Şəhidlik zirvəsi
Azərbaycanın
bütövlüyü uğrunda, torpaqlarımızın
qorunmasında canlarından keçmiş şəhidlərimizin
ömür yolu gənclərimizə örnəkdir. Hər
bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını
tanımalı, onların keçdiyi həyat yolundan çox
şeyləri öyrənməlidir.
Torpaqlarımızın
qorunması, vətənimizin müdafiəsi uğrunda
canından, qanından keçərək şəhidlik zirvəsinə
ucalmaq ən böyük şərəf və qürurdur.
Azərbaycan öz
müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə
qarşı törədilən cinayətlərə,
xüsusilə də erməni təcavüzü və
terrorizminə qarşı xalqımız səfərbər
olub Vətən və millət naminə düşmənə
qarşı ölüm-dirim mübarizəsinə qalxdı.
Bu mübarizədə minlərlə igid oğullarımız
və qızlarımız şəhid oldu.
Şəhidlik zirvəsinə
ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə
nümunə göstərməksə hər kəsin vətəndaşlıq
borcudur. Qəhrəmanlıq və vətənpərvərlik
mövzusunda son illər daha çox kitablar nəşr
olunmasının özü də bu amala xidmət edir.
Azərbaycanın elə
bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir
şəhid məzarı olmasın. Onları yaşatmaq,
tanıtmaq, hər şəhid ailəsinə hörmətlə
yanaşmaq hamımızın vətəndaşlıq
borcudur.
Minlərlə şəhid
olan həmvətənlərimiz içərisində 210 nəfər
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bu yaxınlarda M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının mətbəəsində
"Milli qəhrəmanlar" adlı biblioqrafik vəsait
çap olun-muşdur. Bu kitab vətənimizin tarixində,
millətimizin ürəyində özlərinə ölməzlik
abidəsi ucaldan Azərbaycanın Milli qəhrəmanlarına
həsr edilmişdir.
Biblioqrafiyada 1992-2007-ci ilin
may ayına qədər kitab, məcmuə və dövri mətbuat
səhifələrində dərc edilmiş publisistik məqalələr
və bədii ədəbiyyat nümunələri
toplanmışdır. Vəsaitdə materiallar Milli qəhrəmanların
soyadlarının əlifba sırası ilə verilmişdir. Əvvəlcə
Milli Qəhrəman adına layiq görülməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı,
sonra onların qəhrəmanlıqlarını tərənnüm
edən materiallar verilmişdir. Bu vəsait "Ön
söz", "Rəsmi sənədlər" "Ümumi
xarakterli materiallar", "Dövri mətbuatda çap olunan
məqalələr", "Milli qəhrəmanlar"
adlı başlıqlardan ibarətdir.
Biblioqrafik vəsaitdən
istifadəni asanlaşdırmaq məqsədilə burada 3
köməkçi göstərilir: "Müəlliflərin
əlifba göstəricisi", "Sərlövhələrin
əlifba göstəricisi" və coğrafi adlar göstəricisi
verilmişdir.
210 nəfər Milli Qəhrəman
haqqında məlumatlar verilmiş bu kitab 233 səhifədən
ibarətdir. Vəsaitin tərtibçisi Hərifət Həmidova,
ixtisas redaktoru Kərim Tahirov (Milli Kitabxananın direktoru),
redaktoru Mədinə Vəliyeva və rəyçisi Şəmistan
Nəzirlidir. Kompyuter yığımı və dizayn Nazlı
Şahbazovanındır.
Milli qəhrəmanlar
haqqında daha bir yeni kitabça bu günlərdə
işıq üzü görmüşdür.
Son dərəcə nəfis
tərtibatda çap olunan bu kitabın tərtibçisi Milli
Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin sədri,
"Milli qəhrəmanlar" qəzetinin baş redaktoru Mirbəşir
Seyidzadədir. Dörd min tirajla çap olunaraq tez bir zamanda
yayılan bu kitabın baş məsləhətçisi millət
vəkili, Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin
üzvü Qənirə Paşayevadır.
"Örnək ömürlər" başlıqlı ön sözdə Q.Paşayeva yazır: "Mən istərdim ki, bu kitab gəncləri-mizin sevimli kitabına çevrilsin. Milli qəhrəmanlarımızı oxuyub, öyrənsinlər. Mən əminəm ki, onlar qəhrəmanlarımızı daha ətraflı öyrənsələr, tanısalar məhz onlara oxşamağa çalışacaq ki, bu da millətimiz, dövlətimiz və torpaqlarımızın işğaldan azad olunması üçün vacib və önəmlidir. Milli Qəhrəman zirvəsinə yüksələn bu vətəndaşlarımızın əksəriyyəti çox gəncdir və insan onların vətən sevgisi və düşüncəsinə sözün həqiqi mənasında qibtə edir! Şəhidlərimiz, Milli qəhrəmanlarımız arasında qohumlarım, uşaqlıq dostlarım, yaxınlarım olan insanlar da var və onları yaxından tanıyaraq deyə bilərəm ki, bu zirvələrə adi insanlar yüksələ bilməz. Bu zirvəyə yol ancaq Vətəni, Torpağı, Milləti canından artıq sevməkdən keçir. Bu bir Ulu Yoldur. Onlar məhz bu cür seçilmişlər idi və adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular.
Mən istərdim ki, bu kitab məktəblərimizdə, universitetlərimizdə, bir sözlə, təhsil müəssisələrimizdə yayılsın və gənclərimizə öyrədilsin. Arzu edirəm ki, bu kitab qızlarımızın, oğlanlarımızın sevimli kitabına çevrilsin. Ata-ana olan zaman məhz bu cür övladlar yetişdirsinlər. Bir Şəhidin, bir Milli Qəhrəmanın ata və ya anası olmanın nə qədər şərəfli və qürurverici olduğunu hiss etsinlər. Dünyada bundan böyük qürur ola bilərmi?!"
Kitabda ümummilli liderimiz Heydər Əliyevin 5 may 1998-ci il tarixdə Prezident iqamətgahında Azərbaycanın Milli qəhrəmanlarına və şəhid olmuş Milli qəhrəmanların ailə üzvlərinə, valideynlərinə "Qızıl Ulduz" medallarının təqdim edilməsi mərasimindəki nitqi hər bir kəsdə vətənpərvərlik hissini daha da artırır.
Xatırladaq ki, 210 Milli Qəhrəman siyahısına bu yaxınlarda bir şəhid Qəhrəman da əlavə olundu-Mübariz İbrahimov! O da vətən yolunda canından keçərək Şəhidlik zirvəsinə yüksəldi.
256 səhifədən ibarət olan bu kitabın redaktoru Naim Vəliyevdir. Kitabda 210 Milli Qəhrəmanımızın qısa tərcümeyi-halı, keçdiyi şərəfli döyüş yolu və gözlərindən qığılcım yağan surətləri əks olunmuşdur.
"Milli qəhrəmanlar zirvəsi" kitabında dövlət himnimizlə yanaşı Azərbaycan Respublikasının təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuş rayonlarımızın xəritəsi, ərazisi, əhalisinin sayı, coğrafi mövqeyi ayrı-ayrılıqda göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin vətənpərvər çıxışı daha çox diqqəti cəlb edir: "Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün, xüsusən nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmlədək. Bu üstünlük daha da böyük olmalıdır və biz buna da nail olacağıq. Bu münaqişəni həll etmək üçün, işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməlidir, həm də düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öz torpaqlarını azad edə bilər!...
Ümidvarıq ki, güclənməkdə olan ordumuzla işğal olunmuş torpaqlarımız azad olunacaq və şəhidlərimizin ruhu şad olacaqdır.
Rauf İLYASOĞLU
Respublika.- 2010.- 19 avqust.- S. 10.