İTİ-nin 2008-ci il ərzində gördüyü işlər uğurlardan xəbər verir

 

İnformasiya texnologiyaları müasir dövrün ən sürətlə inkişaf edən sahələrindəndir. Bu sahənin ölkəmizdə də dayanıqlı inkişafına nail olmaq və bütün digər sahələrdə geniş tətbiqini təmin etmək üçün müvafiq dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.Təsadüfi deyil ki, hörmətli prezidentimiz cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf etdirilməsini dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bəyan etmiş və bununla əlaqədar bir sıra mühüm sənədlər imzalamışdır.

AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) yarandığı gündən ölkəmizdə informasiya texnologiyalarının inkişafı və geniş tətbiq edilməsində, informasiya cəmiyyəti qurulması istiqamətində həyata keçirilən tədbirlərdə, İKT üzrə elmi kadrların və mütəxəssislərin hazırlanmasında, bu sahəyə yeniliklərin gətirilməsində və digər məsələlərdə qabaqcıl mövqe tutur.

AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin rəhbərlik etdiyi institut bu gün öz fəaliyyətində dövlət əhəmiyyətli bir sıra məsələlərin həllində özünəməxsus rol oynayır. Bir faktı qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutu möhtərəm prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi 8 Dövlət Proqramının icrasında yaxından iştirak edir.

2008-ci ilin yekunları göstərir ki, İnformasiya Texnologiyaları İnstitutunun kollektivi müxtəlif sahələri əhatə edən dövlət proqramlarının icrasında yaxından iştirak etmiş və uğurlu nəticələr əldə etmişdir.

2008-ci il ərzində “İnformasiya texnologiyaları” və “İnformasiya cəmiyyəti” istiqamətlərinə aid elmi-tədqiqat işləri aparılmışdır.

İnstitutun alim və mütəxəssisləri tərəfindən il ərzində aparılmış tədqiqatlar nəticəsində mətn tipli sənədlərin klasterləşdirilməsi üçün proqram təminatı hazırlanmış və eksperimentlər aparılmış, böyük informasiya resurslarının və onların şəbəkə-kontent infrastrukturunun sintezi və web-sistemlərin təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlər, su anbarında suyun səviyyəsinin tənzimlənməsi sisteminin, elektromaqnit dalğaların Yer səthində yayımının kompyuter modelləri, uçuş informasiyasının emalı üçün yeni alqoritmlər işlənilmiş, bir sıra Avropa helikopterlərinin (Super Puma, Delphin) “qara qutu”larındakı uçuş informasiyasının strukturu müəyyən edilmişdir.

Tədqiqatlar nəticəsində biometrik sistemlərə olan təhdidlər identifikasiya olunmuş, hücumların əsas sinifləri öyrənilmiş və zəif yerlərin aradan qaldırılması üçün təkliflər işlənilmiş, biometrik sistemlərin təhlükəsizlik boşluqlarının müəyyən edilməsi üçün yanaşma təklif olunmuşdur.

Saxta barmaq izlərinin (spufinq) aşkarlanması üçün Radon çevrilməsi əsasında alqoritm təklif olunmuşdur.

Bundan başqa müasir informasiya texnologiyaları tətbiq etməklə əhalinin siyahıya alınmasında iqtisadi-riyazi metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatlar davam etdirilir. Petri şəbəkələri əsasında “Əhali və miqrasiya” informasiya sisteminə girişin idarə olunması üçün və bu sistemin təhlükəsizliyinin arxitektur əsasları, onun imtinalara dayanıqlığının təmin edilməsi üçün metodlar təklif olunmuşdur

İnformasiya təhlükəsizliyinin idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi istiqamətində aparılan araşdırmalar da müvəffəqiyyətlə davam etdirilir. Korporativ şəbəkələrə DoS hücumların aşkarlanması üçün alqoritm, korporativ şəbəkələrin seqmentlərinə hücumların erkən mərhələdə aşkarlanması üçün model, korporativ şəbəkənin effektliyinin artırılması üçün CDN texnologiyasına əsaslanan metod, spamların identifikasiyası, iterativ filtrasiyası və spam mənbələrinin vaxtında aşkarlanması üçün arxitektur yanaşma və metodlar təklif edilmişdir.

Aparılan tədqiqatlardan sonra sensor şəbəkələrin yaradılması üçün metod və alqoritmlərin işlənməsi üzrə araşdırmalar aparılmış və nəticələr əldə edilmiş, insan sifətinin tanınması üçün sifət təsvirlərində fərqləndirici nöqtələr çoxluğu müəyyən olunmuş və bu çoxluq əsasında tanınma alqoritmində iştirak edəcək əlamətlərin hesablanması qaydaları müəyyənləşdirilmişdir.

İnstitutun mütəxəssislərinin gərgin zəhməti nəticəsində Azərbaycan dilində olan elektron mətnlərin səsləndirilməsi üçün fonemlər tərtib olunmuş, fonemlərin SAMPA (nitqin qiymətləndirilməsi metodlarının fonetik əlifbası) sisteminə əsaslanan cədvəli hazırlanmış, buna uyğun olaraq hər bir sözün avtomatik transkripsiyasını verən (mətnin fonemlər ardıcıllığına çevrilməsi) proqram təminatı işlənmiş, cümlələrin prosodik (vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü) təhlilini həyata keçirən modulun alqoritm və proqram təminatı üzərində müəyyən işlər həyata keçirilmişdir.

Eyni zamanda mütəxəssislər süni intellekt metodlarının tətbiqi ilə ikidilli (ingilis-azərbaycan) situasiyada öyrədici tərcümə sisteminin işlənməsi üçün Azərbaycandilli mətnlər əsasında morfosintaktik analizatorun biliklər bazasını da yaratmağa müvəffəq olmuşdur.

Milli Superkompyuter Mərkəzində (MSM) həlli nəzərdə tutulan məsələlərin təbiəti araşdırılmış və təsnif olunmuş, hesablama və yaddaş resurslarına tələbat müəyyənləşdirilmiş, nəticədə MSM-in arxitektur - texnoloji prinsipləri təklif olunmuşdur.

Qeyd edək ki, sadaladıqlarımız institut kollektivinin elmi-tədqiqat fəaliyyətinin cüzi bir hissəsini əhatə edir. İnstitutun elmi-praktiki fəaliyyət, tətbiqi işlər və konsaltinq xidmətləri sahəsində gördüyü işlər də diqqəti cəlb edir. “Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nda, 2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda İTİ-yə həvalə edilən elmi-praktiki işlərin icrası müvəffəqiyyətlə yerinə yetirilmiş, “Azərbaycan Respublikasında Biometrikdir eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda icrası instituta tapşırılan tədbirlərin yerinə yetirilməsi üzrə işlər aparılmış, ”Məşğulluq strategiyasının icrası üzrə 2007-2010-cu illər üçün Dövlət Proqramı”nda “Əmək bazarının informasiya texnologiyaları mütəxəssisləri seqmentində tələb və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması” istiqamətində layihə həyata keçirilmiş, ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun və davamlı inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2008-2010) müvafiq olaraq “İnnovasiya siyasətinin müəyyənləşdirilməsi və informasiya cəmiyyətinin qurulması” problemləri üzrə elmi-tədqiqat işləri aparılmışdır.

İnstitut Beynəlxalq kompyuter şəbəkəsinin Azərbaycan qovşaqlarının inkişaf etdirilməsi məqsədilə mühüm işlər görmüş, “Virtual İpək Yolu” layihəsi üzrə işlər davam etdirilmiş, Bakı Metropolitenində videonəzarət sisteminin yaradılması həyata keçirilmiş, AzərTac İnformasiya Agentliyi üçün “Kadrlar Korporativ İnformasiya Sistemi hazırlanaraq istifadəyə verilmişdir.

RİTN-lə sıx əməkdaşlıq edən institut tərəfindən “Teleradio” İB-də İCS-telecom6.++ proqram təminatı əsasında əlavə işçi yerlərinin yaradılması layihəsi yerinə yetirilmiş, ”Aztelekom” İB ilə təklif olunan yeni işlərin texniki şərtləri və “Azərpoçt” DM ilə texniki əməkdaşlıq işlərinin formalaşdırılması üzrə təkliflər işlənmişdir.

Ötən il AMEA-nın www.science.az portalının və İTİ-nin www.ikt.az saytının fəaliyyəti təhlil olunmuş, institutun elmi-pedaqoji fəaliyyəti, ötən il ərzində institutun əməkdaşları tərəfindən beynəlxalq və respublika səviyyəli elmi seminar və simpoziumlara təqdim edilmiş tezis və məruzələr, xarici və yerli elmi jurnallarda dərc edilmiş məqalələr və digər məsələlər barədə ətraflı məlumat verilmişdir.

İTİ-nin əməkdaşları tərəfindən 2008-ci il ərzində görülmüş işlər institutun nə qədər böyük bir yükü öz üzərinə götürdüyünü, cəmiyyətimizin inkişafı, informasiyalaşdırılması, ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm rol oynadığını sübut edir.

 

 

Camaləddin Dostəli

 

Rabitə dünyası.- 2009.- 13 fevral.- S.19.