İlham Əliyev: Mənim üçün hakimiyyət ilk növbədə Azərbaycan
vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır
Fevralın 14-də
“Rossiya” telekanalında “Formula vlasti” (“Hakimiyyət formulu”)
proqramının Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə həsr edilmiş növbəti
buraxılışı efirə getmişdir. Azərbaycan
dövlətinin başçısı dünyanın bir
sıra ölkələrinin tamaşaçılarında
böyük maraq doğuran bu proqram çərçivəsində
“Formula vlasti” verilişinin müəllifi və
aparıcısı, tanınmış jurnalist, Rusiyanın
İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail
Qusmanın suallarına cavab vermişdir.
- Cənab Prezident, Sizinlə
görüşmək imkanı yaratdığınız
üçün çox sağ olun. Cəmi bir neçə
ay əvvəl Siz ikinci prezident seçkilərində
çox inamlı qələbə qazandınız. Siz ikinci
andiçmə mərasimindəki nitqinizdə, mənim fikrimcə,
görülmüş işlərə çox dəqiq yekun
vurdunuz. Yekunlar isə, şübhəsiz ki, sanballıdır.
Eyni zamanda, mənim başa düşdüyümə görə,
Siz öz qarşınızda, ölkə qarşısında
növbəti beşillik üçün vəzifələr
qoymusunuz. Sizin fikrinizcə, yaxın illərdə ən
prioritet məsələlər hansılardır?
- Bizim inkişaf
konsepsiyamızı yığcam ifadə etsək, bu, modernləşmə
xətti, Azərbaycanda həyat meyarlarının dünyada
mövcud olan ən yüksək standartlara
çatdırılması xəttidir. Bu məqsədlərə
nail olmağın təməli isə Azərbaycan tarixinin, Azərbaycan
ənənələrinin möhkəm kökləridir. Başqa
sözlə desək, biz milli dəyərlər əsasında
müasir dövlət qururuq.
- Beş il bundan əvvəl
Siz birinci andiçmə mərasimindəki nitqinizdə Heydər
Əliyevin xəttinin davam etdirilməsinin, özü də
ilk növbədə sosial və iqtisadi islahatların davam
etdirilməsi, cəmiyyətdə sabitliyin qorunub saxlanması
sahəsində davam etdirilməsinin zəruriliyini
demişdiniz. Necə bilirsiniz, bu illər ərzində cəmiyyətdə
sabitliyin nəinki qorunub saxlanması, həm də möhkəmlənməsi
üçün Prezident İlham Əliyev hansı siyasi vasitələrdən
istifadə etməli olmuşdur?
- Son 15 ildə Azərbaycanın
sabit dövlət olmasının əsas səbəbi, əlbəttə,
iqtidarın xalqa yaxınlığı, bizim
gördüyümüz bütün işlərin xalq tərəfindən
dəstəklənməsidir. Bir də ki, insanlar
yaxşılığa doğru dəyişiklikləri
gündəlik həyatda görürlər. Başlıca məsələ
budur.
Son beş ildə biz
Heydər Əliyevin siyasi xəttini davam etdirərkən, təbii
ki, operativ həll edilməli olan məsələlərlə
də üzləşmişik. Azərbaycanın uğurlu
inkişafı, əlbəttə ki, iqtidarın bu məsələləri
nə dərəcədə səmərəli həll etməsindən,
zamanın çağırışlarına, bəzən təhriklərə,
bəzən sabitliyi pozmaq cəhdlərinə necə
müqavimət göstərməsindən asılı idi. Mən
tam əminəm ki, əgər biz Heydər Əliyevdən
sonra təməli onun tərəfindən qoyulmuş xətti
qoruyub saxlaya və möhkəmləndirə bilməsəydik,
bu gün Azərbaycanı çox ağır günlər
gözləyərdi.
- Azərbaycan bu illər
ərzində sübut etmişdir ki, o, neftə arxayın olub
oturmur. Hərçənd, əlbəttə, neft milli sərvətdir.
Digər tərəfdən, nəzərə alsaq ki, neft
ehtiyatları gec-tez tükənir, belədə respublika
iqtisadiyyatının əsas istiqamətləri
hansılardır?
- Çox böyük həcmdə
neft-qaz ehtiyatlarına malik olan ölkə üçün həmin
resursların səmərəli idarə edilməsi, ixracın
şaxələndirilməsi və enerji təhlükəsizliyinin
təmin edilməsi, təbii ki, əsas məsələlərdən
biridir. Buna görə də, təbii ki, biz bu məsələyə
çox böyük diqqət yetirmişik və nəzərdə
tutduqlarımızın hamısına nail olmuşuq. Lakin
bununla yanaşı, neft amilindən
asılılığın azaldılması da prioritet vəzifələrdən
biri idi.
Mən doğma Bakı şəhərində
gəzərkən həmişə Azərbaycanın şəhər
sakinlərinin müxtəlif dillərdə
danışmasından sevinmişəm. Lakin son vaxtlar məni
heyrətləndirən odur ki, Bakı küçələrində
Azərbaycan və ənənəvi rus dilləri ilə
yanaşı, ingilis, yapon, italyan, Çin dillərini
eşidirəm. Mən bunu onunla əlaqələndirirəm
ki, Azərbaycan dünyanın investisiya baxımından cəlbedici
bir məkanıdır. Siz ölkənizin bu cür investisiya cəlbediciliyinin
səbəbini nədə görürsünüz?
Hesab edirəm ki,
artıq həyata keçirilmiş investisiya layihələri,
xüsusən iqtisadi sahədəki layihələr
bugünkü mərhələdə dünya ictimai rəyində
Azərbaycan haqqında çox etibarlı tərəfdaş
təsəvvürü yaratmışdır. Azərbaycanın
Heydər Əliyev tərəfindən başlanmış neft
strategiyasının həyata keçirildiyi bütün bu illər
ərzində elə bir hal olmayıb ki, biz öz öhdəliklərimizi
yerinə yetirməyək.
- Mən Xəzər
regionunun inkişafı mövzusuna toxunmaq istərdim. Bu, dinc
mövzudur. Lakin digər tərəfdən, hər bir dənizdə
olduğu kimi, bunun da müəyyən “sualtı qayaları”
var. Sizin fikrinizcə, Xəzər hövzəsinin
inkişafının əsas prinsipləri nədən ibarətdir?
- Xəzər hövzəsi
ölkələri arasında çox səmərəli ikitərəfli
münasibətlər vardır. Biz həm ikitərəfli
formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
səmərəli əməkdaşlıq edirik. Əlbəttə,
Xəzər sülh zonası, təhlükəsizlik zonası
olmalıdır. Xəzərin enerji ehtiyatları elədir ki,
Xəzəryanı ölkələrin hər birinin bunlardan səmərəli
istifadə etməsinə imkan verir.
- Sizin
özünüzün Rusiya ilə, Moskva ilə bağlı
olduğunuz illəri xatırlatmaq istərdim. Siz orada
oxumusunuz, yaşamısınız. Sırf insani baxımdan bir
sual vermək istəyirəm: Moskva ilə Sizi bağlayan nədir?
Axı, bunlar yəqin ki, həmişəlik
yaddaşınızda qalmışdır?
- Əlbəttə, o
illər həmişəlik yaddaşıma həkk
olunmuşdur. Yaxşı illər - gənclik illəri, təhsil
illəri idi. Mən Moskvaya oxumağa getmişdim. İndi də
Moskvaya gedəndə bütün bunlar sanki gözlərim
önündə canlanır. Bu, mənim həyatımda və
güman edirəm ki, ikitərəfli Rusiya-Azərbaycan münasibətlərində
də mühüm elementdir. Ona görə ki, daha yaxşı
qarşılıqlı əlaqə saxlamaq üçün,
daha yaxşı əməkdaşlıq etmək
üçün bir-birini daha yaxşı başa düşmək
lazımdır.
- Sizin fikrinizcə,
Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas
prinsipləri nədən ibarətdir?
- Bu gün bizə belə
gəlir ki, münaqişənin həllini tapmaq imkanı
vardır. Bu ümid danışıqlar prosesinin özünə,
müzakirələrin nəyin ətrafında getməsinə
əsaslanır. Bu, həm də nisbətən bu yaxınlarda
Ermənistanla Azərbaycan arasında imzalanmış birgə
Bəyannaməyə əsaslanır, orada bütün bu
prinsiplər öz əksini tapmışdır.
Bu prinsiplərin
hamısı münaqişənin Azərbaycanın ərazi
bütövlüyü əsasında həllini nəzərdə
tutur. İndi Ermənistanın yeni rəhbəri var. Ermənistanın
bu məsələyə daha konstruktiv və realist mövqedən
yanaşacağına müəyyən ümidlər var. Müəyyən
siqnallar var. Buna görə də biz həmin ümidlərin nə
dərəcədə əsaslı olduğunu yəqin etməli
və irəliləyişin nə dərəcədə real
olacağını görməliyik.
Siz, zənnimcə,
tamamilə haqlı olaraq başqa ölkələrlə əlaqələri,
Azərbaycan xalqı üçün kifayət qədər ənənəvi
olan tolerantlığı xatırlatdınız. Prezident kimi
şəxsən Siz, respublika hökuməti irsən gələn
bu tolerantlığın daha da inkişaf etdirilməsi
üçün nə edirsiniz?
- Azərbaycanın
çoxəsrlik tarixində burada müxtəlif xalqların
nümayəndələri yaşamışdır. Azərbaycan
indi də çoxmillətli, çoxkonfessiyalı dövlətdir.
Biz bunu çox yüksək qiymətləndiririk. Mən tam əminəm
ki, ölkəmizin, dövlətimizin uğurlu inkişafı
məhz bu formatda mümkündür. Azərbaycanda milliyyətindən
asılı olmayaraq bütün vətəndaşların
hüquqları eyni dərəcədə qorunur. Bu məsələdə
dövlət siyasəti də çox həssas
aparılır. Bu istiqamətdə hər hansı planlar,
direktivlər qəbul etmək, göstərişlər vermək,
şüarlar söyləmək olmaz.
- Həyat özü
diktə edir.
- Tamamilə doğrudur.
Həyat özü diktə edir və bir də ki, prosesləri
bacarıqla istiqamətləndirmək lazımdır. Bizim
ölkəmizdə isə milli ədavətə zəmin
yaratmaq üçün göstərilən bütün cəhdlərin
qarşısı çox sərt şəkildə
alınır.
Müəllif mətni:
müstəqillik illərində Azərbaycanda rus məktəblərinin
heç biri bağlanmamışdır. Rus dilində
çıxan qəzet və jurnalların sayı sovet hakimiyyəti
illərindəkindən çoxdur.
- Azərbaycan dünyəvi
dövlətdir. Eyni zamanda, sirr deyil ki,
qonşularınızda, həm İranda, həm də müəyyən
dərəcədə Türkiyədə islam amili getdikcə
daha çox rol oynayır. Sizin fikrinizcə, dünyəvi və
qeyri-dünyəvi dövlət arasında hüdud nədən
ibarətdir? Sizin gözləyə biləcəyiniz
tarazlıq haradadır?
- Biz Azərbaycanın
dünyəvi dövlət olmasını yüksək qiymətləndiririk,
bu nailiyyətimizi çox qayğı ilə qoruyuruq. Mən
tam əminəm ki, bizim uğurlarımızın rəhni məhz
bundadır. Dini təzahürlər baxımından
narahatlıq doğura biləcək amillərə gəldikdə
isə, Azərbaycanda bu cür amillər yoxdur. İslam dini
bizim mənlik şüurumuzun bir hissəsi, tariximizin bir hissəsi,
varlığımızın bir hissəsidir. O, bizim milli dəyərlərimizin
əsası, ənənələrimizin, ailə dəyərlərimizin
əsasıdır. Biz öz böyük dinimizə dərin
hörmət bəsləyirik. Bununla bərabər, Azərbaycanda
bütün başqa dinlər də sərbəst fəaliyyət
göstərir. Bizdə rus pravoslav kilsəsi də var, sinaqoq
da. Bu yaxınlarda katolik kilsəsi də tikilmişdir, hərçənd,
Azərbaycanda katoliklərin sayı o qədər də
çox deyil. Lakin, bu da tarixi ədalətin bərpası deməkdir.
- Sizə bəlkə də
ən mürəkkəb bir sualım var: Sizin fikrinizcə, bu
beş ildə nəyə nail ola bilməmisiniz?
- Nail ola bilmədiyimiz
yeganə məsələ Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllidir. Deyərdim
ki, ölkəmizin inkişafında, bu ən mühüm məsələ
müstəsna olmaqla, bütün başqa sahələrdə
nəzərdə tutduqlarımızın hamısına nail
olmuşuq. Beş il bundan əvvəl verdiyimiz bütün vədlər
yerinə yetirilmişdir. Bu vədlərin çoxu daha
böyük həcmdə, xeylisi isə vaxtından da əvvəl
yerinə yetirilmişdir.
- Siz “müstəqillik”
kimi çox mühüm sözü işlətdiniz. Heydər
Əliyev bu sözü daim işlədirdi. Zənnimcə,
ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə
Heydər Əliyevin verdiyi töhfəni heç nə ilə
müqayisə etmək olmaz. Siz bu məsələyə daimi
diqqət yetirirsiniz. Ölkənin müdafiə
potensialının gələcək inkişafını necə
təsəvvür edirsiniz?
- Biz qısa müddətdə
silahlı qüvvələrin nəinki çox güclü
maddi-texniki bazasını yaratmağa nail olmuşuq, həm də
ordunun döyüş qabiliyyətini, peşəkarlığını
yüksəltmişik. Keçən il Azərbaycan Silahlı
Qüvvələrinin yaradılmasının 90 illiyinə həsr
edilmiş hərbi parad da ümumən xalq
qarşısında hesabatımız idi ki, nə işlər
görülmüşdür, bu vəsaitlər necə sərf
edilmişdir, bu gün nəyimiz var. İndi Azərbaycan ordusu
istənilən məsələləri həll etməyə,
ilk növbədə, işğal olunmuş ərazilərin
azad edilməsi vəzifəsini yerinə yetirməyə qadir
olan çox güclü strukturdur. Biz qısa müddətdə
Azərbaycanda əvvəllər heç vaxt mövcud
olmamış hərbi sənaye kompleksi yaratmışıq. Biz
bundan sonra da, artıq dediyim kimi, torpaqlarımız azad edilənə
qədər bu məsələlərə böyük diqqət
yetirəcəyik.
- İlham Heydər
oğlu, bizim bugünkü söhbətimizdə, təbii ki,
bir neçə dəfə Heydər Əliyevi
xatırladıq. Başqa cür ola da bilməzdi,
çünki onun çox böyük siyasi irsi var. Siz təkcə
onun işinin davamçısı deyil, həm də
oğlusunuz. Bu baxımdan, bir siyasətçi və insan kimi
Heydər Əliyevin hansı keyfiyyətlərini Siz
özünüzdə möhkəmlətmək istərdiniz?
- Mən Heydər Əliyevin
oğlu olmağımı özüm üçün
böyük xoşbəxtlik sayıram. Böyük insanın
oğlu olmaq, habelə mühüm qərarlar qəbul edilən
anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Bu
gün onun işi yaşayır, siyasəti yaşayır və
mən əminəm ki, Azərbaycan onun istədiyi kimi
inkişaf edir. Əlbəttə ki, mən həmişə
ona oxşamağa çalışmışam. Çünki
siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda
hamıya nümunə ola biləcək adam idi. Səni maraqlandıran bir suala cavab almadan
ondan aralanmaq mümkün deyildi.
- Yeri gəlmişkən, bunu hamı qeyd etmişdir.
- Bəli.
Sizə deməliyəm
ki, prezidentliyimin ilk illərində elə məqamlar olmuşdur ki, mən fikirləşirdim:
bu vəziyyətdə
Heydər Əliyev nə edərdi? Lakin təəssüf ki, bunu bilmək imkanım yox idi. Amma düşünürəm ki,
o, son beş ildə görülmüş
işlərin hamısını
bəyənərdi, özünün
əsəri olan Azərbaycanı bugünkü
səviyyədə görsəydi,
şad olardı.
- Siz dediniz ki, ailə
azərbaycanlılar üçün
həqiqətən ənənəvi
və çox yüksək dəyərdir.
Bununla əlaqədar mən, belə deyək, geniş beynəlxalq ictimaiyyəti maraqlandıran
bir mövzuya toxunmaya bilmərəm.
Bir sıra beynəlxalq jurnalların, media vasitələrinin
apardığı sorğunun
nəticələrinə görə,
Sizin həyat yoldaşınız Mehriban
xanım bütün dünyadakı birinci ledilər arasında ən gözəli, hər halda, ən gözəllərindən
biri hesab edilmişdir. Amma məsələ
bundadır ki, o, çox böyük ictimai fəaliyyətlə
məşğuldur. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiridir. Azərbaycanlı kişinin, ailə
başçısının xanımının bu dərəcədə məşğulluğu
ənənə ilə
nə dərəcə
uyğun gəlir?
Yəni demək istəyirəm ki, Mehriban xanım
evdə Sizə xörək hazırlamağa
da vaxt tapırmı?
Bizim ailə də istisna deyil. Azərbaycanda ailələrin tam əksəriyyətində
ailə dəyərləri,
ailə üzvləri
arasında münasibətlər
məhz bu cür ənənəvi qarşılıqlı hörmət,
məhəbbət və
əmin-amanlıq formalarına
əsaslanır. Mən çox
xoşbəxtəm ki,
belə ailəm var. Şəxsi həyatımdan
çox razıyam.
Yəqin
ki, bundan artığını arzu
etmək çətin
olardı. Mehribana gəldikdə
isə, sizin də dediyiniz kimi, o, həqiqətən
sosial proqramların həyata keçirilməsi,
bizim mədəni irsimizin qorunması sahəsində çox mühüm vəzifəni
yerinə yetirir.
İncəsənət, mədəniyyət, xeyriyyəçilik fəaliyyəti.
O, bütün bunlarla
məşğul olmağa
və ilk növbədə,
ərini sevən qadın, mehriban ana və indi
artıq gənc nənə kimi qalmağa vaxt tapır. Ona görə də
mən bu təbriklərə görə
sizə təşəkkür
etmək, indi bizə baxanların hamısına ailə xoşbəxtliyi arzulamaq istəyirəm. Dünyada
bundan yüksək heç nə ola bilməz.
- Mən
bizim proqramda qəhrəmanlarımızın hamısına verdiyimiz sualı sonda Sizə də verməyə bilmərəm,
çünki bu proqram “Hakimiyyət formulu” adlanır. Sizin üçün bu hakimiyyət deyilən şeyin dadı necədir?
- Bilirsinizmi,
mən...
- Siz elə dərindən köks ötürdünüz
ki, daha cavab verməyə bilərsiniz. Elə bircə bu köksötürmə
kifayətdir ki,..
- Mənə
gəldikdə, deyərdim
ki, bu gün
hakimiyyəti beş il bundan əvvəlkindən
fərqli başa düşürəm. O vaxt
mənim üçün
hakimiyyət, ilk növbədə,
böyük məsuliyyət
yükü idi.
- Çağırış
idi.
- Bəli,
həm atamın xatirəsi qarşısında,
həm ölkə qarşısında, həm
də xalq qarşısında məsuliyyət
idi. Başa düşürdüm ki, Azərbaycanın gələcəyi mənim
görəcəyim işlərdən
asılı olacaqdır.
Bu gün deyə
bilərəm ki, bu məsuliyyət hissi məni heç vaxt tərk etməsə də, hər halda, buraya başqa
hisslər də əlavə olunur. Yəni indi mən hakimiyyəti
ölkə üçün
daha yaxşı işlər görmək imkanı kimi qəbul edirəm. Bu gün mənim
üçün hakimiyyət
ilk növbədə Azərbaycan
vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır.
Əliyev İlham
Rabitə dünyası.- 2009.- 20 fevral .- S.2-3