2008-ci il- Statistik rəqəmlərdə
Ötən
ilin yekunlarına görə, ölkədə ÜDM-in
artımı 10,8 faiz təşkil edib. Keçən il istehsal
olunan ÜDM-in 57,4 faizi sənayedə, 5,8 faizi kənd təsərrüfatı,
ovçuluq və meşə təsərrüfatında, 7,6
faizi tikintidə, 6 faizi ticarət və pullu xidmət sahələrində,
5,1 faizi nəqliyyatda, 1,9 faizi rabitədə əldə olunub.
İlkin məlumatlara görə, əlavə dəyərin
85 faizi qeyri-dövlət bölməsində yaradılıb. Neft
sektorunda ÜDM istehsalı 7 faiz, qeyri-neft sektorunda isə 15,7
faiz artıb. Ölkədə adambaşına 4439,9
manatlıq (5403,9 ABŞ dolları) əlavə dəyər
istehsal olunub ki, bu da 2007-ci illə müqayisədə 9,5 faiz
çoxdur. 2008-ci ildə sənaye sektorunda 28 milyard
manatlıq məhsul istehsal olunub. Bu da 2007-ci illə müqayisədə
6 faiz çoxdur. Emal bölməsində istehsal olunmuş məhsul
sənayenin ümumi məhsulunun 18,7 faizini təşkil edib və
2007-ci illə müqayisədə 7,4 faiz artıb. Neft məhsulları
istehsalı 8,4, kimya sənayesi məhsulları 34,2, dəri və
ayaqqabı istehsalı 27,2, metallurgiya sənayesi və
hazır metal məmulatları istehsalı 23,3, qeyri-metal mineral
maddələr istehsalı 0,5, maşın və
avadanlıqlar istehsalı 7,9 faiz artıb. Sənaye məhsulunun
4,7 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölməsində istehsal
olunub. Ötən illə müqayisədə bu bölmədə
artım 7,9 faiz təşkil edib. Keçən il Azərbaycanda
elektrik enerjisinin istehsalı aşağı düşüb. Belə
ki, il ərzində 20,2 milyard kv.saat elektrik enerjisi istehsal olunub
ki, bu da 2007-ci illə müqayisədə 2 faiz azdır.
Kənd təsərrüfatında istehsal
artıb
Kənd təsərrüfatı
sektorunda artım ümumilikdə 6,1 faiz təşkil edib. Bitkiçilik
məhsullarının istehsalı 7,2 faiz, heyvandarlıq məhsullarının
istehsalı isə 4,1 faiz artıb. Keçən il ölkədə
buğda istehsalı 26 faiz, kartof istehsalı 3,8 faiz artıb. Bununla
yanaşı, pambıq istehsalı 44,7 faiz, bostan məhsullarının
istehsalı 2,4 faiz, tütün istehsalı 14,7 faiz,
yaşıl çay yarpağı istehsalı 33,2 faiz
azalıb.
Tikinti kompleksində böyük həcmli
işlər görülüb
Keçən
il müxtəlif maliyyə mənbələrindən
inşaat işlərinə 9 milyard 73 milyon manat məbləğində
investisiya yönəldilib. Bu da 2007-ci illə müqayisədə
34,3 faiz çoxdur. İl ərzində aparılan
tikinti-quraşdırma işlərinin həcmi də 56,7 faiz
artaraq 5 milyard 620 milyon manata çatıb. Bu sektora qoyulan
investisiyanın 6 milyard 519 milyon manatı və yaxud 71,8 faizi
istehsal təyinatlı obyektlərin inşasına sərf
olunub. Tikinti işlərinin 75,5 faizi daxili investisiyalar vasitəsilə
aparılıb. Keçən il daxili investisiyalar 67,2 faiz
artıb, xarici investisiyalar isə 16,3 faiz azalıb.
Rekord sayda minik avtomobili gətirilib
Yanvar-noyabr
ayları ərzindəki xarici ticarət dövriyyəsinin həcmi
53,5 milyard dollar təşkil edib. Keçən il Azərbaycanın
xarici ticarət dövriyyəsinin həcmi çox
böyük həcmdə - 5,1 dəfə artıb. Dövriyyənin
87,9 faizini ölkədən ixrac olunmuş mallar, 12,1 faizini isə
idxal təşkil edib. Beləliklə, xarici ticarət
dövriyyəsində 40,5 milyard dollar məbləğində
müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin
93,1 faizi uzaq xarici ölkələrlə, 6,9 faizi MDB dövlətləri
ilə aparılıb. Uzaq xarici ölkələrlə ticarət
dövriyyəsi 6,4 dəfə, MDB üzvü olan dövlətlərlə
isə 37,2 faiz artıb. Keçən il ölkəyə idxal
olunan məhsulların həcmi də 29,7 faiz artıb. Məhsulların
66,9 faizi uzaq xarici dövlətlərdən, 33,1 faizi isə
MDB ölkələrindən daxil olub. Uzaq xaricdən idxal 30,2,
MDB dövlətlərindən isə 28,5 faiz artıb. Ölkədə
ərzaq məhsullarının istehsalı
artdığından bu məhsulların idxalı getdikcə
azalır. Keçən il Azərbaycana kərə
yağı, yumurta, şəkər, meyvə, tərəvəz
şirələri, araq, tütün idxalı azalıb. Bununla
belə, ölkəyə idxal olunan buğdanın,
düyünün, bitki yağlarının, mineral gübrələrin
idxalı artıb. Xarici ticarət əməliyyatlarının
42,6 faizi, o cümlədən idxalın 78,8 faizi və
ixracın 37,6 faizi sərbəst dönərli valyuta ilə
aparılıb. Azərbaycanın apardığı xarici ticarətin
ümumi həcminin 35,7 faizi İtaliya, 11,4 faizi ABŞ, 6,7
faizi İsrail, 4,7 faizi Hindistan, 4,6 faizi Fransa, 3,3 faizi Rusiya, 2,8
faizi İspaniya, 2,7 faizi Niderland, 2,6 faizi İndoneziya, 2,5 faizi
Türkiyə, 2,4 faizi Birləşmiş Krallıq dövlətlərinin
payına düşür. Keçən ilin 11 ayı ərzində
Azərbaycana 31,4 milyon dollarlıq humanitar və texniki
yardım daxil olub. 2008-ci ildə
Azərbaycana rekord sayda - 80 mindən çox minik avtomobili gətirilib. 11 ayın nəticələrinə
görə, Azərbaycana
gətirilən avtomobillərin
dəqiq sayı 81230 olub. Bu da 2007-ci illə müqayisədə
27,8 faiz çoxdur.
Əhalinin gəlirləri çoxalıb
Ümumi gəlirlər
əvvəlki illərlə
müqayisədə 37,8
faiz artaraq 20,1 milyard manata, adambaşına düşən
məbləğ isə
36,2 faiz artaraq 2343 manata çatıb. Əhali gəlirlərinin
66,1 faizini istehlaka, 10,2 faizini vergilər, sosial sığorta və könüllü üzvlük
haqlarının ödənilməsinə,
23,7 faizini isə əmanətlərinin və
kapitalının artırılmasına
sərf edib. Keçən il
ölkədə orta aylıq əməkhaqqı
da artıb. Belə ki, iqtisadi
və sosial sahələrdə muzdla işləyənlərin orta
aylıq əməkhaqqı
2007-ci illə müqayisədə
24,2 faiz çoxalaraq 268 manat təşkil edib. İlin 11 ayının nəticələrinə görə,
orta aylıq əməkhaqqı sənaye
müəssisələrində işləyənlərdə 426 manat, tikintidə işləyənlərdə 406 manat, nəqliyyat işçilərində 304 manat,
rabitə işçilərində
373 manat olub. Əhalinin banklardakı əmanətlərinin həcmi
də 2007-ci ilin 11 ayının göstəriciləri
ilə müqayisədə
32,2 faiz artıb. İndi Azərbaycan vətəndaşlarının
banklarda 1,8 milyard manat əmanəti
var. Əmanətlərin 967,5 milyon manatı və ya 53,5 faizi milli valyuta,
840,5 manatını isə
xarici valyuta təşkil edib. Əhalinin əmanətlərinin
1,3 milyard manatı özəl banklardadır. Keçən
il əmanətlərin
milli valyuta ilə qoyulmuş həcmi 67,1 faiz, xarici valyuta
ilə qoyulmuş həcmi isə 6,5 faiz artıb.
Qiymətlər ucuzlaşır
Keçən il
Azərbaycanda 20,8 faiz illik inflyasiya
qeydə alınıb.
Ərzaq məhsulları
28,6 faiz, qeyri-ərzaq məhsulları
11,5 faiz, xidmət tarifləri 11,4 faiz bahalaşıb. Amma ilin sonlarına
doğru inflyasiya tempi
aşağı düşüb.
Dekabr ayında isə ölkədə 0,4 faiz ucuzlaşma
qeydə alınıb.
Ərzaq
məhsulları 1 faiz
ucuzlaşıb, qeyri-ərzaq
məhsullarının qiyməti
isə əvvəlki səviyyədə qalıb.
Son vaxtlar ucuzlaşan ət və ət məhsulları, qənd, çörək,
yağ, bal, şokolad, konservlər olub. Ucuzlaşma inşaat materiallarında
da qeydə alınıb. Avtomobillərin
qiyməti isə 0,7 faiz, məişət
cihazları 0,1 faiz, zərgərlik məmulatları
0,3 faiz ucuzlaşıb.
Geyimdə və ayaqqabıda da 0,3 və 0,6 faizlik
ucuzlaşma qeydə alınıb.
Büdcədə 1,1 milyard
manat profisit yaranıb
2008-ci ildə Azərbaycanın dövlət büdcəsində
1,1 milyard manat məbləğində
profisit qeydə alınıb. Bu, istehsal olunmuş ÜDM-in 3,2 faizini təşkil edir. Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə,
2008-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 9,4 milyard manat və
yaxud 2007-ci illə müqayisədə 67,7 faiz
çox vəsait daxil olub. Keçən
il bütün
vergi növləri üzrə daxilolmalar artıb. Hesabat dövründə büdcədən
8,3 milyard manatlıq və ya 2007-ci illə müqayisədə 71 faiz
çox vəsait xərclənib. Büdcə
xərclərinin 48,3 faizi iqtisadiyyatın inkişafına, 9,6 faizi təhsilə, 9 faizi sosial müdafiəyə yönəldilib.Keçən il
aztəminatlı ailələrə
verilən ünvanlı
dövlət yardımlarının
həcmi artırılıb.
Bu yardımlar 163,4 min ailəyə verilib. Bu ailələrdə yaşayanların sayı
750 min nəfər olub.
Ailələrdə hər bir nəfərə düşən
ünvanlı sosial yardımın miqdarı
22 manat təşkil edib.
Rabitə dünyası .-2009.- 13 fevral .- S.7