Xalqın sevimlisi

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti müasir tariximizin ən parlaq səhifələrini təşkil edir.

İnsanların sosial problemlərinin həlli, milli-mənəvi dəyərlərin qorunması, təhsil və səhiyyənin inkişafı, gənclərə və uşaqlara qayğı, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, Qarabağ probleminin həllinə ictimai dəstək kimi zahirən sadə görünən bu məsələlərin hər biri xalqımızın indiki durumunda birbaşa vətənimizin taleyi ilə bağlıdır və Mehriban xanımın məsələyə layiqincə, böyük səriştə ilə, davamlı yanaşması xalqımız tərəfindən alqışlanan uğurlara, nəticələrə səbəb olmuşdur.

Ulu  öndərimiz  Heydər Əliyevin adını daşıyan Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva respublikada xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsi üçün ardıcıl və sistemli iş aparır. O, haqlı olaraq vurğulayır ki, ölkəmizdə humanizm və xeyriyyəçilik fəaliyyəti üçün meydan qeyri-məhduddur. Ən mühüm istiqamət yenə də sosial imkanları zəif olan insanlara, aztəminatlı vətəndaşlara, ailələrə, kimsəsizlərə, qaçqınlara və məcburi köçkünlərə, təbii fəlakətlərdən zərər çəkmiş insanlara kömək göstərməkdir.

Mehriban xanım Əliyeva eyni zamanda zəngin mədəni irsimizin qorunub saxlanılması, nadir tarix və memarlıq abidələrinin mühafizəsi, təbii mühitin mühafizəsi, istedadlı gənclərə dəstək, idmanın inkişafına kömək göstərilməsi istiqamətində misilsiz xidmətlər göstərir. Ölkəmizin birinci xanımının  yaratdığı Azərbaycan Mədəniyyət Fondu bu istiqəmətdə sərgilər, konsertlər və mədəniyyət sahəsi ilə bağlı digər tədbirlər həyata keçirir.

Sevindirici haldır ki, Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərin böyük əksəriyyəti ölkəmizin bütün dünyada tanınmasına yönəlib. Bu baxımdan Fondun Azərbaycan elminin bir çox sahələri kimi, qədim təbabət elminin tarixinin öyrənilməsinə verdiyi önəm son dərəcə təqdirəlayiqdir. Xüsusilə, ölkəmizdə xalq təbabətinin əsrlərdən, minilliklərdən bəri davam edən ənənələri, Azıx mağarasının tədqiqi, Qəbələ, Təbriz, Şamaxıda VII-XIV əsrlərdə mövcud olan əczaxanalar, tibb məktəbləri, zəngin flora və faunamız, dərman bitkiləri, onlardan istifadə qaydaları, mineral ehtiyatlar barədə elmi-tarixi məlumatlar Azərbaycanın zəngin mədəni-elmi irsə malik olduğunu təsdiqləyir. Məhz Heydər Əliyev Fondunun fəaliyyəti və səyi nəticəsində, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və xalqımızın milli sərvəti hesab edilən, tariximizin və mədəniyyətimizin ayrılmaz bir hissəsi olan, XIII-XIV əsrlərə aid 12 minə yaxın əlyazma nümunələrindən 3-ü 2005-ci ilin iyulunda YUNESKO-nun Dünya Yaddaş Proqramının Beynəlxalq registrinə daxil edilmişdir. Əbu Əli İbn Sinanın, Əbülqasım Zəhrəvinin və Rüstəm Cürcaninin əsərləri olan bu 3 nadir əlyazmamıza YUNESKO tərəfindən belə bir yüksək qiymət verilməsi, onların qədim yazılı abidə olması ilə yanaşı, həm də orta əsrlərdə Azərbaycanda tibb elminin yüksək inkişaf səviyyəsinə çatmasının göstəricisidir.

Bu baxımdan Heydər Əliyev Fondunun Vaşinqton Elmlər Akademiyası ilə birgə 2006-cı ilin iyununda Bakıda "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda keçirdiyi I Beynəlxalq konfransda Fondun prezidenti Mehriban xanım Əliyevanın fikirləri olduqca səciyyəvidir. "Tarixin qaranlıq qalmış səhifələri çoxdur. Elm sübut edir ki, bütün kəşflər və yeniliklərin kökündə əsrlər boyu yoxlanılmış və təsdiqlənmiş həqiqətlərin toplusu durur. Bu toplunun əsasını isə əsrdən-əsrə, nəsildən-nəslə keçərək bizim dövrümüzədək gəlib çatmış qədim əlyazmaları təşkil edir. Bu əlyazmaların hər biri ayrı-ayrı dövrlərin, bizim ümumi tariximizin və mədəniyyətimizin məhsuludur. Ona görə də onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün biz məsuliyyət daşıyırıq".

Təbii ki, bu tarixi məsuliyyəti hər bir azərbaycanlı dərindən dərk etməlidir.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanın ictimai-siyasi, mədəni həyatında uğurları getdikcə artmaqdadır. Ulu öndərin qurub-yaratdığı Azərbaycan gündən-günə gözəlləşir, inkişaf edir və dünyadakı nüfuzu artır. Azərbaycan müstəqil dövlət olaraq öz milli və mənəvi dəyərlərini inkişaf etdirir və dövlətlərarası bütün tədbirlərdə yaxından iştirak edir.

Tarixən Azərbaycan qadını öz hünəri, qabiliyyəti, ailəsinə məhəbbəti, vətənə, xalqa sevgisi ilə əksər xalqların qadınlarından seçilib. Hərbir dövrün böyük ictimai-siyasi xadimi, görkəmli şəxsiyyətləri sırasında qadınların da adını görmək olar. Dünya miqyasında tanınmış, böyük ictimai fəaliyyətdə layiqli yer tutmuş, humanist ideyaları həyata keçirmək üçün çalışmış qadınlar müxtəlif mükafatlara layiq görülmüşlər. Hörmətli Mehriban xanımın qazandığı ən böyük mükafat xalqın məhəbbət və istəyidir.

 

 

Aidə BƏNDƏLİYEVA

 

Respublika.- 2010.- 26 avqust.- S. 3, 6.