Qoruyucu bəndlər möhkəm və davamlı olmalıdır

 

Bir neçə ay bundan əvvəl Mərkəzi Aranın bir neçə bölgəsini, sözün əsl mənasında, lərzəyə gətirmiş sel daşqınları indi artıq təəssüf doğuran xatirələrə çevrilməkdədir. Təbii fəlakətin əhaliyə vurduğu ziyanın miqyası xeyli genişdir. Hazırda həmin ziyanın tezliklə aradan qaldırılması istiqamətində ciddi işlər gedir. İmişli rayonunun Telişli, Saatlı rayonunun Novruzlu kəndlərində yeni qəsəbələr salınır. Hacıqabul rayonunun Meyni-man kəndində sel daşqınları zamanı uçmuş evlərin yerində təzə evlər tikilmişdir. Adamlar yeni evlərə köçməyə hazırlaşırlar. Sel daşqınları Sabirabad rayonuna daha böyük ziyan vurmuşdur. Rayonun bir neçə kəndi tamamilə su altında qalmış, bu kəndlərin infrastrukturu, ilk növbədə, su bəndləri və daxili kanallar korlanıb sıradan çıxmışdır. Əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Təbii fəlakətə düçar olmuş ünvanlarda yeni evlər tikilir, inşaat işlərinin payıza qədər başa çatdırılması üçün bütün imkanlardan istifadə olunur.

Lakin bu gün əhalini narahat edən odur ki, sel daşqınları bir daha görəsən təbii fəlakət həddinə çatacaqmı? Ümumiyyətlə, daşqınların qarşısını almaq üçün nə kimi tədbirlərdən istifadə olunmalıdır?

Həmin sualların cavabları, ilk növbədə, bu işin mütəxəssislərini, xüsusilə respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyini narahat edir. Bu narahatlığın nəticəsidir ki, Kür və Araz çaylarının sahillərindəki mühafizə zolaqlarını, bəndləri möhkəmləndirmək istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Kür və Araz çaylarında Bəndlərin istismarı İdarəsinin rəisi Elman Nuriyevlə söhbət zamanı aydın oldu ki, idarə kollektivi uzun illərdir öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir. Qazax rayonundan başlamış Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kürçayının bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi həmişə bu kollektivin diqqət mərkəzində olmuşdur. Elman müəllim deyir ki, Kür çayı Arazla birləşəndən sonra layihəyə əsasən bu bəndlər saniyədə 1800 kubmetr suyun ötürülməsi üçün nəzərdə tutulmuşdur. Lakin illərdir ki, bəndlər saniyədə ötürülən 2400, hətta 2590 kubmetr həcmində suya davam gətirir. Bu isə bəndlərin davamlılığına dəlalət edən əsas göstəricidir. Aramsız yağan yağışlar, dağ çaylarında baş verən daşqınlar nəticəsində bu il suyun həcmi xeyli artdı, sellər yarandı. Nəticədə, təbii fəlakətlər baş verdi. Bəndlər bir neçə yerdən yarıldı. Ayrı-ayrı yaşayış məntəqələri su altında qaldı. Təbii fəlakətlər zamanı ən başlıcası insan itkisinə yol verilmədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbii fəlakət zonasını nəzarətə götürdü, insanlara dəymiş ziyanın tezliklə aradan qaldırılması üçün mühüm göstərişlər verdi. Ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının səyi nəticəsində yarılmış bəndlər bərpa olundu, Kür məcrasında axmağa başladı. Kür çayı öz səviyyəsinə düşəndən sonra bəndlərdə yeni fəsadların əmələ gəldiyini müşahidə etdik. Sabirabad rayonunun Bulduq, Çağırğan, Salmanlı, Salyan rayonunun Kərimbəyli, Qarabağlı, Cəngən, Neftçala rayonunun Ərəbqardaşbəyli kəndlərində qaya uçmaları baş vermişdir. Hazırda həmin yerlərdə bərpa-təmir işləri görülür. Bulduq kəndində sahilbərkitmə tədbiri həyata keçirilir, Qarabağlı kəndində isə yeni torpaq bənd çəkilir. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin layihəsi əsasında və ASC-nin daxili imkanları hesabına Sabirabad rayonu ərazisində daha mühüm bir iş görülməkdədir. Rayonun Kürkəndi kəndindən başlayaraq Həşimxanlı kəndinə kimi 32,4 kilometr uzunluqda ən müasir tələblərə cavab verən yeni bənd çəkilir. Bəndin yuxarı hissəsinin eni 8 metr, alt hissəsinin eni 32-35 metrdir. Hün-dürlüyü isə əvvəlki bəndlərdən 1 metr artıqdır. Bəndin 4,4 kilometri Kürkəndi kəndindən, 1,5 kilometri Məmişlər, 2,8 kilometri Qaralar, 1,5 kilometri Şıxlar, 6,9 kilometri Mürsəlli, 4 kilometri Ulacalı, 5,5 kilometri Bulduq, 3,5 kilometri Ətcələr, 1,9 kilometri Həşimxanlı kəndlərindən keçir. Bu isə o deməkdir ki, adıçəkilən kəndlər bir daha sel daşqınlarından ziyan çəkməyəcəkdir. Gələcəkdə bu cür etibarlı bəndlərin həcmini artıracağıq. Böyük razılıq hissi ilə deməliyəm ki, ayrı-ayrı qurumlar, xüsusilə respublika Nəqliyyat Nazirliyinin, Azərsutikinti və Azərkörpü səhmdar cəmiyyətlərinin, digər qurumların kollektivləri öz maşın və mexanizmləri ilə bəndin tikintisində yaxından iştirak edirlər.

Kür və Araz çaylarında Bəndlərin istismarı idarəsi bəndlərdə dağıntılara məruz qalmış hissələrin təmirini gündən-günə surətləndirir.

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2010.- 25 avqust.- S. 4.