2008-ci il İKT sektoru üçün növbəti uğurlu il olmuşdur

 

2008-ci il ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 28,1% artaraq 990.5 milyon manat təşkil etmişdir. 2007-ci illə müqayisədə artım tempi İKT sektorunda 28,4%, o cümlədən telekommunikasiya sektoru üzrə 28,7%, İT sektoru üzrə 25,3%, poçt sektorunda isə 6,5% təşkil etmişdir.

2008-ci il ərzində İT sənayesində artım məlumat bazaları ilə əlaqədar fəaliyyətdə 19,2 dəfə, kompyuter periferiya avadanlıqlarının topdan satışı və proqram təminatında 9,8 dəfə, hesablama texnikasının və ofis maşınlarının təmiri və onlara texniki xidmət göstərilməsində 7,4 dəfə, elektron və radioelementlərin istehsalında 3,1 dəfə, ötürücü cihazların istehsalında 2,1 dəfə, nəzarət-ölçü cihazlarının istehsalında 2,0 dəfə olmuşdur.

İKT və poçt sektorunda əldə olunan gəlirin 80,3 %-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.

Telekommunikasiya və poçt sektorunda əldə olunan gəlirlərin 71,8%-i mobil operatorların payına düşməklə, 2007-ci illə müqayisədə artım tempi 30,1% olmuşdur.

2008-ci ildə ÜDM-nin həcminin 10,8% artaraq 38 milyard manat olmasına baxmayaraq, İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı artaraq 1,9% təşkil etmişdir.

2008-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-nin həcmi 14 750,7 mln. manat təşkil etmiş və artım tempi 15,7% olmuşdur. İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı isə 5 % təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2008-ci ildə 243 yeni iş yeri açılmışdır.

İl ərzində RİTN-nin birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqları təqribən 22 % artırılaraq, 01.01.2009-cu il tarixə 232,8 manata çatdırılmışdır.

Poçt işçilərinin maddi rifah halının yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə “Azərpoçt” DM-in strukturuna daxil olan müəssisələrdə çalışan işçilərin aylıq vəzifə maaşları 01 noyabr 2008-ci il tarixdən 25% artırılmışdır.

Məlumat üçün bildiririk ki, hazırda telekommunikasiya və poçt sektoru üzrə orta aylıq əmək haqqı 372.9 manat, respublika üzrə orta aylıq əməkhaqqı isə 268 manat təşkil edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir.

Belə ki, 2008-ci il ərzində RİTN-nin strukturuna daxil olan birlik və müəssisələr üzrə 191.9 mln. manat proqnoza qarşı 225.2 mln. manat gəlir əldə edilmişdir ki, bu da 2007-ci illə müqayisədə 36.0 mln. manat (19,0%) çox olmuşdur.

RİTN-nin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2008-ci il ərzində dövlət büdcəsinə 28.6 mln. manat, DSMF-yə isə 11.4 mln. manat vəsait ödənilmişdir.

Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olmuşdur.

Bu məqsədlə cari ildə RİTN-nin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 40,8 mln. manat investisiya qoyuluşları həyata keçirilmişdir.

Ümumilikdə telekommunikasiya və poçt sektoru üzrə 140.0 mln. manat investisiya qoyuluşu həyata keçirilmişdir.

Həyata keçirilmiş investisiya layihələri çərçivəsində cari ildə respublikanın ümumi telefon şəbəkəsi üzrə 130 553 nömrə (RİTN üzrə 126 426 nömrə) tutumlu yeni ATS-lər istifadəyə verilərək, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1.505.841 nömrəyə (RİTN üzrə 1 346 949 nömrə) çatdırılmışdır.

Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 20.0 milyon manatdan artıq investisiya yönəldilmişdir ki, bunun da nəticəsində hesabat dövrü ərzində 317,4 km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 20 mindən çox abunəçi xətti, 15 mindən çox kanal istismara verilmişdir.

Fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə CDMA texnologiyasının imkanlarından geniş istifadə edilmişdir. Belə ki, CDMA şəbəkəsinin xidmətləri 24 rayon və şəhərdə təşkil olunmuş, şəbəkədə abunəçilərinin sayı 20300 keçmişdir.

İsmayıllı, Cəlilabad, Ucar, Lerik, Yardımlı, Zərdab, Neftçala rayon mərkəzi ATS-ləri rekonstruksiya olunmuş, bununla da mərkəzi ATS-ləri tam elektron olan telekommunikasiya qovşaqlarının sayı 48-ə çatmışdır.

Rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində coğrafi mövqeləri kabel vasitəsilə telefonlaşdırılmasına çətinlik yaradan yaşayış məntəqələrinin yerüstü peyk rabitə avadanlıqları vasitəsilə telefonlaşdırılması üçün tədbirlər davam etdirilmiş, 388 yaşayış məntəqəsində 1544 nömrə tutumlu peyk rabitə avadanlıqları quraşdırılmış, bununla da peyk avadanlıqları vasitəsilə istifadəyə verilmiş ümumi tutum 3180 nömrəyə, bu avadanlıqlar vasitəsilə telefonlaşdırılmış yaşayış məntəqələrinin sayı 688-ə çatdırılmışdır.

Hesabat dövründə rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində yalnız bir telefonla - radiotelefon, mobil telefon və fiziki xətlə telefonlaşdırılmış 544 yaşayış məntəqəsinin tam telefonlaşdırılması işləri müvəffəqiyyətlə başa çatdırılmış, bu yaşayış məntəqələrindən 136-sı CDMA-nın əhatə dairəsinə daxil edilmiş, 318 yaşayış məntəqəsi peyk rabitəsi avadanlıqları vasitəsilə telefonlaşdırılmış, 19 məntəqədə ATS-lər quraşdırılaraq istifadəyə verilmiş, 14 yaşayış məntəqəsi radiotelefonlarla, 57 yaşayış məntəqəsi yaxın ATS-lərdən fiziki xətlər vasitəsilə telefonlaşdırılmışdır. Beləliklə də respublikamızda telefonlaşmamış yaşayış məntəqəsi qalmamışdır. Məlumat üçün bildiririk ki, Rusiya, Çin, Hindistan, İndoneziya, Qazaxıstan kimi ölkələrdə hələ də telefonlaşdırılmamış yaşayış məntəqələri mövcuddur.

Abşeron və Göyçay rayon telefon şəbəkələrinin NGN texnologiyası əsasında yenidən təşkili işlərinə başlanmışdır.

Bakı şəhərində taksofon parkının yeniləşdirilməsi və yeni texnologiyalı taksofonların tətbiqi məqsədilə 500 ədəd yeni kartlı taksofon aparatının alınması üçün müqavilə bağlanmış, və müqaviləyə uyğun olaraq ilkin mərhələdə 110 ədəd taksofon aparatı alınmış və quraşdırılması təmin olunmuşdur.

Beləliklə, respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 01.01.2008-ci il tarixə 79,5% təşkil etdiyi halda, 01.01.2009-cu il tarixə 83,1%-ə, Bakı şəhər telefon şəbəkəsində və respublikanın digər bölgələrində isə müvafiq olaraq 85,5% və 80,7%-ə çatdırılmışdır. Kənd ATS-lərinin elektronlaşma səviyyəsi 01.01.2009-ci il tarixə 80,3% təşkil etmişdir.

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 01.01.2008-ci il tarixə 14,5 ədəd olduğu halda, 01.01.2009-cu il tarixə 15,5 ədəd təşkil etmişdir. Bu göstərici Bakı şəhəri üzrə 35,0 ədəd, respublikanın digər ərazilərində isə 10,0 ədəd təşkil edir. Kənd yerlərində hər 100 nəfər əhaliyə düşən telefon aparatlarının sayı 6,1 ədədə çatdırılmışdır.

Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 1 381 000 nəfər artaraq 5 900 000 nəfər təşkil etmişdir ki, bu da hər 100 nəfərə 68,0 mobil abunəçinin düşməsi deməkdir.

Hesabat dövrü ərzində ölkə ərazisində genişzolaqlı rabitə xidmətlərinin tətbiqi genişləndirilərək Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı 43000-ə çatdırılmışdır.

2008-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 7,5 ədədə, internet istifadəçilərinin sayı 37,0-yə bərabərdir ki, 2005-ci ildə bu göstəricilər müvafiq olaraq 2,3 və 8 ədəd olmuşdur.

Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2004-cü ildə 240 Mb/san təşkil etdiyi halda, 2008-ci ildə 8 GB/saniyəyə çatdırılmışdır.

2008-ci il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən illə müqayisədə 126.2 mln. dəqiqə artaraq 515,4 mln. dəqiqə, çıxış trafikinin həcmi 35.4 mln. dəqiqə artaraq 155.0 mln. dəqiqə təşkil etmişdir.

Bakı şəhərində və regionlarda telekommunikasiya və İT xidmətlərinin yüksək keyfiyyətlə verilməsinin təmin edən 10 Gbit sürətli magistral rəqəmsal “AZDATAKOM” şəbəkənin yaradılması üzrə işlər başa çatdırılmışdır.

Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilmişdir.

Görülmüş tədbirlər nəticəsində beynəlxalq telefon kanallarının sayı ötən illə müqayisədə 255 ədəd artırılaraq 4919-a çatdırılmışdır.

Yuxarıda qeyd olunanlarla yanaşı, bazarın effektiv tənzimlənməsi, sektorun yerli və xarici investorlar üçün cəlbediciliyini artırmaqdan ötrü tariflərin maya dəyərinə uyğunlaşdırılması, istehlakçıların hüquqların qorunması, yüksək texnologiyalar sənayesinin yaradılması, yeni yaradılmış şirkətlərin uğurlu fəaliyyətini təmin edilməsi istiqamətində aşağıdakı işlər həyata keçirilmişdir.

Belə ki, ölkəmizin təbii ehtiyatlarından səmərəli istifadə etməklə yüksək texnologiyalar sənayesinin yaradılması məqsədilə və yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınmasında, informasiya texnologiyalarının inkişafında nanotexnologiyaların həlledici rolunu nəzərə alaraq, Nazirlər Kabinetinin 23 sentyabr 2008-ci il tarixli qərarı ilə RİTN-in nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılmışdır.

İl ərzində ümumistifadəli telekommunikasiya şəbəkəsində istifadə üçün operatorlara, provayderlərə ümumilikdə mobil rabitə şəbəkəsi üçün 2 000 000 prefiks, sabit şəbəkə üçün 161500 prefiks, 19 ədəd üçrəqəmli prefiks və 20 ədəd milli nöqtə (point) kodu ayrılmışdır.

İdxal ixrac nəzarətinə düşən malların, eləcə də mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi barədə RİTN-ə daxil olan çoxsaylı müraciətlər əsasında müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 48 ədəd xüsusi icazə verilmişdir.

Respublikaya idxal olunan avadanlıqlara uyğunluq sertifikatların alınması üzrə mütəmadi olaraq işlər aparılır, bu da sertifikatlaşmaya cəlb olunan avadanlıqların sayının cari ildə ötən illə müqayisədə dəfələrlə artması ilə nəticələnmişdir. Son zamanlar telekommunikasiya vasitələri və qurğularının setifikatlaşdırılması sahəsində görülən tədbirlər nəticəsində müəyyən növ telekommunikasiya vasitələri və qurğularının setifikatlaşdırma proseduruna cəlb edilməsi daha intensiv olmuşdur.

Belə ki, 2008-ci il ərzində telekommunikasiya vasitələri və qurğularına verilmiş “Uyğunluq sertifikatı”nın sayı 429 ədəd təşkil etmişdir ki, bu da keçən illə müqayisədə təqribən 1,2 dəfə çoxdur.

İl ərzində rabitə xidməti növlərinə lisenziya verilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə edilmiş müraciətlərə əsasən, sürətli poçt rabitəsi xidmətləri üzrə 9, telekommunikasiya xidmətləri üzrə isə 7 lisenziyalar verilmişdir.

Ölkədə İnternetin inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurası yaradılmış, Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2008-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, şəhərdaxili rəqəmsal kanalların qoşulma haqqına 50%, aylıq istifadə tariflərinə 6,3%, respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma haqqına və hər tam və natamam 50 km. məsafəyə görə 2 Mbit/san tutumundan istifadə tariflərinə 16,7% endirimlər edilmişdir. Bu qərar internet xidmətlərinin maya dəyərinin azalmasına və bu da nəticədə internet provayderlər tərəfindən son istifadəçilər üçün internet xidməti tariflərinin endirilməsinə imkan yaratmışdır.

Həmçinin, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2008-ci il tarixli qərarına əsasən, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi, eləcə də təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi və internetə çıxışın təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə, “Teleradio” İB-yə məxsus bina, sahə və qüllələrdə kənar təşkilatlara məxsus avadanlıqların yerləşdirilməsi və xidmət göstərilməsinə görə aylıq tariflər”inə fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə yerləşən təhsil müəssisələri üçün 80% güzəşt tətbiq edilmişdir.

Azərbaycan Respublikasının informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 04 noyabr 2008-ci il tarixli Sərəncamında RİTN-ə ölkəmizin telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı lazımi tədbirlər görülməsi tapşırılmışdır. Hazırda orbital mövqenin əldə edilməsi, peykin orbitə çıxarılması və raket daşıyıcısının seçilməsi ilə bağlı müvafiq danışıqlar aparılır.

Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində “Teleradio” İB tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, AzTV və İTV TV proqramlarının, Respublika və İctimai radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi üçün 38 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilmişdir.

Proqramların yayımında peyklərdən səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan milli kanallarından ibarət paketin təşkili sahəsində müvafiq araşdırmalar aparılmış və Türksat peyki səmərəli hesab edilmiş və hazırda 4 TV proqram (AzTV, İctimai TV, ATV, ANS) Türksat peykindən yayımlanır.

Məlumat üçün bildiririk ki, televiziya və radio proqramlarının yayım əhatəsinin genişləndirilməsi istiqamətində görülmüş tədbirlərin nəticəsində 2008-ci ildə 2003-cü illə müqayisədə AzTV proqramının əhali üzrə əhatə faizi 99,0%-dən 99,9%-ə, 2005-ci ildə yaradılmış İctimai TV üzrə 88%-ə, Lider TV üzrə 70%-dən 78%-ə, ATV üzrə 35%-dən 80%-ə, ANS proqramı üzrə 48%-dən 75%-ə, yeni açılmış Xəzər TV üzrə isə 60%-ə çatdırılmışdır.

2008-ci il ərzində “Azərpoçt” DM-in xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
2008-ci il ərzində ötən illə müqayisədə 16 ədəd çox, yəni 74 PŞ binası tikilmiş, 13 ədəd PŞ və Texniki Xidmət Mərkəzinin binaları təmir olunmuşdur.

Hesabat dövründə respublika üzrə məbləği 51 176 min manat olan 697 625 ədəd pul baratı qəbul edilmiş, məbləği 53 323 min manat olan 701 856 ədəd pul baratı isə ödənilmişdir. 2007-ci illə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 75 946 ədəd, məbləği isə 15,5 milyon manat çox olmuşdur. Beynəlxalq barat mübadiləsi üzrə də dinamik olaraq artım müşahidə edilmişdir. Belə ki, məbləği 1 798 min manat olan 11250 ədəd pul baratı Azərbaycandan xarici ölkələrə göndərilmiş, məbləği 4133 min manat olan 18 383 ədəd pul baratı isə xarici ölkələrdən Azərbaycana daxil olmuşdur.

Poçt şöbələri tərəfindən göndərilmiş bağlamaların sayı ötən illə müqayisədə 19,2% artaraq 2008-ci ildə 107 988 ədəd təşkil etmişdir.

Maliyyə xidmətlərinin inkişafı layihəsi üzrə “Azərpoçt” DM üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin qurulması məqsədilə beynəlxalq tender keçirilmiş və I mərhələ çərçivəsində nəzərdə tutulmuş modullar üzrə işlər başa çatdırılmış və hazırda 3 Poçt Filialı üzrə 50-dən artıq PŞ yeni sistemə qoşulmuşdur. Bu ilin yanvar ayının sonunadək Bakı şəhərinin bütün PF-larının sistemə tam qoşulması nəzərdə tutulur. Sistemin tam təhvil verilməsi 2009-cu ilin sentyabr ayına qədər həyata keçiriləcəkdir.

Eyni zamanda “Azərpoçt” DM-in gələcək 3 illik dövrünü əhatə edən (2009-2011-ci illər) fəaliyyət strategiyası hazırlanmışdır. Bu strategiyada “Azərpoçt” DM-nin başlıca hədəf və məqsədləri müəyyənləşdirilmiş, həmçinin qarşıda duran funksiyalar və vəzifələr əks olunmuşdur.

Maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə “Poçt rabitəsi haqqında” qanununa əlavə və dəyişikliklər Ölkə Prezidentinin 11 noyabr 2008-ci il tarixli 17 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Hazırda Milli Bankından müvafiq lisenziyanın alınması və müvafiq bank-maliyyə xidmətlərinin göstərilməsini tənzimləyən qaydaların birgə hazırlanması üzrə məsləhətləşmələr aparılır.

“Azərmarka” şirkəti tərəfindən cari ildə 31 ədəd poçt markası, 9 ədəd poçt zərfi, 16 ədəd poçt kartı dövriyyəyə buraxılmışdır.

Hesabat dövrü ərzində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüş, dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə əməkdaşlıq memorandumları, müqavilələr, müxtəlif sazişlər imzalanmışdır. Nazir və nazirliyin digər məsul şəxsləri dünyanın bir neçə ölkəsində keçirilmiş beynəlxalq tədbirlərdə iştirak etmişlər. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

- Türkiyə Respublikası Baş Nazirinin Aparatının Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) ilə RİTN və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası arasında Televiziya Yayımı Sahəsində Əməkdaşlığa dair Protokol və Müqavilə imzalanmışdı;

- Rabitə və İnformasiya Texnologiyaları naziri cənab Əli Abbasov İsveçrənin Davos şəhərində keçirilmiş Ümumdünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevi müşayiət etmişdir. Forum çərçivəsində RİTN ilə İsveçrə Konfederasiyasının Federal Şurasının Ətraf Mühit, Nəqliyyat, Energetika və Kommunikasiya Departamenti arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır;

- 22.05.2008-ci tarixlərində Rabitə və İnformasiya Texnologiyaları nazirinin Ukraynaya səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır;

- 5 iyun tarixində “INTEL” şirkətinin rəhbəri cənab K. Barretin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı “Rabitə və İnformasiya Texnologiyaları, Təhsil Nazirliyi və “INTEL” şirkəti arasında İKT sahəsində əməkdaşlığa dair protokol” imzalanmışdır;

- Ümumdünya Poçt İttifaqının növbəti 24-cü Konqresi zamanı ÜPİ-nin Adminstrativ Şurasına seçkilər keçirilmiş və şuraya üzv seçilən 41 ölkədən biri kimi Azərbaycan ikinci dəfə növbəti 4 il müddətinə həmin Şuranın üzvü seçilmişdir. Bundan başqa, Azrəbaycan ÜPİ-nin Poçt İstismarı Şurasına 41 ölkədən biri olaraq ilk dəfə üzv seçilmişdir.

- “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Trans-Avrasiya super informasiya magistralı” mövzusunda Regional Nazirlər Toplantısı keçirilmiş və Bakı Bəyannaməsi qəbul edilmişdir;

Ümumilikdə cari ildə 14 beynəlxalq əhəmiyyətli sənəd imzalanmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilmişdir.

RİTN üzrə 30-dan artıq normativ və normativ-hüquqi aktların, müqavilələrin layihələrinin hazırlanması, hüquqi rəy və təkliflərin verilməsi, aidiyyəti dövlət orqanları ilə razılaşdırılması üzrə tədbirlər görülmüşdür, o cümlədən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaların inkişafı üzrə 2009-2012-ci illər üçün Dövlət Proqramı (e-Azərbaycan-2)” “Kosmik fəaliyyət haqqında” qanunun layihəsi hazırlanmışdır.

“Kibercinayətkarlıq haqqında” Avropa Konvensiyası ilə əlaqədar zəruri hüquqi işlər başa çatdırılaraq aidiyyəti dövlət orqanları və elmi qurumlarla razılaşdırılmışdır.

Tabelikdə olan birlik və müəssisələrin tərəfindən rabitə xidmətlərinə görə borcların ödənilməsi, birlik və müəssisələrə vurulan ziyanın kompensasiya edilməsi məqsədi ilə məhkəmə vasitəsi ilə, habelə məhkəmədən qabaq və məhkəmədən kənar qaydada hüquqi tədbirlər həyata keçirilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ötən dövr ərzində əsas fəaliyyəti ilə yanaşı, qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, idmançıların və sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar etmişdir.

Belə ki, qaçqın və köçkün rabitəçilərə 658.6 min manat həcmində maliyyə və ərzaq yardımı göstərilmiş, “Rabitəçi” İdman Klubuna bağlanmış sponsorluq müqaviləsinə əsasən 296.4 min manat vəsait ödənilmişdir. Göstərilmiş qayğı nəticəsində rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək 44 qızıl, 25 gümüş və 20 bürünc medala layiq görülmüşlər.

2008-ci il ərzində rabitə birlik və müəssisələrində 2471 nəfər işə qəbul edilmiş, 2324 nəfər işdən azad olunmuşdur.

İxtisasartırma kurslarında 3272 nəfər iştirak etmişdir. Onlardan 353 nəfəri istehsalatdan ayrılmaqla, qalan 2919 nəfər isə istehsalatdan ayrılmadan ixtisasartırma kurslarında iştirak etmişlər.

Hesabat dövrü ərzində 4 nəfərə “Əməkdar mühəndis”, 1 nəfər “Şöhrət” ordeni, 2 nəfər “Tərəqqi” medalı, 1 nəfərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 62 nəfərə “Rabitə ustası” fəxri adı, 48 nəfərə “Əmək veteranı”, 125 nəfərə Fəxri Fərman, 2 nəfərə “Fədakar rabitəçi” fəxri adı verilmiş, 2 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

 

 

Rabitə dünyası.- 2009.- 13 fevral.- S.12-17.