2008-ci
İLİN MÜHÜM HADİSƏLƏRİ
2008-ci il dünya tarixində
maliyyə və iqtisadi böhran ili kimi yadda qalsa da, Azərbaycan
üçün 2008-ci il növbəti uğurlu il
olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş
bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan
iqtisadiyyatı yüksək sürətlə
inkişafını davam etdirmiş və ölkədə
infrastruktur və digər layihələr vaxtlı-vaxtında
icra olunmuşdur.
23-28 yanvar
Azərbaycan Prezidenti
İlham Əliyev İsveçrənin Davos şəhərində
keçirilən ənənəvi Dünya iqtisadi forumunda
iştirak etmişdir.
14 mart
BMT-nin Baş Məclisi
“Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət” barədə 9 bənddən ibarət qətnamə
qəbul etmişdir. Qətnamədə Azərbaycan
Respublikasının beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyü dəstəklənir, Ermənistan
qoşunlarının işğal edilmiş bütün ərazilərdən
tamamilə və qeyd-şərtsiz çıxarılması
tələb olunur.
7 may
Bakıda ümummilli
lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş
“Demokratiya və sabitlik naminə: əməkdaşlığın
yeni imkanları” mövzusunda beynəlxalq konfrans
keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev
konfrans iştirakçılarını qəbul etmişdir.
10 may
Bakıda,
“Gülüstan” sarayında müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər
Əliyevin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi
keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev
xatirə gecəsində nitq söyləmişdir.
14-15 may
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın təşəbbüsü ilə Bakıda,
“Gülüstan” sarayında “Avropada subregional çərçivədə
savadlılıq problemlərinə baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması və innovativ
yanaşmaların tətbiqinə dəstək” mövzusunda
YUNESKO-nun regional konfransı keçirilmişdir. Azərbaycan
Prezidenti İlham Əliyev konfrans iştirakçılarına
təbrik göndərmişdir.
27 may
Bakıda,
“Gülüstan” sarayında Azərbaycan Xalq Cümhuriyyətinin
90 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
Prezident İlham Əliyev mərasimdə nitq söyləmişdir.
10-11 iyun
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın təşəbbüsü,
YUNESKO və İSESKO-nun dəstəyi ilə Bakıda “Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda
müxtəlif ölkələrdən 300-dən çox
nümayəndə, o cümlədən bir neçə
ölkənin birinci xanımları iştirak etmişdir.
26 iyun
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 90 illiyi
münasibətilə Bakıda hərbi parad
keçirilmişdir. Paradda 4500-dən çox hərbçi,
hərbi texnika, o cümlədən döyüş təyyarələri
və vertolyotları, hərbi gəmilər iştirak
etmişdir.
24 iyul
Qarsda Azərbaycan,
Gürcüstan və Türkiyə prezidentlərinin
iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun
Türkiyə hissəsinin təməli qoyulmuşdur. Bu dəmir
yolu üç ölkənin ərazisindən keçməklə
Avropanı Asiya ilə birləşdirəcəkdir.
8-24 avqust
Pekində XXIX Yay Olimpiya
oyunları keçirilmişdir. Avqustun 8-də saat 8.08 dəqiqədə
başlanan təntənəli açılış mərasimində
70 ölkənin dövlət və hökumət
başçıları, o cümlədən Azərbaycan
Prezidenti İlham Əliyev, 9 kral ailəsinin nümayəndələri
iştirak etmişdir. Ölkəmizin idmançıları
Olimpiadada 1 qızıl, 2 gümüş, 4 bürünc medal
qazanmış, Azərbaycan 204 ölkə arasında 39-cu yeri
tutmuşdur.
1-4 sentyabr
Bakıda AzərTAc-ın
ev sahibliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər
Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin
30-cu iclası keçirilmişdir. Birinci dəfə idi ki, 21
ölkənin milli informasiya agentliklərinin rəhbərləri
və yüksək vəzifəli təmsilçiləri Azərbaycan
paytaxtına gəlmişdilər. Eyni zamanda, ilk dəfə
olaraq, Avropa Xəbər Agentlikləri Alyansının (EANA)
prezidenti Volfqanq Vislozil də iclasa dəvət olunmuşdu. Azərbaycan
Prezidenti İlham Əliyev iclas iştirakçılarına təbrik
göndərmiş, sentyabrın 2-də onları qəbul
etmişdir.
10 sentyabr
Dünya Bankı və
Beynəlxalq Maliyyə Korporasiyasının biznes mühitinin əlverişliliyi
vəziyyətini əks etdirən “Doing Business-2009”
hesabatında Azərbaycan 2008-ci ildə dünyada ən
islahatçı ölkə elan olunmuşdur.
5 sentyabr
Prezident İlham Əliyev
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Sərəncam imzalamışdır.
19 sentyabr
Zaqatala hava limanı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti
İlham Əliyev açılış mərasimində
iştirak etmişdir.
Yeni hava limanında saatda 100-120 sərnişinə
xidmət göstərmək
mümkündür.
(Ardı səh.6-da)
4 oktyabr
Azərbaycan Prezidenti
İlham Əliyevin 2008-ci il 15 yanvar tarixli Sərəncamına
əsasən yaradılmış M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının
açılışı olmuşdur.
8 oktyabr
Lənkəran beynəlxalq
hava limanı istifadəyə verilmişdir. Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimində
iştirak etmişdir. Uçuş-enmə zolağının
uzunluğu 3300 metr olan hava limanı iri yük və sərnişin
təyyarələrini qəbul etməyə imkan verir.
9 oktyabr
Bakı Metropoliteninin “Nəsimi”
stansiyasının açılışı olmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyev mərasimdə iştirak
etmişdir. 1967-ci il noyabrın 6-da istifadəyə verilmiş
Bakı metrosunun hazırda 21 stansiyası var. 2025-ci ilədək
stansiyaların sayı 60-dan çox olacaqdır.
15 oktyabr
Azərbaycan
Respublikasında növbəti prezident seçkiləri
keçirilmişdir. Ali dövlət vəzifəsi uğrunda
7 namizəd mübarizə aparmışdır. Yeni Azərbaycan
Partiyasının namizədi İlham Heydər oğlu Əliyev
88,73 faiz səslə ikinci dəfə prezident
seçilmişdir.
24 oktyabr
Heydər Əliyev
Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
andiçmə mərasimi olmuşdur.
25 oktyabr
Müasir dövrün
görkəmli musiqi xadimi, müğənni, bəstəkar,
Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm
Maqomayev ömrünün 67-ci ilində Moskvada vəfat
etmişdir. O, oktyabrın 29-da Bakıda, Fəxri xiyabanda dəfn
olunmuşdur.
10 noyabr
XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal
Paşayevin 100 illiyi Parisdə YUNESKO səviyyəsində qeyd
olunmuşdur. Azərbaycanın birinci xanımı, YUNESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyeva yubiley mərasimində
iştirak etmişdir.
14 noyabr
Bakıda, “Gülüstan”
sarayında IV Enerji sammiti keçirilmişdir. Sammitdə Azərbaycan
Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah
Gül, Litva Prezidenti Valdas Adamkus, Ukrayna Prezidenti Viktor
Yuşşenko, Gürcüstan Prezidenti Mixeil Saakaşvili,
Polşa Prezidenti Lex Kaçinski, Bolqarıstanın
vitse-prezidenti Angel Marin, Macarıstanın Baş naziri Ferents
Dyurçan, Estoniyanın Baş naziri Andrus Ansip, ABŞ-ın
energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Andris Piebalqs, ümumən 21 ölkənin
nümayəndələri iştirak etmişdir. Forumun yekunu
olaraq Bakı Enerji Sammitinin Bəyannaməsi qəbul
olunmuşdur.
21 noyabr
Azərbaycan, Türkiyə,
Qazaxıstan və Qırğızıstan parlamentlərinin rəhbərləri
İstanbulda Türkdilli Dövlətlərin Parlament
Assambleyasının yaradılması haqqında saziş
imzalamışlar. Assambleyanın ikinci konfransı Bakıda
keçiriləcəkdir.
21 noyabr
Sankt-Peterburqun Dövlət
Akademik Mariya Teatrı görkəmli bəstəkar, SSRİ və
Azərbaycanın xalq artisti Arif Məlikovun 75 illiyi münasibətilə
Heydər Əliyev Sarayının səhnəsində “Məhəbbət
əfsanəsi” baletini göstərmişdir. Bəstəkarın
1961-ci ildə - 28 yaşında yazdığı bu balet
dünyanın 60-dan çox teatrında tamaşaya qoyulub və
indi də bir çoxlarının repertuarında qalır.
27 noyabr
Azərbaycan Prezidenti
İlham Əliyev görkəmli fırça ustası,
SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət
mükafatları laureatı, Rusiya Rəssamlıq
Akademiyasının vitse-prezidenti Tahir Salahova Azərbaycanın
ən ali mükafatını - “Heydər Əliyev” ordenini təqdim
etmişdir. Noyabrın 29-da Tahir Salahovun 80 illiyi münasibətilə
“Gülüstan” sarayında rəsmi qəbul təşkil
olunmuşdur.
29 noyabr
Dünya şöhrətli
bəstəkar, SSRİ xalq artisti, Dövlət
mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı
Qara Qarayevin 90 illiyi münasibətilə “Yeddi gözəl”
baleti Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında yeni quruluşda tamaşaya qoyulmuşdur.
2-3 dekabr
Bakıda Avropa
Şurasının üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropada
və onun qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır” mövzusunda konfransı
keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev
konfransda nitq söyləmişdir.
26 dekabr
Milli Məclis Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin
(referendumun) keçirilməsi haqqında qərar qəbul
etmişdir. Ümumxalq səsverməsi (referendum) 2009-cu il
martın 18-nə təyin olunmuşdur.
27 dekabr
Bakıda Beynəlxalq
Muğam Mərkəzinin açılışı
olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
mərasimdə iştirak etmişlər. Dünyada ilk
Muğam mərkəzinin təməli 2005-ci ilin aprelində
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı
ilə qoyulmuşdu.
Rabitə dünyası.- 2009.- 13 fevral.- S. 5-6.