NAXÇIVANIN RABİTƏ
İŞÇİLƏRİ BEŞ İLLİK YUBİLEYLƏRİNİ
QEYD ETMİŞLƏR
Naxçıvan
Muxtar Respublikasında Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi yaranmasının 5 illiyi münasibətilə mərasim
keçirilmişdir.
Mərasim iştirakçıları
əvvəlcə Heydər Əliyev Muzeyinin önündə ümummilli
liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri
qoymuş və muzeylə tanış olmuşlar.
Naxçıvan
MR rabitə və informasiya texnologiyaları naziri Rövşən
Məmmədov ötən 5 ildə muxtar respublikanın ərazisinin
80 faizindən çoxunu əhatə edən CDMA texnologiyasına
əsaslanan simsiz rabitə şəbəkəsinin istifadəyə
verildiyini bildirmişdir. O, məlumat vermişdir ki, mərkəzi
idarəetmə sistemi və 19 baza stansiyasından ibarət şəbəkəyə
2 nömrə planı tanıdılmış, mobil telefonlar üçün
060 zona kodu və 7 rəqəmli nömrələmə planı,
stasionar telefonlar üçün isə simli şəbəkəyə
uyğun 6 rəqəmli nömrələmə planı tətbiq
edilmişdir. Artıq “Naxtel” abunəçilərinin sayı
4 mini ötmüşdür.
Nazir qeyd etmişdir
ki, bu illər ərzində 9 rabitə evi və 7 poçt bölməsi
əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz
olunmuş, 2 rabitə evi tikilib istifadəyə verilmişdir. Naxçıvan
MR-də nömrələmə sisteminin beynəlxalq
standartlara uyğunlaşdırılması ilə yanaşı,
əlavə otuz min nömrə ehtiyatı yaradılmışdır.
Həmçinin, Kəngərli rayonuna ayrıca 48 prefiksinin
verilməsinə şərait yaranmışdır.
Naxçıvan
Muxtar Respublikasının telekommunikasiya şəbəkəsinin
Trans-Asiya-Avropa (TAE) magistralı üzərindən təşkil
edilməsi layihəsi uğurla başa çatdırılmışdır.
Uzunluğu 134 kilometr olan və Naxçıvan ərazisi vasitəsilə
İran və Türkiyə üzərindən keçən
beynəlxalq xətlərə qoşulan bu optik magistral bölgə
ölkələri üçün mühüm əhəmiyyətə
malikdir.
Yubiley mərasimində
bir qrup qabaqcıl rabitə işçisinə qiymətli hədiyyələr
təqdim olunmuşdur.
Rabitə Dünyası.- 2009.- 6 mart.- S.12.