Standartlaşdırma üzrəİnformasiya-kommunikasiya texnologiyalarıTexniki Komitəsinin növbəti iclası keçirilib

 

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə uyğun olaraq, ilk öncə informasiya təhlükəsizliyi üzrə ISO/IEC 15408-2008 beynəlxalq standartının əsasında hazırlanmış Azərbaycanın milli standart layihəsi müzakirə olunub, rəy və təkliflər nəzərə alınmaqla səsvermə yolu ilə yekdilliklə qəbul edilib. Layihənin dövlət qeydiyyatına alınması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunması qərara alınıb.

Daha sonra Texniki Komitənin 2009-cu il üçün iş planı müzakirə olunub. Elmir Vəlizadə iş planının əsas istiqamətləri haqqında məlumat verib. İclas iştirakçılarının planla bağlı təklifləri dinlənildikdən sonra isə, sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Plana əsasən, 2009-cu ildə Texniki Komitə tərəfindən informasiya təhlükəsizliyi və İT terminologiya üzrə beynəlxalq standartlar əsasında Azərbaycanın milli standartların layihələrinin hazırlanması və onların dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin, digər təşkilatlar tərəfindən təqdim ediləcək hazır standartlara Texniki Komitədə aidiyyəti üzrə baxılacaqdır. İclasda Texniki Komitənin fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə edilib.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə yaratdığı Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq standartların tətbiqi və milli standartların hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir.

 

 

Rabitə Dünyası.- 2009.- 6 mart.- S.6.