Xocalı soyqırımı
- bəşəriyyətə qarşı tarixi cinayət
“Bütövlükdə Azərbaycan
xalqına qarşı yönəldilmiş Xocalı
soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri - insani cəza üsulları ilə bəşər
tarixində tayı - bərabəri olmayan bir vəhşilik
aktıdır”
Heydər Əliyev
1988-ci ildən
başlamış Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi dövründə ən
müdhiş hadisə, tarixdə analoqu çox az olan dəhşətli
faciə Qarabağın qədim insan məskənlərindən
olan Xocalıda erməni silahlı dəstələri tərəfindən
azərbaycanlı əhaliyə qarşı törədilmiş
soyqırım olmuşdur. Xocalı soyqırımı XX əsrin
ən dəhşətli və çox qəddarcasına
törədilmiş Xatın, Xirosima faciələri ilə
eyni səviyyədə durur.
Xocalı Xankəndi
şəhərindən 14 km şimal-şərqdə yerləşir.
1992-ci ilin
qanlı faciəsinə kimi Xocalıda 7 min əhali
yaşayırdı. Məlum hadisələr dövründə
Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən
didərgin salınmış xeyli azərbaycanlı və
1989-cu ildə Fərqanədən qovulmuş məhsəti
türkləri də bu şəhərdə məskunlaşmışdılar.
1992-ci il
fevralın 25-dən 26-sına keçən gecə erməni
silahlı dəstələri Xankəndi şəhərində
yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı
motoatıcı hərbi alayının köməyi ilə
silahsız və köməksiz Xocalı şəhərinə
hücum etmişlər. Əvvəlcə şəhər
dörd tərəfdən erməni qoşunları tərəfindən
əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və
ağır hərbi texnikadan güclü və amansız atəş
açılmış, az bir vaxt ərzində şəhərdə
yanğın baş vermiş, şəhər tamamilə alova
bürünmüşdür. Şəhərin müdafiəçiləri
və yerli əhali buranı tərk etməyə məcbur
olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi
şəhər erməni işğalçıları tərəfindən
zəbt olunmuş, bir gecənin içərisində qədim
Xocalı yerlə yeksan edilmişdir.
Şəhəri
tərk etməyə məcbur olan əhali dağlara, meşələrə
qaçmışdır. Pusquda durmuş silahlı ermənilər
hər tərəfdə dinc əhalini güllələmiş,
soyğunçuluq etmiş, onlara amansız divan tutmuşlar. Beləliklə,
soyuq, qarlı fevral gecəsində yüzlərlə azərbaycanlı
məhv edilmiş, qocalara, xəstələrə, uşaqlara,
qadınlara rəhm edilmədən əzab verilmiş, əsir
götürülmüşdür. Bəzi dəstələr
isə erməni silahından yayınıb meşələrə,
dağlara qaçsalar da onların çoxu soyuqdan,
şaxtadan məhv olmuşlar… Bu, əsil soyqırım idi.
Cinayətkar
erməni qoşunlarının vəhşiliyi nəticəsində
Xocalı əhalisindən 613 nəfər
öldürülmüş, 487 nəfər şikəst
olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar,
qadınlar əsir götürülərək
ağlasığmaz erməni zülmünə, təhqir və
həqarətlərinə məruz qalmışlar. 150 nəfərin
taleyi hələ də məlum deyildir. Xocalıda
öldürülmüş 613 nəfərdən 106 nəfəri
qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşdur.
Xocalı faciəsində
8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq
hər iki valideynini, 130 uşaq isə valideyinlərindən
birini itirmişdir.
Bu cinayətdə
56 nəfər xüsusi qəddarlıqla və
amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri
yandırılmış, başları kəsilmiş, üzlərinin
dərisi soyulmuş, körpə uşaqların gözləri
çıxarılmış, süngü ilə hamilə
qadınların qarınları yarılmışdır. Ermənilər
hətta meyitləri də təhqir etmişlər…
Azərbaycan
xalqı və onun dövləti Xocalı faciəsini heç
vaxt unutmur və unutmayacaqdır.
Azərbaycan
xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyev
1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan
Respublikasının Milli Məclisinin Qərarı ilə 26
fevral “Xocalı soyqırımı və milli matəm
günü” elan olunmuş, bu barədə bütün beynəlxalq
təşkilatlara məlumat verilmişdir.
Hər ilin
fevralında ölkə başçısı “Xocalı
Soyqırımı” ilə əlaqədar xalqa müraciət
edir.
25 fevral 1997-ci
ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidenti tərəfindən Fərman
imzalanmış və fevralın 26-da saat 17.00-da
soyqırım qurbanları bir dəqiqəlik sükutla yad
edilirlər.
Xalqımız
bu dəhşətli soyqırım hadisəsinin
günahkarlarının layiq olduqları cəzaya
çatacaqları günü səbirsizliklə gözləyir.
Azərbaycan gəncləri Xocalı soyqırımının
anım günləri zamanı ermənilərin və
dünya ictimaiyyətinin tanınmış simalarının
elektron poçtuna etiraz məktubları, faciə
qurbanlarının dəhşətlərini əks etdirən
fotolar, sənədlərin surətləri və informasiyalarla
virtual hücumlar təşkil edir, soyqırımın
dünya miqyasında tanınmasına
çalışırlar.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
tapşırığı ilə son illər bu
soyqırım hadisəsi bütün dünyada
tanınması istiqamətində geniş ideoloji-intellektual
işlər görülür.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində
Azərbaycan həqiqətləri, Xocalı faciəsi
haqqında kitablar, filmlər, stendlər dünyanın hər
yerində nümayiş etdirilir.
İnanırıq
ki, Xocalı soyqırımı qurbanlarının qanı yerdə
qalmayacaq.
Camaləddin Dostəli
Rabitə dünyası.- 2009.- 20 fevral.- S. 15.