Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin yaranmasının
5 ili tamam olur
Azərbaycan
Respublikasında İKT sahəsindəki fəaliyyət
ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji xətt üzrə aparılır. Bu strateji xəttə
uyğun olaraq, son 5 ildə telekommunikasiya və informasiya
texnologiyaları sektorunda nəzərəçarpacaq işlər
görülmüş, informasiya-kommunikasiya texnologiyaları
sahəsində qəbul olunmuş Dövlət Proqramları və
həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində
sektorda məhsul və xidmət istehsalının həcmi əhəmiyyətli
dərəcədə artmışdır.
Son 5 il ərzində
İKT və poçt sektorunda istehsal olunmuş məhsulun və
göstərilmiş ümumi xidmətlərin həcmi 3.2
milyard manat təşkil etmişdir. Göstərilmiş xidmətlər
üzrə orta illik artım 32,1 faiz təşkil etmişdir.
2008-ci il ərzində İKT və poçt sektorunda əldə
olunan gəlirlərin həcmi 2003-cü illə müqayisədə
4.0 dəfə artaraq 990.5 milyon manat təşkil etmişdir;
Bu illər ərzində
sektor üzrə ümumilikdə 799 milyon manat həcmində
investisiya qoyuluşu həyata keçirilmişdir;
2003-cü ildə
sektor üzrə əldə olunan gəlirin 65,8%-i
qeyri-dövlət rabitə müəssisələrinin
payına düşürdüsə, hal-hazırda bu rəqəm
80,3% təşkil edir;
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkədə yeni iş yerlərinin açılması və
işsizliyin aradan qaldırılması ilə bağlı
verdiyi tapşırıqların icrası olaraq, rabitə və
informasiya texnologiyaları sahəsi üzrə 2003-2008-ci illər
ərzində 5500-dən artıq yeni iş yerləri
açılmışdır;
5 il ərzində
rabitəçilərin əmək haqları 3 dəfədən
çox artırılmışdır;
2003-2008-ci illər
ərzində 987 846 nömrə tutumlu yeni ATS-lər istifadəyə
verilərək ümumiistifadəli sabit telefon şəbəkəsinin
tutumu 1505 841 nömrəyə
çatdırılmışdır;
2003-2008-ci illər
ərzində ölkənin telekommunikasiya şəbəkəsinin
müasirləşdirilməsi davam etdirilmiş, ən yeni
texnologiyaların tətbiqi genişləndirilmişdir.
Artıq respublikanın 23 şəhər və rayonunun telefon
şəbəkələri yenidən qurularaq tam
elektronlaşdırılmışdır;
Respublika telefon
şəbəkəsində elektron ATS-lərin xüsusi
çəkisi 01.01.2004-cü il tarixə 48,7% təşkil
etdiyi halda, 01.01.2009-cu il tarixə 83,1%-ə, Bakı şəhər
telefon şəbəkəsində 54,1%-dən 85,5%-ə,
respublikanın digər bölgələrində isə
müvafiq olaraq 43,0%-dən 80,7%-ə
çatdırılmışdır;
2003-2008-ci illər
ərzində sabit şəbəkə telefonlarından istifadə
edən abunəçilərin sayı 394 862 nəfər
artaraq 1 318 662 nəfərə, mobil şəbəkə abunəçilərinin
sayı 4 842 900 nəfər artaraq 5 900 000 nəfərə
çatdırılmışdır. Hər 100 nəfər əhaliyə
düşən mobil abunəçilərin sayı 2003-cü
ildə 12,8 ədəd təşkil etdiyi halda, 01.01.2009-cu il
tarixə 68,0 ədəd olmuşdur;
Respublika
üzrə əhalinin hər 100 nəfərinə düşən
sabit şəbəkə telefonlarının sayı
01.01.2004-cü il tarixə 11,5 ədəd olduğu halda,
01.01.2009-cu il tarixə 15,5 ədəd təşkil etmişdir.
Bu göstərici Bakı şəhəri üzrə 27,7 ədəddən
35 ədədə, respublikanın digər ərazilərində
isə 7,5 ədəddən 10,0 ədədə, kənd yerlərində
isə 4,2 ədəddən 6,1 ədədə
çatdırılmışdır;
Bu illər ərzində
hər 100 ailəyə düşən sabit şəbəkə
telefonlarının sayı 49,0 ədəddən 65,8 ədədə
qədər artırılmışdır;
Beynəlxalq
telefon kanallarının sayı 2004-cü illə müqayisədə
1616 ədəd artaraq 4919 ədədə
çatdırılmışdır;
2008-ci il ərzində
dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq
giriş trafikinin həcmi 2003-cü illə müqayisədə
360.2 mln. dəqiqə artaraq 515.4 mln. dəqiqə,
çıxış trafikinin həcmi isə 112.8 mln. dəqiqə
artaraq 155.0 mln. dəqiqə təşkil etmişdir;
2004-2008-ci illərdə
1243 km uzunluğunda fiber-optik kabel magistralları və xətləri
tikilərək istifadəyə verilmiş, TAE fiber-optik kabel
magistralının Azərbaycan seqmentlərinə birbaşa
qoşulan telekommunikasiya qovşaqlarının sayı 33-dən
50-yə çatdırılmışdır;
CDMA
texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə
dairəsi respublika əhalisinin 50%-dən çoxunun yaşadığı
ərazini əhatə etmiş və abunəçilərinin
sayı 20000-i keçmişdir;
MDB ölkələri
arasında və regionda ilk dəfə “Yeni nəsil şəbəkələri
(NGN)” texnologiyası Bakı şəhər telefon sistemində
tətbiq olunmuş və 3 xidmətin - telefon rabitəsi,
televiziya və radio proqramlarının, sürətli internetin
eyni vaxtda bir telefon xətti ilə istifadəçilərə
verilməsinə başlanmışdır;
Hal-hazırda
respublikanın digər regionlarında da NGN
texnologiyasının tətbiqinə
başlanılmışdır;
2003-cü ildə
genişzolaqlı şəbəkə xidmətləri
yalnız Bakı şəhərində göstərilirdisə
və bu xidmətdən cəmi 16 abunəçi istifadə
edirdisə, hal-hazırda Bakı şəhəri ilə
yanaşı, respublikanın digər şəhər və
rayonlarında 43000 abunəçi genişzolaqlı şəbəkə
xidmətlərindən istifadə edir.
2004-cü ildə
respublikanın bütün bölgələrini əhatə
edən «Aztelekom.net» internet provayderi yaradılmış və
Gəncə, Şəki, Quba, Lənkəran, Mingəçevir,
Sumqayıt şəhərlərində provayderin xidmət mərkəzləri
istifadəyə verilmişdir. Bununla da respublikanın istənilən
bölgəsindən yüksəksürətli qlobal şəbəkəyə
qoşulma imkanlığı təmin edilmişdir.
Bakı şəhərində
və regionlarda telekommunikasiya və İT xidmətlərinin
yüksək keyfiyyətlə verilməsinin təmin edilməsi
məqsədilə, 2006-cı ildən bütün ölkəni
əhatə edən 10 Gbit sürətli magistral rəqəmsal
“AZDATAKOM” şəbəkənin qurulmasına
başlanılmış, görülmüş işlər nəticəsində
Bakı şəhərində 10 Gbs həcmində “AzDATAKOM”
şəbəkəsi yaradılmış və regionlarda 1
Gbs həcmində “AzDATAKOM” şəbəkəsinin
yaradılması üzrə işlər davam etdirilir;
2008-ci ilin
yekunlarına görə, əhalinin hər 100 nəfərinə
düşən kompyuterlərin sayı 7,5 ədədə,
internet istifadəçilərinin sayı 37,0-ə bərabər
olmuşdur ki, bu da 2005-ci illə müqayisədə
müvafiq olaraq 3,3 dəfə və 4,6 dəfə
çoxdur;
Son 5 il ərzində
ölkədaxili internet şəbəkəsinin qlobal internet
şəbəkəsinə qoşulma sürəti 40 dəfə
artırılaraq 6 GB/saniyəyə
çatdırılmış və nəticədə
respublikamızdan beynəlxalq internet şəbəkəsinə
informasiya ixracının həcmi 25 dəfə,
idxalının həcmi isə 17 dəfə
artmışdır;
2003-2008-ci illər
ərzində poçt şöbələrinin sayı 1128-dən
1536-a, kənd poçt şöbələrinin sayı isə
931-dən 1207-ə çatdırılmışdır;
Bu illər ərzində
poçt qutusu olmayan kəndlərdə yeni poçt
qutularının quraşdırılması, yararsız hala
düşmüş poçt qutularının yeniləri ilə
əvəz olunması istiqamətində
görülmüş tədbirlərin nəticəsində
poçt qutularının ümumi sayı 1217-dən 3714 ədədə
çatdırılmışdır;
2004-2008-ci illər
ərzində “Azərpoçt” DM-in xidmət şəbəkəsinin
inkişafı və genişləndirilməsi sahəsində
əsaslı tədbirlər həyata keçirilmişdir:
- Azərbaycan
poçtu 2004-cü ildə EMS göndərişləri
üzrə, 2006-cı ildən isə bağlamalar üzrə
“IPS Light” beynəlxalq poçt əməliyyatları sisteminə
qoşulmuşdur;
- 2004-cü ildən
Azərbaycan poçtu öz müvafiq daxili elektron sistemi ilə
STEFİ beynəlxalq pul baratları mübadiləsi sisteminə
bilavasitə qoşulmuşdur;
- Hazırda Azərbaycan
poçtu Ümumdünya Poçt İttifaqının
yuxarıda sadalanan sistemləri əsasında 7 ölkə ilə
elektron pul baratları mübadiləsini, 50-dən artıq
ölkə ilə beynəlxalq bağlamalara, 100-dən
artıq ölkə ilə isə beynəlxalq EMS göndərişlərinə
dair müvafiq elektron məlumatlar mübadiləsini təşkil
etmişdir;
- 2005-ci ildə
Dünya Bankı ilə Azərbaycan hökuməti arasında
poçt sahəsində “Maliyyə xidmətlərinin
inkişafı” layihəsi üzrə 12,25 mln. ABŞ
dolları məbləğində “İnkişaf krediti
haqqında Saziş” imzalanmışdır və bu Sazişin
həyata keçirilməsi nəticəsində poçt
şöbələri vahid kompyuter şəbəkəsində
birləşdiriləcək və poçt müəssisələri
bank-maliyyə xidmətləri göstərməklə keyfiyyətcə
yeni inkişaf səviyyəsinə çatacaq, poçt şəbəkəsinin
iqtisadi durumunun yaxşılaşdırılması və rəqabətə
davamlılığı, pul köçürmələrinə
sərf olunan xərclərin azalması, regionlarda
sahibkarlığın inkişafı və yeni iş yerlərinin
açılması təmin ediləcəkdir. Bu sahədə
işlər uğurla davam etdirilir.
2004-2008-ci illər
ərzində “Azərmarka” şirkəti tərəfindən
müxtəlif mövzuda 160 ədəd poçt markası, 99
ədəd poçt kartı, 48 ədəd poçt zərfi
dövriyyəyə buraxılmışdır.
2003-2008-ci illərdə
televiziya və radio proqramlarının yayım əhatəsinin
genişləndirilməsi istiqamətində
görülmüş tədbirlərin nəticəsində
AzTV proqramının əhali üzrə əhatə faizi
99,0%-dən 99,9%-ə, 2005-ci ildə yaradılmış
İctimai TV üzrə 65%-dən 88%-ə, Lider TV üzrə
70%-dən 78%-ə, ATV üzrə 35%-dən 80%-ə, ANS
proqramı üzrə 48%-dən 75%-ə, yeni
açılmış Xəzər TV üzrə isə 60%-ə
çatdırılmışdır.
Bakı şəhərində
ilk dəfə olaraq rəqəmsal televiziyanın tətbiqinə
başlanılmışdır.
2005-ci ildə
ölkə ərazisində informasiya-kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
üçün kompyuter texnikasına və kommunikasiya
avadanlıqlarına olan tələbatın ödənilməsi
məqsədilə, elektron avadanlıqları istehsal edən
“Kür” MMC tikilib istifadəyə verilmişdir;
Hal-hazırda
ölkə ərazisində kompyuter avadanlığı
istehsal edən 3 müəssisə fəaliyyət göstərir
(“Kür” MMC, ULTRA və AZEL şirkətləri);
Son illər
İKT sahəsində milli kadrların hazırlanması
istiqamətində də müəyyən işlər
görülmüşdür. Dünyanın bir çox
tanınmış universitetləri -ABŞ-ın Corc Meyson,
Kaliforniya və San-Xose, İsveçin Çalmers
İnformasiya Texnologiyaları və Höteborq İnformasiya
Texnologiyaları universitetləri, Odessa Milli Rabitə
Akademiyası ilə RİTN arasında əməkdaşlıq
haqqında imzalanmış sənədlərə əsasən
gənclərimiz xaricdə İKT ixtisasları üzrə təhsil
almaq imkanı əldə etmişlər;
Respublikada
informasiya texnologiyalarının nüfuzetmə səviyyəsini
artırmaq, əhalini güzəştli şərtlərlə
kompyuterlərlə təmin etmək, həmçinin yerli
istehsalı genişləndirmək məqsədilə
RİTN-in təşəbbüsü ilə “Microsoft” və
“İntel” şirkətləri ilə birgə “Xalq kompyuteri”
layihəsi üzrə işlər davam etdirilmişdir.
2004-2008-ci illər
ərzində telekommunikasiya sahəsi üzrə 18 müəssisəyə,
poçt sahəsi üzrə 26 müəssisəyə
lisenziya verilmişdir. Həmçinin, GSM standartlarında
sellülar (mobil) xidmətlərin göstərilməsi
üçün “Azerfon” MMC-yə, CDMA standartlarında
sellülar (mobil) xidmətlərin göstərilməsi
üçün isə “Katel” BM-ə lisenziyalar verilmişdir.
2004-2008-ci illər
ərzində RİTN-in xarici əlaqələrinin inkişaf
etdirilməsi, o cümlədən ölkəmizdə rabitə
və İKT sahəsində aparılan islahatların beynəlxalq
aləmdə tanınması üçün əhəmiyyətli
işlər görülmüş, dünyanın müxtəlif
ölkələri ilə İKT sahəsi üzrə əməkdaşlıq
memorandumları, müqavilələr, müxtəlif sazişlər
imzalanmışdır. Nazir və nazirliyin digər məsul
şəxsləri dünyanın bir neçə ölkəsində
keçirilmiş beynəlxalq tədbirlərdə iştirak
etmişlər.
Bu illər ərzində
artıq ənənəyə çevrilmiş və region
üçün geniş əhəmiyyətə malik olan
telekommunikasiya və informasiya texnologiyaları üzrə
“Bakutel” sərgiləri keçirilmişdir;
2004-2008-ci illər
ərzində Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən qanunvericilik bazasının
yaradılması və təkmilləşdirilməsi istiqamətində
də işlər davam etdirilmişdir;
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü
ilə 2004-cü ildə “Poçt rabitəsi haqqında”,
“Elektron imza və elektron sənəd haqqında”, 2005-ci ildə
“Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan
Respublikasının qanunları qəbul olunmuş, qeyd olunan
qanunlardan irəli gələn müxtəlif qaydalar
hazırlanmış və təsdiq edilmişdir;
Respublika ərazisində
informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi,
xüsusilə də regionlarda internet xidmətlərinin
inkişaf etdirilməsi məqsədilə 2004-cü ildə
internet şəbəkəsindən istifadəyə görə
abunəçilərdən alınan aylıq istifadə
haqları ləğv edilmişdir.
Son 5 ildə
beynəlxalq danışıq tarifləri təxminən 3 dəfə,
radiotezliklərdən istifadə haqları 38%, radio və
televiziya yayımı tarifləri 35-60%, respublika ərazisində
təşkil olunan rəqəmsal kanalların qoşulma və
aylıq istifadə haqları 90%, şəhərlərarası
fiziki kanallardan istifadə haqları isə 20% aşağı
salınmışdır.
Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr
2008-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən,
şəhərdaxili rəqəmsal kanalların qoşulma
haqqına 50%, aylıq istifadə tariflərinə 6,3%,
respublika daxilində təşkil olunan rəqəmsal rabitə
kanallarının qoşulma haqqına və hər tam və
natamam 50 km. məsafəyə görə 2 Mbit/san tutumundan
istifadə tariflərinə 16,7% endirimlər edilmişdir. Bu qərar
internet xidmətlərinin maya dəyərinin azalmasına və
bu da nəticədə internet provayderlər tərəfindən
son istifadəçilər üçün internet xidməti
tariflərinin təqribən 20-30% aşağı
salınmasına imkan yaradacaqdır.
“2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı”nın icrasının təmin edilməsi, eləcə
də təhsil müəssisələrində İKT-nin tətbiqinin
genişləndirilməsi və internetə
çıxışın təmin edilməsi ilə
bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə,
“Teleradio” İB-yə məxsus bina, sahə və qüllələrdə
kənar təşkilatlara məxsus avadanlıqların yerləşdirilməsi
və xidmət göstərilməsinə görə
aylıq tariflər”inə fiziki xətlə
telefonlaşdırılması mümkün olmayan ərazilərdə
yerləşən təhsil müəssisələri
üçün 80% güzəşt tətbiq edilmişdir.
“Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)”
İKT sahəsinin nəzərdə tutulan statistik göstəricilər
sisteminin yaradılması məqsədilə 2006-cı ildə
RİTN və Dövlət Statistika Komitəsinin birgə əməkdaşlığı
nəticəsində informasiya və kommunikasiya
texnologiyaları üzrə 200-ə yaxın göstəricini
əhatə edən statistik məcmuə nəşr
edilmişdir;
Müxtəlif
beynəlxalq mənbələrin qiymətləndirilmələrinə
əsasən son illərdə İKT sahəsində
inkişaf üzrə dinamika aydın nəzərə
çarpmaqdadır. Belə ki, Dünya İqtisadi Forumunun dərc
etdiyi hesabata əsasən, Azərbaycan 2006-2007-ci illər
üzrə qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından
istifadə səviyyəsinə görə Bolqarıstan,
Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan, Moldova kimi bir çox
ölkələri qabaqlayaraq, 122 ölkə sırasında
67-ci yeri tutmuşdur;
Rabitə
dünyası .- 2009.- 20 fevral .-S.4-8.