliklər keçirməyibsə, yaşlananda o qədər də əziyyət çəkmir. Mənim xoşbəxtliyim ondadır ki, 2 yaşından atamı itirib yetim qalsam da, anamın min bir əziyyəti ilə böyüsəm də heç bir xəstəliyə tutulmamışam. İkinci tərəfdən də imkanım olduğu dövrlərdə profilaktik müalicəyə xüsusi fikir vermişəm. Bunların hamısı mənim sağlam olmağıma köməklik göstərib. Hazırda özümü sağlam və gümrah hiss edirəm. Yalnız “qocalıq xəstəliyi”ni hiss edirəm. Qocalıqda göz zəif görür, qulaq zəif eşidir, ayaqlar taqətdən düşür… Normal yeyib-içirəm, gəzirəm,yığıncaqlarda çıxış edirəm… Elmlər Akademiyasının iki institutunda - Kibernetika və İnformasiya Texnologiyaları institutlarında işləyirəm, Azərbaycan Uşaq Fondunun sədriyəm, Respublika Veteranlar Şurasının büro üzvüyəm. Bir sözlə, özümü yaxşı hiss edirəm.

- Hörmətli professor, Azərbaycan elminin, həmçinin ölkədə sosial-iqtisadi inkişafın hazırkı vəziyyətini necə dəyərləndirirsiz?

- Azərbaycanda mədəniyyət, təhsil, səhiyyə, rabitə, ümumiyyətlə, bütün sahələrdə qeydə alınan inkişafı müsbət qiymətləndirirəm. Bilirsiz, siyasi sistem dəyişib. Biz xeyli vaxdır ki, müstəqil ölkəyik. Ölkə başçısı hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə bu gün ölkədə bütün sahələrdə inkişaf qeydə alınır. İstehsalat işləyir, insanlar fəaliyyətdədir, elmimiz ildən-ilə inkişaf edir, nailiyyətlər artır… Heç bir elmi müəssisəmiz, heç bir laboratoriyamız bağlanmayıb. Əksinə yeni texnologiyalarla, avadanlıqlarla təmin edilib, fəaliyyəti güclənib. Heç kimə sirr deyil ki, Heydər Əliyevin gəlişi ilə respublikada davamlı inkişafın əsası qoyuldu. Bu gün də bu siyasət uğurla davam etdirilir.

-Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına layiqli töhfələr vermiş alim kimi bu gün bu sahədə görülən işlər, aparılan elmi tədqiqatlar və əldə edilən nəticələr sizi qane edirmi?

- İlk öncə onu qeyd edim ki, ölkədə sahəyə cavabdeh orqan kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması çox müsbət nəticələr verdi. Dünyada qlobal informasiya cəmiyyəti yarandığı bir dövrdə Azərbaycan geridə qala bilməzdi. Nazirlik Əli Abbasovun rəhbərliyi ilə bu istiqamətdə çox böyük işlər görür. Mən də özümü rabitəçi hesab edirəm. İkinci Dünya müharibəsi dövründə Rabitə Akademiyasında oxumuş və dörd il rabitə batalyonunun komandiri olmuşam. Ona görə də mənə çox xoşdur ki, bizim rabitə və informasiya texnologiyaları sektorumuz belə sürətlə inkişaf edir. Bu yaxınlarda keçirilən “BakuTel” sərgisində iştirak etdik. Bu sərgiyə xarici ölkələrin böyük marağının şahidi olduq. Əgər bizim nailiyyətimiz olmasaydı, bu qədər ölkədən gəlib Bakıda sərgidə iştirak etməzdilər. Yaxud sentyabr ayında Bakıda keçirilən “Kibernetika və informatika problemləri” mövzusunda 3-cü Beynəlxalq konfransı götürək. Bu konfransda ABŞ, Türkiyə, Rusiya, Almaniya,İtaliya, Koreya, Sinqapur və başqa ölkələrdən alim və mütəxəssislər iştirak edirdi. Bütün bunlar Azərbaycanın nailiyyətləridir.

-İnformasiya-kommunikasiya sahəsində Azərbaycanın regionda lider ölkə olduğu beynəlxalq təşkilatlar tərəfindən də birmənalı şəkildə qəbul edilir. Siz ölkəmizdə bu sahənin gələcəyini necə görürsünüz?

-Bizim xoşbəxtliyimizdir ki, bizdə bu sahə ilə məşğul olan iki institutumuz var. Kibernetika İnstitutu bu sahənin nəzəri hissəsi, İnformasiya Texnologiyaları İnstitutu isə tətbiqi hissəsi ilə məşğul olur. Mən kibernetika və informasiya texnologiyaları sahəsində gələcəyimizin çox yaxşı olacağını düşünürəm. Gələcək elmə əsaslanan iqtisadiyyat üzərində qurulacaq. Bir tərəfdən də nazir Əli Abbasovun rəhbərliyi ilə bu sahədə çox böyük işlər görülür. İnanıram ki, neftdən sonra əsas gəlir mənbəyimiz İKT sahəsi hesabına formalaşacaq.

-İsmayıl müəllim, həyatınızın unudulmaz anları çoxdurmu?

-Unudulmaz anlarım çoxdur. Həyatım, demək olar ki, unudulmaz hadisələrdən ibarətdir. İki yaşında ikən atadan yetim qalmışam, anamın təhsili olmayıb, çətinliklə yaşamışıq. Anamın 10 uşağı olub. Birinci və axırıncı uşaqları, yəni mən və böyük qardaşım sağ qalmışıq. Böyük qardaşım Məmmədbağır tibb sahəsində elmlər doktoru, professor olub. Artıq rəhmətə gedib. Qalanları körpə ikən, bir yaşına çatmamış dünyasını dəyişiblər. Mən texnikuma girdim ki, təqaüd alım, yaşaya bilim.Texnikumun direktoru biləndə ki, mən yetim uşağam, məni laborant kimi işə götürüb ki, maaş alım. Direktor texnikumun yeməkxanasına tapşırdı ki, mənə hər gün pulsuz yemək versinlər. Unutmaq olarmı? Texnikumdan sonra 5 nəfəri ali məktəbə göndərdilər. Onlardan üçü yəhudi, biri erməni, biri də mən idim. Azərbaycan Sənaye İnstitutunu, indiki Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra müharibə illəri başlayır. Döyüşlər, orden-medallar… Müharibədən sonra pedoqoji fəaliyyətə başladım. Baş laborantlıqdan başlayıb pillə-pillə qalxdım, institut rektoru oldum. Kimin ağlına gələrdi? On il rektor işlədikdən sonra ümummilli lider Heydər Əliyev mənə dedi ki, gəl Nazirlər Soveti sədrinin birinci müavini işlə.

-Bu necə baş verdi?

- Yadımdadır, mən Yaponiyada keçirilən bir sərgidə iştirak etmək üçün yola düşməliydim. Heydər Əliyevə zəng edərək xudahafizləşmək istədim. O mənə dedi ki, unutmayın, biz sizi başqa işə təyin etmək fikrindəyik. Getdim Yaponiyaya. Ordan Moskvaya qayıtdım. Mənə dedilər ki, Heydər Əliyev sizi təcili Bakıya çağırır. Gəldim Bakıya. Heydər Əliyev məni yanına çağırıb dedi ki, sizə Nazirlər Soveti sədrinin birinci müavini təyin etmək istəyirik.O məni Moskvaya təsdiqə göndərəndə dedi ki, bu yerə Mərkəzi Komitənin öz namizədi də var. Orda sizi razı salmağa çalışacaqlar ki, bu vəzifəyə getməyəsiz. Ancaq siz elə etməlisiz ki, onların planı baş tutmasın. 1970-ci il may ayının 10-da oldum Moskvada Mərkəzi Komitədə. Doğrudan da mənim bu vəzifəyə getməməyim üçün xeyli suallar verdilər, məni bu yoldan çəkindirməyə çalışdılar. Ancaq onların planı baş tutmadı. Təsdiq olundum və elə həmin gün Bakıya qayıtdım və Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyətə başladım. Bunlar mənim həyatımın ən unudulmaz anlarıdır.

-Bəs, ailə həyatınızda hansı anları unutmursuz?

-Açığını deyim ki, mən indi yaşımla əlaqədar az sevinirəm, çox darıxıram. Sevinirəm ki, yaxşı ailə qurmuşam. İnstitutda işləyərkən ilk mühazirəyə gedəndə auditoriyada məndən sağ tərəfdə bir qız oturmuşdu. Xoşuma gəldi. Sonra öyrəndim ki, Məryəm adlı bu qız qrup nümayəndəsidir, həm də yetimdir. Onunla evlənmək qərarına gəldim və evləndim də. Bizim iki oğlumuz, bir qızımız oldu. Oğlanlarımın ikisi də elmlər doktorudur. Akif riyaziyyat üzrə professordur, Amerikada çalışır, Aydın isə dünya iqtisadiyyatı üzrə müdafiə edib və Türkiyədə Çanaqqala Universitetində işləyir. Qızım Tibb Universitetində dosentdir. Beş nəvəm, beş nəticəm var. Bir nəvəm Amerikada təhsil alır. Bir nəvəm Neft Akademiyasını bitirib informatika sahəsində çalışır, bir nəvəm Tibb Universitetini bitirib orda da işləyir, o biri nəvəm Moskva Dövlət Universitetini qurtarıb Moskvada işləyir. Ancaq bu yaşda sıxılıram, darıxıram ki, onlar necə olacaqlar, necə yaşayacaqlar…

- İsmayıl müəllim, zəngin həyat təcrübəsi olan bir insan kimi gənclərə, o cümlədən gənc alimlərə xüsusi olaraq nəyi tövsiyə edərdiz?

- Mən nəvəmi Amerikaya yola salanda ona dedim ki, sənə bir neçə tövsiyəm var. Birincisi, qidalanmağına və sağlamlığına fikir ver. Çünki hər şey sağlamlıqdan başlayır. İkincisi, təhsilinə fikir ver. Çünki inkişaf təhsildən başlayır. Üçüncüsü, isə özünə dost seçəndə diqqətli ol, təsadüfi adamlarla yoldaşlıq etmə. Çünki sənin həyatında dostluq etdiyin insanlardan çox şey asılıdır. Mən bu tövsiyyələri bütün gənclərimizə məsləhət görərdim. Bir də onların hamısına demək istəyərdim ki, hansı ölkədə oxusalar da, harada işləsələr də Vətəni-Azərbaycanı bir an da olsun unutmasınlar. Gələcəyimiz indiki gənclərimizdən asılıdır. Gələcəyin Əli Abbasov, Telman Əliyev, Rasim Əliquliyev kimi alimləri indiki gənc alimlərin arasındadır. Onların hamısına böyük uğurlar arzulayıram.

-Hörmətli professor, “Rabitə dünyası” qəzetinin kollektivi adından Sizi bir daha 95 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cancağlığı arzulayırıq. Maraqlı söhbət üçün isə təşəkkür edirik.

-Çox sağ olun. Rabitəçilərə deyin ki, mənim də rabitəçi olduğumu unutmasınlar. Bu gün rabitə və informasiya texnologiyaları sahəsindəki uğurlar hamımızı sevindirir. Bütün rabitəçilərə cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

 

 

Söhbətləşdi: Camaləddin Dostəli

 

Rabitə dünyası.- 2011.- 14 yanvar.- S.11.