Yüksək ehtiram sahibi

 

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın içtimai-siyasi və mədəni həyatımızdakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi geniş və çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri və Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.

Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurlar qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanınmasına nail olub, təhsil və səhiyyəmizin inkişafına güclü dəstək verib. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara həmişə kömək edir. Azərbaycanın birinci xanımının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və" Talassemiyasız həyat naminə" layihələri neçə-neçə xəstə uşağa şəfa ilə bərabər ümid, inam da bəxş edib. Belə layihələrin sayı yetərincədir. Məsələn, Heydər Əliyev Fondu kor və ya görmə qabiliyyəti zəif olan insanlara, xüsusən də uşaqlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından istifadəni zəruri sayır və bununla bağlı layihə həyata keçirir. Üç mərhələdən ibarət olan layihə BMT-nin İnkişaf proqramı ilə birgə reallaşdırılır.

Bu yazıda qısa zaman kəsiyində millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra mühüm layihələri uğurla gerçələşdirərək cəmiyyətdə xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun həyata keçirdiyi xoş məramdan da danışmaq istərdim. Artıq 6 ildən çoxdur ki, fəaliyyət göstərən Fondun yaradılmasının ümdə məqsədlərindən biri də Heydər Əliyevin zəngin irsini, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir.

Ulu öndərimizin çoxşaxəli fəaliyyətində ölkəmizin iqtisadi, sosial və mədəni tərəqqisində mühüm amillərdən olan elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi məsələləri əhəmiyyətli yer tuturdu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz növbəsində bu sahələrdəki layihələrin həyata keçirilməsini, xüsusən də dünya standartlarına cavab verən müasir məktəblərin və səhiyyə ocaqlarının inşasına, azərbaycancılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik layiqli vətandaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardım edir. Strateji layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsi özündə ulu öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir.

Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət steoritetlərinin hakim olduğu bir dönəmdə Heydər Əliyev Fondu minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edib. Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi fəaliyyətə başlayıb.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı layihələrin, məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli ictimai qurumdur. Hərtərəfli və dinamik inkişaf yolunu tutan,  daim yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin sağlam böyüməsi və yüksək biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil və səhiyyə sisteminə inteqrasiyasına dəstək verilməsi Fondun fəaliyyətinin öncül sahələrindən biridir. Azərbaycanın birinci xanımı görülən işlərdən danışarkən bir məsələni də xüsusi vurğulayıb: "Mənim mövqeyim ondan ibarətdir ki, irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılması çox vacibdir, bunların həlli üçün yollar tapmaq lazımdır. Ehtiyacı olan insanlara yardım göstərmək lazımdır. Mən həmişə çalışıram işimizi elə quraq ki, bu problemləri də daim çözə bilək... Məncə bunların hamısına nail olmaq üçün əsas iki amil lazımdır. Birincisi, siyasi sabitlik, ikincisi də iqtisadi inkişaf. Bu gün bizim ölkəmizdə bunların ikisi də var. Siz bilirsiniz ki, Azərbaycan regionda aparıcı dövlətdir. İqtisadi inkişafın göstəricilərinə baxsaq görərik ki, biz dünyada lider ölkəyik. Azərbaycanın hər bir rayonunda, hər bir regionunda inkişaf gedir, islahatlar aparılır, yeni məktəblər, xəstəxanalar açılır, yeni zavodlar, fabriklər tikilir, yeni iş yerləri açılır, respublikamızın ucqar kəndlərinə yollar çəkilir. Mən inanıram ki, möhkəm iradə olanda, qarşıya qoyduğumuz hər bir məqsədə nail ola biləcəyik".

YUNESKO-nun yüksək tribunasından Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində də Mehriban xanımın fəaliyyəti çox önəmlidir. YUNESKO-nun məramı, iş prinsipləri sırf humanitar xarakterli sayılsa da, o BMT-nin struktur bölməsi kimi real beynəlxalq siyasətdən təcrid edilməyib. Azərbaycanın birinci xanımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində ədalətli həlli, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemlərinin YUNESKO-nun məramına uyğun deyim və təbliğat vasitələrindən istifadə etməklə bir daha nüfuzlu tribunalarda mədəniyyət layihələri çərçivəsində qaldırır. Bununla da erməni işğalçılığına, soyqırım siyasətinə qarşı növbəti diplomatik cəbhənin yaranmasına nail olur. Həqiqətən də, Mehriban xanım Əliyevanın xalqımız naminə gördüyü işlər misilsizdir.

 

 

Zərifə QULİYEVA

 

Respublika.- 2010.- 26 avqust.- S. 3.