İL­HAM ƏLİ­YEV TE­LE­QÜL­LƏNİN YE­Nİ­DƏN­QUR­MA İŞ­LƏ­RİN­DƏN SON­RA­KI VƏ­ZİY­YƏ­Tİ İLƏ TA­NIŞ OL­MUŞ­DU­R

 

Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksi ümummilli lider Heydər Əliyevin Azərbaycanda qurub-yaratdığı saysız-hesabsız obyektlərdən biridir. Kompleks SSRİ Nazirlər Sovetinin qərarı əsasında Azərbaycan Respublikası Rabitə Nazirliyinin sifarişi ilə SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən layihələşdirilmişdir. Tikinti işlərinə 1979-cu ildə başlanılmışdır. Layihəyə əsasən, inşaat işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin müəyyən səbəblər üzündən kompleksdə tikinti işləri dayandırılmışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Teleqüllənin tikintisi davam etdirilmiş 1996- ildə ulu öndərin iştirakı ilə kompleksin rəsmi açılış mərasimi keçirilmişdir.2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə bütün digər sahələrdə olduğu kimi, rabitə informasiya texnologiyaları sahəsində böyük inkişafa nail olunmuşdur. İnformasiya kommunikasiya texnologiyaları sektorunu prioritet sahələrdən biri elan edən dövlətimizin başçısı bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar vermişdir.

Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və genişmiqyaslı tətbiqi ölkədə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə də əlverişli zəmin yaratmışdır. Bu sahədə görülən işlərin daha da sürətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır.

Sərəncama müvafiq olaraq ölkədə efir televiziya yayımının əhatə dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanmışdır.

Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunmuşdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin yeni inşa olunmuş inzibati binası yüksək tələblər səviyyəsindədir. Burada çalışan əməkdaşlar üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Teleqüllənin yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olmaq üçün əraziyə gəlmişlər.Dövlətimizin başçısına məlumat verildi ki, ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənmişdir. Dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni televiziya vericiləri quraşdırılmışdır ki, bunlar da yayımın keyfiyyətini yüksək standartlar səviyyəsinə qaldırmışdır.

 

 

Rabitə dünyası.- 2009.- 26 iyun.- S.2-3.