Azərbaycanlı məktəbli “Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsinin qalibi oldu

 

Meksikanın paytaxtı Mexiko şəhərinin məşhur Antropologiya muzeyində Birləşmiş Millətlər Assosiasiyalarının Dünya Federasiyasının Minilliyin Layihəsinin Meksika bölməsinin təşkil etdiyi “Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

İsmayıllı rayonundakı Natiq Behdiyev adına kənd orta məktəbinin XI sinif şagirdi Bəhram Həsənov bu müsabiqənin 4-cü nominasiyasında (“Demokratiyanın yayılması”) qalib adına layiq görülmüşdür.

Bəhram Həsənov Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə həyata keçirdiyi “Gələcək nəsillərlə üz-üzə” II ümumrespublika inşa müsabiqəsinin qalibidir.

Builki “Qlobal Minillik Prizi” beynəlxalq müsabiqəsində Azərbaycandan başqa Hindistan, Sloveniya və Meksikadan da qaliblər var idi. Mükafatlandırma mərasiminin rəyasət heyətində Meksika Birləşmiş Ştatlarının və beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak etmişlər. Onların arasında BMT-nin, YUNESKO-nun və Dünya Futuroloqlar Cəmiyyətinin nümayəndələri var idi.

Rəyasət heyətinin üzvü, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova demişdir ki, beynəlxalq müsabiqənin qalibləri arasında azərbaycanlı məktəblinin olması bizim üçün əhəmiyyətlidir. Azərbaycan qədim tarixə malik olsa da, çox gənc bir demokratik respublikadır. Demokratiyanı davam etdirmək bizim ölkəmizdə prioritet məsələdir. Məhz, bu nominasiya üzrə Azərbaycanın qalib olması təsadüfi deyildir”.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Birləşmiş Millətlər Assosiasiyaları Dünya Federasiyasının Minilliyin Layihəsinin 15 Qlobal Çağırışları mövzusunda keçirilən bu müsabiqənin əsas məqsədinin respublikamızın orta məktəb şagirdlərinin bu gün bəşəriyyəti narahat edən qlobal problemlərə olan baxışlarını, onların həlli yolları ilə bağlı məktəblilərin irəli sürdükləri təklifləri fikirləri üzə çıxarmaq olduğunu bildirdi. Müsabiqənin hər il keçirilməsinin nəzərdə tutulduğunu qeyd edən R.Hüseynova Azərbaycan məktəblilərinin Minilliyin Layihəsinin 15 Qlobal Çağırışları üzrə keçiriləcək illik beynəlxalq müsabiqəsində iştirakının təmin olunacağını da söylədi.

Mükafatlandırma mərasimində Meksika Birləşmiş Ştatlarının birinci xanımı Marqarita Zavalanın videotəbriki nümayiş etdirilmişdir.

 

Rabitə dünyası.- 2009.- 27 fevral.- S.12.