Azərbaycan Milli Ordusunun yaradılmasından
91 il ötür
Bu gün Azərbaycan Milli Ordusunun yaradılmasından 91 il ötür. Məhz 1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilmişdir.Bugünkü Azərbaycan ordusu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varisidir. 1918-ci ildə yaranmış Azərbaycan ordusunun tarixi təcrübəsi bugünkü Silahlı Qüvvələrimiz üçün əsil örnəkdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqillik tarixidir.
Bu tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.
Azərbaycan Respublikası 17 il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu. Bütün bunların nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi.
Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı.Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah-sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.
Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıbdır. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər etmiş, döyüşlərdən çıxmışdır. Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərmişdir. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevrilmişlər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçmişlər. Koroğlu, Babək kimi adlar bizim tarixi keçmişimizə aid olsa da, xalqımız üçün bu gün də qəhrəmanlıq, cəsurluq nümunələridir, hər bir Azərbaycan gənci üçün örnəkdir. Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir.
Azərbaycan əsgərinə eşq olsun!
Rabitə dünyası.- 2009.- 26 iyun.- S.15.