Qadınlar İnformasiya cəmiyyəti

 

İnformasiya texnologiyaları (İT) sahəsinin hazırda ən sürətli inkişaf edən istiqamətlərindən biri İnternetdir. İnternet artıq yaşamaq üçün insanın nəfəs alması qədər vacib bir amilə çevrilib. Bu gün dünya ölkələrinin milyonlarla vətəndaşı həm çalışdığı sahə ilə bağlı, həm əylənmək üçün vaxtının böyük hissəsini kompyuter qarşısında keçirir. İnternetin inkişafı ilə həyat da interaktiv mühitə keçir: “e-hökumət”, “e-idarəçilik”, “e-demokratiya”, distant təhsil s. vətəndaşlar arasında qarşılıqlı əlaqənin yeni formasına çevrilir. Təhsil, səhiyyə, mədəniyyət digər sahələr virtual aləmlə əlaqə yaratmağın yeni formalarını tapırlar. Virtual dünyada sənin bioloji sosial cinsin yox, hansı informasiya daşıyıcısı olmağın həmin informasiyaya olan tələbat vacibdir.

İnternet 240-a qədər ölkələri birləşdirir. 2008-ci ilin statistik məlumatına əsasən 1 milyard 400 milyondan çox insanın İnternetdən istifadə etdiyi bildirilir. Hazırda dünya informasiya fəzasının Azərbaycan seqmentində təxminən 7 mindən çox milli İnternet resursu AZ domeni altında fəaliyyətdədir. Azərbaycanda da İnternet istifadəçilərinin sayı gündən-günə artır bu sahədə işlər gedir.

Qeyd etmək lazımdır ki, həm istifadəçilər, həm də həmin resursların yaradıcıları arasında qadınların sayı çoxdur. Bu gün qadınlar bütün bu proseslərin əsas iştirakçılarına çevrilmişlər. Amerika futuroloqları C.Hesbet və P.Eburdinə görə qadınlar İC-də professional və sahibkar kimi üstünlük təşkil edirlər və informasiya inqilabının genişləndiyi bir şəraitdə kişilərlə rəqabət aparmaq iqtidarındadırlar. Müəlliflər qeyd edirlər ki, əgər tipik sənaye işçisi kişilərdirsə, informasiya işçiləri qadınlardır.

Analitiklərin verdiyi proqnoza əsasən İnternet istifadəçiləri arasında qadınların faizi durmadan artır: ABŞ-da - 40%-dən çox, Avropada - 20%-dən çox, Rusiyada - 15%. Hazırda Azərbaycanda 1 milyon İnternet istifadəçisi var. Hər 100 nəfərin 12-si İnternet istifadəçisidir, onların 69,9% kişi, 30,1% qadındır. İstifadəçilərin 36,4% yaşadığı evdə (mənzildə), 23,0% İnternet klublarda, 19,8% iş yerində, 14,9% təhsil müəssisəsində, 2,1% kitabxanada, 3,8% isə digər yerlərdə İnternet şəbəkəsinə qoşulmuşdur. Orta hesabla hər gün İnternetdən istifadə edən qadınların İnternet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 41,2%-dir.

Bir çox kompaniya və şirkətlərin mütəxəssisləri qadınların İnternetdən istifadəsini araşdırmışdırlar. Məsələn, bəzi tədqiqat agentliklərinin məlumatlarında (MASMI Research, FOM, Gallup Media İnternet auditoriyasının araşdırma agentliyi, Rusiyada İnternet texnologiyasının regional ictimai mərkəzi), Rusiyada qadın İnternet istifadəçiləri arasında yaş həddinin 25-45 yaş arasında olduğu göstərilir. Məlumata əsasən 2001-2002-ci illər ərzındə İnternet istifadəçılərinin 33%-ni qadınlar təşkil etdiyi halda, hazırda bu rəqəmin 40-45% olduğu göstərilir. Qadınlar İnternetdən professional maraqlarını təmin etmək məqsədilə informasiya mənbələrini tapmaq, söhbət, tanışlıq, mənəvi və mədəni ehtiyaclarını ödəmək üçün istifadə edir və eyni zamanda əyləncəli materiallar, dükanlar, kosmetika, moda və kulinariya haqqında informasiya tapırlar. Onlar əsasən elm və təhsil sahələrində məşğul olan qadınlardır: üçdə bir hissəsi şagirdlər, tələbələr, aspirantlar (29%), dörddə biri müəllimlər və elmi işçilər (23%), dörddə biri kompyuter və proqramlaşdırma üzrə mütəxəsislər (23%), menecerlər (8 %), jurnalistika və kütləvi ünsiyyət vasitələri üzrə mütəxəsislər (7%), evdar qadınlar (1%) və s. Bu rəqəmlərdən məlum olur ki, artım belə davam edərsə Rusiyada kişi və qadın isifadəçilərinin sayı bərabərləşəcəkdir. Bu mənbələrin apardığı statistikaya görə elektron poçt xidmətlərindən 61% qadınlar və 56% kişilər istifadə edirlər. Ümumilikdə isə İnternet istifadəçilərindən 71% qadınlar (61% kişilər) elektron poçtundan istifadə edərək dostlarla əlaqə yaradırlar.

BŞ-nın Nielsen/Netratings kompaniyası İnternet auditoriyasının tədqiqatının yekununu nəşr etdirmişdir. Kompaniyanın topladığı məlumata əsasən ABŞ-da da qadınlar arasında İnternet istifadəçilərinin sayı, kişilərin sayından çox olmuşdur.

Digər maraqlı məsələlərdən də biri, virtual məkanda mövcud olan resursların xanımların tələbatını təmin etməsidir. Bu məsələ ətrafindakı araşdırmaların nəticəsi ona əsas verir ki, bu tələbat qismən ödənilir.

2008-ci ilin dekabrın sonunda Rusiyanın YANDEX axtarış sisteminin statistik məlumatına istinadən “qadınlar” açar sözü sorğusuna cavab olaraq 212 mlyn. yaxın veb səhifə açılmışdır. Bu veb-səhifələrdə əsas etibarilə əyləncə xarakterli məlumatlar, mağazalar, yeməklər, kosmetika, moda, tanışlıq xidməti haqqında informasiyalar, eyni zamanda erotik və pornoqrafik saytlara keçidlər yerləşdirilmişdir.

Statistikaya görə 2000-ci ildən axtarış sistemlərində qadınlar haqqında Web səhifələrin sayı 4 dəfə artıb. Bu saytların içərisində gender haqqındakı saytların sayı 9 dəfə artmışdır. Bu faktlar onu göstərir ki, “Qadınlar və cəmiyyət” mövzusuna maraq daima artır. İnternet informasiya inqilabının parlaq ifadəçisi olmaqla, eyni zamanda ümumdünya gender bərabərliyi hərəkatına imkan verir.

Hazırda ölkələr və dünya səviyyəsində Qadın şəbəkələri mövcuddur. Məsələn, Londonda ingilis dilində Beynəlxalq qadın şəbəkələri fəaliyyət göstərir: AVIA: Women’s World-Wide Web (www.avia.org), təşkilatın məqsədi bütün dünya üzrə qadınlar arasında əlaqə və əməkdaşlığın aktivləşdirilməsi və dəstəyidir. Azərbaycanda ev xanımları ilə bərabər işgüzar xanımlar da az deyil. Bu xanımlar həm də ev işlərinin öhdəsindən gəlməyi, vaxtlarını duzgün bölüşdürməyi bacarmalıdırlar. Bu işdə onlara İnternet yardım edə bilər. Belə ki, lazımi məsləhətlərin vaxtında alınmasında, insanlarla informasiya mübadiləsinin aparılmasında və lazım olan xəbərin tez çatdırılmasında (təbriklər, e-məktublar), alqı-satqı, bank hesabından pul köçürmələri, sifarişlərin edilməsi (mağazalara, restoranlara, gözəllik salonlarına, nəqliyyat xidmətlərinə) və s. kimi işlərin görulməsində İnternetin rolu böyükdür. Yəni, xanımların tələbatının çoxunu əks etdirən saytların və ya portalların olması onların işini yüngülləşdirər, vaxt itgisini azaldar, axtarış sistemindən istifadə etmələrinə ehtiyac yaranmaz. Yəqin elə bu səbəbdəndir ki, İnternet qadınların ehtiyaclarını tam dolğun ödəyə bilmir.

Yaxşı olardı ki, qadınların maraq dairəsi olan uşaqlara qayğı, ailə, milli mətbəximiz, körpələr, valideyin, virtual uşaq dünyası, evdarlıq, etiketlər, moda və s. kimi saytların sayı daha da çox olsun. Ev əşyalarına, geyimlərinə qulluq, təmizlənmələr və yuyulmaların sirləri, kiçik ev təmir işlərinin aparılması, bağ və bostan işlərində kömək, ev heyvanlarına qulluq, sac düzümü, makiyaj, moda, qidalanma qaydaları, dizayn, evin bəzədilməsi, kulinariya və s. kimi müxtəlif informasiya bölmələrinin, eləcə də adları sadalanan sahələr üzrə mövcud saytlara istinadların olması daha yaxşı olardı.

Atrıq məlumdur ki, İnternetin köməyilə evdən çıxmadan, coğrafi məkandan asılı olmayaraq sifarişlər edərək müxtəlif xidmətlərdən istifadə etmək olar (biznes, təhsil). Bu xidmətlərin qadınlara böyük köməyi dəyə bilər. Adi bir misal, məsələn əgər hər hansı bir xörəyi və ya şirniyyatı bişirmək üçün onlar haqqında bilik əldə etmək istəyənin aşpazlığa aid kitabının olması vacib idi. İndi isə İnternetin köməyilə müxtəlif ölkələrin yeməklərini bir neçə saniyə ərzində vaxt itirmədən əldə etmək olar. Digər bir misal, evdar qadınlar, çox uşaqlı analar, fiziki cəhətdən əlil insanlar və s. təhsil almaq məqsədilə Distant təhsildən istifadə etmək imkanına malik ola bilərlər.

Bütün bunlara baxmayaraq, İnternetdə qadınların üzləşdiyi real problemlər haqqında informasiya axtarışı çətinlik törədir. Bu problemlər dövlət səviyyəsində və özəl təşkilatların səyləri nəticəsində həll olunur. Lakin bunları təkcə dövlətin də üzərinə atmaq olmaz. Bu işdə vətəndaş münasibətinin olması da vacibdir. Qeyd olunan problem və çatışmazlıqlara baxmayaraq, Azərbaycan İnterneti sürətlə inkişaf edir. İnternetdə Azərbaycan saytlarının, korporativ informasiya şəbəkələrinin və dünya açıq şəbəkələrinin abonentlərinin sayı sürətlə artmaqdadır.

Bu gün Azərbaycan informasiya- kommunikasiya texnologiyalarından (İKT) istifadə və tətbiq səviyyəsinə görə bir çox ölkələrdən irəlidədir. Azərbaycanda İKT-nin inkişaf etdirilməsində əsas məqsəd qlobal İC şəraitində Azərbaycanın dinamik və tam hüquqlu inkişafını təmin etmək, ölkədə bilik iqtisadiyyatı yaratmaq, informasiya bərabərsizliyinə son qoymaq, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyat qurmaq, informasiya və bilik bazarı yaratmaq, vahid milli elektron informasiya məkanını formalaşdırmaq, informasiya təhlükəsizliyini təmin etmək, qlobal informasiya fəzasına inteqrasiya, ölkənin elektron geriliyini aradan qaldırmaqdır. Ən əsası İnternetin inkişafına yönələn bir neçə iri layihələr və Dövlət proqramları qəbul olunub. Son vaxtlar Azərbaycanda İT-nin tətbiqi ilə bağlı həyata keçirilən islahatlar Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət göstərdiyini bir daha sübut edir.

 

 

R.T.Qasımova,

 

İ.Y.Ələkbərova

AMEA İnformasiya Texnologiyaları

İnstitutunun sektor müdirləri

 

Rabitə dünyası.- 2009.- 15 may.- S.14.