Yeni tədris ilinə yeni uğurlarla
Ulu öndərimiz
Heydər Əliyevin
13 iyun 2000-ci il tarixli fərmanına əsasən Naxçıvan
Politexnik Texnikumunun bazasında təşkil edilən və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
26 avqust 2003-cü il tarixli qərarı ilə müstəqil instituta çevrilən Naxçıvan Müəllimlər
İnstitutu öz fəaliyyətini uğurla
davam etdirir. 21 nəfər tələbə
ilə fəaliyyətə
başlayan institutda hazırda 700-dən çox
tələbə təhsil
alır ki, onların da təhsili ilə 55 nəfər professor-müəllim
heyəti məşğul
olur. Onlardan 6 nəfəri elmlər doktoru, professor, 25 nəfəri
elmlər namizədi, dosentdir. 2010/2011-ci tədris
ilində tələbə
qəbulu planı 210 nəfərdən 250 nəfərə
çatdırılmışdır.
2009-2010-cu tədris ilindən
başlayaraq "İbtidai
sinif müəllimliyi",
"Riyaziyyat və informatika müəllimliyi",
"Təsviri incəsənət
müəllimliyi", "Məktəbəqədər təlim
və tərbiyə"
və "Təhsildə
sosial psixoloji xidmət" ixtisasları
üzrə tələbə
qəbulu aparılır.
2004-cü ildən isə
təhsilin magistratura pilləsində də
"ibtidai təhsilin
pedaqogika və metodikası" və
"Pedaqogika nəzəriyyəsi
və tarixi" ixtisasları üzrə kadr hazırlığı
aparılır.
İnstitutda "Dillər
və ədəbiyyat",
"Pedaqogika və ictimai elmlər",
"Ali riyaziyyat və
informatika", "Riyaziyyat
və tədrisi metodikası" və
"Ümumi fənlər"
kafedraları fəaliyyət
göstərir. Kafedralarda
elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili və yerinə yetirilməsi daim diqqət mərkəzində olmuşdur.
Hazırda 45 əməkdaş
elmi-tədqiqat və elmi-metodiki işləri yerinə yetirir. Son bir ildə institut
əməkdaşlarının 160-dən çox məqalə və tezisi, 12 kitabı, o cümlədən
7 monoqrafiya, 5 dərs vəsaiti və həmçinin 6 metodik vəsaiti, 13 proqram materialı çap edilmişdir. Əməkdaşlar
tərəfindən dövri
mətbuatda müasir dövrün aktual problemlərinə dair yazılar dərc olunmuş, radio və televiziya verilişlərində
çıxışlar, diskusiyalar
aparılmışdır.
İnstitutda ali təhsilin magistratura pilləsində kadr hazırlığına da
xüsusi diqqət yetirilir. Bu günədək
institutun magistr pilləsini 22 nəfər
bitirmiş və onlar müxtəlif müəssisələrdə işlə
təmin olunmuşlar.
Elmi-pedaqoji kadrların
hazırlanması isə
xüsusi diqqət mərkəzində olmuşdur.
Belə ki, son bir ildə institut
əməkdaşlarından 2 nəfəri doktorluq, 2 nəfəri isə namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etmişdir.
Naxçıvan Müəllimlər
İnstitutunda hər il may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr
olunmuş "Müasir
təlim metodları və yeni pedaqoji
texnologiyanın təlim-tərbiyə
prosesində tətbiqi"
mövzusunda elmi-praktik
konfrans keçirilir. Konfransda muxtar respublikanın ali təhsil müəssisələri
əməkdaşları ilə
bərabər, orta məktəb müəllimləri
də fəal iştirak edir və konfransın materialları çap olunur. 2007-ci ildən başlayaraq hər il noyabr ayında
Naxçıvan Müəllimlər
institutu Naxçıvan
Dövlət Universiteti,
AMEA Riyaziyyat və Mexanika İnstitutu, AMEA Naxçıvan bölməsi
ilə birlikdə fizika, riyaziyyat və texnika elmləri üzrə beynəlxalq konfrans keçirir. Konfransda Azərbaycanın tanınmış
alimləri maraqlı mövzularla çıxış
edir, Türkiyə və İran İslam Respublikasından gəlmiş alimlər məruzələr edirlər.
İnstitut müasir
tələblərə cavab
verən maddi-texniki bazaya malikdir. 47 ədəd müasir kompyuter dəstindən tədrisdə və idarəetmə işlərində
geniş istifadə olunur. İnformatika fənninin tədrisi üçün iki kompyuter kabinəsi fəaliyyət göstərir.
Kabinələrin hər
birində 12 dəst kompyuter qoyulmuş və şəbəkə
sisteminə qoşulmuşdur.
Dərs məşğələlərindən
əlavə olaraq dekanlıq tərəfindən
tərtib olunmuş qrafik əsasında bütün ixtisaslar üzrə tələbələr
hər gün dərsdən sonra 12 nəfərlik qruplarla kabinələrdə sərbəst
olaraq kompyuterlərdə
məşğul olurlar.
2009-cu ilin iyun ayında instituta 1 ədəd elektron-interaktiv
lövhə verilmişdir.
Hazırda onların sayı 6-ya çatdırılmış
və yeni tədris ilindən bütün fənlər üzrə dərslərin
bir hissəsi bu lövhələrdən
istifadə olunmaqla tədris olunacaqdır.
Naxçıvan Müəllimlər
İnstitutuna göstərilən
dövlət qayğısı
bu gün də davam etdirilir.
İnstitut kollektivi çalışır ki,
onlara göstərilən
qayğıdan bəhrələnərək
ölkəmizə və
muxtar respublikaya savadlı və səriştəli yetkin kadrlar hazırlanmasında
üzərlərinə düşən
şərəfli işi
layiqincə yerinə yetirsinlər.
Ə.CABBAROV
Respublika.- 2010.- 25 avqust.- S. 2.