“Elektron Azərbaycan” Dövlət
Proqramının icrası müvəffəqiyyətlə
başa çatdırılmışdır
Elmi-texniki tərəqqinin
ən yeni nailiyyətlərinə əsaslanmaqla müasir
informasiya texnologiyalarının inkişaf etdirilməsi son illərdə
Azərbaycanda dövlətin qarşısında duran prioritet
vəzifələrdən biri olmuşdur. Ümummilli liderimiz
Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə bu sahənin ardıcıl və sistemli
inkişafı geniş vüsət almışdır. Ulu
öndərin 17 fevral 2003-cü il tarixdə
imzaladığı “Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycanda
müasir informasiya texnologiyalarının tətbiqi sahəsində
strateji vəzifələri müəyyənləşdirmişdir.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş
sosial-iqtisadi inkişaf strategiyasını yeni dövrün tələbləri
səviyyəsində uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
çıxışlarında daim vurğulamışdır
ki, respublikada həyata keçirilən neft
strategiyasının, sosial-iqtisadi islahatların uğurları
davamlı və tarazlı inkişaf baxımından zəruri
olan zəngin intellektual resursların, insan kapitalının
formalaşmasına xidmət etməlidir. “İnkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər
salsaq, görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz
deyil, bilikdir, savaddır, müasirlikdir” - deyən dövlət
başçısı informasiya və kommunikasiya
texnologiyalarının (İKT) tətbiqini respublikanın
sosial-iqtisadi tərəqqisində prioritet məsələ
elan etmişdir.
Bunun nəticəsidir
ki, İKT sektoru potensial imkanlarına görə Azərbaycanda
energetika sektorundan sonra ikincidir. Respublikamızın zəngin
enerji resursları, mövcud nəqliyyat imkanları, əlverişli
coğrafi mövqeyi və ictimai-siyasi stabilliyi İKT sahəsində
iri infrastruktur, elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata
keçirilməsinə əlverişli şərait
yaratmışdır. Hələ 2003-cü ilin dekabrında
BMT-nin mandatı altında Cenevrədə təşkil
edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya
Sammitində respublikamızın bu sahədə geniş
perspektivlərə malik olduğu təsdiqlənmişdir. Həmin
sammitdə vurğulandığı kimi, İKT sahəsinin
inkişafı Azərbaycanda sosial-iqtisadi yüksəlişin,
sivil dünya dəyərlərinin, insan hüquqlarının
etibarlı təminatı və demokratikləşmə
prosesinin sürətləndirilməsi baxımından olduqca
vacibdir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumu tərəfindən
2007-2008-ci illər üçün hazırlanmış
“İnformasiya texnologiyalarının qlobal inkişafı
haqqında hesabat”da Azərbaycan 127 ölkə sırasında
67-ci yeri tutaraq, bir çox nüfuzlu ölkələri
qabaqlamış, MDB dövlətləri arasında isə
lider olmuşdur. Həmçinin, ölkəmiz BMT-nin “United
Nations e-Government Survey 2008” hesabatında e-hazırlıq indeksi
üzrə 182 dövlət arasında 89-cu yeri, e-iştirak
indeksinə görə isə 182 dövlət arasında 49-cu
yeri tutmuşdur.
Bu yüksək
göstəricilərin arxasında İKT sektorunun və
informasiya infrastrukturunun inkişafı ilə yanaşı, son
illərdə informasiya texnologiyalarının ölkəmizin
sosial-iqtisadi inkişafının bütün istiqamətlərində
kütləvi tətbiqi və istifadəsi durur. Tanınmış
İKT şirkətlərinin rəhbərlərinin
respublikamıza səfərləri, eləcə də
İsveçrənin Davos şəhərində keçirilən
ənənəvi iqtisadi forumlarda dünyanın aparıcı
şirkətləri olan “Microsoft”, “Cisco” və “İntel”-in rəhbərlərinin
təşəbbüsü ilə ölkə
başçısı cənab İlham Əliyevlə
keçirilən görüşlər bir daha göstərir
ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət
mərkəzindədir.
2005-2008-ci illər
ərzində İKT sahəsində beynəlxalq əməkdaşlığın
inkişafı yeni mərhələyə qədəm
qoymuşdur. Bu müddətdə 53 beynəlxalq əhəmiyyətli,
bilavasitə sahə üzrə isə 45 sənəd, o
cümlədən 1 bəyannamə, 11 hökumətlərarası
saziş, 13 memorandum, 12 protokol və 8 müxtəlif təyinatlı
sənəd imzalanmış, çoxsaylı beynəlxalq
biznes-forumlar, sərgi və konfranslar təşkil
edilmişdir. Tam əminliklə deyə bilərik ki, bu gün
Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal
iştirakçısına və təşkilatçısına
çevrilmişdir. Buna misal olaraq, 11-14 noyabr 2008-ci il tarixlərində
Heydər Əliyev adına İdman-Konsert Kompleksində
keçirilmiş 14-cü “Bakutel” beynəlxalq telekommunikasiya və
informasiya texnologiyaları sərgisini göstərmək olar. Ölkə
Prezidenti cənab İlham Əliyev sərginin
açılış mərasimində iştirak etmişdir. Tanınmış
İKT şirkətləri Microsoft, Cisco, IBM, HP və digərləri
ölkəmizdə nümayəndəliklərini
açmış və fəaliyyətlərini genişləndirmişlər.
Uzun illər bu
sahədə çalışanların əməyinin qiymətləndirilməsi
və daha yüksək nəticələrin əldə edilməsinə
stimul yaradılması məqsədilə ölkə
başçısının hər il dekabr ayının
6-nın “Rabitə və informasiya texnologiyaları sahəsi
işçilərinin peşə bayramı günü” kimi
qeyd olunması və bu sahənin inkişafında müstəsna
xidməti olanların orden, medal və fəxri adlarla təltif
edilməsi haqqında imzaladığı sərəncamlar sahə
üzrə fəaliyyət göstərən insanların hədsiz
sevincinə və ruh yüksəkliyinə səbəb
olmuşdur.
Milli Strategiyada
müəyyənləşdirilmiş strateji xəttin həyata
keçirilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 21
oktyabr 2005-ci il tarixli 1055 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2005- 2008-ci illər üçün Dövlət
Proqramı”nın (Elektron Azərbaycan)” icrası başa
çatdırılmışdır. Bu Proqram rabitə və
informasiya texnologiyaları sahəsinin təşkilati,
hüquqi, texniki, kadr baxımından modernləşdirilməsini
nəzərdə tutan, İKT-nin hökumətin fəaliyyətində
geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə
geniş yayılmasını təmin edən təkmil fəaliyyət
konsepsiyası olmuşdur. Dövlət Proqramının
icrası nəticəsində sahə üzrə
normativ-hüquqi baza inkişaf etdirilmiş, mövcud
telekommunikasiya infrastrukturu ən müasir texnologiyaların tətbiqi
ilə yenidən qurulmuş və genişləndirilmiş,
sahəyə cəlb olunan investisiyaların həcmi
artmış, yeni iş yerləri açılmış,
dövlət orqanları tərəfindən İKT-nin tətbiqi
ilə göstərilən xidmətlərin keyfiyyəti və
əhalinin onlardan istifadə səviyyəsi yüksəldilmişdir.
İnformasiya texnologiyaları bazarında azad rəqabət
mühitinin yaradılması, özəl sektorun inkişaf
etdirilməsi, elektron avadanlıqların və proqram təminatı
məhsullarının istehsalının ölkədə,
xüsusən də regionlarda təşkili istiqamətində
mühüm addımlar atılmışdır. “Elektron Azərbaycan”
Dövlət Proqramı çərçivəsində təhsil,
səhiyyə, elm, mədəniyyət və digər sahələrdə
İKT-nin geniş tətbiqi ilə bağlı layihələr
həyata keçirilmiş və ilkin elektron xidmətlərin
təqdim olunmasına başlanılmışdır. Bir fakt
xüsusilə qeyd olunmalıdır ki, həyata
keçirilmiş tədbirlər nəticəsində 2008-ci
ildə Azərbaycanda bütün yaşayış məntəqələri
telefonlaşdırılmışdır. Bütün bunlar Azərbaycanda
İKT sahəsinin gələcəkdə daha
genişmiqyaslı tərəqqi yoluna qədəm qoymasına
etibarlı zəmin yaradır.
Dövlət
Proqramının uğurlu icrasının nəticəsidir ki,
2005-2008-ci illər ərzində rabitə və informasiya
texnologiyaları sahəsinin inkişafını xarakterizə
edən əsas makro göstəricilərdə davamlı
artım müşahidə olunmuşdur. Bu gün artıq
ölkəmizdə İKT sektorunun inkişaf tempi bu sahədə
ümumdünya göstəricilərini təxminən
üç dəfə qabaqlayır. İKT-nin qeyri-neft sektoru
üzrə ümumi daxili məhsuldakı payı artır və
iqtisadi hesablamalara görə hazırda 5%-ə bərabərdir.
2008-ci il ərzində İKT və poçt sektorunda əldə
olunan gəlirlərin həcmi ötən illə müqayisədə
28,1% artaraq 990.5 milyon manat olmuşdur. Bu artım tempi 2007-ci illə
müqayisədə İKT sektorunda 28,4%, o cümlədən
telekommunikasiya sektoru üzrə 28,7%, İT sektoru üzrə
25,3%, poçt sektorunda isə 6,5% təşkil etmişdir. Əldə
olunan gəlirin 80,3%-i qeyri-dövlət müəssisələrinin
payına düşmüşdür. Respublika üzrə əhalinin
hər 100 nəfərinə düşən əsas telefon
aparatlarının sayı 01.01.2009-cu il tarixə 15,5 ədəd
təşkil edir. Bu göstərici Bakı şəhəri
üzrə 35,0, respublikanın digər ərazilərində
isə 10,0 ədədə bərabərdir. Mobil abunəçilərin
sayı 6548000 nəfər təşkil edir ki, bu da hər 100
nəfərə 75,0 mobil abunəçinin düşməsi
deməkdir.
Nəticə
etibarı ilə qeyd edə bilərik ki, “Elektron Azərbaycan”
Dövlət Proqramının icrası “Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli
Strategiyanın (2003-2012-ci illər)” ilkin mərhələsindən
irəli gələn vəzifələrin həllini təmin
etmişdir.
Sahə üzrə
iqtisadi-struktur islahatlarının həyata keçirilməsi
istiqamətində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə
və obyektlərinin özəlləşdirilməsi
haqqında” 29 mart 2001-ci il tarixli 671 nömrəli Sərəncamına
uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi (RİTN) və ona tabe müəssisələrin
iştirakı ilə yaradılmış “Bakcell LTD”, “Ultel”,
“Azərcell-Telekom MMM” və “Catel” birgə müəssisələri
özəlləşdirilmiş, digərlərinin nizamnamə
kapitalındakı dövlət payının inventarizasiya
olunaraq yenidən qiymətləndirilməsi ilə
bağlı işlər davam etdirilmişdir.
Rabitə və
informasiya texnologiyaları sahəsinin normativ-hüquqi
bazası mütəmadi olaraq yeni dövrün tələbləri
səviyyəsində təkmilləşdirilmişdir. “Elektron
imza və elektron sənəd haqqında”, “Elektron ticarət
haqqında”, “İnformasiya əldə etmək haqqında”,
“Telekommunikasiya haqqında” və “Poçt rabitəsi
haqqında” Azərbaycan Respublikasının qanunları qəbul
olunmuş və onlardan irəli gələn 20-dən artıq
qaydalar, o cümlədən “Telekommunikasiya sahəsinə dair
siyasət planı” hazırlanaraq təsdiq edilmişdir.
Sahə üzrə
normativ-hüquqi sənədlərin (qanunlar, qaydalar, təlimatlar
və s.) hazırlanması, onlara əlavə və dəyişikliklərin
edilməsi zamanı istehlakçıların, eləcə də
operatorların, provayderlərin hüquqlarının
qorunması məsələsi daim ön plana çəkilmişdir.
Abunəçilərin rahatlığını təmin etmək
məqsədilə telefonların borca görə
bağlanması halları xeyli sadələşdirilmiş,
borclar barədə məlumatların internet vasitəsilə
öyrənilməsi təşkil edilmiş və digər
uyğun qərarlar qəbul edilmişdir.
Ölkənin
telekommunikasiya bazarında aylıq abunə haqları maya dəyərindən
dəfələrlə aşağı, beynəlxalq
danışıq haqları isə əksinə, maya dəyərindən
yuxarı qiymətlərlə təqdim olunduğuna görə
rabitə operatorlarının itkiləri çarpaz subsidiyalar
yolu ilə tənzimlənir. Bu
çatışmazlığın aradan
qaldırılması məqsədi ilə RİTN tərəfindən
mütəmadi olaraq tədbirlər həyata
keçirilmiş, beynəlxalq telefon
danışıqlarının tarifləri bir neçə dəfə
aşağı salınmış, sabit şəbəkə
telefonlarından istifadəyə görə aylıq abunə
haqqına müvafiq dəyişikliklər edilmişdir.
İKT sahəsi
üzrə Azərbaycan Respublikasının milli
standartlarının layihələrinin hazırlanması,
onların ekspertizası, razılaşdırılması və
beynəlxalq standartların tələblərinə
uyğunlaşdırılması, sahə üzrə
standartlaşdırmanın vahid elmi-texniki siyasətinin
formalaşdırılması, beynəlxalq standartların
ölkədə tətbiqinə dair təkliflərin verilməsi,
dövlətlərarası standartlaşdırma işlərində
iştirak edilməsi məqsədilə 2008-ci ildə
Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya
texnologiyaları” Texniki Komitəsi (TK 05)
yaradılmışdır. Komitənin tərkibinə ölkənin
İKT sahəsində aparıcı dövlət, özəl,
elmi-tədris müəssisələri daxil edilmişdir. TK 05
tərəfindən beynəlxalq standartlar əsasında
informasiya təhlükəsizliyi üzrə Azərbaycanın
üç milli standartı hazırlanmışdır.
Rabitə və
informasiya texnologiyaları sahəsinə investisiyaların cəlb
olunması, yerli istehsal və xidmətlərin regionlarda təşkili
istiqamətində xeyli işlər
görülmüşdür. Belə ki, Azərbaycanda GSM
standartında mobil rabitə xidməti göstərmək
üçün “Azerfon” MMC-yə (üçüncü mobil
operator), CDMA standartında mobil rabitə xidməti göstərmək
üçün isə “Catel” BM-ə müvafiq lisenziyalar
verilmişdir. Həmçinin, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin dəstəyi ilə Mingəçevir
şəhərində müasir elektron
avadanlıqlarının istehsalı ilə məşğul
olan “Kür” MMC fəaliyyətə başlamış və
hal-hazırda Azərbaycanda kompyuter texnikasının ən iri
istehsalçısı olmaqla, Bakı şəhərində
və regionlarda çoxlu sayda satış və servis məntəqələrinə
malikdir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
proqramı (2005-2007-ci illər)” çərçivəsində
“Kür” MMC tərəfindən məktəblərdə
ümumilikdə 25937 ədəd kompyuter və şəbəkə
avadanlığı quraşdırılmışdır. Kür
MMC ilə yanaşı, AZEL şirkəti Samsung, Fujitsu-Siemens,
İntel kimi tanınmış dünya
istehsalçılarının dəstəyi ilə “Lazer”
ticarət nişanı altında CRT və LCD monitorları,
noutbukları və kompyuter aksessuarlarını, Ultra şirkəti
isə “NEXUS” ticarət nişanı altında eyni adlı
noutbukları istehsal edir.
Tənzimləmə
üzrə nəzərdə tutulan tədbirlərin icrası
məqsədilə operatorlar arasında
qarşılıqlı əlaqələrin standart
prosedurlarının, müqavilə formalarının işlənib
hazırlanması və universal rabitə xidmətinin təmin
edilməsi ilə bağlı xeyli işlər
görülmüşdür. Belə ki, “Telekommunikasiya
haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq, ölkədə
fəaliyyət göstərən operatorların təklifləri,
eyni zamanda, daxili telekommunikasiya bazarının xüsusiyyətləri
və xarici tənzimləyici qurumların ekspertlərinin rəyləri
nəzərə alınmaqla arabağlantı müqavilələrinin
əsas prinsipləri və şərtləri (nömrələmə
və siqnallaşma, keyfiyyət standartları, texniki
baxış, maliyyə məsələləri, istismar işləri,
yönləndirmə prinsipləri, tərəflərin öhdəlikləri
və s.), o cümlədən müqavilə formaları
hazırlanmış, tətbiqi üçün bütün
operatorlara göndərilmişdir.
Universal
telekommunikasiya xidmətlərinin (UTX) təşkilinin təmin
edilməsi ilə əlaqədar “UTX-nin təsnifatı, təşkili
və göstərilməsi şərtləri”, tarifləri
hazırlanmış və təsdiq edilmişdir. “Universal
telekommunikasiya xidmətlərinin göstərilməsi
üçün operatora, provayderə lazım olan vəsaitin
ayrılması və bu məqsədlə sərf olunan vəsaitin
geri qaytarılması (kompensasiya) Qaydaları”
hazırlanmış və Nazirlər Kabinetinin qərarı
ilə təsdiq edilmişdir.
UTX-nin göstərilməsi
vəzifəsi “Aztelekom” İB-yə və Naxçıvan MR
RİTN-ə həvalə edilmiş və onlar tərəfindən
respublikanın əksər bölgələrində UTX-nin təşkili
təmin edilmişdir. Həyata keçirilmiş tədbirlər
nəticəsində peyk rabitəsi, CDMA, radiotelefonlar və
yaxın ərazidə yerləşən ATS-lərdən
fiziki xətlər vasitəsilə 544 yaşayış məntəqəsinin
tam telefonlaşdırılması başa
çatdırılmışdır.
Ölkədə
sahibkarlığın inkişafına kömək məqsədilə
həyata keçirilən tədbirlər çərçivəsində
rabitə xidmətlərinə lisenziyaların verilməsi
proseduru təkmilləşdirilmişdir. Bəzi fəaliyyət
növlərinə xüsusi razılıq (lisenziya) verilməsi
sahəsində əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 510 nömrəli
Fərmanının icrasının təmin edilməsi ilə
əlaqədar hazırlanmış əlavə şərtlər
Nazirlər Kabinetinin 03.08.2007-ci il tarixli qərarı ilə təsdiq
edilmişdir. Hazırda lisenziyalaşdırılan hər bir
xidmət növü üzrə qaydalara və şərtlərə
uyğun olaraq müvafiq sənədlər təqdim etməklə
lisenziya almaq və uyğun fəaliyyət növü ilə
məşğul olmaq olar.
Radiotezliklərdən
istifadənin təşkili, milli tezlik spektrinin
formalaşması, qorunması və səmərəli istifadəsi
ilə əlaqədar, “Telekommunikasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, “Radiotezliklərin
ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin
təyin olunması Qaydaları” hazırlanmış və
Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Radiotezlik
resurslarından effektiv istifadə məqsədilə “Azərbaycan
Respublikasının radioxidmətləri arasında tezlik
zolaqlarının ayrılması cədvəli” və
radiotezliklər spektrinin perspektiv istifadə planı
hazırlanmış və hər iki sənəd Radiotezliklər
üzrə Dövlət Komissiyası tərəfindən təsdiq
edilmişdir.
“Telekommunikasiya
haqqında” Azərbaycan Respublikasının Qanununda
telekommunikasiya fəaliyyətinin əsas prinsipləri kimi
dövlət tənzimləmə funksiyalarının təsərrüfat
funksiyalarından ayrılması, tarif siyasətinin tənzimlənməsi,
telekommunikasiya xidmətləri bazarında sağlam rəqabət
mühitinin təmin edilməsi və s. nəzərdə
tutulmuşdur. Bu istiqamətlərdə işləri sürətləndirmək
və sahə üzrə müstəqil tənzimləyici
qurumun (MTQ) mərhələlərlə yaradılması ilə
bağlı əsas bazanı formalaşdırmaq məqsədilə
2005-ci ildə RİTN-in mərkəzi aparatında Tənzimləmə
şöbəsi yaradılmışdır. Həmçinin,
tənzimləmə sahəsində fəaliyyətin
düzgün təşkili və beynəlxalq təcrübənin
öyrənilməsi üzrə tədbirlər
görülmüşdür. Belə ki, MTQ-nin
yaradılmasında beynəlxalq təşkilatlarla, o cümlədən
Dünya Bankı, Avropa Birliyinin “TACİS” proqramı ilə
birgə layihələr həyata keçirilmişdir. Eyni
zamanda, ABŞ Ticarət və İnkişaf Agentliyi ilə
RİTN arasında imzalanmış qrant sazişi əsasında
ekspert şirkət tərəfindən RİTN-in institusional
strukturunun təkmilləşdirilməsi və müstəqil
tənzimləyici qurumun formalaşdırılması üzrə
təkliflər hazırlanmışdır. MTQ-nin mərhələlərlə
formalaşdırılması istiqamətində işlər
davam etdirilir.
“Telekommunikasiya
haqqında” Qanuna müvafiq olaraq, dövlətə məxsus
olan nömrə resurslarından səmərəli istifadə
məqsədilə RİTN tərəfindən “Nömrə
resurslarının ayrılması və istifadəsi üzrə”
tariflər hazırlanmış və Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının qərarı
ilə təsdiq edilmişdir.
Həmçinin,
“Azərbaycan Respublikasının ümumistifadəli
telekommunikasiya şəbəkəsində nömrə
resurslarının ayrılması və istifadəsi
Qaydaları” hazırlanaraq təsdiq edilmiş və Ədliyyə
Nazirliyində dövlət qeydiyyatına
alınmışdır. Bu qaydalara və tariflərə
uyğun olaraq, operatorların, provayderlərin və digər
hüquqi (fiziki) şəxslərin istifadəsində olan və
yeni nömrə resurslarının ayrılması və
istifadəsi məqsədilə hazırlanmış
müqavilə formaları hazırda tətbiq edilir.
Azərbaycanda
XXI əsrin tələblərinə cavab verən müasir
informasiya və kommunikasiya infrastrukturunun yaradılması
RİTN-in qarşısında duran əsas vəzifə
olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər
nəticəsində respublikanın ümumi telefon şəbəkəsi
əsasən elektronlaşdırılmış, transmissiya
şəbəkəsi isə tam rəqəmləşdirilmişdir.
Təkcə 2008-ci ildə 43 ATS rekonstruksiya olunaraq elektron ATS-lərlə
əvəz olunmuş, 33 EATS tikilərək istifadəyə
verilmişdir. Nəticədə telefon şəbəkələri
tam elektron olan telekommunikasiya qovşaqlarının sayı 22-yə,
mərkəzi ATS-ləri tam elektronlaşdırılan qovşaqların
sayı 42-yə çatdırılmışdır. Bununla
yanaşı, respublikanın rayon mərkəzlərinin 80%-i
fiber-optik xətlə əlaqələndirilmişdir.
Beləliklə
də, respublikanın telefon şəbəkəsində
elektron ATS-lərin xüsusi çəkisi 01.01.2009-cu il tarixə
83,1%-ə, Bakı şəhər telefon şəbəkəsində
və respublikanın digər bölgələrində isə
müvafiq olaraq 85,5%-ə və 80,7%-ə
çatdırılmışdır. Kənd ATS-lərinin
elektronlaşma səviyyəsi 01.01.2009-cu il tarixə 80,3% təşkil
etmişdir.
Təqdim olunan
telekommunikasiya xidmətlərinin tərkibinin genişləndirilməsi
və keyfiyyətinin artırılması məqsədilə
müasir texnologiyaların tətbiqi istiqamətində
davamlı tədbirlər görülmüşdür. MDB
ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda
NGN (Yeni nəsil şəbəkələri)
texnologiyalarının tətbiqinə
başlanılmış və hazırda Bakı, Sumqayıt
şəhərlərinin telefon şəbəkələri ilə
yanaşı, bir neçə rayonda və Naxçıvan
Muxtar Respublikasında NGN texnologiyaları tətbiq olunur. “Elektron
Şamaxı” layihəsi çərçivəsində
Şamaxı rayonunun telefon şəbəkəsi NGN
texnologiyası əsasında yenidən qurulmuşdur. Həmçinin,
CDMA texnologiyalı simsiz telefon rabitəsi xidməti də tətbiq
edilir. Bu xidmət növü respublika əhalisinin 50%-dən
çoxunun yaşadığı ərazini əhatə edir və
2008-ci ildə abunəçilərin sayı 20300-ə
çatmışdır.
Azərbaycanda
elektron idarəetmə şəbəkəsinin
yaradılması istiqamətində BMT-nin İnkişaf
Proqramı (UNDP) və RİTN-in birgə həyata
keçirdiyi “Milli E-İdarəçilik Təşəbbüsü”
layihəsi çərçivəsində “Bütün
regionları əhatə edən “AzDATACOM” şəbəkəsinin
yaradılması” layihəsinin Bakı şəhəri,
Abşeron və Sumqayıtı əhatə edən ilkin mərhələsinin
icrası başa çatdırılmış və xidmətlərin
təşkilinə başlanılmışdır. Bakı
şəhərində 10Gb/s həcmində “AzDATACOM” şəbəkəsi
yaradılmışdır. Regionlarda isə bu şəbəkə
1 Gb/s sürətlə məlumatları ötürməyə
imkan verir. 2008-ci ildə layihənin növbəti mərhələsi
çərçivəsində Sahil-Astara, Yevlax-Şirvan, Gəncə-Qazax
istiqamətlərində optik bağlantı təmin
olunmuş və şəbəkənin Gəncə seqmenti
istifadəyə verilmişdir. “AzDATACOM” şəbəkəsinin
tam istifadəsi respublikanın regionlarında ucuz və keyfiyyətli
internet xidmətlərinin göstərilməsinə, NGN
texnologiyası və İP-telefon xidmətlərinin inkişaf
etdirilməsinə imkan verəcək, özəl sektorun
inkişafına müsbət təsir göstərəcəkdir.
Həmçinin, bu şəbəkə distant təhsil,
elektron kommersiya, biznesin məsafədən idarə olunması
və digər mütərəqqi fəaliyyət
formalarının dünya standartlarına uyğun təşkilinə
şərait yaradacaqdır.
Bakı ilə
Naxçıvan arasında rabitə TAE magistralından istifadə
olunmaqla təşkil edilmişdir. Belə ki, Naxçıvan
MR-in rabitəsi İran ərazisindən keçməklə
TAE optik xəttinə qoşulmuş və TAE-nin
Naxçıvan-Türkiyə hissəsinin tikintisi başa
çatdırılmışdır. Naxçıvan MR-in
şəhər və rayon mərkəzlərində
(Naxçıvan, Babək, Culfa, Ordubad, Şərur, Kəngərli,
Sədərək) rabitə fiber-optik kabel üzərindən
təmin edilmişdir. Bununla yanaşı, Kəngərli
rayonunda rabitə şəbəkəsinin mərkəzi idarəetmə
sistemi yaradılmışdır və hazırda Muxtar
Respublika üzrə vahid idarəetmə sisteminin qurulması
ilə bağlı işlər başa çatmaq üzrədir.
Sahə üzrə
fəaliyyət göstərən müəssisələrdə
ISO 9001:2000 beynəlxalq standartlarının tələbləri
əsasında işlənilmiş keyfiyyəti idarəetmə
sistemlərinin tətbiqinə dair təşkilati və
metodoloji işlər aparılmışdır. Hazırda
keyfiyyəti idarəetmə sistemləri “Azərcell Telekom”
MMC, “Bakcell LTD” MMC, RİTN-in Məlumat Hesablama Mərkəzində
və “Aztelekom” İB-nin Abşeron Telekommunikasiya
Qovşağında tətbiq edilir.
Ümumistifadəli
telekommunikasiya, GSM, CDMA, VSAT, televiziya və radio şəbəkələrini,
həmçinin yardımçı sahələri əhatə
edən (Nazirlər Kabinetinin 175 nömrəli qərarına əlavə
edilmiş siyahıya uyğun olaraq) telekommunikasiya vasitələri
və qurğuları üzrə 700-ə yaxın uyğunluq
sertifikatı verilmişdir.
Böyük
hesablamalar tələb edən elmi tədqiqatların
aparılması üçün nəzərdə tutulan Milli
Super Kompyuter Mərkəzi (MSKM) Avropa Nüvə Tədqiqatları
Mərkəzinin (CERN) köməkliyi ilə AMEA-nın Fizika
İnstitutunda yaradılmışdır. Eyni zamanda, ölkəmizdə
böyük hesablamalara olan tələbatın öyrənilməsi
üçün işçi layihə həyata
keçirilmişdir. Bu layihə çərçivəsində
Mərkəzin ümumrespublika infrastrukturunun yaradılması
üzrə kompleks (texniki, təşkilati, iqtisadi və s.) təkliflər
işlənilmiş, MSKM-də həlli nəzərdə
tutulan strateji əhəmiyyətli tətbiqi məsələlər
müəyyən edilmişdir. Hazırda MSKM-in fəaliyyətinin
təşkili, onun beynəlxalq GRID sisteminə qoşulması
üzrə müvafiq işlər davam etdirilir.
Ən yeni
texnologiyaların tətbiqi ilə müasir standartlara cavab verən
İKT infrastrukturunun formalaşdırılması internetdən
istifadənin genişləndirilməsində yeni mərhələnin
əsasını qoymuşdur. Son illərdə internetə
çıxış imkanları naqilsiz və mobil
texnologiyaların tətbiqi ilə artırılmış və
internetdən istifadə qiymətləri dəfələrlə
aşağı düşmüşdür. Təkcə
2008-ci ildə İnternet xidmətlərinin tarifləri iki dəfə
endirilmişdir. Hal-hazırda ölkədə fəaliyyət
göstərən internet servis provayderlərinin sayı 30-u
keçmiş, Bakı şəhəri və regionlardakı
internet-klubların sayı isə 1000-i ötmüşdür.
Ölkədaxili internet şəbəkəsinin qlobal internet
şəbəkəsinə qoşulma sürəti 2005-ci ildə
300 Mb/san. təşkil etdiyi halda, 2008-ci ildə 10 Gb/san.
çatdırılmışdır.
Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr
2008-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən,
şəhərdaxili rəqəmli kanalların və respublika
daxilində təşkil olunan rəqəmli rabitə
kanallarının qoşulma haqlarına, aylıq istifadə
tariflərinə müvafiq endirimlərin edilməsi, həmçinin
respublikada magistral internet kanallarına çıxış
qiymətlərinin 2 dəfə aşağı
salınması nəticəsində 01.02.2009-cu il tarixindən
internet xidməti tariflərinin yenidən azaldılmasına
imkan yaranmışdır.
Son 4 ildə əhalinin
hər 100 nəfərinə düşən internet istifadəçilərinin
sayı 4.5 dəfədən çox artaraq 37,0-yə,
kompyuterlərin sayı isə 3 dəfədən çox
artaraq 8 ədədə bərabər olmuşdur. “AZ” domenində
qeydiyyata alınan domen adlarının sayı 2004-cü ilə
nisbətən 3.5 dəfə artaraq 2008-ci ildə 7800-ü
keçmişdir.
Genişzolaqlı
internet xidmətlərinin tətbiqi genişləndirilmiş,
Bakı şəhəri və respublikanın digər bölgələrində
bu növ xidmətdən istifadə edən abunəçilərin
sayı 2008-ci ildə 43000-ə
çatdırılmışdır. Demək olar ki,
bütün rayon mərkəzlərində fiber-optik xətt
vasitəsilə genişzolaqlı, o cümlədən sürətli
internet xidməti üçün geniş imkanlar
yaradılmışdır.
Naxçıvan
MR ərazisində sürətli internet kanalı təşkil
edilmişdir. “Nakhinternet.az” internet provayderinin qlobal şəbəkəyə
qoşulması əvvəl peyk vasitəsilə, sonradan isə
TAE magistral xətti üzərindən fiber-optik kabel vasitəsilə
təmin olunmuşdur. Naxçıvan MR ərazisində
internet kanalının sürəti 8 Mb/saniyəyə
çatdırılmışdır.
Hal-hazırda
dövlət orqanları üçün müasir tələblərə
cavab verən, etibarlı vahid multiservis informasiya mübadiləsi
şəbəkəsi yaradılmış və dövlət
orqanlarının bu şəbəkəyə
qoşulmasına başlanılmışdır. Dövlət
orqanları üçün nəzərdə tutulan
“AzStateNet” internet şəbəkəsi seqmenti genişləndirilmişdir
və 96 dövlət orqanı həmin şəbəkə
vasitəsilə yüksəksürətli internetlə təmin
olunur. Təcili qəza xidmətinin (112) rabitə şəbəkəsi
yaradılmış, şəbəkənin Bakı şəhəri
və bölgələrdə tanıtdırılması və
fəaliyyəti təmin edilmişdir.
Radio-TV
yayımının təkmilləşdirilməsi istiqamətində
nəzərdə tutulan tədbirlərin icrası nəticəsində
Azərbaycanda radio-televiziya yayım şəbəkəsinin
inkişafı üçün geniş imkanlar
yaranmışdır. “Azərbaycan Respublikası ərazisində
rəqəmli televiziya yayımı sisteminin tətbiqi və
inkişafı Proqramı” hazırlanmış, regionlarda rəqəmli
TV yayımının təşkili ilə əlaqədar
BTİ-nin tələblərinə uyğun ərazi-tezlik
planı tərtib olunmuş və TV kanallar müəyyən
edilmişdir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda
da 2012-ci ilə qədər rəqəmli TV yayımına
keçidlə əlaqədar müvafiq tədbirlər
görülür.
İctimai,
dövlət və özəl radio-televiziya
proqramlarının peyk vasitəsilə yayımı təmin
olunmuşdur. Respublika ərazisində İTV proqramının
əhali üzrə yayım əhatəsi hazırda 85% təşkil
edir. Naxçıvan MR daxil olmaqla respublikamızın
bütün ərazisində, eləcə də Türkiyə,
İran, Orta Asiya və Yaxın Şərq ölkələrində
İctimai TV proqramına peyk qəbul avadanlıqlarından
istifadə etməklə baxmaq olar.
AzTV
proqramının əhali üzrə yayım əhatəsi
100%-ə, özəl televiziya və radio proqramlarının
yayımlarının əhatə dairəsi isə təxminən
75-80%-ə çatdırılmışdır. Ölkə ərazisində
TV yayımının keyfiyyətini yüksəltmək məqsədilə
Ağsu rayonunda yeni radio-televiziya yayım kompleksi istismara
verilmişdir.
Ölkə başçısı
cənab İlham Əliyev tərəfindən 10 iyul 2008-ci il
tarixdə “Azərbaycan Respublikasında televiziya
yayımının genişləndirilməsi və efir məkanında
informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə
dair əlavə tədbirlər haqqında” Sərəncam
imzalanmış və 2.5 milyon manat məbləğində vəsait
ayrılmışdır. Bu tədbirlərin icrası ilə
bağlı respublika ərazisində televiziya
proqramlarının yayımını gücləndirmək və
efir məkanına xarici ölkə TV kanallarının
müdaxiləsinin qarşısını almaq məqsədilə
RİTN tərəfindən Bakıda 3, Naxçıvan MR-də
5, Qəbələdə 1, Qobustanda 2, Göyçayda 1, Lerikdə
2 və Füzulidə 2 ədəd müxtəlif
güclü televiziya vericiləri
quraşdırılmışdır.
Naxçıvan
MR-in ərazisində yerli kanallar istisna olmaqla digər radio və
TV proqramlarının peyk vasitəsilə qəbulu üçün
bütün stansiyalarda qəbuledici qurğular qoyulmuşdur. Həmçinin,
Muxtar Respublikanın ərazisində proqramların
yayımının texniki cəhətdən modernləşdirilməsi
ilə bağlı yeni ötürücü stansiyalar
quraşdırılmışdır.
Poçt
sektorunun müasir tələblərə uyğunlaşdırılması
və mövcud infrastrukturunun yenidən qurulması
üçün məqsədyönlü tədbirlər həyata
keçirilmişdir. 2005-2008-ci illərdə 449 yeni poçt
şöbəsi (PŞ), 7 poçtamt binası tikilmiş, 41
poçtamt və PŞ binası əsaslı təmir
olunmuşdur. Əhalinin dünya standartlarına uyğun
müasir poçt xidmətlərindən istifadəsinə
şərait yaradılması məqsədilə Dünya
Bankının dəstəyi ilə həyata keçirilən
“Maliyyə xidmətlərinin inkişafı” layihəsi
çərçivəsində Azərpoçt” DM-in baş
idarəsi, Bakı şəhərində yerləşən
poçt şöbələri avtomatlaşdırılmışdır.
Bakı, Abşeron, Sumqayıt, eləcə də rayon PŞ-ləri
yeni kompyuter və digər lazımi texniki-proqram vasitələri
təchiz edilmiş, “Azərpoçt” DM-in İntranet şəbəkəsi
yaradılmışdır.
“Maliyyə xidmətlərinin
inkişafı” layihəsinə uyğun olaraq poçt
sisteminin bank-maliyyə və ümumi şəbəkəyə
qoşulması məqsədilə “Azərpoçt” DM
üçün Avtomatlaşdırılmış Korporativ
İnformasiya Sisteminin (AKİS) yaradılması işləri
başa çatmaq üzrədir. Artıq Bakı şəhəri
üzrə 50-dən çox PŞ-nin yeni sistemə
qoşulması təmin olunmuşdur. “AzDATACOM” şəbəkəsinə
çıxışı olan PŞ-lərdə Milli
Bankın “KÖMİS” sistemi vasitəsilə kommunal ödənişlərin
(elektrik, qaz, su) yığımı təşkil
edilmişdir. Həmçinin, “Azərpoçt” DM-in beynəlxalq
SWIFT sisteminə qoşulması nəzərdə tutulur.
Bakı şəhərinin
və regionların poçt şöbələrində əhalinin
internetdən istifadəsinə şərait
yaradılmış, ali məktəblərə qəbulda
iştirakla bağlı abituriyentlər tərəfindən
elektron ərizə formalarının doldurulması və
pulsuz informasiya xidmətlərinin göstərilməsi təmin
olunmuşdur.
Ölkəmizdə
informasiya cəmiyyətinin formalaşdırılması ilə
bağlı həyata keçiriliən tədbirlər çərçivəsində
dövlət orqanlarının fəaliyyətinin və onlar tərəfindən
vətəndaşlara göstərilən xidmətlərin
İKT-nin tətbiqi ilə səmərəliliyinin və
keyfiyyətinin yüksəldilməsi məqsədilə
“Elektron hökumət”in formalaşdırılması üzrə
Fəaliyyət Proqramı, Tədbirlər Planı və
göstəriləcək xidmətlərin siyahısı
hazırlanmış və təsdiq olunması
üçün aidiyyəti üzrə təqdim
olunmuşdur.
2008-ci ildə
respublikada elektron imzanın tətbiqi üzrə işlərə
başlanılmış və bu sistemin əsas komponenti olan
“Milli Açıq Açar” İnfrastrukturunun qurulması
üzrə tender keçirilmişdir. Cari ildə respublikada
elektron imza sisteminin tətbiqi və elektron sənəd
mübadiləsinin təşkili nəzərdə tutulur. 2008-ci ildən ölkədə online ödəmə
sistemi fəaliyyətdədir.
Təhsilin
keyfiyyətinin yüksəldilməsində, onun dünya təhsil
sisteminə inteqrasiyasında müasir informasiya
texnologiyalarının rolu danılmazdır. Təhsil sisteminin
təkmilləşdirilməsində İKT-nin tətbiqinin
genişləndirilməsi məqsədilə qəbul
edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
proqramına (2005-2007-ci illər)” uyğun olaraq,
respublikanın bir sıra ümumtəhsil məktəblərində
kompyuterlər quraşdırılmış, internetdən
istifadə üçün şərait
yaradılmışdır.
“Azərbaycan
Elmi-Tədqiqat və Təhsil Şəbəkələri
Assosiasiyası” (AzRENA) tərəfindən ali təhsil müəssisələrinin
internetlə təmin olunması sahəsində mütəmadi
işlər görülür. RİTN-in, BMT-nin İnkişaf
Proqramının, Açıq Cəmiyyət İnstitutu -
Yardım Fondunun və AzRENA-nın birgə həyata
keçirdiyi “AzNET” layihəsi çərçivəsində
orta məktəblərə pulsuz internet və texniki dəstək
verilmişdir.
İKT sahəsində
kadrların hazırlanması məqsədilə xarici ölkələrin
müvafiq elm və tədris mərkəzləri ilə əlaqələr
qurulmuşdur. Belə ki, ABŞ-ın Corc Meyson, San-Xose
dövlət və Los-Anceles, Kaliforniya, İsveçin
Çalmers texnologiya və informasiya texnologiyaları
universitetləri ilə anlaşma memorandumları
imzalanmışdır. Artıq bu müqavilələr əsasında
25 nəfər azərbaycanlı gənc müasir İKT
ixtisasları üzrə dünyanın tanınmış
universitetlərində təhsil alır. 30-dan çox gənc
isə ixtisaslarına uyğun olaraq xarici ölkələrdə
qısamüddətli hazırlıq kursları
keçmişlər. Gürcüstanda yaşayan və bu
ölkənin ali təhsil müəssisələrində təhsil
alan 50-yə yaxın gəncə rabitə müəssisələri
tərəfindən təqaüd verilir. Görülən
işlərin səmərəliliyini artırmaq
üçün dövlət və özəl şirkətlərin
iştirakı ilə “İKT-nin İnkişafı Naminə
İnsan Resursları Fondu” yaradılmışdır.
İKT haqqında
elmi və digər məlumatlara olan tələbatı ödəmək
məqsədilə 2007-ci ildə respublikamızın 12 ali təhsil
müəssisəsinə məxsus İKT üzrə kitab,
jurnal və digər mənbələrin kataloqlarını
özündə birləşdirən “Elektron kitabxana”
yaradılmışdır.
İctimai
proqramlar, lüğətlər, ensiklopedik banklar və
internet-portalların yaradılması ilə bağlı xeyli
işlər görülmüşdür. RİTN və BMT-nin
İnkişaf Proqramının birgə dəstəyi ilə
“Dilmanc” maşın tərcüməsi sisteminin Azərbaycan-ingilis
və İngilis-Azərbaycan versiyaları yaradılmışdır.
MS Office mühitində Azərbaycan dili üçün
orfoqrafiya sistemi hazırlanmışdır. Bu sistem “Microsoft”
şirkəti ilə bağlanılmış müqavilə əsasında
rəsmi olaraq MS Office proqramlar kompleksinin növbəti
versiyalarına daxil ediləcəkdir. Eyni zamanda, MS XP, MS Vista əməliyyat
sistemləri və MS Office proqram paketinin Azərbaycan dilindəki
versiyaları rəsmi istifadəyə verilmişdir.
Dövlət
orqanları tərəfindən ilkin elektron xidmətlərin
göstərilməsinə başlanılmışdır.
Elektron bəyannamələrin, ali təhsilin müxtəlif
pillələrinə qəbulda iştirak etmək
üçün elektron ərizələrin qəbulu, kommunal
xərclər üzrə borcların online rejimində öyrənilməsi
buna əyani nümunədir.
Əhalinin
İKT sahəsində maarifləndirilməsi və onların
informasiya resurslarına müraciət imkanlarının genişləndirilməsi
istiqamətində məqsədyönlü tədbirlər
davam etdirilmişdir.
“Elektron Azərbaycan”
Dövlət Proqramı çərçivəsində digər
dövlət orqanları tərəfindən İKT-nin tətbiqi
ilə bağlı bir çox layihələr həyata
keçirilmişdir. “Elektron sağlamlıq kartı” sisteminin
fəaliyyətə başlaması, ölkə əhalisinin
yerləşməsi, tərkibi, miqrasiyanın dairəsi və
istiqaməti, demoqrafiya və digər məsələlərə
dair məlumatları özündə çəmləşdirən
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin
Formalaşdırılması və İnkişafı” layihəsinin
1-ci mərhələsinin başa çatdırılması və
s. bunlara əyani misaldır.
“Elektron Azərbaycan”
Dövlət proqramının icrası nəticəsində əldə
olunan nailiyyətlər nəzərə alınaraq, Milli
Strategiyanın növbəti mərhələsinin
icrasını təmin etmək məqsədilə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən
2009-2012-ci illər üçün yeni “Elektron Azərbaycan”
Dövlət Proqramının layihəsi
hazırlanmışdır. Respublikamızın İKT sahəsində
əlverişli tranzit ölkəyə və regional mərkəzə
çevrilməsi, telekommunikasiya infrastrukturunun yeni texnologiyalar
əsasında modernləşdirilməsinin tam başa
çatdırılması və müasir xidmətlərin
inkişaf etdirilməsi, telekommunikasiya peykinin
hazırlanması və orbitə çıxarılması,
elektron hökumətin formalaşdırılması və həllərinin
tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyinin
təmin olunması, e-imza və e-sənəd dövriyyəsinin
geniş tətbiqi, elektron xidmətlərin təşkili,
yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsi,
internetdən istifadə səviyyəsinin
artırılması yeni Dövlət Proqramının əsasını
təşkil edir.
Azərbaycanın
İKT sahəsində imkanlarının genişləndirilməsi,
informasiya mübadiləsində xarici ölkələrdən
asılılığının aradan qaldırılması məqsədilə
telekommunikasiya peyklərinin hazırlanması və orbitə
çıxarılması ölkəmizdə strateji məqsəd
kimi qarşıya qoyulmuşdur. Ölkə
başçısının “Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci
il tarixli Sərəncamında Azərbaycanın telekommunikasiya
peykinin orbitə çıxarılması ilə bağlı
lazımi tədbirlərin görülməsi RİTN-ə həvalə
edilmişdir. Milli telekommunikasiya peykinin orbitə
çıxarılmasını nəzərdə tutan “AzərSat”
layihəsi çərçivəsində iki qlobal orbital
mövqeyin icarəyə götürülməsi nəzərdə
tutulur. Bununla əlaqədar, Beynəlxalq Telekommunikasiya
İttifaqı ilə qlobal mövqelərin alınması
istiqamətində müzakirələr aparılmış,
bir neçə ölkə ilə memorandum
imzalanmışdır. Azərbaycanın 2010-2011-ci illərdə
süni peykinin orbitə çıxarılması regional
baxımdan da böyük əhəmiyyət kəsb edir. Bu
peyk Şərqi Avropa, Şimali Afrika, MDB, Orta, Mərkəzi və
Şərqi Asiyanın bir hissəsini əhatə edəcəkdir.
İKT sahəsində
daha bir irihəcmli layihə Azərbaycanda yüksək
texnologiyalar üzrə texnoparkların yaradılmasını
nəzərdə tutan “Regional İnnovasiya Zonası” layihəsidir.
Artıq “RİZ” layihəsinin texniki iqtisadi əsaslandırılması
və konsepsiyası hazırlanmışdır. RİZ-in əsas
hədəfləri ölkə iqtisadiyyatında İKT-nin
xüsusi çəkisinin artırılması, intellektual
potensialın inkişafı, innovasiya yönümlü
istehsalın təşviqi, ölkənin ixrac
imkanlarının yüksəldilməsi və Azərbaycanın
regionun İKT mərkəzinə çevrilməsindən ibarətdir.
RİZ-in fəaliyyətinin əsasən 5 istiqamətdə
qurulması planlaşdırılır:
- İKT sahəsində
kiçik və orta sahibkarlığın innovativ
inkişafına şərait yaradılması;
- İnsan
resurslarının inkişafı və beynəlxalq informasiya
texnologiyaları universitetinin yaradılması ilə
bağlı tədbirlərin görülməsi;
- Qərblə
Şərq arasında tranzit informasiya mərkəzinin
yaradılması;
- Yeni, xüsusilə
də birbaşa xarici sərmayələrin cəlb edilməsi
üçün əlverişli mühitin
formalaşdırılması;
- Azərbaycanda
ixracın inkişafının təşviq edilməsi.
Azərbaycanın
təşəbbüskarı olduğu və beynəlxalq təşkilatlar
tərəfindən dəstəklənən “Transmilli Avrasiya
Super İnformasiya Magistralı” layihəsi Şərqi Avropa
ölkələri, MDB, Türkiyə, İran, Mərkəzi
Asiya ölkələrini, o cümlədən Əfqanıstan,
Pakistanı əhatə etməklə, Çin və Hindistana
çıxmaqla bu böyük regionda transmilli informasiya
magistralının yaradılmasını nəzərdə
tutur.
Bu layihənin
reallaşması dünya miqyasında informasiya
texnologiyalarının genişmiqyaslı tətbiqinə və
ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcəkdir.
Layihə ölkəmizdə beynəlxalq kommutasiya mərkəzinin
və qlobal informasiya bankının yaradılmasını nəzərdə
tutur. “Bakutel-2008” 14-cü beynəlxalq telekommunikasiya və
informasiya texnologiyaları sərgisi çərçivəsində
“Transmilli Avrasiya yüksək sürətli informasiya
magistralı” mövzusunda regional nazirlər toplantısı
keçirilmiş və “Transmilli Avrasiya yüksək sürətli
informasiya magistralı təşəbbüsü üzrə
Bakı Bəyannaməsi” qəbul olunmuşdur.
Əminliklə
demək olar ki, “Elektron Azərbaycan” Dövlət
Proqramının icrası ölkədə İKT-nin sistemli və
davamlı inkişafına əlverişli şərait
yaratmışdır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin İKT sahəsinə
göstərdiyi böyük diqqət və qayğı,
2009-2012-ci illəri əhatə edən yeni “Elektron Azərbaycan”
Dövlət Proqramının qəbulu və icrası Azərbaycanın
yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində
dünyanın qabaqcıl ölkələrinin ön
sırasında olacağına böyük zəmanət
verir.
Əli Abbasov
Rabitə və informasiya
texnologiyaları naziri
Rabitə dünyası.- 2009.- 27 fevral.-
S.4-8.