17 may “Ümumdünya
İnformasiya Cəmiyyəti”
günüdür
Müasir dövrdə teleqraf əlaqələri müəyyən
inkişaf mərhələlərindən
keçərək informasiya-kommunikasiya
texnologiyalarına çevrilib
və bu texnologiyaların hər bir sahədə meydana çıxan məlumatların toplanmasında,
emalında və ötürülməsində mühüm
rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
zərurəti indiki qloballaşma dövründə
daha çox hiss olunur və
bu texnologiyaların sürətlə inkişafı
və yayılması
bəşəriyyətin inkişafı
üçün geniş
imkanlar yaradır. Bəşəriyyətin yeni
inkişaf dövrünə
qədəm qoyması
yeni cəmiyyətin formalaşmasını da labüd edir.
Beləliklə,
zamanın tələbi ilə informasiya və texnologiya əsrində
cəmiyyət də informasiyalaşdırılıb. Başqa
sözlə desək, informasiya cəmiyyəti və ya
informasiyalı cəmiyyət təşəkkül tapıb. İnformasiya
cəmiyyətinin əsas məqsədi, bütövlükdə
cəmiyyətin və ayrı-ayrı şəxslərin
informasiya tələbatını ödəmək
üçün müasir informasiya texnologiyaları
bazasında müxtəlif təyinatlı informasiya resurs və
fəzalarının formalaşdırılmasıdır. Bu
gün İnformasiya Cəmiyyəti mahiyyət etibarı ilə
qlobal xarakter alıb. Hətta bu cəmiyyətin şərəfinə
yeni bir təqvim də təsis edilib. Belə ki, Birləşmiş
Millətlər Təşkilatının Baş Assambleyası
2006-cı ildə 17 may tarixini “Ümumdünya İnformasiya Cəmiyyəti
günü” elan edib. Bu günün may ayının 17-də
qeyd olunmasının tarixi səbəbləri var: məhz həmin
gün 1865-ci ildə Parisdə 20 Avropa ölkəsinin
nümayəndələri tərəfindən Beynəlxalq
Telekommunikasiya İttifaqının (BTİ) (International Telegraph
Union - ITU) yaradılması haqqında müqavilə
imzalanıb. Belə bir İttifaqın yaradılmasının
əsas məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri
üçün vahid standartları müəyyən etmək
idi.
Dünya ölkələrində
olduğu kimi Azərbaycanda da 17 may “Ümumdünya İnformasiya
Cəmiyyəti günü” kimi qeyd olunur. Qeyd edək ki,
maarifləndirməni gücləndirməyi nəzərdə
tutan Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti
Gününün bu ilki mövzusu “Kiberfəzada
Uşaqları qorumaq”dır.
Bütün dünya
ölkələrinin informasiya cəmiyyətinin
yaratdığı imkanlardan bəhrələnməsi
üçün rəqəmsal fərqin aradan
qaldırılması məqsədi ilə qərara
alınmışdır ki, 2015-ci ilədək irqindən,
cinsindən, milli mənsubiyyətindən, inkişaf səviyyəsindən
və yaşadığı coğrafi məkandan asılı
olmayaraq bütün insanların İnternetdən istifadə
imkanına malik olması məqsədi ilə işlər
aparılmalıdır.
2009-cu ilin əvvəlinə
olan məlumata görə, bütün dünyada 1.5 milyarddan
çox İnternet istifadəçisi var. İstifadəçilərin
400 milyondan çoxu genişzolaqlı şəbəkəyə
giriş əldə etmişdi. İnternet sürətli
inkişaf edən beynəlxalq resursdur. Bu resursdan istifadə
zamanı təhlükələr də
qaçılmazdır. Son zamanlar uşaqlar üçün
onlayn təhlükələr xeyli artmışdır. Elə
bunu nəzərə alan BTİ bütün dünyanın
diqqətini uşaq və yeniyetmələrin “virtual məkan”dakı
təhlukəsizliyinə cəlb etmişdir.
Bu gün ölkəmizdə
də təhlükəsizlik məsələləri və eləcə
də İnternetin, İnformasiya Cəmiyyətinin
inkişafı diqqət mərkəzindədir.
Belə ki, Azərbaycanda
informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin
əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. İnformasiya
cəmiyyətinin qurulmasının əsas vəzifələrinə
İC-nin hüquqi əsaslarının yaradılması, insan
amilinin inkişafı, vətəndaşların məlumat
almaq, onu yaymaq və istifadə etmək hüquqları, şəffaf
dövlət və yerli özünüidarəetmənin,
elektron hökumətin, elektron ticarətin formalaşması,
ölkənin iqtisadi, sosial və intellektual potensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə
əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın
qurulması, informasiya və bilik bazarının yaradılması,
tarixi, ədəbi-mədəni irsin saxlanması, müasir
informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli
elektron informasiya məkanının
formalaşdırılması, informasiya təhlükəsizliyinin
təmini, qlobal informasiya fəzasına inteqrasiya, milli İKT
məhsullarının istehsalı, ölkənin elektron
geriliyinin aradan qaldırılması və digər vacib məsələlər
daxildir.
Ümumiyyətlə,
informasiya cəmiyyəti fərdi biliklərin
İnternet-mühitin köməyi ilə ictimailəşməsi
- kollektiv təfəkkürün formalaşması
üçün misilsiz imkanlar yaradır. İnformasiya cəmiyyəti,
eyni zamanda, yeni növ iqtisadiyyatı - ən ali əmtəə
forması olan biliklərə və informasiyalara əsaslanan
iqtisadiyyatı formalaşdırır.
Dünyada baş verən
qloballaşma prosesi, ölkələrarası inteqrativ
münasibətlərin meydana gəlməsi və
inkişafında informasiya cəmiyyəti müstəsna əhəmiyyətə
malikdir. Belə bir şəraitdə, bazar
iqtisadiyyatının tələblərinə müvafiq elmin
idarə olunması, intellektual mülkiyyətin
formalaşması, qorunması və
kommersiyalaşdırılması, vaxtı ilə “beyin
axını” - alimlərin inkişaf etmiş ölkələrə
getməsi prosesinin yerinə onların biliklərinin
İnternet üzərində miqrasiyası və digər
problemlərin həlli yeni konseptual baxışlar,
yanaşmalar, təşkilatı və iqtisadi-hüquqi
mexanizmlər tələb edir.
Məlum olduğu kimi,
ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevral
ayında respublikamızda informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiq olunması və
inkişaf etdirilməsi haqqında “Azərbaycanın
inkişafı naminə İKT üzrə Milli Strategiya”nı
(2003-2012-ci illər) təsdiq etmişdir. Milli Strategiyanın qəbulundan
keçən müddət ərzində Azərbaycan hökuməti
tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər
həyata keçirilmişdir. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk
xarici səfəri kimi 2003-cü il dekabrın 12-də Cenevrədə
informasiya cəmiyyəti məsələləri üzrə
Dünya Sammitində iştirakı Azərbaycan dövlətinin
bu sahəyə diqqətini beynəlxalq aləmə bir daha
nümayiş etdirdi. Prezident İlham Əliyev sammitdə
çıxış edərək xüsusi qeyd etdi ki, Azərbaycan
dövləti informasiya cəmiyyətinin qurulması istiqamətində
bütün imkanlardan istifadə edəcəkdir. O, Azərbaycanın
bu sahədə dövlət siyasətinin əsas prioritetlərini
şərh etmiş, onun İKT-ni inkişaf etdirməkdə
maraqlı olduğunu bəyan etmişdir. Bu istiqamətdə
dövlət siyasətini həyata keçirmək məqsədi
ilə 2004-cü il fevralın 20-də cənab Prezident
İlham Əliyev Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin yaradılması haqqında qərar
qəbul etdi. Əksər ölkələrdə olduğu
kimi, Azərbaycanda da informasiya cəmiyyətinin
formalaşması strateji məsələ kimi qarşıya
qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi
dövlətin iqtisadi inkişaf dərəcəsini əks
etdirən amilə çevrilmişdir. Ümumiyyətlə,
informasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb
və çoxşaxəlidir. Bu prosesin müvəffəqiyyətlə
həyata keçirilməsi üçün cəmiyyətin
hər bir üzvünün informasiya texnologiyalarının
gündəlik həyatımızda əhəmiyyətini dərk
edərək bu prosesdə yaxından iştirak etməsi vacib
şərtdir. Hazırda bu məsələ beynəlxalq
sammitlərin, elmi konfransların, aparıcı dövlətlərin
liderlərinin zirvə görüşlərinin əsas
müzakirə predmetinə çevrilmişdir. Ölkəmizin
də təmsil olunduğu informasiya cəmiyyəti üzrə
beynəlxalq sammitlərdə biznes, hökumət və vətəndaş
cəmiyyətinin nümayəndələri bir araya gələrək
sivilizasiyanın inkişafı naminə qərarlar qəbul
edirlər.
Rabitə dünyası.- 2009.- 15 may.- S.5.