Sağlamlığın sayıq keşikçiləri

 

Hər il olduğu kimi, 2010-cu ildə də poliklinika, ambulator və stasionar xidmətlərinə xüsusi fikir verilmiş, vətəndaşlarımızın günün istənilən vaxtında lazımi tibbi xidmətlə əhatə olunmasına diqqət artırılmışdır. Son illərdə səhiyyədə aparılan islahatlar və dünya səhiyyə sisteminə inteqrasiyanın güclənməsi tibb işçilərinin məsuliyyətini daha da artırmış, xidmətin müasir səviyyəyə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.

Beyləqanda əhaliyə Mərkəzi Xəstəxana, 3 kənd xəstəxanası, 15 kənd həkim ambulatoriyası, 18 feldşer-mama məntəqəsi tibb xidməti göstərir. 1650 nəfər tibb işçisi insanların sağlamlığının keşiyində dayanmışdır. Kollektivin səyləri nəticəsində insanlara səyyar tibb xidmətinin təşkili əvvəlki illərə nisbətən xeyli yaxşılaşmış, bu məqsədlə 10 həkim briqadası təşkil olunmuşdur. Ən ucqar kəndlərdə belə əhali arasında profilaktiki tədbirlər müntəzəm olaraq davam etdirilr. 5 işlək təcili yardım nəqliyyatı hər bir çağırışa tam hazır vəziyyətdədir.

Kollektivimizin səyləri ilə rayonda infeksion xəstəliklərə, xüsusilə malyariyaya qarşı keyfiyyətli əks-epidemik tədbirlər görülmüş, bütün rayon ərazisini əhatə edən epidemioloji briqadalar malyariyaya qarşı müayinələr aparmış, qan nümunələri götürülərək təhlil olunmuşdur. Hazırda bütün xəstəlik mənbələri və onu törədən səbəblər ləğv olunmuşdur.

Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən vərəmlə mübarizə qərargahı öz fəaliyyətini gücləndirmiş, bütün səhiyyə işçilərinin qüvvəsi bu mühüm işə səfərbər edilmişdir. Mütəmadi olaraq adamlarda döş qəfəsi orqanlarının rentgen diaqnostikası, flüoroqrafiya ilə döş qəfəsi orqanlarının profilaktiki müayinəsi aparılmışdır. Şəkərli diabetli xəstələrin dərman təminatı daim nəzarətdə saxlanılmış, onlara qlükometrlər verilmişdir və bu iş hazırda davam etdirilir.

Rayonun səhiyyə ocaqlarında ana və uşaqların mühafizəsi gücləndirilmiş, "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq" proqramının həyata keçirilməsində xeyli müsbət təcrübə əldə edilmişdir. Mərkəzi Xəstəxanadakı qadın məsləhətxanasının fəaliyyəti gücləndirilmiş, rayonda yaşayan hamilə qadınlar mama-ginekoloqlara və mamalara təhkim olunmuşlar. Bir qayda olaraq hər ay hamilə qadınlar qeydiyyata götürülür və onlara vaxtaşırı müayinə ilə yanaşı, zəruri məsləhətlər verilir.

Kollektivimiz bundan sonra da dövlətimizin və onun rəhbərinin səhiyyəyə göstərdiyi daimi qayğı və diqqətdən ruhlanaraq əhaliyə tibbi xidmətin səviyyəsini daha da yüksəltmək üçün var qüvvəsini əsirgəməyəcək, insanlara daim xoş ovqat bəxş edəcəkdir.

 

 

Hüseyn ƏLƏKBƏROV

 

Respublika.- 2010.- 25 avqust.- S. 3.