İnformatika üzrə Ümumrespublika
Olimpiadası başa çatıb
AMEA İnformasiya
Texnologiyaları İnstitutunda
(İTİ) Dünya telekommunikasiya
və informasiya cəmiyyəti gününə
həsr olunan ali məktəb tələbələri arasında
İnformatika üzrə
Ümumrespublika Olimpiadasının
final mərhələsi
keçirildi. AR Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi (RİTN), Heydər
Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İTİ-nin birgə təşkilatçılığı
ilə olimpiadanın keçirilməsində məqsəd
müasir gənclərin
İKT biliklərini daha
da təkmilləşdirmək,
informatika və proqramlaşdırma sahəsində
istedadlı tələbələri
aşkara çıxarmaq, bu sahədə onlara dəstək göstərməkdir.
Tədbirdə
RİTN-in İnformasiya cəmiyyətinin inkişafı
şöbəsinin müdiri Rüfət Gülməmmədov,
AR Təhsil Nazirliyinin təhsilin idarəolunmasının informasiya
sistemləri şöbəsinin müdiri İsmayıl
Sadıqov, Heydər Əliyev Fondunun əməkdaşı
Niftalı Əliyev, Bakı Dövlət Universitetinin dosenti,
fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə, AMEA
İTİ-nin elmi katibi Mədinə Səidova və Tədris-İnnovasiya
Mərkəzinin müdiri Rəsmiyyə Mahmudova iştirak
ediblər.
Qeyd edək ki, bu il
olimpiadaya 7 ali təhsil müəssisəsindən 31 komanda
qatılmışdır. Olimpiadada iştirak etmək istəyən
tələbələrin sayının ildən-ilə
artması ölkəmizdə dövlət siyasətinin əsas
prioritetlərindən olan İKT sahəsində dinamik
inkişafın, informasiya cəmiyyəti quruculuğu siyasətinin
uğurla aparılmasının, informasiya əsrində
müasir informasiya və kommunikasiya texnologiyalarına artan
marağın göstəricisidir.
2 mərhələdən
ibarət olan olimpiadada ölkəmizin ali təhsil müəssisələrindən
- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz
Universiteti, Naxçıvan Dövlət Universiteti tələbələrinin
təşkil etdiyi komandalar və müsabiqədən kənar
Azərbaycan Türk Özəl və Bakı Özəl
Türk liseyləri iştirak etmişdir. Final mərhələsində
balların 30%-ni toplamış 17 komanda - Bakı Dövlət
Universitetinin 4 (“Overflow”, “BSU1”, “Oscar”, “ENG 1”), Azərbaycan
Dövlət Neft Akademiyasının 3 (“ADNA1”, “Leker”, “Alfa”), Azərbaycan
Texniki Universitetinin “Tornado”, Qafqaz Universitetinin 5 (“Qafqaz
şahinləri”, “Qafqaz U2” “Qafqaz U7”, “Qafqaz U4”, “Qafqaz U3”),
Naxçıvan Dövlət Universitetinin “NDU2”, Azərbaycan-Türk
Özəl Liseyinin 2 (“Olischool”, “ATOL”) və Bakı Özəl
Türk Liseyinin “Chipmunks” komandası iştirak etmişdir.
Olimpiadanın final mərhələsinin
nəticələrinə görə, Bakı Dövlət
Universitetinin “Overflow” komandası 1-ci, Qafqaz Universitetinin “Qafqaz
şahinləri” komandası 2-ci, Bakı Dövlət
Universitetinin “BSU1” komandası isə 3-cü yerə layiq
görüldülər. Olimpiadada müsabiqədənkənar
iştirak edən Bakı Özəl Türk Liseyinin “Chipmunks”
komandası da balların ümumi nəticəsinə görə
1-ci yerə müvafiq bal toplayaraq qeyri-rəsmi olaraq birincilik
qazandı.
Rabitə dünyası.- 2009.- 15 may.- S.4.