Azərbaycan İKT sektorunda ən sürətlə inkişaf edən ölkələrdən biridir

 

Beynəlxalq Telekommunikasiya İttifaqı dünyanın 154 ölkəsinin informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin 5 illik araşdırılmasına dair hesabat təqdim edib.

Araşdırma 2002-ci ildən 2007-ci ilədək olan dövrü əhatə edir. Hesabatda Azərbaycan Pakistan, Səudiyyə Ərəbistanı, Çin, Vyetnam, Lüksemburq və Rumıniya ilə yanaşı, İKT baxımdan ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkələr sırasında qeyd olunub.

Bu ölkələr son 5 il ərzində İKT sektoruna dair göstəriciləri maksimal sürətdə artıra biliblər. Belə ki, Azərbaycan ümumi reytinqdə 2,71 bal toplayaraq, 2002-ci ilə dair siyahıdakı 100-cü yerdən, 14 pillə yüksələrək 86-cı mövqedə təqdim olunub.

BTİ-nin hesabatında xüsusi qeyd olunub ki, Azərbaycan 86-cı pillədə, 2002-ci ildə İKT göstəricilərinin aşağı səviyyədə olduğuna və beş il ərzində bu sahə üzrə nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə etdiyinə görə yer alıb.

Bundan əlavə, indeksdə 5 il ərzində Azərbaycanda mobil rabitənin və internetin tətbiqinin dəfələrlə artması vurğulanır. Ölkədə həyata keçirilmiş islahatlar İKT sahəsinin gələcək inkişafı üçün əlverişli şərait yaradıb. Hesabatda həmçinin Azərbaycan hökumətinin İKT-ni neft sektorundan sonra iqtisadiyyatın əhəmiyyətə görə ikinci sahəsinə çevirmək niyyəti də qeyd olunur - “hökumət sahənin müasirləşdirilməsi və bu sektorda struktur dəyişikliyi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Azərbaycanda İKT sektoru təkcə 2007-ci ildə 170 milyon ABŞ dolları məbləğində yerli investisiya cəlb edə bilib”, hesabatda qeyd olunur.

Qeyd edək ki, indeks 11 göstəricini, qlobal, regional və milli səviyyədə müqayisəli təhlil üçün vasitə kimi istifadə oluna bilən vahid meyarda birləşdirir. Bu göstəricilər informasiya-kommunikasiya texnologiyalarına çıxış, onların istifadə olunması, eləcə də texnologiyalara dair praktiki biliklərlə bağlıdır, yəni kompyuteri olan evlərin, internet-istifadəçilərinin sayı və kompyuter savadlılığının səviyyəsi.

İKT sahəsində daha yüksək nailiyyətlər əldə etmiş ölkələr Şimali Avropa ölkələridir. Digər regionlardan bu sıraya həmçinin Cənubi Koreya daxildir. İKT-nin inkişafına dair BTİ-nin yeni indeksinin lideri İsveçdir. İsveçdən sonra indeksdə Koreya, Danimarka, Niderland, İslandiya və Norveç yer alıblar.

Sonda qeyd etmək lazımdır ki, Azərbaycanın 154 ölkə arasında 86-cı pillədə yer almasına baxmayaraq, ölkədə İKT sahəsində reallaşdırılan proqramlar, BTİ mütəxəssislərin verdiyi rəylər, Azərbaycanda bu sahənin artım tempinin dünya orta artım tempindən daha sürətlə irəliləməsində və ölkənin Beynəlxalq Telekommunikasiya İttifaqının gələcək reytinqində daha yüksək mövqedə yer alması üçün bütün şəraitlərin olmasından xəbər verir. Misal üçün, son illər Azərbaycanın İKT sahəsində orta illik artım tempi təxminən 32-35 % olmuş, digər beynəlxalq qurum - Davos İqtisadi Forumun rəyinə görə isə Azərbaycan dünya ölkələri arasında 67-ci yer tutaraq MDB ölkələri sırasında lider olmuşdur.

 

 

Rabitə Dünyası.- 2009.- 6 mart .- S.10.