Yaşamaq və yaşatmaq səlahiyyəti
Hər ağızda bir
dua, hər ağıllı, müdrik sözdə bir
işıq, bir rəng, bir ahəng var. Dualarla Tanrıya
üz tutmaq, barlı budağa—müdrik, ağıllı
sözə əyilmək həmişə hər kəsə
könül rahatlığı gətirir.
Pıçıltı-pıçıltı
açılan çiçəklər kimi gecələr ay
işığıyla danışmaq, səhərləri
dirigözlü açmaq, hər sözün, hər
misranın üstündə min yol ölüb-dirilmək—budur
söz adamının qisməti, alın yazısı,
tanrı mükafatı. Deyilməmiş hər təzə
fikir, hər təzə söz də qəfil ildırım
kimidi. Oxuduqca beynində çaxan ildırımların
işığını, gücünü, enerjisini hiss edirsən,
duyursan, yaşayırsan, təpədən-dırnağacan
işığa, nura qərq olursan.
Min illər boyu
yazıb-yaratmış "bəşərin ən ucafikir dağları"
Nizaminin, Füzulinin, Şekspirin, Dantenin, Puşkinin, Tolstoyun,
Dostoyevskinin, Sabirin əsərlərini oxuduqca, onların
yaşadığı hissləri, duyğuları,
sarsıntıları, fırtınaları misralar, sətirlər
arasında axtarırsan. Hər söz, hər sətir, hər
misra da bir çınqıdı, közdü. Oxuduqca közərir,
közərir, oda- alova dönür. Bəzən sənə sönmüş
kimi görünən soyuq külün altında da
mürgüləyən çınqı var.
Rəsul Rza nə
gözəl deyib:
Od nə çəkdi
küldən soruş...
Yüz illər boyu
qüdrətli şairlərdən, yazıçılardan,
qolça qopuzlu ozanlardan, tarixi şəxsiyyətlərdən,
müdrik el ağsaqqallarından söz yadigar qalıb. Diri söz,
canlı söz, şehli, gülü bumunda söz. Vaxt, zaman
keçsə də toz basmayan, saralmayan, solmayan, ölməyən
söz...
Əziziyəm, şam
bağlar,
Şəm bağçalar,
şam bağlar.
Könlüm elə virandır
Arı gəlsə
şan bağlar.
Bu ağlayan, qan, yaş
tökən gözlər, bu odsuz-ocaqsız alışan, nalə
çəkən ürəklərsə sümüyü sürmə
olmuş babalarımın, nənələrimindi.
Bizə əmanət
olan sözün qədrini, qiymətini, bilmək, onu qorumaq, keşiyində
dayanmaq, gələcək nəsillərə
yadigar qoymaqsa böyük insanların işidi. O müdrik
insanlardan biri də gözəl alim, böyük vətəndaş,
böyük türk, Azərbaycan sevdalısı, professor Qüdrət
Əbdülsəlimzadədir. Onun illər uzunu seçib-sonaladığı,
toplayıb araya, ərsəyə gətirdiyi və bu yaxınlarda
"Şirvannəşr"də çap etdirdiyi ikicildlik
"Müdriklik əlifbası" kitabını oxuduqdan
sonra böyük Füzulinin sözləri yadıma düşdü:
Artıran söz qədrini
Sidqilə qədrih artırar.
Professor Qüdrət Əbdülsəlimzadə
əsl sözə, qüdrətli sözə qiymət verməklə
həm də öz qədrini, qiymətini, vəznini artırmışdır.
-Bu gün
nə oxuduz?
-"A"
hərfi, ata!
-Atanın
atası... ata bax, ata!
Atıl aftafanı apar, at arxa.
-Niyə
atım, ata?
-Atma, apar doldur!..
-Bu gün
nə oxudun dərsindən, bala?.
-"B"hərfi,
ata!..
-Ba...onda balamın barmağı baldı...
Bulaqda baş-başdı,
baldırğan baldır...
Yüyür, dəstələ.
Məmməd Arazın bu misralarındakı dəvə
ləngərinə, sirrə,
sehrə, ilahi işığa fikir verin. Körpələrimizin dilinin qadağını
açan, "A"dan,
başlayan, atadan, anadan başlayan əlifbamızın boy sırasını,
nizamını qoruyub saxlayan Qüdrət müəllim elə dahilərin sözlərini
də əlifba sırasıyla muncuq kimi sapa düzmüş,
oxucuya bir növ bələdçilik
etmişdir.
Zərdüşt və
Homer, Aristotel və Nizami, İncil və Qurani-Kərimdən
başlamış, Tusi
və Eynşteyn, Puşkin və Cavid, Sabir və
Şəhriyara qədər
bir çox dahilərin, nəhəng söz ustadlarının söz meydanı-Cıdır
düzü olan "Müdriklik Əlifbası"
nəfis tərtibatla,
gözəl poliqrafik icrada işıq üzü görmüşdür.
İki cildlik bu kitabın
naşiri və redaktoru Qəşəm İsabəyli, rəssamı
isə Telman İbrahimovdur.
Oxucular üçün
son dərəcə qiymətli
olan "Müdriklik Əlifbası"nı oxuyanlar,
heç şübhəsiz
yaşamaq səlahiyyəti
qazanmış bu müdrik kəlamların,
sözlərin müəlliflərinə
tanrıdan rəhmət
diləyəcək, bu
sözləri arayıb-axtarmaq,
yaşatmaq, onun keşiyində dayanmaq sələhiyyəti qazanmış
əsl alim, ziyalı, vətəndaş
olan professor Qüdrət
Əbdülsəlimzadəyə isə ürəkdən bir sağ ol,
deyəcəklər. Əslində
bu da bir
tanrı duasıdı:
"Sağ ol!"
Zülfüqar ŞAHSEVƏNLİ
Respublika.- 2010.- 25 avqust.- S. 3.